Qonaqlarımız – tarix üzrə elmlər doktoru, professor Şahin Fazil və tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli ilə Çaldıran döyüşü və Səfəvi-Osmanlı münasibətlərindən danışdıq.
Fuad Babayev: Çaldıran döyüşü haqqında çox danışılıb və bu döyüş bəzən daha çox siyasi, ideoloji bir hadisə kimi dəyərləndirilir. Əlbəttə, tarixdə belə döyüşlər çox olub. Tutaq ki, Vaterlo döyüşü ( 1815-ci il 18 iyunda Niderland Birləşmiş Krallığı, indiki Belçika ərazisində – red), Borodino döyüşü (1812-ci il sentyabrın 7-də Borodino kəndi yaxınlığında – red.) və s. Adi Azərbaycan oxucusu Çaldıran döyüşü haqqında nəyi bilməlidir?
Şahin Fazil: Ümumiyyətlə, siyasi xəritədə Çaldıran qara bir xaldır. Sual yaranır, nə üçün döyüş məhz Çaldıranda oldu? O dövrdə Osmanlılar Səfəvi dövlətinə hücum edəndə Çaldırandan keçirdilər.
Sultan I Səlimin atası Sultan II Bəyazid dəfələrlə xəbər göndərmişdi ki, İranı şiələşdirməyin. Məsələn, XV əsrdə Qaraqoyunlular şiə, onun yerinə gələn Ağqoyunlular isə sünni məzhəbinə mənsub idilər.
Bəs Şah İsmayıl kimdir? Babası Uzun Həsən sünni, xanımı – Trabzon imperatoru IV İohannın qızı Despina xatun isə katolik idi.
Despina xatunun qızı Marta Şah İsmayılın anası, Şeyx Heydər isə atası idi. İsmayıl hələ körpə olarkən, müəllimləri – Hicazdan gəlmiş şiə məzhəbindən olan şeyxlər onun beynini doldururdular. Şah İsmayıl da beyninə yeridir ki, doğrudan da sünnilər artıq hörmətdən, etibardan düşüblər. İran əgər ideoloji baxımdan yeniləşməsə, taxta oturmaq mümkün olmayacaq. Ona görə də şiəliyi irəli sürür.
İdeoloji baxımdan bu, Şah İsmayıl tərəfindən bəlkə də düzgün olmayan bir addım oldu. Təsəvvür edin, uzun əsrlər boyu bir sıra böyük hökmdarlar – əmir Teymur və Sultan I Bəyazid, Uzun Həsən və Sultan Mehmet Fateh, Şah İsmayıl və Sultan Səlim savaşdı, müsəlman müsəlmanı qırdı. Bu isə Avropaya sərf edirdi. Avropa həmişə bu hökmdarları qızışdırıb. Avropadan tez-tez səfirlər regiona gəlib materiallar toplayır, Venesiyaya və başqa şəhərlərə göndərirdilər. Bizim səfirlər isə gedib yeyib-içib geri qayıdırdılar. Ona görə də Bakıxanova qədər bir yazı, material yoxdur.
Çaldıran döyüşündən əvvəl Sultan I Səlim Şah İsmayıla dörd məktub göndərir ki, əgər kişisənsə, gəl meydana. İsmayılı təhqir edir. Şah İsmayıl da bilir ki, açıq döyüşə çıxsa, uduzacaq. Çünki onun qoşununda adi silahla silahlanmış 7-8 min nəfər, amma qarşıda yüz minlik ordu var. Şah İsmayıl çox ağıllı hökmdar idi. Sultan Səlimdən birinci dəfə məktub gəlir cavab vermir, ikinci məktuba da həmçinin, üçüncü məktuba isə nəhayət cavab yazır ki, gəl Çaldırana, mən də gəlirəm. Dördüncü məktubunda da Sultan Səlim yazır ki, nəhayət ki, səndə kişilik görsəndi.
Yəni Sultan Səlim Şah İsmayıla ikisi farsca, ikisi də Osmanlı türkcəsində olmaqla 4 məktub göndərib, Şah İsmayıl isə farsca cavab yazıb.
