Tarix üzrə fəlsəfə doktorları Güntəkin Nəcəfli və Hacı Həsənovla Cavad xan haqqında danışdıq.
Fuad Babayev: Siz 2009-cu ildə çəkilmiş “Cavad xan” filminə baxmısınız?
Güntəkin Nəcəfli: Baxmışam.
Hacı Həsənov: Mən o vaxt filmin ssenari müəllifinə və rejissoruna dedim ki, əməyimizi onlara halal etmirəm. “Cavad xan” filminin çəkilişi ilə bağlı bütün arxiv sənədlərini, qaynaqları təxminən 2 ay ərzində Tarix İnstitutunda bizim şöbənin (XIX əsr Şimali Azərbaycan tarixi şöbəsi – red.) əməkdaşları hazırlayıb yaradıcı heyətə təqdim etdi. Amma bizə təşəkkür belə bildirmədilər.
Fuad Babayev: Filmin titrlərində də sizin adınız yoxdur?
Hacı Həsənov: Yoxdur. Bizim əməyimizə qiymət verilməməsi mənə pis təsir etdi. Ona görə heç filmə də baxmamışam.
Fuad Babayev: Monoqrafiyaları oxumayan, elmi jurnalları izləməyən oxucular, adi insanlar Cavad xan haqqında informasiyanı sizin fikrinizcə, haradan alırlar?
Güntəkin Nəcəfli: Təbii ki, bu informasiyanı ilk növbədə Vikipediyadan alırlar. Amma onu da qeyd edim ki, əksər hallarda Vikipediyadakı məlumatları mütəxəssislər hazırlamır, bu işlə qeyri-peşəkarlar daha çox məşğul olurlar. Ona görə da orada çox zaman yanlışlıqlara yol verilir.
Fuad Babayev: Cavad xan haqqında Vikipediya məqaləsi ilə Siz tanışsınız?
Hacı Həsənov: Bəli.
Fuad Babayev: Orada hansı yanlışlıqlar var?
Hacı Həsənov: Vikipediyada bəzi qiymətləndirmələr mən deyərdim ki, həvəskar səviyyədə verilib. Cavad xan tariximizin elə şəxsiyyətlərindəndir ki, biz onu ancaq müsbət yönümdən təqdim etməyə çalışırıq. Amma məsələ burasındadır ki, XVIII əsrin sonu XIX əsrin əvvəlindəki tarixi şəraiti indiki reallıqlar mövqeyindən qiymətləndirmək düzgün deyil. Cavad xanın 1803-cü ilin noyabrın sonundan 1804-cü ilin yanvarın əvvəlinədək olan fəaliyyətini götürsək, o qəhrəmandır. Amma ümumilikdə, Cavad xan çox çətin bir həyat yaşayıb. O müxtəlif məqamlarda manevr etmək məcburiyyətində qalıb. Biz bunları obyektiv qiymətləndirməliyik. Əks təqdirdə biz tarixi saxtalaşdırmış olarıq. Misal üçün 1796-cı ildə müqavimət göstərməyin heç bir mənası olmadığını görən Cavad xan Gəncə xanlığını rus qoşunlarına təslim etmişdi. Biz onu bu addımına görə təqsirləndirmirik. Çünki həmin tarixi şəraitdə bu müəyyən mənada ağıllı siyasi addım idi.
Təmkin Məmmədli: Buna görə Cavad xan Ağa Məhəmməd şah Qacarın qəzəbinə tuş gəldi. Qacar onu həbs edərək Şuşa qalasına salsa da öldürmədi.
Hacı Həsənov: Qacar sui-qəsd nəticəsində öldürülməsiydi, Cavad xan edam ediləckdi. Demək istədiyim odur ki, Vikipediyada məsələlərə ancaq bir mövqedən yanaşılır.
