Qaradağlı faciəsindən 33 il ötür

1991-ci ilin noyabrından başlayaraq Cəmilli, Kərkicahan, Quşçular, Malıbəyli və Meşəli kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər. Erməni silahlıları Qarabağın dağlıq hissəsində azərbaycanlılar yaşayan kənd və qəsəbələri mühasirəyə alaraq bir-birindən təcrid edir, daha sonra işğal edərək dinc əhaliyə divan tutur, evləri, təsərrüfatları qarət edərək yandırırdılar. AZƏRTAC xəbər verir ki, Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış hadisələrdən biri də 1992-ci il fevralın 17-də baş verən Qaradağlı faciəsidir. Qaradağlı kəndində erməni silahlı qüvvələri tərəfindən törədilmiş bu faciə, Azərbaycanın mülki əhalisinə qarşı həyata keçirilən kütləvi soyqırımlardan biridir. Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir.