WorldMedia.Az portalının baş redaktoru Cahangir Həsənli ilə söhbətləşdik.
– Cahangir müəllim, necə oldu ki, worldmedia.az saytını yaratmaq qərarına gəldiniz?
– Bəri başdan deyim ki, noyabrın 1-də fəaliyyətimizin 2 ili tamam olur (Müsahibə oktyabrın 30-da götürülüb – red.). Hələ bu saytı yaratmazdan öncə fikir verirdim ki, Azərbaycan mediasında sanki bir ənənə var, xarici mətbuata istinadən ancaq neqativ yüklü, tənqidi mahiyyətli qərəzli məqalələr dərc edilir. Adamda elə təəssürat yaranırdı ki, xarici mətbuatda Azərbaycanın ancaq əleyhinə olan yazılar çap olunur, müsbət heç nə verilmir. Buna görə də təhlil etdik, bir ay ərzində araşdırma apardıq, məlum oldu ki, gerçəklik tamamilə fərqlidir. Aşkar etdik ki, əslində ölkəmiz haqqında tənqidi, qərəzli yazılar xarici mətbuatda Azərbaycan haqqında gedən məqalə və reportajların maksimum 5-6%-ni təşkil edir, yəni fərq bu qədər böyükdür. Sadəcə olaraq sifarişli yazıları işıqlandırmaqda maraqlı olan bəzi saytlar qərəzli materialları məqsədli şəkildə durmadan tirajlayır, müsbət yazıları isə “görmürlər”. Təhlil və araşdırmalardan sonra belə ideya yarandı ki, bəlkə elə bir resurs yaradaq ki, dünya mətbuatında Azərbaycan haqqında gedən yazılar bizim informasiya məkanımızda da işıqlandırılsın. Hərçənd bu saytı yaradanda fikirləşirdik ki, saytı nə ilə dolduracağıq, Azərbaycan haqqında yazılar bu qədərmi çoxdur? Amma məlum oldu ki, hər gün xarici mətbuatda Azərbaycan haqqında heç olmasa, 2-3 material olur.
– Bakı-Tblisili-Qars dəmiryolu xəttinin açılışı kimi hadisələr olanda isə yəqin materiallar daha çox olur?
– Şübhəsiz. Məsələn, ən son hadisələrə baxsaq, “Qarabağ” futbol klubunun Avropa Çempionlar liqasındakı çıxışı vaxtı İspaniya mətbuatı, hətta ən nüfuzlu “Marka”, “As” kimi qəzetlər “Qarabağ”dan yazır və bunun yalnız idman-futbol tərəfini yox, həm də Dağlıq Qarabağ münaqişəsini, onun tarixini, komandanın hansı səbəbdən qaçqın düşdüyünü də qeyd edirdi. Yəni, bu cür yazılar da var və onlar əksəriyyəti təşkil edir. Bir sözlə, bu resursu yaratmaqla biz dünya mətbuatının bizim haqqımızda nə düşündüyünü, nə dediyini öz ictimaiyyətimizə çatdırmaq istədik.
– Çox gözəl ideyadır. Amma sözün açığı, dediyiniz o tənasüb bir qədər təəccüblü gəlir adama. Yazıların yalnız 5-6%-i qərəzli, tənqidi ruhdadır. Deməli, 90%-dən çoxu pozitiv ruhlu yazılardır?
– Bəli, əksər yazılar pozitiv, yaxud neytraldır. Hər halda, qərəzli deyil. Qərəzli yazılar, dediyim kimi, 5-6% təşkil edir, bunlara da bəzi Qərb ölkələrinin mətbuatında rast gəlinir. Məsələn, ərəb mətbuatında Azərbaycan haqqında həddindən çox yazılar gedir. Xüsusən ölkəmizin turizm potensialı, viza məsələləri və sairlə bağlı. İran mətbuatında da hər gün Azərbaycan haqqında məqalələrə rast gəlmək olar. Son vaxtlar belə bir tendensiya müşahidə edirik – İran mətbuatında da Dağlıq Qarabağ problemi ilə əlaqədar kifayət qədər obyektiv, Azərbaycanın mövqeyini tam ortaya qoyan, Ermənistanın işğalından bəhs edən, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinadlanan materiallar dərc olunur. Sadəcə bu məqalələr bizim KİV-ə çıxmır.
– Bizə yer ayıran kütləvi informasiya vasitələrinin təxminən nə qədər hissəsi ağır çəkili dünya KİV-nin payına düşür? Məsələn, “Washington Post”, “New-York Times”, “Guardian” və s. kimi qəzetlər.
– Konkret rəqəm demək çətindir. Amma nüfuzlu Qərb mətbuatında, “Washinqton Post”, “New York Times” qəzetlərində mütəmadi olaraq yazılar dərc olunur və biz onları saytımızda yerləşiririk. Elə lap bu yaxınlarda “New-York Times” qəzetində “Leyli və Məcnun”un Amerikada səhnəyə qoyulması ilə bağlı böyük bir yazı vardı. Siz dediyiniz kimi qlobal, lap güclü, nüfuzlu, ağır çəkili qəzetlərdə dərc olunan yazılar bütün materialların yəqin ki, 50%-ə yaxınını təşkil edir.