Fuad Babayev: Zaman-zaman bizdə təftişçilik meyilləri baş qaldırır. Babək, Şah İsmayıl Xətai, Hacı Zeynalabdin Tağıyev kimi tarixi şəxsiyyətləri, ötən əsrin otuzuncu illərindəki repressiyalar zamanı sərgilədikləri mövqeyə görə ədibləri hədəfə alırlar. İndiki dövrün prizmasından baxanda biz toplum olaraq Cavad xana obyektiv qiymət verməyə hazırıq?
Hacı Həsənov: Bir sözlə cavab versəm, hazır deyilik.
Fuad Babayev: Bəlkə Vikipediyadakı məlumatların birtərəfli olmasının səbəbi də budur?
Hacı Həsənov: Vikipediyadakı məlumatların birtərəfli olması təbii ki, siz dediyiniz amildən və qeyri-peşəkarlıqdan qaynaqlanır. Yəni hər hansı bir mövzuda yazmaq üçün illərlə tədqiqat aparmaq lazımdır. Mən bura gələndə “AKAK”-a (Акты Кавказской археографической комиссии (АКАК) – Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları. Qafqaz Canişini Baş İdarəsi arxivindən əldə edilmiş sənədlərin rəsmi nəşri – red.) bir də nəzər saldım. Adolf Berjenin redaktorluğu ilə nəşr edilən bu sənədlər toplusu 12 cilddən ibarətdir. Sözügedən topluda ancaq sənədlər yer alıb, burada heç bir şərh yoxdur. “AKAK”-ı oxumayan adamın XIX əsr haqqında məlumatı müxtəlif tarixçilərin kommentariyalarına əsaslanacaq. Cavad xanın Sisianova məktubuna bu gün bir daha nəzər saldım. Əsli fars dilində olan məktubun tərcüməsində yanlışlıqlar olsa da onu oxuyanda Cavad xanın nə qədər çətin bir vəziyyətdə olduğu anlaşılır. O, həm hakimyyətini saxlamağa çalışır, həm də xalqın qanının tökülməsinin qarşısını almaq istəyir. Amma axırda bıçaq sümüyə dirənəndə sona qədər döyüşmək qərarına gəlir. Nəzərə almaq lazımdır ki, Azərbaycan xanlıqları arasında kiçik Gəncə xanlığı o qədər güclü deyildi.
Təmkin Məmmədli: Sisianovla mübarizədə Azərbaycan xanlıqları Cavad xana köməyə gəlmədi. Bəs Fətəli şah Qacar (əsl adı Baba xan olub, Ağa Məhəmməd şahın qardaşı oğlu – red.) Cavad xanı niyə meydanda tək qoydu?
Hacı Həsənov: Qacar dövlətinin özünün neçə yaşı var idi? 1796-cı ildə yaradılmış Qacar dövlətinin 1804-cü ildə 7 yaşı var idi.
Təmkin Məmmədli: Amma Fətəli şah özü də Ağa Məhəmməd şahdan fərqli olaraq passiv siyasət yürüdürdü. İstənilən halda tarixdə şəxsiyyətin də rolu danılmazdır.
Hacı Həsənov: Bəli, Fətəli şahın başı hərəmxanasına qarışmışdı. Ona görə də bütün bu məsələləri olduğu kimi yazmaq lazımdır.
Fuad Babayev: Yəni burada konyunkturaya uymaq olmaz.
Hacı Həsənov: Qətiyyən.
Güntəkin Nəcəfli: Mən də Vikipediyada razı olmadığım məqamlara aydınlıq gətirmək istəyirəm.
Vikipediyada yazmışdılar ki, Cavad xanın dövründə Gəncə xanlığının dövlət dili fars dili olub. Cavad xanın Sisianovla yazışmaları, məktublar fars dilində idi. Amma rəsmi məktubların fars dilində olması həmin xanlığın dövlət dilinin də fars dili olması anlamına gəlmir. Gəncə xanlığının türk dilində də məktubları var, onlar Osmanlı dövlətinə məktubları türk dilində yazırdılar. Hətta İbrahimxəlil xanın Rusiyaya məktubları da türk dilində idi, onlar sonradan rus dilinə tərcümə edilib.
Fuad Babayev: Güntəkin xanım, Siz bu yanlışlıqlar aşkar olunandan sonra Vikipediyada müvafiq düzəlişlər etdinizmi?
Güntəkin Nəcəfli: Bəli, zəruri düzəlişlər etmişəm. Mən Vikipediyadakı Cavad xan məqaləsindəki başqa bir xətaya da diqqət çəkmək istəyirəm. 1787-1791-ci illərdə Osmanlı-Rusiya savaşı getdiyi bir dönəmdə Burnaşovun rəhbərlik etdiyi rus qoşunları gəlib Gürcüstan ərazisində oturmuşdu. Həmin dövrdə Qarabağ ərazisində mövcud olan və Qarabağ xanlığına xəyanət edən Gülüstan və Çiləbörd məlikləri Cavad xanın yanına qaçmışdılar. Onlar Burnaşovla birləşərək Qarabağ xanlığı üzərinə yürüşə hazırlaşırdılar. 1780-1784-cü illərdə İrakli ilə İbrahimxəlil xan Gəncə xanlığını bir yerdə idarə edərək gəlirləri bölüşüblər. Gəncəyə qoyulan Rəhim xan, Hacı xan müvəqqəti olublar. Əgər Cavad xan bunun qısasını alırdısa niyə İrakli ilə birləşirdi? Axı İbrahimxəlil xan Gəncəni İrakli ilə bölüşmüşdü. Yəni Cavad xanın məlikliklərə yardım etməsi, Burnaşovun onunla birləşməsi və Qarabağ xanlığına qarşı çıxması kimi məsələlər Vikipediyada yox idi.
Fuad Babayev: Güntəkin xanım, Sizin elmi yaradıcılığınızda konkret Cavad xan və onun fəaliyyətindəki bu dramatik məqamlar hansı yeri tutur? Siz xanlıqlar dövrünün tədqiqatçısısınız?
Güntəkin Nəcəfli: Bəli, mən xanlıqlar dövrünü tədqiq edirəm. Həmin dövrdə beynəlxalq vəziyyət olduqca gərgin idi. Çar Rusiyası istər Pyotrun dövründə, istərsə də Zubovun vaxtında Azərbaycana Dərbənddən yürüş edib. Amma XIX əsrin əvvəlində, xanlıqların işğal dövrünə nəzər salanda görürük ki, artıq Rusiya Cənubi Qafqaza Tiflisdən gəlir. 1801-ci ildə I Aleksandrın (1801-1825 – red.) fərmanı ilə Azərbaycan torpaqlarının müəyyən hissəsi Gürcüstanla birlikdə işğal olundu. Eyni zamanda unutmaq olmaz ki, rus qoşunları hələ 1783-cü il Georgiyevsk müqaviləsi (Georgiyevsk traktatı — 4 avqust 1783-cü ildə Şərqi Gürcüstanın /Kartli və Kaxetiya çarlığı/ çar Rusiyasının himayəsinə keçməsi barədə bağlanmış müqavilə – red.) iləGürcüstana daxil olmuşdu. Rus qoşunları Gürcüstanda kifayət qədər hərbi qüvvə topladıqdan sonra daxil olduqları əraziləri ilhaq etdi. 1803-cu ildə Qulyakovun Car-Balakənə hücumu da bu qəbildən idi. Car-Balakənin tutulması isə Gəncənin işğalına yol açdı. Ona görə də artıq Cavad xan çıxılmaz bir vəziyyətdə olduğunu bilridi. Mövcud siyasi-hərbi vəziyyət Zubovun 1796-cı il yürüşündən kəskin fərqlənirdi. Rus qoşunlarının arxasında kifayət qədər ehtiyat hərbi qüvvənin olması Cavad xana məlum idi.
Cavad xanın əvvəlki illərdə Rusiya imperiyası ilə münasibətlərdə etdiyi manevrlər, yəni vaxtın uzadılması, məktublaşmalar da onun vəziyyəti başa düşməsi ilə əlaqədar idi. Gəncə xanlığının işğalından sonra Kürəkçay müqaviləsi (14 may 1805 – red.) imzalandı, Qarabağ, Şəki və Şamaxı xanlıqları Rusiyaya birləşdirildi. Yazışmalardan da göründüyü kimi Cavad xan ilkin dövrdə Rusiyaya qarşı daha mülayim davranıb. Amma Sisianovun təhqiramiz ifadələrə keçməsi Cavad xanın da mövqeyinin dəyişməsinə səbəb oldu.
Fuad Babayev: Söhbət sonradan Bakıda başı kəsiləcək Sisianovdan gedir.
Güntəkin Nəcəfli: Bəli, 1806-cı ildə.Yəni həmin dövrdə (1803-1804-cü illər – red.) vəziyyət çox çətin idi.Cavad xan manevr etmək istəsə də, bacarmadı.
Hacı Həsənov: Mən Azərbaycan tarixşünaslığında yer almış bir məsələyə toxunmaq istəyirəm. 1801-ci ildə Azərbaycanın qərb torpaqlarının Rusiyaya birləşdirilməsi bir qədər tarixi həqiqətə uyğun deyil. Rus çarı I Pavel (1796-1801 – red.) 1801-ci il yanvarın 18-də Şərqi Gürcüstanın ilhaq edilməsi haqqında Manifest elan etdi. I Pavel öldürüləndən sonra hakimiyyətə gələn I Aleksandrın 1801-ci il 12 sentyabr tarixli ikinci Manifesti ilə Şərqi Gürcüstanla yanaşı Azərbaycan qərb torpaqları, yəni Qazax, Şəmşədil və Borçalı da Rusiya imperiyasına birləşdirildi. Amma məsələ burasındadır ki, 1803-cü ilə qədər nə Rusiya, nə də Gürcüstan orada möhkəmlənə bilməyib və həmin ərazilər uğrunda gərgin mübarizə gedib. Şəmşədilə, Qazağa gah Gəncə xanlığının qoşunları, gah da rus qoşunları daxil olaraq vergi yığıb, əhalini köçürüb. Ona görə qeyd etmək istəyirəm ki, bilavasitə 1801-ci ili Azərbaycan torpaqlarının Rusiyanın tərkibinə qatılması kimi göstərmək bir qədər tarixi həqiqətdən uzaqdır. Yəni Rusiyaya heç bir könüllü birləşmədən söhbət gedə bilməzdi. 1804-1813, 1826-1828-ci il müharibələri Rus-İran müharibələri deyil, Rus-Azərbaycan müharibələridir. Bayaq siz Fətəli şah barədə sual verdiniz. 1797-ci ildən 1834-cü ilə qədər hakimiyyətdə olan Fətəli şahın başı öz hərəmxanasına qarışmışdı, Abbas Mirzəyə (Fətəli şahın oğlu, Qacar taxt-tacının vəliəhdi – red.) heç kim kömək etməyib. İstər birici (1804-1813), istərsə də ikinci (1826-1828) Rusiya-Azərbaycan müharibəsində Abbas Mirzənin qoşunu Azərbaycandan toplanmışdı. O, Azərbaycan uğrunda və Azərbaycan torpağında vuruşurdu.
Güntəkin Nəcəfli: Amma ən dəhşətlisi odur ki, tarixdə İran sərbazları yazırlar.
Hacı Həsənov: Abbas Mirzədən tutmuş sonuncu əsgərə kimi hamısı azərbaycanlı idi.
Fuad Babayev: Sovet dövründə bizim tarixşünaslıqda Cavad xan fenomeninə yanaşma ilə müstəqillik dövründəki yanaşmada nə dəyişib?
Hacı Həsənov: Böyük dəyişiklik oldu. Məncə Cavad xana münasibətdəki dəyişiklikləri prinsipial hesab etmək olar. Çar Rusiyası dövründə bunun işğal olduğunu fəxrlə açıq etiraf edirdilər. Ötən əsrin 20-30-cu illərində “Pokrovski məktəbi” (Mixail Pokrovski /1868-1932/ – SSRİ-də “marksist tarix məktəbinin” rəhbəri – red.) sayəsində işğal sözü əvəzinə tədricən ilhaq yazılmağa başlandı. 1957-ci ildə sovet tarixşünaslığında ilhaq sözü birləşmə, 1963-cü ildən isə könüllü birləşmə ilə əvəz edildi. 1963-cü ildə Azərbaycan Kommunist Partiyası bürosunun, Azərbaycan SSR Ali Sovetinin və Nazirlər Sovetinin, eləcə də Moskvadan gələn nümayəndə heyətinin iştirakı ilə Gülüstan müqaviləsinin 150 illiyi respublika səviyyəsində bayram kimi qeyd olunub. Azərbaycanın Rusiya tərkibinə könüllü birləşdirilməsinin sosial-iqtisadi cəhətdən müsbət nəticələrindən bəhs edən kitab nəşr edilib. Bu sadə məsələ deyildi. Bu ideologiya işğalın könüllü birləşmə kimi insanların beyinlərinə yeridilməsinə xidmət edirdi.
Fuad Babayev: Amma bu alınmadı.
Hacı Həsənov: Bəli, alınmadı. Sovet tarixşünaslığında Cavad xanın adı ümumiyyətlə çəkilmirdi. Amma müstəqillik dövründə Cavad xan kimi, Şeyxəli xan (Quba xanı – red.) kimi, Hüseynqulu xan, Hüseyn xan və Həsən xan qardaşları (İrəvan xanları – red.) kimi tarixi şəxsiyyətlər üzə çıxdı.
Fuad Babayev: Vikipediyada yazılır ki, 1962-ci ildə Gəncədəki Şah Abbas məscidinin yanındakı meydanın rekonstruksiyası adı altında Cavad xanın məzarı dağıdılıb. Lakin, vətənpərvərlər Cavad xanın cəsədinin qalıqlarını gizli şəkildə qoruyub saxlayıb, 1990-cı ilin 27 martında öz əvvəlki yerində torpağa tapşırıblar. Burada yazılanlar həqiqətə uyğundur?
Hacı Həsənov: Bəli. Mən Gəncədə Şah Abbas məscidinin yaxınlığında yerləşən Cavad xan türbəsini ziyarət etmişəm. Həmin türbə daha böyük olsaydı ondan Azərbaycan xalqının azadlıq mübarizəsini əks etdirən muzey kimi istifadə etmək olardı. Cavad xanın əvvəlki dövrdəki siyasətini nəzərə almasaq onun son bir neçə aylıq fəaliyyəti həqiqətən qəhrəmanlıqdır.
Təmkin Məmmədli: Çox geniş yayılmış bir fikr var ki, xanlıqların Rusiya imperiyası qarşısında məğlubiyyətinin səbəbi onların birləşə bilməməsidir.
Hacı Həsənov: Siyasi pərakəndəliyə, parçalanmaya, istənilən dövlətin tarixində rast gəlmək mümkündür. Almaniyada dövlətlərin sayı ilin günlərinin sayından çox idi. Ərazisinə görə dünyanın ən böyük imperiyası qarşısında Azərbaycan nə edə bilərdi? Düzdür tarixdə proqnoz vermək çətindir. Həmin dövrdə Şah İsmayıl Xətai, Nadir şah kimi hökmdarların meydana çıxacağı təqdirdə tarixin gedişatı başqa cür də ola bilərdi.
Fuad Babayev: Genuiş auditoriyanın informasiya aldığı mənbələr sırasında filmlər də var, Vikipediya da. Amma gənc nəsil Cavad xan haqqında informasiyanı həm də dərsliklərdən alır. Dərsliklərimizin vəziyyəti necədir? Cavad xan neçənci sinifdə tədris edilir?
Güntəkin Nəcəfli: Əvvəllər xanlıqlar dövrü 8-ci sinifdə keçirilirdi. İndi isə 9-cu sinifdə keçirilir, 11-ci sinifdə isə 9-cu sinifdə tədris edilən mövzular daha geniş formada təkrar verilir. Son dövrdə nəşr olunan dərsliklərdən xəbərim yoxdur. Amma bir neçə il bundan əvvəl akademik Yaqub Mahmudovun rəhbərliyi ilə yazılmış kitablarda Cavad xan gənclərimizə rus işğalına qarşı mübarizə aparan qəhrəman kimi təqdim olunurdu.
Fuad Babayev: Bəs ali məktəblərdə Cavad xan necə tədris olunur?
Hacı Həsənov: Ali məktəblərdə yeni dərsliklərin hazırlanmasına hələ 1990-cı illərin əvvəlindən başlanılıb. Müxtəlif illərdə Yusif Yusifovun, Süleyman Əliyarlının, Mahmud İsmayılovun yazdıqları Azərbaycan tarixi dərslikləri, o cümlədən İqrar Əliyevin redaktorluğu ilə nəşr olunan Azərbaycan tarixi dərsliyini buna misal olaraq göstərmək olar. Ümumulikdə bu dərsliklərdə Cavad xana daha mütərəqqi, daha müsbət mənada qiymət verilir. Orta məktəb dərslikləri isə bir qədər populyar dildə yazılmalıdır. Orada mövzunun parlaq şəkildə verilməsi uşağın materialı daha yaxşı mənimsəməsinə xidmət etməlidir. Bu baxımdan Cavad xanın həyat yoldaşının pul kisəsini Sisianovun üzünə çırpması kimi tarixi faktlar məktəb dərsliklərində qabarıq şəkildə verilə bilər. Amma elə faktlar var ki, onların dərslikdə verilməsi məqsədəuyğun deyil. Misal üçün Uğurlu ağanın (Cavad xanın oğlu – red.) 1808-ci ildə I Aleksandra yazdığı xahişnaməni dərslikdə qabartmağa ehtiyac yoxdur. Həmin faktlar elmi araşdırmaların obyekti olmalıdır.
Güntəkin Nəcəfli: 1805-ci ildə imzalanmış Kürəkçay müqaviləsinə görə dırnaqarası “könüllü” adlandırdığımız Rusiyaya birləşmə haqqında bir tarixi fakta diqqət çəkmək istəyirəm. 1806-cı ildə Lisaneviç tərəfindən İbrahimxəlil xanın başı kəsiləndən sonra Cavad xanın qaynı şəkili Səlim xan rus qoşunlarını Şəkidən qovdu və Kürəkçay müqaviləsindən imtina etdi. Səlim xan məktubunda yazırdı ki, biz şərəfsizlik edib sizinlə müqavilə bağladıq. Yəni Kürəkçay müqaviləsinin imzalanmasına görə özünü şərəfsiz adlandırır. Qeyd etmək istəyirəm ki, tələbələr, gənc tədqiqatçılar əgər həmin dövrün dilini bilirsə istənilən şəxsiyyət haqqında təqdqiqat apara bilər. Xanlıqlar dövrünə aid mühüm sənədlərin əksəriyyəti rus dilindədir, fars dilində əlimizdə elə də çox sənəd yoxdur. Erməni dilində olan mənbələrin araşdırılmasına ehtiyac var. Erməni romanist tarixçisi Hakop-Hakopyan Raffinin (Hakop Yaqub sözünün erməniləşmiş formasıdır – G.N.) 1891-ci ildə rus dilində nəşr olunan “Xəmsə məliklikləri” kitabında Cavad xanın yanına qaçan Gülüstan və Çiləbörd məlikləri haqqında məlumat verilir. Həmin kitabda məliklərin bir qolunun Gəncə xanı ilə qohumluğundan bəhs edilir. Guya Ziyadoğlu-Qacarlar nəslindən olan Xəlil xanın oğlu Məhəmməd xan Məlik Akopla qohum olub. Amma əslində Cavad xanın nəsli Qacarlara gedib çıxır. Onların şəcərəsi Xızır bəy Qacarla başlayır. Qacarlar 1497-1498-ci illərdə Şamdan, Anadoludan gəlib Səfəvi dövlətinə sığınıblar. I Təhmasibin (1524-1576 – red.) dövründən isə bu tayfa Ziyadoğlu-Qacarlar adlanır. Şahverdi xan Ziyadoğlu adlı 2 tarixi şəxsiyyət olub. Onlardan biri XVI əsrdə, digəri isə XVIII əsrdə yaşayıb. Gəncə-Qarabağ bəylərbəyinin ilk hakimi Şahverdi xan Ziyadoğlu idi. 1555-ci ildən Ziyadoğlu-Qacar adını Şahverdi xan daşıyıb. Ona görə də biz tarixi mənbələrə mütləq tənqidi yanaşmalıyıq.
Fuad Babayev: Gənc tədqiqatçılara Cavad xanla bağlı hansı aspektlərin araşdırılmasını tövsiyə edərdiniz?
Güntəkin Nəcəfli: Cavad xanın Rusiyaya qarşı mübarizəsi çox öyrənilib. Cavad xanın məlikləri himayə etməsi ilə bağlı tədqiqatların aparılması maraqlı olardı. Ermənidilli ədəbiyyatda Cavad xana münasibətin araşdırılmasını tövsiyə edərdim.
Fuad Babayev: Mürəkkəb mövzudur, erməni dilini bilmək tələb olunur.
Hacı Həsənov: Daha çox gürcü dilini bilmək lazımdır. Çünki Gürcüstanla Gəncə xanlığının həm müsbət, həm də mənfi cəhətdən çox sıx münasibətləri olub. Bir müddət Gəncə xanlığının ərazisi Qarabağ xanlığı ilə birlikdə Gürcüstan tərəfindən idarə olunub. Mən əminəm ki, Cavad xanla bağlı, eləcə də Gəncə xanlığı ilə Gürcüstan münasibətləri haqqında Gürcüstan arxivlərində minlərlə sənəd var. Çox təəssüf ki, son zamanlar maliyyə imkanlarının məhdudluğu və Gürcüstan arxivlərindəki sənədlərlə tanış olmağa imkan verilməməsi bizim tədqiqat aparmağamıza mane olur. Mən 2022-ci ilin sentyabrında 10 günlük Gürcüstana getmişdim. Rəsmi müraciətlərimə baxmayaraq mənə arxivlərdə işləməyə icazə verilmədi. Hər dəfə müxtəlif bəhanələrlə mənim arxiv materialları ilə tanış olmağıma əngəl yaradıldı. Gürcüstan arxivlərində bu hallarla üzləşən təkcə mən deyiləm. Sovet dövründə vəziyyət bundan yaxşıidi.
Fuad Babyev: Gürcüstan vətəndaşı olan azərbaycanlıların arasında həmin arxivlərdə tədqiqat aparanlar var ?
Hacı Həsənov: Nəinki Gürcüstan vətəndaşı olan azərbaycanlılara, heç Azərbaycan haqqında obyektiv araşdırmaları ilə tanınan Quram Marxuliyaya da arxivlərdə işləməyə imkan vermirlər.
Təmkin Məmmədli: Gəncə xanlığı haqqında hansı elmi tədqiqatlar aparılıb? Gəncə xanlığında zərb edilən pullar, onun bayrağı haqqında haradan ətraflı məlumat əldə etmək olar?
Hacı Həsənov: Gəncə xanlığı haqqında Elgün Babayevin monoqrafiyası var.