Təmkin Məmmədli: Ümumiyyətlə, Şah İsmayılın bütün məktubları farsca olub?
Şahin Fazil: Cəmi 4 məktubu türkcədir, 1196 məktub isə farscadır. Məsələn, Şah Təhmasibin 2 məktubu var, farscadır. Nəyə görə farscadır? Sultan Səlim Şah İsmayıla türkcə məktub göndərir, İsmayıl isə farsca cavab verir. Orta əsrlərdə regionda İslam daha da möhkəmlənəndə çoxları ərəb dilində yazırdılar, fars dilinin təsiri güclənəndə isə hamı fars dilində yazırdı. Yəni xalqın dili türk dili idi, saray dili isə məktublardan da göründüyü kimi fars.
Dilavər Əzimli: Tarix hər zaman siyasətə qulluq edib. Həmin məktubların əsli əlimizdə deyil, ola bilsin İran arxivlərində var, amma üzə çıxarmırlar. Bəlkə bir gün imkan olar Şahin müəllim İran, Osmanlı arxivlərində o məktubların əslini üzə çıxarar, onda həqiqəti tam müəyyən etmək olar.
Şahin Fazil: Məktubların əsli Əli Əkbər Vilayətinin kitabxanasındadır.
Amma bir məsələ var ki, bizim Səfəvi kitabxanası Sankt-Peterburqdadır. Orada Ərdəbildən gətirilmiş 8 min əlyazma var. Çox istərdim ki, o 8 min əlyazma Azərbaycana gətirilsin, o zaman bu əlyazmalar bizim tarix elmində çox suallara cavab verə bilər.
Nəyə görə Çaldıran? Çaldırandan əvvəl də, sonra da İran və Osmanlı arasında çoxlu sayda müharibələr olub. Ona görə də bu məsələyə bir az qlobal müstəvidə yanaşmaq istəyirəm. Hesab edirəm ki, bu döyüş türk-müsəlman dünyasına yönəlmiş addımlardan biri idi. Bəs sonra nə baş verdi? Tarixi hər zaman qalib dövlətlər öz istədiyi kimi yazıb. Amma tarix həm də nəticədir. Biz nəticə çıxarmalıyıq. Və nəticə o oldu ki, bu müharibə haqqında həddən artıq geniş təbliğat aparıb bir tərəfdə Sultan Səlimə nifrət oyatdılar, o biri tərəfdə Şah İsmayılı rafizi (sünnilər tərəfindən şiələrə verilən ad, ərəbcə “rədd edənlər, imtina edənlər mənasını verir – red.) adlandırdılar və Osmanlı türklərində də Şah İsmayıl bir düşmən obrazına çevrildi. Nəticədə böyük bir parçalanmaya səbəb oldular. Hesab edirəm ki, qlobal səviyyədə bunun siyasi, iqtisadi və dini səbəbləri var.
Təmkin Məmmədli: Yəni tarixi əhəmiyyəti o qədər böyük olmasa da, nəticəsi çox şişirdilib.
Dilavər Əzimli: Bir söz deyim. Ölkəmizdə Şah İsmayıl və Səfəvilər nə vaxt yada düşdü? İlya Pavloviç Petruşevskinin vaxtında. SSRİ İran ilə düşmən münasibətdə, Almaniya ilə müttəfiq idi, Türkiyə ilə də münasibəti pis idi. Belə bir vaxtda nə etmək lazımdır… İran-Türkiyə birliyi yarana bilər, ona görə də ortaya şiə-sünni məsələsi girməlidir. İkinci Dünya Müharibəsinin əvvəllərində bu məsələ ortaya atıldı. O zaman SSRİ-də yada düşdü ki, bəs sizin dünyanı dağıdan şahınız olub.
