Elxan Süleymanov: Məğlubiyyət təşvişi bütün Ermənistanı, erməniləri və ermənipərəst qüvvələri hərəkətə gətirib
Elxan Süleymanov,
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü
“Ermənistan nümayəndə heyəti bayram günlərində də ciddi iş aparmış, yanvarın 8-dən 25-nə qədər isə Avropa Şurasına üzv olan ölkələrə ezam ediləcək və onlar həmin ölkələrdən AŞPA-da təmsil olunan deputatlarla ayrılıqda söhbətlər aparacaqlar. Bizim hər birimiz nə etməli olduğumuzu və kimlərlə görüşmək lazım olduğunu bilirik. Bu, təkcə nümayəndə heyətinə daxil olan şəxslərə deyil, prosesdə iştirak edən hər kəsə aiddir” – Bu fikir bu günlərdə Ermənistan mətbuatında geniş şərh edilmişdir. Onlar bu sözləri AŞPA-nın Siyasi Məsələlər və Sosial Məsələlər Komitələrində 2015-ci ilin noyabr ayında qəbul edilmiş “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində zorakılığın artması” və “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamələrin qurumun qış sessiyasında müzakirəsinə münasibət bildirərkən demişlər. Bununla Ermənistanın AŞPA-nın plenar iclasına nə dərəcədə ciddi hazırlaşdığı və yanvarın 26-da bu qətnamələrin təsdiq edilməsinin qarşısını almaq üçün hamılıqla Avropa ölkələrinə yollandıqları açıq ifadə edilir.