Medicina.az saytının məsul redaktoru Aygün xanım Musayeva və həkim-terapevt Nahid Məhərrəmovla danışdıq.
Fuad Babayev: Bizi maraqlandıran “çek-ap” fenomenidir. Biz çox tez-tez “çek-ap” barədə eşidirik. Yəqin ki, bunun bir dünya standartları var. Mümkünsə, əvvəlcə bu sualla başlamaq istərdim. Sivilizasiyalı ölkədə yaşayan bir şəxs kimi, 45 yaşdan yuxarı yaşda insan neçə müddətdən bir tam yoxlamadan keçməliyəm?
Nahid Məhərrəmov: Ümumiyyətlə, “çek-ap” profilaktik müayinədir. İnsanlar xəstələnməsin deyə, hər hansısa xəstəlik kəskinləşməsin deyə öncədən “çek-ap”dan keçməlidir. Bəzən insanlar elə bir vəziyyətdə müayinəyə gəlirlər ki, biz onlara kömək edə bilmirik.
Fuad Babayev: İş işdən keçmiş olur.
Nahid Məhərrəmov: Bəli. Əgər bir insan zamanında “çek-ap”dan keçibsə, o heç vaxt elə vəziyyətə düşməz. İnsanın müayinədən neçə ildən bir və ya hansı yaşda keçməsi sırf fərdi xüsusiyyət ola bilər.
Fuad Babayev: Ümumi standartlar yoxdur?
Nahid Məhərrəmov: Sivilizasiyalı ölkələr üçün müəyyən edilmiş standartları var. Burada insanın hansı ölkədə yaşaması, hansı endemik (müəyyən ərazidə rast gəlinən xəstəliklər – red.) zonada yerləşməsi də rol oynayır. Tutaq ki, 45-ə qədər və ya 45-dən artıq yaş həddində olan insan özünü xəstə hesab etmirsə, onun ildə bir dəfə müayinədən keçməsi daha məqsədəuyğundur. Bu sırf Azərbaycana aiddir. Mən bunu Almaniyada, Avropada deyə bilmərəm.
Fuad Babayev: Orada fərqli standartlardır?
Nahid Məhərrəmov: Bəli. Fərqli standart ola bilər. Çünkü, biz hərəkətsiz xalqıq. Mən bu gün xəstəliklərin əksəriyyətini hərəkətsizlikdə gördüm. Ona görə də öncədən fərdi xüsusiyyət anlayışı yoxdur. Mən bunu Lerik, Quba-Qusar və yaxud Gədəbəy zonasına şamil etməyə bilərəm. Bakı şəhərində isə özünü xəstə hesab etməyən 45 yaşdan yuxarı adamın ildə bir dəfə müayinədən keçməsi məqsədəuyğundur. Biz bunu yaş kateqoriyasına görə qurduqsa, konkret xəstəliklərə görə də fərqli standartlar mövcuddur. Çünkü qalxanvari vəz, hormonal xəstəlikləri olan şəxslər üç aydan bir, şəkər xəstələri altı aydan bir, revmatoid-artrit xəstələri (red. – ağır oynaq xəstəliklərindən biridir) isə iki aydan bir müayinədən keçməlidir. Bunu bütün dünya deyir.
Fuad Babayev: Bu müəyyən bir standartlardır və söhbət hansısa əzasında ciddi problemlər yaşamayan insanlardan gedir. Aygün xanım bilavasitə tibb problemləri ilə bağlı bir saytın məsul redaktorudur. Maarifləndirmə həm də budur. Aygün xanım, sizin saytda Nahid müəllimin qeyd etdiyi məsələlərlə bağı yazılar gedibmi?
Aygün Musayeva: Bizdə maarifləndirici yazılar çoxdur. “Çek-ap” Azərbaycanda yoxdur, o Azərbaycanda inkişaf etməyib. Tam “çek-ap” yoxdur. Yəni Türkiyədəki kimi 500 dollar, 700 dollar verim “çek-ap” olunum, belə bir şey yoxdur.
Təmkin Məmmədli: Bəlkə ondan başlayaq ki, “çek-ap” nədir? Ora nələr daxildir?