Səlcuqlular dönəmindən başlayan bir prosesə nəzər yetirək. Bu dönəmdə bütün bu ərazilər vahid bir mərkəzdən idarə olunurdu. Səlcuqluların bu ərazilərə gəlməsi Avropanı, Vatikanı bir sual qarşısında qoydu. Artıq müsəlman dünyasının önündə türklər gedir. Bu sistemi parçalamaq lazımdır. Ondan sonra gedən proseslərə baxın: ərazidə kiçik dövlətlərin yaranması, digər tərəfdən Səlcuqlulara qarşı Həsən Sabbahın başçılığı ilə xaşxaşilər hərəkatı.. Daha sonra türklər iki böyük dövlət yaratdılar: əvvəlcə Osmanlı, sonra da Səfəvi. Qardaşlardan biri orada qaldı, biri burada. Səbəb nə idi? Dini səbəb bəllidir, yəni türklərə-müsəlmanlara qarşı olan xristian dünyası, iudaizm türkləri parçalamaq üçün hərəkətə keçdilər.
Ərdəbil təkkəsi Şeyx Cüneydə qədər bütün Türk dünyasına nəzarət edirdi. Təsəvvür edin, Balkanlardan, Mesopotamiyadan Çinə qədər olan ərazilərdən Ərdəbil təkkəsini ziyarət etməyə gəlirdilər. Nəyə görə Konyada Cəlaləddin Ruminin türbəsi ziyarətgaha çevrildi, insanlar ora indi də gedir, amma Ərdəbil təkkəsinə gedən yoxdur? Bunun səbəbi var. Şeyx Cüneyd zamanında dövlət qurmaq istədilər, amma bu proses pozuldu. Ona görə də məsələ Çaldırana gətirib çıxardı.
Burada dini səbəblə yanaşı iqtisadi səbəblər də var. Bilirsiniz, İpək Yolu Çindən Avropaya qədər gedir çıxır. Çingiz xanın dövründə vahid ticarət sistemi var idi, karvan ticarəti inkişaf etmişdi. Sonralar Səfəvi və Osmanlı dövlətlərinin zamanında bu ərazilərdə mühüm ticarət mərkəzləri yaranır, Böyük İpək Yolu marşrutunun hamısı Azərbaycan ərazisindən keçir. Məsələn, İldırım Bəyazidlə əmir Teymuru üz-üzə gətirən həm də Təbriz-İstanbul yolu idi.
Üçüncü əsas məsələ – fatehlik məsələsi idi. Həmdullah Qəzvininin bir sözü var ki, bütün Şərq fatehləri bu əraziləri birləşdirib tək hökmdarı olmaq istəyirlər. Sultan Səlim deyirdi ki, mən həm doğunun, həm də batının sultanıyam. Şah İsmayılda da bu iddia var idi ki, bu ərazilərin bir hökmdarı olmalıdır. Bu fikir Əmir Teymurdan gəlirdi.
Ərdəbil təkkəsi şiəliyin sufi xəttidir. Amma dövlət qurmaq üçün ideologiya lazımdır. Bundan əvvəl burada hakimiyyətdə olanlar sünni məzhəb üzvləri idilər və Əhli-beyt yolunu davam etdirənlər hakimiyyətdə deyildilər. Təbii ki, bu üsuldan istifadə etməklə dövlət qurmaq olardı. Yəni insanlar deyirdilər ki, Peyğəmbərimizin Əhli-beytinin hakimiyyətdən uzaqlaşdırılması İslam dünyasını bu günə salıb və gərək biz Əhli-beytə, imamiliyə söykənək. Maraqlıdır ki, Osmanlıdan gələn yeniçərilər (XIV-XIX əsrlərdə Osmanlı ordusunda daimi piyada qoşunu – red.) bəktaşi (İslam dinində şiəliyə yaxın təriqət – red.) idilər.
Yeniçərilər “Əli” deyirdilər, Azərbaycanda da qızılbaşlar “Əli” deyirlər. Amma nəticə hər iki dövlət itirdi. Osmanlıda nəhəng sərkərdələr məhv oldu. Səfəvilər də nəhəng sərkərdələrini itirdilər. Osmanlı sərkərdəsi Malkoçoğlu Tur Əli bəy elə-belə adam deyildi. “Təvarixi-ali-Osman” əsərində Sultan Səlim deyir ki, Malkoçoğlunu Avropada görən oldumu. Deyirlər ki, yox. Sonra Səlim özü cavab verir: “Əli bəy Malkoçoğlunu qadınlar gördümü, onu görən hər bir qadın cismində uşaq saxlamaz”. Görün necə bir adam idi.
