…1905-ci ilin əvvəlində, elə ki Rusiyada inqilabi hərəkatın dalğaları daha da yüksəldi, “Daşnaksütyun”un liderləri partiyanın bütün yerli təşkilatları üçün yeni konkret proqram tərtib etməyin zəruriliyini başa düşdülər.
Bu proqram tez-tez dəyişilən inqilabi şəraitdə fəaliyyət üçün birbaşa rəhbərlik rolunu oynamalı idi. “Daşnaksütyun”un III Vyana qurultayında qəbul etdiyi mülayim inqilabi qərarlar artıq onun rəhbərlərini və barışmaz əhval-ruhiyyəli erməni burjuaziyasını təmin etmirdi. Hər cür eyhamdan uzaq olan hücum fəaliyyətini və silahlı terroru bəyan edən yeni direktivlər lazım idi…
…”Daşnaksütyun”un terrorçu təşkilatı mürəkkəb, çoxşaxəli, hərtərəfli, bununla bərabər, çevik bir sistem olmuşdur. Məhz onlar erməni terrorçularının ən mühüm silahı idi. Əsaslı surətdə gizli fəaliyyətə keçirilmiş, zəruri hallarda biri digərini əvəz edə bilən manqalardan ibarət terrorçu qurum pul, silah, saxta və əsl sənədlərlə, o cümlədən xarici pasportlarla müntəzəm təmin olunurdu və erməni əhalisinin üstünlük təşkil etdiyi yerlərdə belələrini tutub saxlamaq, praktiki olaraq, qeyri-mümkün idi. Erməni əhalisi terrorçulara rəğbətlə yanaşırdı.
O dövrdə erməni terrorçularının azğınlığının və cəzasızlığının hansı səviyyəyə çatdığını aşağıdakı sənəd sübut edir. Onun mətnini bütövlükdə nəzərinizə çatdırırıq.
Qafqaz administrasiyası üzrə Rusiya hökumətinə
ƏMR
“Daşnaksütyun” erməni inqilabçı partiyası bütün qorodovoylara, keşikçilərə, məhəllə nəzarətçilərinə, pristavlara və axtarış polisinə, yuxarıda verilən əmrlərin digər icraçılarına elan edir ki, əgər ermənilərdən silah almağa,axtarış aparmağa və Cənubi Qafqazın erməni əhalisindən bu məqsədlə adam həbs etməyə cəsarət etsələr, amansızlıqla məhv ediləcəklər. Qoy onlar belə bir hərəkət etməmişdən əvvəl Bakının qubernatoru Nakaşidzeni, Yelizavetpolun vitse-qubernatoru Andreyevi, qəza rəisləri Boquslovskini, Şmerlinqi, Naşanskini, Pavlovu, polismeyster Saxarovu, pristavlar Cavaxovu, Şumakeviçi, məhəllə nəzarətçisi Ter-Saakovu, qorodovoy Sergeyi, dalandar Şeqonu və bir çox başqalarını xatırlasınlar. Canişindən 25 manat, yoxsa inqilabçıdan güllə – Seçim sizindir.
Canişin zərərçəkənin ailəsinin təminatına söz vermişdir. Bu, bizim işimizi yüngülləşdirir. Axı heç bir günahı olmayan köməksiz ailə inqilabçını kövrəldə bilərdi. İndi bu maneə də aradan qaldırılmışdır.
“Daşnaksütyun” erməni inqilabçı partiyasının Qafqaz Məsul Komitəsi” 22 may 1905-ci il.
Bəhs olunan dövrün səciyyəvi sənədidir. Həmin illərdə “Daşnaksütyun”un terroru kütləvi hal almışdı və çar məmurlarından heç kəs erməni qatillərinin gülləsindən, xəncərindən və yaxud bombasından sığorta olunmamışdı. Terrorçuların həyasızlığı adamı dəhşətə gətirir: canişinin zərərçəkənlərin ailəsinə yardım edəcəyini vəd etdiyi zaman “bu maneənin də aradan qalxması” və kim düşmən sayırlarsa, onu küncdə-bucaqda öldürməyə mənəvi hüquqa malik olmaları barədə belə mühakimələr görünməmiş vəhşilik idi.