– Deməli, belə çıxır ki, Azərbaycana diqqət ayıranların hardasa yarısı ağır çəkili kütləvi informasiya vasitələridir?
– Bəli, nüfuzlu qəzetlər və telekanallardır. Yeri gəlmişkən, biz yeganə resursuq ki, “Əl-Cəzirə”, “Euronews” kimi xarici telekanallarda gedən reportajları dublyaj edir, Azərbaycan dilində səsləndirib, sayta yerləşdiririk.
– Bu günlərdə “Euronews”da xalçalarla bağlı bir sujet getdi. Başqa bir tənasüb də məni maraqlandırır. Bəzən xarici KİV bizə yer ayırır, xalçadan, muğamdan, idmandan, mədəniyyətimizin özəlliklərindən həvəslə yazır, bunlara diqqət ayırır. Bəs bizi düşündürən məsələlərdən, Azərbaycanın əsas problemi olan torpaqlarımızın işğalından necə, yazmağa hazırdırlarmı? Bununla bağlı nisbət, bizim tərəfin mövqeyinin ədalətli işıqlandırılması ilə bağlı vəziyyət necədir?
– Azərbaycanda həmişə belə bir fikir olub ki, erməni lobbisinin və diasorunun dünya mediasındakı dayaqları həddindən artıq güclüdür və biz istənilən halda onlarla mübarizə aparmaqda acizik, onların beynəlxalq mediaya təsir imkanları bizimlə müqayisəyə belə gəlməz və s. Amma biz bu layihəyə başlayandan sonra gördük ki, son illər boyu Azərbaycan hökumətinin informasiya müharibəsində ortaya qoyduğu strategiya artıq öz bəhrəsini verir. Bu gün dünya mətbuatında Dağlıq Qarabağ problemi ilə bağlı real vəziyyəti işıqlandıran, Azərbaycanın haqlı mövqeyini əks etdirən yazılar erməni uydurmalarına söykənən qərəzli məqalələrdən daha çoxdur. Hətta, erməni diasporunun güclü olduğu Fransa mətbuatında da.
– Amma Fransada ermənilər daha mütəşəkkildirlər.
– İstənilən halda, bu gün Fransa mətbuatında belə, ermənilərin mövqeyi əvvəlki kimi möhkəm deyil. Biz Fransa KİV-dən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mütəmadi olaraq yazılar tərcümə edirik. İnanın ki, bunların tam əksəriyyəti obyektiv, ədalətli, Azərbaycanın haqlı mövqeyini əks etdirən yazılardır. Təbii, bu o demək deyil ki, onların lobbisi yoxa çıxıb, informasiya müharibəsini dayandırıb. Amma əvvəlki illərlə müqayisədə inanılmaz dərəcədə fərq var. Məsələn, xarici jurnalistlərdən ibarət qrupun bu yaxınlarda Cocuq Mərcanlı kəndinə baş çəkməsindən sonra, təxminən, 10 gün müxtəlif ölkələrin mətbuatında Dağlıq Qarabağa dair obyektiv, ədalətli məqalələr dərc olundu. Bu yazılarda real vəziyyət kifayət qədər obyektiv işıqlandırılırdı.
– Bir məsələ də var, bəzən media özünün tərəfsizliyini ön plana çəkmək üçün əslində qərar qəbul etmək missiyasını oxucunun, tamaşaçının öhdəsinə buraxır və hər iki tərəfin də fikirlərini verir. Beləcə oxucu, ya tamaşaçı tam aydınlaşdıra bilmir ki, kim haqlıdır. Dağlıq Qarabağ problemi ilə bağlı belə yazılarla tez-tez qarşılaşırsınız?
– Bəli, belə hallar olur. Bəzən Dağlıq Qarabağ münaqişəsinə dair məqalələrdə münaqişənin tarixini, səbəblərini və gedişatını xronoloji ardıcıllıqla verirlər, amma sonluq erməni ekspertin mövqeyilə bitir. Yəni, oxucuda məqsədli şəkildə səhv fikir formalaşdırılır. Bəzən isə səhv məlumat qərəzin yox, diqqətsizliyin nəticəsi olur. Bunları bir-birindən fərqləndirmək lazımdır.