Güntəkin Nəcəfli: Akademik Nailə Vəlixanlının oğluElgün Babayevin 2003-cü ildə rus dilində nəşr olunmuş “Gəncə xanlığının tarixindən” monoqrafiyasında dediyiniz məsələlər haqqında məlumat verilib. Həmin kitab Elgün Babayev dünyasını dəyişəndən sonra Qafqaz Arxeoqrafiya Komissiyasının aktları və digər sənədlər də əlavə edilməklə 2007-ci ildə Kərim Şükürovun redaktəsi ilə yenidən nəfis şəkildə Azərbaycan dilində nəşr edildi.
Hacı Həsənov: Fəxrəddin Məmmədovun namizədlik dissertasiyası Gəncə xanlığının işğalı haqqında ilk elmi tədqiqat işidir. Bayaq Güntəkin xanımın da qeyd etdiyi kimi rus mənbələrini yenidən araşdırmağa ehtiyac var.
Fuad Babayev: Rusiya arxivlərində yəqin ki, Gürcüstanda sərgilənən münasibət yoxdur.
Güntəkin Nəcəfli: Orada da bizim üçün problem yaradırlar. Amma hər halda işləmək mümkündür.
Hacı Həsənov: Rusiya arxivlərində “Rusiya erməni münasibətləri haqqında” 4 cildlik toplu var. Bu topludakı materialın 70 faizi Azərbaycan-Rusiya münasibətlərinə aiddir. Bu sənədləri yenidən araşdırmaq lazımdır.
Fuad Babayev: Belə bir təsəvvür var ki, bayağı verilişlərin reytinqi çox yüksəkdir. Auditoriya etik normaları gözləmək şərti ilə ictimai-siyasi problemləri qabardan ciddi mediaya maraq göstərmir. Siz necə düşünürsünüz auditoriyanın Cavad xan kimi ciddi mövzulara marağı var?
Güntəkin Nəcəfli: Mənə elə gəlir ki, əsl tarixi həqiqətlər gənclərimiz üçün daha maraqlıdır. Cavad xandan danışarkən onun qəhrəmanlığını şəcərəsi ilə əlaqələndirmək lazımdır. Cavad xanın ulu babası Uğurlu xan 1736-cı ildə Nadir şah seçilərkən onun hakimiyyətini qəbul etməmişdi. Nadir şahın hakimiyyətini qəbul etməyənlər, yəni Səfəvilər sülaləsinə son qoyulmasını istəməyənlər, o cümlədən Qarabağ tayfaları Xorasana sürgün edilmişdi. Amma Uğurlu xan bacarıqlı sərkərdə olduğu üçün Nadir şah onu sürgünə göndərməyərək əmir təyin etdi. Sonralar Uğurlu xan 1738-1739-cu illərdə ləzgilər üzərinə yürüşdə öldürüldü. Uğurlu xanın oğlu Həsənəli xan idi, onun oğlu isə Cavad xanın atası II Şahverdi xan olub. Cavad xanın damarlarında axan qan onu düşmənə boyun əyməyə qoymayacaqdı. Hazırda əksəriyyət əyləncəyə meyil etsə də, vətənpərvər, elmə maraq göstərən gənclərimiz də var. Məhz həmin gənclik üçün anlaşıqlı dildə yazılar yazılmalı, kiçik həcmli videomateriallar hazırlanmalıdır.
Hacı Həsənov: Auditoriyaya nəyi verirsən onu da həzm edir.Düzgün təbliğatdan çox şey asılıdır. Heç bir yerdə ciddi elmi araşdırmalar gəlir gətirmir. Dövlət belə məsələlərə müəyyən vəsait ayırır. Televiziyalarda mütləq ciddi və maarifləndirici verilişlərə efir vaxtı ayrılmalıdır. Bu cəmiyyətin ideoloji sağlamlıq məsələsidir.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 3 noyabr 2023-cü ildə baş tutub.
Materialda “bizim.media.az” saytının şəklindən istifadə edilib.