Noyabrın 15-də Cəbrayılın on bir saylı məcburi köçkün qəsəbəsində (Biləsüvar) “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Canımız Qarabağ, Yazımız Qarabağ” layihəsi çərçivəsində ziyalılar, gənclər və ictimaiyyətin müxtəlif təbəqələrilə görüş keçirilib.
Qeyd edək ki, 20 minə qədər əhalinin məskunlaşdığı ərazidə Rayon İcra Hakimiyyəti də yerləşir.
Görüşdə Əli Kərim adına Poeziya Klubunun sədri, şair İbrahim İlyaslı, Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru, “Türk Dünyası” İctimai Birliyinin sədri, şair Dəyanət Osmanlı, “Ədalət” qəzeti baş redaktorunun birinci müavini, şair-publisist Əbülfət Mədətoğlu və layihənin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin müşaviri, Azərbaycan Yazarlar Klubunun sədri, yazıçı-dramaturq-publisist Elçin Hüseynbəyli iştirak və çıxış ediblər.
Görüşdə ilk sözü Cəbrayıl rayon İcra Hakimiyyəti başçəsının müavini Tapdıq Nəsirov deyib. Öz çıxıışında o, qonaqları salamlayıb və bildirib ki, qələm adamlarının bölgəyə səfəri və məcburi köçkünlərlə görüşü çox əlamətdardır və silahla qələmin birliyinə işarədir. O qeyd edib ki, dövlət başçısı, Ali Baş Komandan möhtərəm İlham Əliyevin indilərdə atəş xəttində olması və ziyalılarımızın bu səfəri dövlətin, xalqın, ordunun birliyindən xəbər verir.
Sonra o, sözü layihənin rəhbəri Elçin Hüseynbəyliyə verib.
Elçin Hüseynbəyli layihənin məqsədi barədə danışarkən bildirib ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında həyata keçirilir və ordumuza dəstək, Qarabağ uğrunda müqəddəs savaşımıza yazarlar tərəfindən töhfə vermək məqsədi daşıyır.
“Biz qəsəbəyə gələndə yolboyu əkilmiş ağaclara baxıb təsirləndik. Ağaclar böyümüşdülər. Bu, bir tərəfdən bizi sevindirdi, çünki məcburi köçkünlər getdikcə yeni yurda öyrəşirdilər. O biri tərəfdən isə kədərləndik, çünki işğaldan xeyli vaxt keçib…”
O, torpaqlarımızın tüzliklə azad ediləcəyinə və insanların gözündə gördüyü kədərin sevinclə əvəz olunacağına inandığını bildirib.
Sonra Bakıdan gələn qonaqlar çıxış edib və öz şeirlərini səsləndiriblər.
Rayonda fəaliyyət göstərən qələm adamları Musa Aslanxanlı, Mirzə Mirili və Hidayət Səfərli də layihənin əhəmiyyətindən danışıb və xalqın döyüş ruhunu coşduran şeirlərini oxuyublar.
Çıxışçılar “Canımız Qarabağ, yazımız Qarabağ” layihəsinin əhəmiyyətini xüsusi qeyd ediblər.
Yekunda tədbir iştirakçıları əmin olduqlarını bildiriblər ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaq və Cəbrayıl yenidən güllü-çiçəkli diyara çevriləcək.
Görüşün sonunda yazarlar öz kitablarını qəsəbə kitabxanasına hədiyyə edib və xatirə şəkli çəkdiriblər.