Aygün Musayeva: “Çek-ap”a güclü müayinələr daxil deyil. MRT (red. – maqnit-rezonans tomoqrafiyası), KT (red. – kompüter tomoqrafiyası) bahalı prosedurlar bura daxil deyil. Amma 90% terapevtik, qan analizləri, virusları təyin etmək olar. Məsələn İranda çox ucuz bir qiymətə qan analizi çıxır və bu analizdə bütün nəticələri görmək olur. Amma bizdə qan analizinə gedən zaman, ümumi qan analizi var, hamısı parçalanıb. Türkiyədə “çek-ap” çox yaxşı səviyyədədir. Düzdür həkim müayinəsi yoxdur, orada professor səni qəbul etmir. Amma klinikada 500 dollara yaxşı “çek-ap”dan keçib, allergenləri tapmaq, beyin demirəm, heç olmasa terapevtik, iltihabı və onkoloji xəstəliyi aşkar etmək mümkündür. Bizdə isə 500 dollara, 300 manata, 500 manata “çek-ap” təklifləri yoxdur.
Nahid Məhərrəmov: Xanım doğru vurğulayır. Mən ilk dəfə “çek-ap”ı Azərbaycan səviyyəsinə sala biləcək birinci həkim olmuşam. Televiziya proqramlarında çıxışlarım olub, internet saytlarda bu haqda məlumatlar var. Biz özəl mərkəzdə işləyirik və bunu orada edə bilərik. Dövlət xəstəxanalarında 6 aydan bir hamı pulsuz “çek-ap”dan keçməlidir. Bu dövlət proqramında var. Bu barədə dəfələrlə məlumat verilir, hətta sahə həkimləri belə insanlara onu aşılayırlar. Amma bizim insanlar 6 aydan bir dövlət xəstəxanalarına müayinəyə getmirlər. Özəl tibb mərkəzlərini daha güvənli hesab edib, ora üz tuturlar. İlk dəfə mən 2013-2014-cü illərdə 38 manata “çek-ap” təşkil etmişəm. Bura – qanın ümumi analizi, sidiyin ümumi analizi, bütün qarın boşluğu orqanlarının uzisi (red – Ultrasəs müayinə (USM) səs dalğalarından faydalanaraq daxili orqanların görüntüləmə üsuludur), qaraciyər, öd, dalaq, mədəaltı vəz, böyrəklər, sidik kisəsi, kişilərdə prostat, qadınlarda uşaqlıq, yumurtalıq, zob, qalxanvari vəzin uzisi, şəkərin müayinəsi, ürəyin ekq-si (red.- elektrokardioqrafiya – ürək-damar sisteminin funksional diaqnostika metodlarından biri) daxil idi. Bu müayinə davamlı şəkildə 2 ilə yaxın davam edib.
Fuad Babayev: Niyə məhz 38 manata?
Nahid Məhərrəmov: Çünkü mən insanları qəbul edirəm, onların maddi imkanlarına bələdəm. Gücləri ona çatır. Amma bu klinikaya sərf etmir. Klinika reklam üçün o xəstəni qəbul edə bilər. Klinika mənə məxsus deyil, mən orada həkiməm. Klinika rəhbərliyindən icazə almaqla 38 manata insanları “çek-ap” müayinə edirdik. Hazırda kasıb xəstələr üçün onu saxlamışam. Bu “çek-ap”ın digər tərəfini də deyim. 38 manata xəstələr gəldi və mən çox xəstə qəbul etdim. Günə təxminən 30-35 xəstə qəbul edirdim. Xəstələr 1 həftə, 2 həftə öncədən növbəyə yazılırdılar. İnsanlar çox razı idilər. Amma mən xəstələrə bir məsələni aşılaya bilmədim. Misal üçün qalxanvari vəzdə zob xəstəliyi aşkar olunub. Zob da zəhərli və zəhərsiz ola bilər. Bunun analizini mən “çek-ap”a sala bilmərəm axı. Bu analiz 15 manatdan 1000 manata qədər vəsait tələb edə bilər. Bu bütün dünyada, Amerikada da, Avropada da belədir. Mən bunu 100 xəstədən bir neçəsinə başa sala bilirdim. Mən hər zaman saytda da yazmışam, televiziyada da demişəm ki, “çek-ap” nəticəsində əlavə xəstəlik aşkar edilən zaman analizləri bizim xəstəxanada vermək məcburiyyətində deyilsiniz.