O zaman Roma papasının əmri ilə burada sünni-şiə məsələsini şiddətləndirmək üçün xüsusi broşuralar düzəldilmiş, dini xadim adı ilə xüsusi casuslar göndərilmişdi. Nəticədə, iki böyük dövlət üz-üzə gəldi, bundan sonra onlar zəiflədilər. Buna baxmayaraq, XVI əsr Osmanlı və Səfəvi dövlətlərinin yüksəliş dövrüdür. Amma XVII əsrdən hər iki dövlətdə çökmə başlayır.
Bayaq qeyd etdik, niyə Çaldıranı bu qədər şişirtdilər. Xarici qüvvələr Çaldıran ilə hər iki dövləti üz-üzə qoydular və öz sistemlərini qura bildilər. İndi məqsədimiz həmin sistemi darmadağın edib, öz sistemimizi qurmaqdır. Ona görə mən sizə dedim ki, siyasi, iqtisadi, dini…
Təmkin Məmmədli: Osmanlı əgər sırf dini mübarizə aparsaydı, Misirin üstünə getməzdi. Axı onlar da sünni idi.
Dilavər Əzimli: Mən həmişə deyirəm, dövlətlərarası münasibətləri xalqlara qatmaq olmaz. Dövlət öz çıxarını düşünür. Böyük Osmanlı dövləti öz əsgərini dolandırmaldır. Bunun üçün nə etməlidir? Ticarət iki yerə bölünüb: okean və quru ticarəti. Okean ticarətinə kimlər rəhbərlik edir? Böyük dəniz imperiyası Portuqaliya, İspaniya. Quruda ticarətdə kimlər var: Britaniya (İngiltərə), Fransa, Hollandiya. Avropa iqtisadiyyatçıları yazır ki, quru ticarəti ilə okean ticarətindən gələn gəlir, demək olar ki, eynidir. Şərqi Anadolu dünya ticarət mərkəzlərindən biri idi. İtaliyadan, İngiltərədən gələn tacirlər Şərqi Anadoluda günlərlə gözləyirdilər ki, Azərbaycandan karvanlar nə vaxt gələcək. Təsəvvür edin, Sultan Səlimin Səfəvilərə ibrişim (bükülmüş ipək – red.) yasağı oldu. Bu da Səfəvilərdən keçən karvanların oradan keçməsinin qarşısını aldı.
Təmkin Məmmədli: Yəni bu hadisə Çaldıran döyüşündən əvvəl olub.
Dilavər Əzimli: Bəli, Səfəvilərə zərbə vurmaq üçün. Türkiyəli tarixçi Xəlil İnalcıq yazır ki, ibrişim yasağı ən çox zərbəni Osmanlı iqtisadiyyatına vurdu, çünki ipək xaricilərə satılmaq üçün əsas mal idi. Sultan Süleyman Qanuni hakimiyyətə gələndə yasağı götürdü və dedi ki, bu yasaq ölkəni məhv edir. Səfəvilərdə isə Şah I Abbas hakimiyyətə gələndə, ibrişim yasağını tətbiq etdi və Osmanlı iqtisadiyyatı çökməyə başladı. Bunların hamısının kökündə, bayaq dediyim kimi, iqtisadi, siyasi və dini səbəblər dayanır, bunları da bir-birindən ayırmıram.
Fuad Babayev: Çaldıran döyüşü haqqında hansı maraqlı məqamları demək olar? Şah İsmayılın “Mən karvanbasan quldur deyiləm” deməsi, onun Malkoçoğlunu öldürməsi və yaxud Şah İsmayıla bənzəyən əsgərlərdən birinin “mən şaham” deyərək şahı qoruması və sair belə detallar haqqında insanlarda məlumat var. Amma döyüşün gedişatı ilə bağlı nəyi bilməliyik?