Məsələn, bu yaxınlarda “Qarabağ” – “Atletiko” (Madrid) oyunu ərəfəsində İspaniya mətbuatında bu mövzuda iki səhv məlumat getmişdi. Birinci məqalədə Bakı Olimpiya Stadionu haqda yazan müəllif, “Atletiko”nun hələ 2013-cü ildə bu stadionda oynadığını yazmışdı. Bu, jurnalistin məlumatsızlığından doğan səhvdir, çünki “Atletiko” bu stadionda heç vaxt oynamayıb, Tofiq Bəhramov adına stadionda oynayıb. Digər səhv məlumat isə artıq konkret qərəzdən xəbər verirdi – məqalədə “Qarabağ” Ermənistan klubu kimi təqdim edilirdi. Burada mexaniki səhvdən söhbət gedə bilməz, çünki ən azı, idman müxbirinin son illər mütəmadi olaraq Avropa Liqasında oynayan, bu ildən isə Çempionlar Liqasında çıxış edən “Qarabağ”ın hansı ölkəni təmsil etdiyini bilməməsi mümkün deyil. Demək, burada məqsədli yalan var.
– Xarici mediada gedən materialları necə axtaırsınız? Açar sözlər əsasında, yoxsa aparıcı saytlara baxırsınız?
– Konkret açar sözlərlə hər bir ölkənin mətbuatında ayrı-ayrılıqda axtarış aparılır. Ümumiyyətlə, indiyə kimi 60-dan çox ölkə KİV-dən, 15-dən artıq dildən tərcümələr etmişik. Ştatımızda ingilis, rus, türk dillərindən tərcüməçilərimiz var, qalan dillər üzrə jurnalistlərlə isə müqavilə əsasında əməkdaşlıq edirik. Məqalənin qısa məzmunu göndərilir, onunla tanış olub tərcümə edilib-edilməyəcəyinə qərar veririk.
– Bildirdiniz ki, noyabrın 1-də iki yaşınız tamam olur. Bu 2 illik yol ərzində, indi planlaşdırdığınız məntəqədəsinizmi? Auditoriya, materialların sayı baxımından və s.
– Materialların sayı təxmin etdiyimdən çoxdur, amma auditoriya baxımından, əslində planlaşdırdığımız yerdəyik. Çünki biz bu saytı yaradarkən təxmin edirdik ki, indiki mətbuatın gerçəkliyi fərqlidir, bilirik ki, orta statistik azərbaycanlı oxucunu, tutaq ki, “Əl-Cəzirə”nin Azərbaycan haqqında reportajı maraqlandırmır. Bu elə bir resursdur ki, oxucusu məhduddur. Ona görə də əsas hədəfimiz Azərbaycan haqda materialları konkret oxucuya yox, ümumilikdə ölkə mediasına, yerli informasiya məkanına çatdırmaqdı.
– İstifadə edirlərmi?
– Az saytının PR-nı hələlik tam istədiyimiz səviyyədə qura bilməsək də, mətbuat materiallarımızdan kifayət qədər istifadə edir. Məsələn, erməni mətbuatından tərcümələrimiz kifayət qədər maraqla qarşılanır. Çünki Azərbaycan mətbuatı Ermənistan haqda məlumatları əsasən rusdilli və ingilis dilli erməni portallarından götürür.
– Bəli, əsasən onların rus versiyalarından götürülür. Erməni dilində yazılar fərqlidir?
– Tamamilə fərqlidir. Düzü, mən özüm də çox təəccübləndim. Erməni dilindəki mənbələrlə tanışlıq Ermənistandakı real əhvali-ruhiyyəni daha yaxşı anlamağa imkan verir. Çünki başqa ölkə auditoriyasına yönəlmiş materiallarda – rus, ingilis dillərində – erməni KİV-i özləri haqda reallıqdan uzaq təsəvvür formalaşdırmağa çalışır. Daxili auditoriya üçünsə artıq nəyisə gizlətməyə ehtiyac yoxdur – bir çox saytlar hər şeyi olduğu kimi yazır. Ölkədəki bədbinlik, ruh düşgünlüyü, Azərbaycanın iqtisadi və hərbi gücü qarşısında acizlik, Ermənistanın başqa ölkələrdən tam asılılığı, iqtisadi böhran, kütləvi miqrasiya və s. – erməni dilindəki resurslarda bu haqda kifayət qədər yazılır. Xüsusilə, ötən ilin aprel döyüşlərindən sonra erməni dilindəki saytlarla başqa dildəki resurslarının tonu tam fərqlənirdi. Məsələn, keçmiş səhra komandirlərinin Azırbaycan ordusunun üstünlüyü, ermənilərin real ərazi və əsgər itkiləri haqda etiraflarını siz rus dilindəki erməni saytlarında görə bilməzsiniz. Bunlar başqa dillərə sadəcə, tərcümə edilmir. Ona görə biz ermənidilli resurslardan tərcümələrə xüsusi diqqət yetiririk. Yerli mətbuatda ən çox istinad olunan tərcümələrimiz də məhz bunlardır.
– Dəyərli fəaliyyətinizdə Sizə uğurlar diləyir, bir daha fəaliyyətinizin 2 illiyi münasibətilə ürəkdən təbrik edirik.
Fuad Babayev. Gündüz Nəsibov, 1905.az
Müsahibə ilk dəfə 7 noyabr 2017-ci ildə dərc edilib