Fuad Babayev: Nahid müəllim, inzibati yollarla “çek-ap”ın zərurətini necə aşılamaq olar? Onun modeli necədir?
Nahid Məhərrəmov: Televiziya çıxışlarımda hər dəfə efirin sonunda deyirəm ki, bizim xalq 6 aydan bir müayinədən keçməlidir və onun zərururiliyini də izah edirəm. Adi bir misal çəkim. Biz həqiqətən hərəkətsizik, bu yüz faiz belədir. Hərəkətsiziksə, bizdə piy orqanizmə yığılır və piyi kökəlmə kimi qəbul ediriksə, o bizə maraqlıdır. Kök insanlara, çəkisi çox olan adamlara bizim simpatiyamız var. Bu şəhərdə yenə başa düşüləndir. Amma, mən rayon adamları ilə çox təmasda oluram. Onların 90%-nə izah edə bilmirəm ki, siz arıqlamalısınız. Əgər bir insana “çek-ap”ı anlada bilsək, onu müayənədən keçirə bilsək, o infarkt, insult, tromboemboliya (red. – qan damarında əmələ gəlmiş laxtanın axınla aparılıb kiçik mənfəzli damarın keçidini tıxamasına deyilir), şəkər olmalıydısa olmayacaq. Gizli şəkəri biz “çek-ap”a salsaq istənilən adamı şəkər etməyə bilərik. İnsulini biz “çek-ap”da görsək 6 aydan bir olmasa da, ildə bir dəfə, iki ildən bir insanlarda insulini yoxlatdırsaq bu insan şəkər olmayacaq. Əgər bunları biz insanlara izah edə bilsək, bu insanlar ölməyəcək. Qeyd edim ki, tibbdə Ümümdünya Səhiyyə Təşkilatının qəbul etdiyi bir qanun var: “Dərman deyil, profilaktika önəmlidir”. Profiliktikanı da biz “çek-ap”larda, ilkin müayinələrdə tapa bilirik.
Fuad Babayev: İnzibati yollarla nə etmək olar? Bir çox ölkələrdə insanlar sığorta olunur, təbii ki, sığorta müddəti də mütəmadi olaraq uzadılır. Əgər bir insanın sonuncu “çek-ap” müayinəsindən lazım olduğundan artıq vaxt keçibsə, sığorta zamanı ondan daha çox vəsait tələb olunur. Bu da iqtisadi cəhətdən insanı məcbur edir ki, “çek-ap” müayinə olunsun. Bizdə belə bir model varmı?
Nahid Məhərrəmov: Var. Respublika səviyyəli məşhur həkimlərimizdən biri “çek-ap”la bağlı belə bir təklif irəli sürmüşdü. Hamı infarktın qarşısını almaq üçün 6 aydan bir və ya ildə bir dəfə 1 manat ödəniş etsin. İnfarkt isə adətən 40-45 yaşından yuxarı yaş qrupuna aid insanlarda olur. Amma biz 30 yaşında da infarktla tez-tez rastlaşırıq. Təsadüfi müayinə nəticəsində 30 yaşlı bir şəxsdə infarktyönü vəziyyət aşkarlamışam. Təsadüfi müayinələr nəticəsində biz bir çox xəstəliklər aşkarlamışıq. 1 manatdan pul yığılacağı təqdirdə həmin şəxsin gəlib ekq etmək hüququ olacaq. Ayda 1 manat ildə 12 manat edir, bu da adamın bir dəfə ekq ödənişidir. Özəl tibb mərkəzlərində ekq 10-15 manat arasında olur. Təsəvvür edin ki, ekq edəcəksən və ondan sonra bütün xərclər, hətta ürək əməlliyyatına qədər orada ödənişsiz olacaq.
Aygün Musayeva: Real görünmür. Bizdə bunu etməzlər.
Nahid Məhərrəmov: Real bir şeydir. İyirmi nəfər bir manatdan ödəyirsə, onun bir nəfərində ekq-də problem çıxa bilər. Bizdə buna güvənməyib etmirlər. Bu bir manata görə deyil.
