Bakıda könüllü jurnalistlərin “Dilqəm və Şahbazı ziyarət et, həqiqəti gözünlə gör” təşəbbüs qrupunun təşkilatçılığı ilə tədbir keçirilib.
APA-nın məlumatına görə, 11 iyul 2016-cı ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluğunun ikinci ilin tamam olması ilə əlaqədar dünya jurnalistlərini də sıralarına cəlb edən azərbaycanlı jurnalistlər “Dilqəm və Şahbazı ziyarət et, həqiqətləri gözünlə gör!” adı altında bir təşəbbüs qrupu yaradıb. Təşəbbüs qrupunun fəaliyyətini dəstəkləyən İtki və Tələfatlar üzrə İşçi Qrupu, Mətbuat Şurası, Dilqəm və Şahbazın Hüquqlarının Müdafiəsi Komitəsi, Azərbaycan Sosial Rifah Partiyasının təmsilçiləri və mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən bugünkü tədbirdə MŞ sədri, deputat Əflatun Amaşov hər kəsi erməni girovluğundakı Dilqəm və Şahbazın azadlığa buraxılması üçün aparılan mübarizədə fəallığa çağırıb. O qeyd edib ki, dövlət bu istiqamətdə yüksək səviyyədə çalışır.