Şahin Fazil: XVI əsrdə Osmanlılar Səfəvi dövlətinə altı dəfə basqın ediblər. Amma onlar Səfəviləri məhv etmək istəsəydilər, edərdilər. Gəlirdilər, üç dörd gün qalırdılar, sonra da qayıdırdılar. Təsəvvür edin, yüz minlik ordunun yüz minlik atı, yüz min də xidmətçisi var, onlara mülazim deyirdilər, bu da hamısı bir yerdə üç yüz min edir. Yerdə ot da qalmamışdı. Gəlirdilər və qayıtmağa məcbur olurdular. Cəmi altı yürüş olub: 1514, 1534,1535,1548,1554 və 1578-ci illər.
Dilavər Əzimli: Fikir verin, o zamanlar İran ərazisində olan dövlətlərlə Osmanlılar ərazisində olan dövlətlər arasında həmişə toqquşma olub.
Şahin Fazil: Səbəb məzhəb olub. Səfəvilərdən əvvəl də məzhəb davası gedirdi.
Dilavər Əzimli: Burada bir məsələ də var: Sultan I Suleyman özünü xəlifə elan etmişdi.
Şahin Fazil: Bağdadı tutmuşdu, amma Bağdad Səfəvilərin idi.
Dilavər Əzimli: Yəni Sultan Süleyman dedi ki, Peyğəmbərdən gələn ənənəni mən davam etdirirəm, amma bu tərəfdən də Şah İsmayıl və ətrafında belə bir fikir var idi ki, yox, əslində, davamçılar bizik. Şah I Təhmasib zamanında mənbələrə seyidlik, Həzrət Əli məsələsi salındı. Yəni Peyğəmbərdən sonra haqq bizik, İslam taxtına biz iddia etməliyik.
Başqa bir məsələ də var. İtaliya tarixçiləri yazırlar ki, əslində, dünya imperatorluğu məsələsində fikirlər haçalaşır, yunan-romalılar hesab edirlər ki, dünya imperatorluğunun mərkəzi Yunan-Roma dövlətləri olmalıdır, amma ərəb tarixçiləri yazır ki, İran ərazisində olan dövlətlər dünya imperatorluğuna daha çox iddialıdırlar.
Maraqlıdır, tutaq ki, Şirvan iyirmi il Osmanlının nəzarətində qalıb. Bu dövr ərzində Osmanlılar burada iqtisadi islahatlar keçirir, vergiləri azaldır. Yəni bu, işğala oxşamır.
Şah İsmayılın ən ali məqsədlərindən biri də Aralıq dənizinə çıxmaq idi. Aralıq, Xəzər, Qara dənizləri aralığında vahid dövlət yaratmaq istəyirdi. Göytürk imperiyasında bu ideya həyata keçib, skiflərin (işquzlar) zamanında da bu ideya vardı, bunlar ənənədən gələn bir şey idi. Bu dövrdə ortalıqda bir sistem var idi və Şah İsmayıl bu sistemə qarşı özünün sistemini – dini sistem qoymalı idi ki, dövlət yaratsın.
Şah İsmayıl Səlimlə döyüşmək istəmirdi. Məktubunda da var ki, gəl əmir Teymurla İldırım Bəyazidin səhvini təkrarlamayaq. O döyüşdə iştirak etmiş Xoca Sadəttin Əfəndi (Osmanlı tarixçisi, Şeyxülislamı (1536-1599) – red.) “Tac üt-tevarih” əsərində yazır ki, onlar fədakar bir fədai kimi döyüşürlər, atdıqları oxlar çox sərbəst nöqtəyə dəyir. Təəssüf ki, bu döyüş beynəlxalq səviyyədə hər iki dövlətə böyük zərbə vurdu.
Təmkin Məmmədli: Çaldıran döyüşündən əvvəl bir çox mənbələrdə yazılır ki, Sultan Səlim Osmanlı ərazisində olan ələviləri, 40 min qızılbaşı edam etdirib. Bu, nə dərəcədə həqiqətə uyğundur?