Aygün Musayeva: Mən tibbdə Stalin rejiminin təsbitinin tərəfdarıyam. 1937-ci ildə oduğu kimi məcburetmə olmalıdır. 1 milyon talassemiyalı (red. – genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyi) xəstəmiz var. Əgər məcburetmə olmasa, 10 ilə olacaq 2 milyon, 3 milyon. Bu dəhşətdir. Biz məcbur etməliyik, hamilə qadınları yoxlamalıyıq, kişidə və qadında talassemiya varsa, evlənməyə qoymamalıyıq. Bətnində talassemiyalı uşaq olan hamilə qadın varsa 16 -cı həftədə onu salmalıyıq. Talassemiyalı uşaq doğulmamalıdır. 16-cı həftədə mütləq hamiləlik yoxlanmalıdır.
Nahid Məhərrəmov: Onu bu gün tətbiq etmək həqiqətən çətindir.
Fuad Babayev: Bu mümkün deyil axı.
Aygün Musayeva: İnanın etmək lazımdır. Məcbur edən nə isə olmalıdır. Məcburi olmalıdır.
Nahid Məhərrəmov: Ən yaxşı üsul maarifləndirmənin gözəl yolunu tapmaqdır. Mən sizə maraqlı bir nümunə deyim. Hazırda revmotoloji xəstəliklər geniş yayılıb. Revmotoloji xəstəlik oynaqlara təsir edir. Bu xəstəlikdən əziyyət çəkən yüz nəfərdən heç kim travmatoloqa demir ki, mənim oynağımı dəyişin. Onlar sadəcə deyir ki, müalicə yazın, protez-təzə oynaq qoymayın. İnsanınız hələ maariflənməyib. Biz təxminən 15 ildən sonra inkişaf edəcəyik. Amma, protez oynaq istəməyən şəxs burun əməliyyatına ehtiyac hiss etsə, həkimin etirazına baxmayaraq öz fikrindən daşınmayacaq. Amma 10 il bundan əvvəl belə şey yox idi. Bu maariflənmədir. Plastik əməliyyatlar aparan cərrahlar televiziyalarda çıxış etdi və insanlara çatdırdı ki, plastik cərrahiyə və yaxud çəpər cərrahiyyəsi mümkündür. Biz bunu edə bilirik. Amma bu gün maariflənmə olmadığı üçün çəliklə gəzən insanı protez oynaq qoydurmağa razı sala bilmirik. Halbuki, əgər həmin şəxsin genetik xəstəliyi yoxdursa, onun müalicəsi mümkündür.
Fuad Babayev: Sağlamlığa nəzarətin müəyyən qaydaları olmalıdır.
Nahid Məhərrəmov: Bizdə BP-nin işçiləri məcburi şəkildə müayinədən keşirlər. Dənizçilər, müəllimlər, bağça və məktəb kollektivləri mütləq müayinədən keçməlidir.
Aygün Musayeva: Dediyiniz yerlərdə xəstələr çoxdur, vaxtlı-vaxtında müayinədən keçmirlər.
Nahid Məhərrəmov: Burada model də var. Amma insanlar ona əməl etmirlər.
Fuad Babayev: Bu problemin cəmiyyətdə tətbiq olunması sahəsində bir irəliləyiş varmı?
Aygün Musayeva: Yox. Əksinə pisdir. Çox pisdir.
Nahid Məhərrəmov: Yoxdur. “Çek-ap”ın geniş yayılmamasını əngəlləyən başlıca səbəb maddiyatdır. İkinci isə əgər biz bunu maddiyatla ölçmək istəmiriksə, məcburetmə mexanizmi olmalıdır. Direktor müəllim və şagirdləri müayinədən keçməyə məcbur etməlidir. Tələbə əməl etməyən müəllimlər işdən çıxarılmalıdır.
Aygün Musayeva: Yaxud məktəbə və ya restorana yüksək cərimə tətbiq edilməlidir.