Daşnak terrorçuları çar hökumətini elə qorxuya salmışdılar ki, dövlət məmurları öz əlləri ilə məxfi sənədlərini ermənilərə ötürür, öz xəfiyyələrini düşmənə nişan verirdilər.
Yalnız terrorçu təşkilatların və milis xumbalarının köməyi ilə “Daşnaksütyun”un planlarını həyata keçirmək qeyri-real idi. Ermənilər yalnız çar hökuməti ilə mübarizə aparmaq və hakimiyyəti ələ almaqla öz vəzifələrini bitmiş hesab etmirdilər. Onlar azərbaycanlıları, qismən də gürcüləri zorla sıxışdırmaq, onların torpaqlarını tutmaqla “Böyük Ermənistan” yaratmaq niyyətində idilər. Belə geniş miqyaslı məqsədlər üçün nizami ordu tələb olunurdu. Odur ki, “Daşnaksütyun” 1900-cü ilin əvvəlindən etibarən hər yerdə ordunun təşkilinə başladı. Öz silahlı qüvvələrinə malik olmaları haqda hələ “Daşnaksütyun”un 1892-ci il qurultayında bəhs qərar qəbul olunmuşdu.
Zinvorların (əsgərlərin) orduya cəlb olunması silahlanma ilə bərabər aparılırdı. Hərbi birləşmələr komplektləşdirilərkən, daşnaklar, xüsusilə ilkin dövrlərdə, keyfiyyətdən çox, kəmiyyət dalınca qaçırdılar. Odur ki, Cənubi Qafqazda terrorçu çıxışların ən fəal dövründə (1905-ci il) “Daşnaksütyun” ordusunun say tərkibi, Şahidlərin və müasirlərin fikrincə, 100 000 nəfərə çatırdı.
Ola bilsin, bu “yuvarlaq” rəqəm şişirdilmişdir. Şübhəsiz ki, zinvorların sayı çox olmuşdur. Orduya təlim toplanışına çağırılan hər bir zinvor maaş almalı idi (ayda 30 manat). Arxiv sənədlərindən də göründüyü kimi, zinvorlar ordusunun saxlanılmasına daşnakların 10 milyon manata qədər pul xərclədiklərini təsdiq edən məlumatlar vardır. Ordu qurumlarını qaydaya salmaq, intizamı möhkəmləndirmək, yaraqlı zinvor dəstələrinə nizami ordu xarakteri vermək üçün onun fəaliyyətini müvafiq sənədlərlə reqlamentləşdirmək tələb olunurdu. Bunu rəhbər tutan “Daşnaksütyun” liderləri hərbi işdən baş çıxaran mütəxəssislərin iştirakı ilə Erməni İnqilabi İttifaqının hərbi nizamnaməsini işləyib hazırladı (1904-cü il), habelə dinc dövrdə “Daşnaksütyun” erməni inqilabi partiyasının hərbi dəstələrinin Proqramını tərtib etdi (1905-ci il).
Proqramın “Məqsəd” adlı fəslində göstərilirdi: “Daşnaksütyun” erməni inqilabi partiyasının göstərdiyi qayda ilə silah gücünə milli azadlıq əldə olunmasına hazırlaşmalı”. Sonra isə göstərmişdir ki, o kəslər zinvor (yaraqlı) adlanır ki, öz canını “Daşnaksütyun” erməni inqilabi partiyasının ixtiyarına verir.
Bəxtiyar Nəcəfovun “Düşmənin iç üzü. XIX əsrin sonu XX əsrin əvvəllərində Türkiyə və Cənubi Qafqazda erməni terrorunun tarixindən” (Bakı, Çaşıoğlu, 2007) kitabından