Dilavər Əzimli: Bu məsələlərə artıq Osmanlı arxivinin sənədləri ilə aydınlıq gətirilib. Bəs o qırx mini necə hesabladılar? Qırx min rəqəmi doğru deyil. Nəyə görə? Bəziləri yazır ki, yeddidən yetmiş yeddiyə hamının başı kəsilib. O ərazilər bəktaşi qızılbaşların ərazisi idi.
Hesab edin ki, bir dövlət olaraq planını həyata keçirirsən, amma bilirsən ki, üsyan başlayacaq və bunu zərərsizləşdirməlisən. Bu məsələni Şərəf xan Bitlisi (kürd mənşəli Osmanlı tarixçisi (1543-1603) – red. ) daha çox işıqlandırıb. Mən şəxsən qırx min adamın öldürülməsini sonradan əlavə olunmuş bir məsələ kimi qəbul edirəm. Ola bilər ki, orada müəyyən qədər 7, 8, yaxud 9 min adam öldürülüb, amma yeddi yaşından yetmiş yeddi yaşına qədər insanların öldürülməsi mümkün deyil.
Təmkin Məmmədli: Bir məsələ də var ki, deyirik ki, o vaxt Səfəvilərin topu, odlu silahı olmayıb, amma bəzi mənbələr olduğunu yazır.
Şahin Fazil: Səfəvilərdə primitiv tüfənglər olub, ancaq müqayisə edin – Osmanlıların avropalaşmış ordusu və Səfəvilərin ənənəvi ordusu.
İranlı tarixçi Nəsrullah Fəlsəfinin “Cəngi Çaldıran” adlı gözəl bir əsəri var. Çaldıran döyüşü və qeyd edilən məsələlərin hamısı orada yazılıb, yəni orduların silahları, azuqələri, düzülüşləri… Məsələn, Şah Təhmasib “Təzkireyi Şah Təhmasib” əsərində yazır ki, sultan ona məktub yazıb göndərir ki, gəlirəm, çıx qabağıma, o da cavab verir ki, mən axmaq deyiləm, şah babamın səhvini təkrar etmək istəmirəm. Şah I Təhmasib qüdrətli, çox igid və planlı adam idi. Düşünür, tutaq ki, qoşunumda əlli min nəfər var, Osmanlıların qoşununda iki yüz min nəfər; məndə silahlar – top, tüfəng və xəncərdir, onlarda isə hər şey var. Əgər şah babam İsmayılın etdiyini etsəm, məğlub olacağam. Şah Təhmasib “Təzkireyi Şah Təhmasib”də yazır: “Qurani-Kərimdə yazılıb, əgər çox saylı müsəlman qoşunu azsaylı müsəlman qoşununun üstünə gələrsə, azsaylı qoşun onun qabağına çıxmasın, bu, müsəlmanların qırğınına səbəb olar.” Şah Təhmasib deyir, əgər indi Sultan Süleymana qarşı çıxsam, mən məhv olaram, ona görə də çıxmıram. Dörd dəfə Osmanlılar gəldilər, Səfəvilər geri çəkildilər, çəkilərkən də kəhrizləri, otları, azuqələri məhv etdilər. Kəndlər dağıdıldı, inkişaf yox, alver yox, onlar gəlirlər, bunlar da çəkilirlər. Nəticədə, Sultan Süleyman da Sultan Səlim kimi geri çəkilməyə məcbur oldu, amma bunun əvəzində gedib İraqı, Bağdadı tutdu və xəlifəlik onun əlinə keçdi.
Dilavər Əzimli: Hər iki tərəf eyni sistemin balaları idi. O sistemin də başçısı Şeyx Zahid Gilani (sufi alim, mürşid (1218-1301) – red.) olub. Məzarı Lənkərandadır, çox təəssüf ki, ora türbə kimi baxırıq. Şeyx Zahid Gilanidən səfəviyyə (səfəvilik – red.) və xəlvətiyyə (xəlvətilik – İslamda geniş yayılmış sufi təriqətlərindən biri – red.) doğub. Osmanlı dini sistemi xəlvətiyyəyə, Səfəvi isə səfəviyyəyə söykənirdi, amma hər iksi eyni Peyğəmbərə, eyni imama, eyni Əhli-beytə inanıb.
Şahin Fazil: Mən doktorluq kitabımda son cümlə kimi belə yazmışdım: əgər əmir Teymur-Sultan Bəyazid, Uzun Həsən- Məhmet Fateh, Şah İsmayıl-Sultan Səlim arasında bu müharibələr olmasaydı, dünyanın bu günkü xəritəsi bəlkə də başqa cür olardı.
Dilavər Əzimli: Avropa tarixi başdan ayağa müharibələr tarixidir.
Şahin Fazil: Elə Şərq tarixi də.
Dilavər Əzimli: Yüzillik müharibə, otuz illik müharibə, yeddi ilik müharibə… Amma onlar o müharibələri o qədər şişirdib düşmən münasibət yaratmırlar, biz də o baxımdan çıxış edib düzgün nəticəyə gəlməliyik. O zaman hər iki sistem bir sistemə bağlı idi, onun da mərkəzi Azərbaycan idi. Əbəs yerə deyil ki, Sultan I Osman El Qazinin babası Süleyman şah Orta Asiyadan Azərbaycana gəlib buradan Türkiyəyə getmişdi. Hər iki təriqət sufi sistemindən çıxmışdı. Osmanlını da Ərdəbil təkkəsindən olanlar qurublar, Sarı Saltuktan (İslamı təbliğ edən dərviş (?-1297) – red.) tutmuş Şomuncu babaya (Osmanlıda səfəviyyə təriqətinin yayılmasında fəal rol oynamış din alimi (1331-1412) – red.) qədər. Şomuncu baba Şeyx İbrahimin müridi idi, halbuki İldırım Bəyazid onun müridləri hesabına Avropanı tutmuşdu. Şah İsmayılın Osmanlı sarayında iki yüz nəfərə qədər müridi var idi. Bəktaşilərin Çələbi və Babağan qolları var. Çələbi qolunda olanlar birbaşa İsmayılın adamları idi. “Möhtəşəm yüzil” filmində də göstərilir ki, İbrahim Paşa İsgəndər Çələbini necə sıradan çıxarır.
Şah İsmayıl Sultan II Bəyazidlə dost kimi danışır, hakimiyyətə Bəyaziddən sonra oğlanları Əhməd, yaxud Qorqud gəlməli idi, amma taxta Yavuz Sultan Səlim çıxır. Amma onu deyim ki, I Səlim gəlməsəydi, Osmanlı imperiyası Şah İsmayıl tərəfindən dinc yolla ələ keçiriləcəkdi.
Şahin Fazil: Şübhəsiz.
Dilavər Əzimli: Səlimin atası ilə münasibətləri gərgin idi. O zaman Sultan Əhməd hakimiyyətə çox iddialı idi və güclü qoşunu da vardı. Artıq taxtda oturmalı idi, amma o dövrdə Osmanlıda hansısa qüvvələr Səlimi hakimiyyətə gətirdilər. O zaman Osmanlı sarayında müəyyən qədər yəhudilərin də rolu olub.
Səlimin Səfəvilərə münasibəti pis idi. Bəzi Ələvi tarixçiləri yazırlar ki, şahzadə Əhməd qızılbaşlığı qəbul edib, amma o bunu etməmişdi. Sadəcə olaraq, Əhmədi necə sıradan çıxarmaq olar? Onu inandırırlar ki, Səlim üsyan edib, amma Səlimin qüvvələri zəifdir. İstanbul yaxınlığında Əhməd və Səlim arasında döyüş olur. Səlim qələbə qazanır, Əhmədi əsir götürüb sonra sürgünə göndərir. Atasını da taxtdan uzaqlaşdırır.
Şahin Fazil: Sultan Səlim Şah İsmayıla məktubda yazır ki, ey İsmayıl, əgər sən sünniliyi qəbul etsən, mən geri çəkilərəm, heç gəlmərəm.
Təmkin Məmmədli: Sultan Səlim bilirdi ki, bu, mümkün deyil.
