1905.az portalının suallarını APA İnformasiya Agentliyinin baş direktorunun I müavini, tarix üzrə fəlsəfə doktoru Cavid Cabbaroğlu cavablandırır.
– Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin məzunusunuz. Eyni zamanda tarix üzrə fəlsəfə doktorusunuz. Amma uzun illərdir mətbuatda çalışırsınız…
– Uşaq vaxtı kim olacağımızla bağlı xəyallar qurarkən jurnalist olacağım ağlıma gəlməzdi. Baxmayaraq ki, orta məktəbdə oxuyarkən hekayə də, şeir də yazırdım. Onları heç yerdə çap etdirmədim, 11-ci sinifdə isə hər ikisinin daşını atdım. İlk arzum futbolçu olmaq idi. Sonra alim olub AMEA-da əlyazmalarla işləmək (atam Akademiyanın Geologiya İnstitutunda çalışdığından və məni də tez-tez özü ilə işə apardığından, uşaqlığımın AMEA divarları arasında keçməsi bu arzumun səbəbi idi), ən sonda isə diplomat olmaq istədim. Sovet dövründə Azərbaycanda beynəlxalq münasibətlər üzrə ali təhsil verilmədiyindən, Moskvada və ya Kiyevdə təhsil alacağımı düşünürdüm.
1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra artıq müstəqil Azərbaycanda da bu ixtisas üzrə ali təhsil verilməsinə başlandı. Ona görə də Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində təhsil alıb məzun oldum. Universiteti bitirdikdən sonra AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında oxuyub, AMEA-nın müxbir üzvü, mərhum professor Oqtay Əfəndiyevin elmi rəhbərliyi ilə dissertasiya müdafiə etdim və tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldım.
Jurnalistikaya gəlişim 1998-ci ilin noyabr ayına təsadüf edir. Bakalavriatı bitirib altı ay ixtisasım üzrə iş axtardım, tapa bilmədim. “Hürriyyət” qəzetinə artıq arxada qalmış prezident seçkiləri ilə bağlı yazı təqdim etdim. O vaxt bu qəzetdə çox gözəl kollektiv vardı. Baş redaktor Azər Hüseynbala, müavinləri Zöhrab Əmirxanlı və Faiq Novruzov idi. Zöhrab Əmirxanlı ilk yazımdan sonra mənə “Hürriyyət”də işləməyi təklif etdi, mən də qəbul etdim. Sonralar “Yeni Müsavat”, “GÜN-Səhər”, “Müstəqil qəzet”, “Bizim Yol” qəzetlərində də çalışdım. Artıq 8 ildir gələn ay 10 illik yubileyini qeyd edəcək APA İnformasiya Agentliyində çalışıram.
16 ildir jurnalistikada olsam da, hələ də özümü jurnalist saymıram. Çünki ixtisasca jurnalist deyiləm. Zöhrab Əmirxanlı, Hikmət Sabiroğlu, Şahvələd Çobanoğlu, Yusif Rzayev, Nurşən Quliyev kimi ixtisaslı jurnalistlərin yanında özümü jurnalist adlandırmağım doğru olmaz. Həm də bizdə artıq “jurnalist” deyəndə, şou-biznesdən yazan və telekanalların efirindən düşməyən nərmənazik oğlanlar göz önünə gəldiyindən, mənə kimsə jurnalist deyəndə acığıma gəlir. Bununla belə, ötən illərdə istər-istəməz jurnalistika mənim peşəmə çevrildi, çalışdığım və evimə pul qazandığım sahənin prinsiplərinə xəyanət etmədim. Azərbaycan jurnalistikasının sözün həm müsbət, həm də mənfi mənalarında haradan haraya gəldiyinin canlı şahidlərindən biri oldum. İndi texniki imkanlarımız yüksək olsa da, etiraf edim ki, 1990-cı illərin jurnalistikası daha maraqlı idi…
– 1998-ci ildə böyük iddialarla mətbuata gəldiniz və…
– Doğru buyurursunuz, 1998-ci ildə mətbuata böyük iddialarla gəlmişdim. Nəinki ölkəni, hətta dünyanı dəyişəcəyimi düşünürdüm. Ürəyimdə o qədər yazılası mövzular vardı ki, gündəlik 16 səhifəlik qəzetin mənə kifayət etməyəcəyini düşünürdüm. Yəni karyera iddiası deyildi bu, yaradıcılıq iddiası idi. Zaman-zaman yazmağı tərk edib redaktəyə “qurşanan” Hikmət Sabiroğlu, Zöhrab Əmirxanlı, Fəxri Uğurlu kimi imzaları vaxtaşırı qınayırdım da.
Bu 16 ildə çox sular axdı. Media getdikcə ictimai rəyə təsir imkanlarını itirdi – həm obyektiv, həm də subyektiv səbəblərdən. Zaman-zaman nüfuzlu, sözünün çəkisi olan jurnalistlər mediadan birdəfəlik getdilər. Bizdən sonra jurnalistikada istedadlı gənclər ara-sıra gözə dəysə də, yeni jurnalist nəsli yetişmədi. Bu üzdən bizim də adımız redaktorluğun məhv etdiyi jurnalistlər sırasına yazıldı – Nurşən Quliyev, Şahin Cəfərli, Məhbubə Qasımbəyli, Vüqar Hüseynov və daha bir neçə arkadaşla birlikdə.
