1905.az portalının suallarını aktyor Cavanşir Hadıyev cavablandırır.
– Cavanşir müəllim, Qarabağ problemi bizim kinomuzda necə işıqlandırılıb? Sizi qane edirmi?
– Qətiyyən qane etmir. Kino və teatrda bu mövzu çox zəif əks olunub. 25 ildir müharibə davam edir. Bu müddət ərzində azı 25 film çəkilməli idi. Başa düşürəm, çətin illər olub. Amma 25 ilə heç olmasa 10 film çəkmək olmazdı?!
Məsələn, “Dolu” filmində çəkilmişəm. Milli ruh var bu kinoda, çünki bu xalq üçün çəkilən filmdir. Müharibə abu-havasını yada salmaq üçündür. Buna görə eyni adlı romanın və ssenari müəllifi olan Aqil Abbasa və relissor Elxan Cəfərova təşəkkürümü bildirirəm. Film əvvəl rayonlarda nümayiş etdirilmişdi və bizim cəmiyyət tərəfindən çox gözəl qarşilandı. Filmin beynəlxalq nümayişləri də olub – Moskvada, Sankt-Peterburqda, Yekatirinburqda, Kiyevdə, Gürcüstanda.
Təvəzökarlıqdan uzaq olsa da, demək istərdim ki, “Dolu”nun Gürcüstanda nümayiş etməsində rolum böyük olub. Film Gürcüstanın ən məşhur kinosalonunda – “Amirani” kinoteatrda nümayiş etdirilib. Bilirsiniz, gürcü tamaşaçısını təəccübləndirmək çox çətindir. Amma, inandırım sizi, kinoteatrdan qadınlar gözü yaşlı çıxırdı. Çünki onların da Abxaziya, Osetiya kimi problemləri var.
“Dolu”nun rejissoru ilə bir kursda oxumuşuq. Əvvəlcə filmdə mənim obrazım çox kiçik idi. Erməni dilini bilən azərbaycanli bir döyüşçunü oynayırdım. Çəkilişlər vaxtı hər dəfə bir dəyişiklik əlavə olurdu. Və beləcə mənim obrazım böyümüşdü. Vətəni sevmək imandandır. Mən filmdə göstərmək istəyirdim ki, bu həm də iman döyüşüdür, tək torpaq döyüşü deyil.
– “Dolu”dan çox danışmaq olar. Nə yaxşı ki var bu film. Amma belə filmlərin sayı azdır. Ona görə də məsələn, Xocalının növbəti il dönümündə televiziyalarımız Hollivud istehsalı olan tarixi filmləri verirlər.
– Ona görə ki, yeni tarixi filmlərimiz yoxdu. Kanal bilmir nə yayımlasın.
– Dediniz heç olmasa 10 film çəkilməli idi. Olan olub. Bəs, bundan sonra nə edək?
– Cox acınacaqlı faktdır ki əksər hallarda kinomuzu çəkməli olan adamlar çəkmir. Rejissor film çəkir və təəssüflər olsun ki, əksər hallarda aktyor kimi öz dost-tanışlarını dəvət edir.Nəticədə də keyfiyyətsiz bir şey alınır. Hökümət kinoya maliyyə ayırır, amma beynəlxalq festivallara cıxarılasi filmlər azdir .
– Sizin filmoqrafiyada Qarabağ mövzulu filmlər var. “Fəryad” filmində epizodik də olsa rol almısınız. Daha hansı filmləriniz var? Və gələcək planlarınız.
– Çox gözəl bir layihədə iştirak etmişəm. İctimai Televiziyanın layihəsi olan rejissor Cavid Təvəkkülün cəkdiyi 10 seriyali tarixi-bədii televiziya filmi olmalı idi. Artıq 75 % ekranlaşdırılmışdı da…
– Bəs, sonu necə oldu?
– Bir neçə ay ondan əvvəl mən Eldar Quliyevin “Dərvişin qeydləri” filmində çəkilmişdim. Film çox gözəl bir dekorasiyada çəkilib. Dekorasiya o qədər möhtəşəm idi ki, İctimai Televiziya da öz proyektinin orada çəkilməsinə qərar verdi. Mən bu serialda Ümmətəli bəy obrazini canlandırdım. Təəssüflər olsun ki, müəyyən səbəblərə görə bu gözəl layihə yarımçıq qaldı.
Bir fakt deyim. Rejissoru türk olan “Qaranlıqlar çiçəyi” serialinda cəkilirdim. İctimai Televiziya ilə Türkiyənin ortaq layihəsi idi. Baş rollardan birini oynayırdım. Rejissorla münasibətimiz çox yaxşı idi. Arada söhbət edirdik. Təəssüf edirdi ki, Azərbaycanda yaşı 30-35 aşağı olan aktyor yoxdu. Yəni nə yetişibsə keçmiş dönəmdə yetişib. O deyirdi ki, məsələn, “Leyli və Məcnun”u çəkməli olsaniz, bəs Leylini kim oynayacaq? Bir düşünək. Həqiqətən də varmı bizdə 15 yaşlı Leyli? Film çəkilişlərinə model çağırırlar, amma modelin aktyor texnikasından heç xəbəri yoxdur.
Mən özümü tərifləmirəm. Amma SSRİ xalq artisti Aleksey Batalovun məktəbini keçmişəm. Çox gözəl pedaqoq olaraq, o, bizə elə öyrədirdi ki, onun dərsləri həmişəlik yaddaşımıza həkk olunub. İndi mən eyni şeyi burada etmək istəyirəm. Dəqiq tapşırıqları verən rejissor Azərbaycanda çox azdır. İncəsənət Universiteti rejissor yetişdirir, lakin aralarinda peşəkar yetərincə deyil. Bizdə operator məktəbi də zəifdir, baxmayaraq ki, yaxşı operator ənənəsi var. Çünki operatorlarımız yaxşı məktəb görüb – Rusiyada. Bizdə İncəsənət Universiteti bitirənə deyirlər ki, get özünə kamera tap, 5 dəqiqəlik film çək. Sağ olsun Eldar Quliyev.Onun rəhbərliyi altında olan “Debüt” studiyası yeni başlayan rejissorlara şərait yaradır.Kino rəhbərliyimiz isə gənc rejissorlara yol açır.
– Sizcə biz nə vaxtsa Qarabağ həqiqətlərini filmimizdə göstərə biləcəyik?
– “Dolu” filmi bir başlanğıc idi. Cəmiyyət belə filmləri tələb edir. Zaman gələcək hamı maraqsız seriallardan bezəcək. “Dolu”dan sonra bunu hiss edənlər oldu. Qarabağ problem deyil – bizim yaralı yerimiz, dərdimiz, ürək ağrımızdır. Mən əminəm ki, hər bir azərbaycanlı bu ağrını yaşayır. Bunu silib atmaq olmaz. Əminəm ki, bu yaramız sağalacaq. Mütləq. Bu şablon sözlər deyil.
– Minnətdarıq Sizə Cavanşir müəllim. Gələcək işlərinizdə uğurlar arzulayırıq.
– Mən də sizə təşəkkür edirəm.
Fuad Babayev, Aynur Hüseynova, 1905.az
15 avqust 2015-ci il