Nahid Məhərrəmov: 5 ildən və ya 10 ildən sonra sizdə bədxassəli şişin olma ehtimalını öyrənmək istərdiniz? Mlilli Onkologiya Mərkəzində çox yerdə olmayan PET/KT aparatı var. Buna kompyüter tomoqrafiyadır (PET/KT) da deyirlər. Bu aparat vasitəsilə insan 5 ildən və ya 10 ildən sonra onda bədxassəli şişin olub olmayacağını öyrənə bilər. Əgər belə bir təhlükə varsa, ilkin hüceyrələri kimyalayıb qoyursan və 30 il də bundan sonra yaşayırsan. Bu bahalı aparat olduğu üçün xərci də çoxdur. Bunu dünyanın heç yerində sığorta qarşılamır. Amma, bizim imkanlı şəxslər də bu aparatdan keçmir. Ayda 10 və ya 15 nəfər bu müayinədən keçir.
Aygün Musayeva: İmkanlı azərbaycanlılar xaricə gedirlər.
Fuad Babayev: Müalicə üçün xaricə gedən kifayət qədər insanlar var.
Nahid Məhərrəmov: PET/KT aparatı bəlkə də Cənubi Qafqazda bir dənədir. Türkiyədə bir-iki yerdədir.
Fuad Babayev: Bu yəqin ki, bahalı bir avadanlıqdır və onun istismarı ilə də peşəkar həkimlər məşğul olmalıdır.
Nahid Məhərrəmov: Kifayət qədər bahalı bir aparatdır. 4-5 il ərzində Türkiyədə ixtisaslaşmış həkimlər bu aparatda işləyir. Amma gələn yoxdur. Nə qədər evlilik var. Evlənmək istəyənləri müəyyən bir protokollar tərtib etməklə analizdən keçirirlər. Deməli buna da ciddi yanaşmaq lazımdır. Bir də təbii ki, maarifləndirmə olmalıdır.
Fuad Babayev: Ümumiyyətlə postsovet məkanında “Çek-ap”ın təşəkkül tapmasında biz təxminən hansı yerdə olarıq?
Aygün Musayeva: Keçmiş postsovet məkanı hamısı birlikdə ən axırıncı yerdədir. Heç fərqlənmirik.
Fuad Babayev: Hətta Baltikyanı ölkələr də?
Aygün Musayeva: Onlar bir az yaxşıdır.
Fuad Babayev: Orada axı Avropa Birliyi standartları var.
Aygün Musayeva: Gürcüstan inkişaf etməyə başlayır.
Nahid Məhərrəmov: Gürcüstan bizdən yaxşıdır.
Aygün Musayeva: Amma, ümumiyyətlə çox geri qalmışıq. Rusiyanın tibb saytlarını oxuyuram, orada vəziyyət bərbaddır.
Fuad Babayev: Bizdə dispanserləşmə nə yerdədir? Əslində dispanserləşmə “çek-ap”a kömək edən məsələ olmalıdır. O nə yerdədir?
Nahid Məhərrəmov: Kağız üzərində hamısı var. Reallıqda isə çox azdır. Bir məsələyə yenə də toxunmaq istəyirəm. İnsanlar ona görə özəl mərkəzlərə üz tuturlar ki, orada daha peşəkar həkim oturur. Təkmilləşmiş həkim dispanserdə oturmur. Tutaq ki, bir adamda əsgərliyə getdiyi zaman sifilis və psoriazı aşkarlanıbsa o gedib özəl mərkəzdə daha təmiz, sivil şəkildə müalicə alacaq, dispanserə getməyəcək.
Aygün Musayeva: Dispanserləşmə, ümumiyyətlə çox zəifdir.
Nahid Məhərrəmov: Təkcə Ağciyər Xəstəlikləri İnstitutunda vərəm xəstələrinin müalicəsini nisbətən qənaətbəxş saymaq olar. Bu da insanların bu xəstəlikdən qorxması ilə əlaqədardır.
Aygün Musayeva: Bəli, ailə qorxur.
Nahid Məhərrəmov: Mən vərəm xəstələrinin 80-90 %-ni müalicəyə yönəldə bilmişəm. Bu Avropa ilə müqayisə ediləck nəticədir. Rahat bir şəkildə başa sala bilmişəm. Bu da maariflik səviyyəsidir.