– Dedikləriniz bu günə qədər baş verənlər haqqındadır. Bəs mətbuatda bundan sonra gerçəkləşdirmək istədiyiniz layihələr varmı?
– İndi jurnalistikada heç bir iddiam yoxdu. Etiraf edirəm ki, nəinki dünyanı, ölkəni, heç özümü də dəyişməyə gücüm qalmayıb. Jurnalistikanı elə ləkələyiblər ki, ən böyük iddiam indiyədək qazandığım təmiz adımı və abrımı qorumaqdı. Gücüm ancaq buna çatır yəni…
Ancaq bu o demək deyil ki, jurnalistikaya gəlişimdən dolayı peşmançılıq hissi keçirirəm. Əksinə, məhz jurnalistika məni Cavid Cabbaroğlu kimi formalaşdırıb tanıtdırdı, yeni dostlar qazandırdı. Amma etiraf edim ki, hərdən epizodik peşmançılıqlarım olur. Nəinki jurnalistika, ümumiyyətlə, insanlıq adına ləkə sayılan məxluqların jurnalist vəsiqəsi gəzdirməsini, şou-biznesin mavilərinin və bic doğanlarının jurnalistlərə yuxarıdan-aşağı baxmasını, iki uzunqulağın arpasını bölə bilməyənlərin özünü mətbuatın bilicisi saymasını və ya ağsaqqalı kimi danışmasını görəndə adam “uf” demədən hər şeyə son qoyub mətbuatdan getmək istəyir. Getməyinə gedəcəyəm, amma hələ tezdir. Məsələn, AMEA-da elmlə məşğul olmaq üçün normal dolanışıq şəraiti yaradılsaydı, günü bu gün jurnalistikadan gedərdim. Hər halda, qocalanadək jurnalistikada qalmayacağıma, nə vaxtsa iki ixtisasımdan biri üzrə – ya elm, ya da diplomatiya sahəsində çalışacağıma inanıram.
– İndi də keçid alaq Qarabağ düyününün mediamızda inikası məsələsinə. Bu məsələ sizi qane edirmi?
– Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan mediası ictimai rəyə təsir imkanlarını əhəmiyyətli dərəcədə itirib. Digər tərəfdən, Azərbaycan cəmiyyətinin Qarabağ danışıqlarının gedişi barədə məlumatlı olduğunu iddia etmək sadəlövhlük olardı. Qarabağ düyününün mediamızda inikası prezidentlərin görüşü və həmsədrlərin regiona səfərləri barədə məlumat yaymaqdan o yana keçmir. İctimai rəyi formalaşdırmaqda ən böyük silah sayılan televiziyalara gəldikdə, bu sahədə durum daha acınacaqlıdır – AzTV və İctimai Televiziya istisna olmaqla, digər telekanallarda şou-biznes yarışı gedir. Əgər bu televiziyaların rəhbərləri düşünürlərsə ki, Qarabağı əttökən müğənnilərin və özünü prodüser adlandıran diskdaşıyanların verdiyi ruhla geri almaq mümkündür, yanılırlar. Əksinə, bu cür “efir mədəniyyəti” insanların olan-qalan döyüş ruhunu da sarsıltmağa yönəlib. Analar oğul böyüdüb hərbi xidmətə ona görə göndərmirlər ki, onlar Tolikin, Samiraldonun, sosial şəbəkələrdə əyləncəli həyatını paylaşan oliqarx balalarının təhlükəsizliyindən muğayat olsun. Ona görə göndərirlər ki, Vətəni qorusun. Vətən isə hamınındır və onu hər kəs qorumalıdır.
– Gələn il Azərbaycan Milli Mətbuatının 140 ilik yubileyi qeyd olunacaq. Mediamız ömrünün 15-ci onilliyində Qarabağ naminə, tarixi ədalətin bərpa olunması naminə nələri etməlidir?
– Dəfələrlə ən yüksək rəsmi səviyyələrdə, o cümlədən prezident səviyyəsində qeyd olunduğu kimi, istər diplomatiya, istərsə də informasiya savaşı müstəvisində yalnız və yalnız hücum taktikasına üstünlük verməliyik. Xarici ölkələrdə səfərlərdə olarkən təmasda olduğumuz həmkarlarımızla söhbətlərdən gəldiyim qənaət budur ki, əcnəbilər Azərbaycan mətbuatından üç-dörd media quruluşunu tanıyırlar (Onlardan biri də çalışdığım APA İnformasiya Agentliyidir ki, bu da məni qürurlandırmaya bilməz). Bu isə regionun iqtisadi və hərbi baxımdan ən güclü ölkəsi sayılan Azərbaycan üçün fəxarət gətirən hal deyil. Hərə evində oturub bir sayt açmaqla medianı inkişaf etdirdiyini düşünürsə, yanılır. Müasir dövrdə xarici dillərdə buraxılışları olmayan mətbuat orqanı ciddi media quruluşu sayılmır. Biz xaricdə tanınan və böyük nüfuza malik ciddi media orqanlarımızın sayını artırmalıyıq. Yalnız bu yolla beynəlxalq aləmdə Qarabağın Azərbaycana məxsus olduğunu sübut edə bilərik. Yoxsa Azərbaycanda Qarabağın tarixinə dair ana dilimizdə kitab nəşr etdirməklə işimizi bitmiş sayacağıqsa, həm də yerimizdə sayacağıq.
– Minnətdaram.
Fuad Babayev, 1905.az