
Əminəm ki, “Bizim Cəbiş müəllim” və “Həm ziyarət, həm ticarət…” filmlərinə az qala hamı baxıb.
Mən də baxmışam.
Üstəlik, bilirəm ki, birinci filmi Həsən Seyidbəyli çəkib. 1969-cu ildə.
İkinci film 1995-ci ilin məhsuludur. Rejissoru Rasim Ocaqovdur.
Cəbiş müəllim obrazını Süleyman Ələsgərov yaradıb, Mustafa müəllim obrazını Hacı İsmayilov.
Cəbiş müəllim roluna çəkiləndə Süleyman Ələsgərovun 54 yaşı olub. Hacı İsmayilov 51 yaşında Mustafa müəllimi canlandırıb.
«Həm ziyarət, həm ticarət…» «Bizim Cəbiş müəllim»dən 26 il sonra çəkilib.
Və bu iki filmin çəkiliş illərini ayıran az qala bir qərinəlik müddət ərzində bizim müəllimin Kinomuz və demək az qala hamı tərəfindən etalon kimi qəbil edilən obrazı dəyişməyib.
Diqqət yetirsəniz görərsiniz ki, Cəbiş müəllim də sadəlövh, saf adamdır, Mustafa müəllim də.
Hər iki müəllim peşəsinin vurğunudur. Vətənpərvərdir. İstedadlıdır. Və… mikroskopik işbazın, ya da kiçik kalibrli fırıldaqçının toruna düşəcək qədər adidir…
Əliağa Ağayevin Əbülfəzi Cəbiş müəllimdən, Rasim Balayevin Davudu Mustafa müəllimdən faydalanmağa cəhd edir. Davud Mustafa müəllimi əməlli-başlı aldatmağa nail olur. Özü də bunu xüsusi əziyyət çəkmədən, necə deyərlər oynaya-oynaya edir.
Biz də buna inanırıq.
Yuxarıda adı çəkilən iki yaddaqalan ekran əsərinin təsəvvürlərimizə transfert etdiyi müəllim obrazı haqqında daha nə demək olar? Deyəsən müəllimimiz arıq cüssəli olmalıdır. O həmişə kostyum geyinir, özü də hökmən qalstuk taxmaq şərtilə. Gözləntilərimiz də budur ki, müəllimimizin xəyalları hansısa təcrübəni qoymaq üçün bir qədər at tükü əldə etməkdən, ya da uzaq səfərdən doğma rayonuna qlobusla (!) qayıtmaqdan o yana keçməsin.
Bir qədər qəribədir, deyilmi?
Bəlkə də başadüşüləndir. Onilliklər boyu özünü müəllimin bütün insanlar kimi çörək yediyinə inandıra bilməmiş şagird nəsillərinin kollektiv şüurundakı obraz elə belə olmalı idi bəlkə?
Bilmirəm. Azərbaycan kinematoqrafı barədə bilgilərim də qənaətbəxş sayıla bilməz. Odur ki, Kinomuzda Cəbiş müəllimdən, ya da onun oğlu yaşındakı Mustafa müəllimdən çox fərqli müəllim obrazlarının olub-olmadığından xəbərim yoxdur…
Vaxt tapan kimi hər iki filmə bir də baxacagam…