Dilavər Əzimli: Bilirsiniz, Sultan Səlimin özü xəlvəti təriqətinin rəhbərlərindən biri idi. Sultan Səlimlə Şah İsmayılın arasında münasibətləri korlamaq üçün Osmanlı sarayında olan vəzirlərin də rolu olub. Çünki onlar yəhudi, bolqar, yunan, serb də ola bilərdi, hətta xristian da ola bilərdi. Məsələn, İbrahim Paşa ( I Süleyman dönəmində Osmanlı imperiyasının sədrəzəmi /1523-1536/).
Şahin Fazil: Türk paşalarının əksəriyyəti xristian idi.
Dilavər Əzimli: Yəni artıq burada təriqət söhbəti getmir, onlar türklərdən qisas alırdılar. Ona görə də belə güman edirəm ki, Əhməd gəlsəydi…
Şahin Fazil: Əhməd gəlsəydi, Çaldıran da olmayacaqdı.
Dilavər Əzimli: Əhməd gəlsəydi, türklər bu ərazilərdə birləşə də bilərdilər. Səlim, təbii ki, böyük imperator, Məkkə və Mədinənin fatehi olub. O dövrdə portuqallar Məkkəni ələ keçirəcəkdilər. Necə ki sonralar da vəhhabilər Peyğəmbərin nəşini çıxartmaq istədilər, o zaman Atatürk xəbər göndərdi ki, üzərinizə gələrəm. Sultan Səlim də ordusu ilə 14 günə keçmək mümkün olan səhranı yeddi günə keçdi, məmlükləri məğlub, Məkkə və Mədinəni xilas etdi, portuqalları da oradan uzaqlaşdırdı. Portuqallar Qırmızı dənizə çıxa bilmədilər. Səlim böyük fatehdir, ancaq İsmayılla münasibətlərində xarici amil ciddi rol oynayıb.
Fuad Babayev: Müasir Türkiyə və Azərbaycan tarix elminin konkret olaraq Çaldıran döyüşünə münasibətində oxşar və fərqli cəhətlər hansılardır? Yenə də o antaqonizmlər qalır?
Dilavər Əzimli: Azərbaycanda üç-dörd nəhəng orta əsrlər üzrə mənbəşünas sima varsa, biri də Şahin müəllimdir. Bunu səmimi deyirəm. İsgəndər bəy Münşinin (Səfəvi tarixçisi, şair, xəttat /1560-1609/ – red.) farsca yazdığı “Tarixe-aləmaraye-Abbasi” əsərini Şahin müəllim iyirmi dörd ilə tərcümə edib. Etiraf edək ki, orta əsr Azərbaycan məktəbi dünyada çox güclü olub. Sevinirəm ki, Şahin müəllimlə dost olmuşam, Oqtay Əfəndiyevi görmüşəm. Mikayıl Heydərov, Seyidağa Onullahi, Əbülhəsən Rəhmani, Məmmədəli Şərifli, Ziya Bünyadov, Vasim Məmmədəliyev – hamısı böyük alimdir və onlar Türkiyə tarixçilərindən daha obyektiv olublar. Türkiyədə hazırda dostumuz Tufan Gündüz bu barədə çox yazır.
Həmçinin, İlbər Ortaylı. Azərbaycandan Türkiyəyə gedən cavan tarixçilər orada yazırlar, ümumi birliyə çağırırlar. Amma orada bu sahədə birtərəfli yazan tarixçilər də var. Yenə də qeyd edirəm, bizim alimlər obyektivliyi qoruyublar. Hətta bu obyektivlik Petruşevskidə də var.
Şahin Fazil: O da güclü alim idi. Hərçənd onu da tənqid edirlər.
Dilavər Əzimli: Ümumiyyətlə, bizim səfəvişünas alimlərimiz dünya əhəmiyyətli alimlərdir.
Şahin Fazil: Mənim bu mövzuda böyük bir poemam var, adı “Çaldıran”dır. Bu əsər çoxdan – sovet dövründə çıxıb. Əsər belə başlayır:
Bağışlasın oxucu,
Sındı qələm, yox ucu,
Çaldıranı yazmağa
Mənə gərək ox ucu.
Hazırladı: Aydan Abaslı, Mehman İbrahimov, 1905.az