Fuad Babayev: Aygün xanım sizin Medicina.az saytı ümumiyyətlə hansı zərurətdən yarandı?
Aygün Musayeva: Rusiya, Türkiyə ilə müqayisədə internet resurslarında Azərbaycan dilində məqalələr, materiallar çox azdır. Ümumiyyətlə, adi bir xəstəlik haqqında Azərbaycan dilində ətraflı məlumat imkanı məhduddur.
Fuad Babayev: Demək olar ki, yoxdur.
Aygün Musayeva: Yazan olmayıb.
Fuad Babayev: Yazan olmasa da, tərcümə etmək olardı.
Aygün Musayeva: Ehtiyac olmayıb. İndi tərcümə də edirik, həkimlərin yazılarını da saytda yerləşdiririk. Həkimlərimiz də yazmağa çox meyilli deyillər, daha çox televiziyaya üstünlük verirlər. Amma, yazılı mənbə, baza yoxdur.
Təmkin Məmmədli: Saytınız nə zaman yaranıb?
Aygün Musayeva: Saytımız artıq bir il yarım olar ki, fəaliyyətdədir. Biz tənqidi yazılar da yazırıq, təqdimat da edirik, tərifləyirik də. Həmçinin çalışırıq ki, sağlamlığın keşiyində dayanaq. Qida təhlükəsizliyi ilə bağlı yazılarımız olur, bizim bütün xəstəliklərimiz qidalarla bağlıdır. Azərbaycanda 40-50 manatlıq, maksimum 70 manatlıq kiçik “çek-ap”lardır. Amma, misal üçün klinikalar 3000 manatlıq bir müayinə paketini 500 manata etsə, inanın ki, insanlar gedərlər .
Nahid Məhərrəmov: Bütün bunların hamısı var. 30-40 manatdan başqa kütləvi şəkildə reklam etsək belə 56-57 manatlıq “çek-ap”a ayda 3-4 nəfərdən çox adam gəlmir.
Aygün Musayeva: Amma əslində insanların “çek-ap”sız müayinələrə daha çox xərcləri çıxır.
Fuad Babayev: “Çek-ap”ın tətbiqini genişləndirmək üçün yol xəritəsini necə yazardınız?
Nahid Məhərrəmov: Minimum “çek-ap”ların maya dəyərində və insanların gücü çata biləcəyi şəkildə tətbiqini xəstəxanalardan xahiş etmək lazımdır. İnsanlara birmənalı şəkildə aşılamaq lazımdır ki, xəstənin problemi varsa, o həkimdən diaqnoz istəyirsə, bu diaqnozun sonuna qədər həkim də səndən müayinə istəyə bilər. Amma, sən müayinəni məhz həmin xəstəxanada etmək məcburiyyətində deyilsən. Mən bunu dəfələrlə demişəm. Yaxud da dünyada tibbi marketinq anlayışı var. Bu sahədə çalışan insanlar həkim deyil. Çünki, həkimin marketinqlə məşğul olmağa, onu fikirləşməyə vaxtı yoxdur. Adətən dünyanın hər yerində bunu tibbi marketinq qurur. Bu sahədə çalışan peşəkar və savadlı marketoloqların tibbdən də anlayışı olur. Azərbaycana da bir neçə dəfə marketoloqlar gəlib, yəni bunu biz də tətbiq etmək mümkündür. Hər hansısa bir xəstəxana qurulanda həkimə əvvəlcədən müəyyənləşdirilmiş maaş verilir. İş vaxtı həkimə 100 xəstə verilsə 100 xəstəyə baxacaq, 5 xəstə verilsə 5 xəstəyə baxacaq. Belə yerlərdə həmişə keyfiyyət daha yaxşı olub. Hazırda belə işləyən xəstəxanalarımız var. Amma həkim ailəsini dolandırmaq barədə düşündükdə o 38 manatlıq “çek-ap” və ya digər bir şey fikirləşməyə də bilər. Təbii ki, bunun da hər həkimə aidiyyatı yoxdur. Bir də ki, həkimin həqiqi tibbi savadı, tibbi bilgisi olmalıdır.
Hazırladı: Aydan Abaslı, 1905.az