Müsahibimiz Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovdur.
– Ceyhun müəllim, Azərbaycanda Bakı İslam Universiteti və Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsi vardı. İndi fakültənin bazasında Azərbaycan İlahiyyat İnstitutu yaradıldı. Azərbaycan İlahiyyat İnstitutunun unikallığı nədən ibarətdir?
– Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli fərmanı ilə yaradılıb və institutun qarşısına bir sıra məqsəd və hədəflər qoyulub. Əsas məqsədlərdən biri müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsidir. Bildiyiniz kimi, sovet dövründə dinin təbliği qadağan idi və dini təhsil müəssisələri bağlanılmışdı. Bu baxımdan din xadimlərinin yetişdirilməsində müəyyən problemlər var idi. Azərbaycan müstəqillik qazandıqdan sonra Bakı İslam Universiteti, 2018-ci ilin fevral ayının 9-da cənab Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutu yaradıldı. Burada iki istiqamətdə mütəxəssislər hazırlanacaq – islamşünaslıq və dinşünaslıq. . Bu ixtisaslar üzrə təhsil alanlar dərin dini biliklərə yiyələndikdən sonra, işlə təmin olunmaq üçün Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına veriləcək. Bununla da məscidlərdə çalışan din xadimləri və imamlarla bağlı yaranan çətinlikləri aradan qaldırılacaq. Bu mütəxəssislərin həm şəxsi keyfiyyətlərinin, dil biliklərinin yüksək olmasına, dünyəvi biliklərə dərindən yiyələnməsinə xüsusi önəm veriləcək. İnstitutu bitirənlər həmçinin, Azərbaycanın elm və təhsil müəssisələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər belə təşkilatlarda işləmək imkanı qazanacaqlar. İnstitutun əsas fərqli cəhətlərindən biri dövlət təhsil müəssisəsi olması və dövlət tərəfindən maliyyələşdirilməsidir. Üstəlik bizim institutda təhsil ödənişsiz əsaslarla olacaq. Əsas özəlliklərimizdən biri də bu təhsil müəssisəni bitirənlərin işlə təmin olunmasıdır. Onların institutu bitirəndən sonra işlə təmin olunması ilə bağlı planlarımız var və bu istiqamətdə iş gedir.
– Dinşünaslıq ixtisası üzrə təhsil alanlar yalnız İslam sahəsində deyil, həm də digər dinlər üzrə mütəxəssis olacaqlar?
– Bəli. İslamşünaslar da İslam üzrə mütəxəssis olsalar da, digər dinlər üzrə də məlumata sahib olacaqlar. Amma əsas istiqamət İslamı dərindən öyrənməkdir. Dinşünaslar isə bütün dinlər, xüsusilə də İslam, yəhudilik, xristianlıqla bağlı geniş bilgilərə sahiblənəcəklər. Dinşünaslar daha çox alim, din araşdırmaçıları kimi yetişəcəklər. Bir sıra dövlət qurumlarında belə mütəxəssislərə zaman-zaman ehtiyac yaranır. Növbəti ildə dinşünas-pedaqoq ixtisası açmaq planımız da var. Bunlar artıq sırf təhsil müəssilərində çalışmaq üçün yetişdiriləcəklər. Bu gün Azərbaycanın bir sıra təhsil müəssisələrində dinlərlə bağlı fənnlər tədris olunur. Bununla dinşünas-pedaqoqlara olan ehtiyac təmin ediləcək.
– Bu il artıq ilahiyyat fakültəsinə qəbul olunmaq istəyənlər Azərbaycan İlahiyyat İnstitutunda oxuyacaqlar?
– Bəli. Bu il artıq instituta qəbul üçün 60 yer ayrılıb. 35 yer islamşünaslıq ixtisası, 25 yer isə dinşünaslıq ixtisası üzrə. III qrupa imtahan verənlər bu ixtisasları seçə bilərlər. Artıq bu aydan qeydiyyat başlayır. İnstitutda təhsil almaq istəyənlər Dövlət İmtahan Mərkəzinin saytında qeydiyyatdan keçərək, müraciət edə bilərlər. İslamşünaslar əlavə olaraq psixoloji testdən də keçəcəklər. Artıq burada komissiya yaradılıb və həmin komissiyada Dövlət İmtahan Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və müəllimlərimiz təmsil olunacaq. Məqsəd və hədəf ondan ibarətdir ki, islamşünaslıq ixtisasını bitirənlər öz sahələri üzrə çalışsınlar, öz sahələrinə maraqlı və hərcəhətli hazırlıqlı insanlar olsunıar.
– Tədris həm bakalavr, həm də magistr pilləsində aparılacaq?
– Bəli. Fürsətdən istifadə edib, bir məsələni də qeyd etmək istəyirəm. İnstitutda təhsil almaq istəyən abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytında qeydiyyatdan keçməlidirlər. İlkin qeydiyyat 29-31 iyulda, boş qalan yerlərə qeydiyyat isə 15, 16 avqust tarixlərində aparılacaqdır. İlk imtahan 1-6 avqust, boş qalan yerlərə imtahan isə 17-20 avqustda saat 09:00-dan başlayaraq Bakı şəhəri Əhməd Cəmil 41a ünvanında-Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binasında keçiriləcək.
– İlahiyyat İnstitutunun analoqları bizim qonşu dövlətlərdə varmı?
– Belə təhsil müəssisələri Türkiyədə, İranda, eyni zamanda da Rusiyada var. Malayziyada və İndoneziyada da sırf ixtisaslaşmış belə təhsil müəssisələri var. Qardaş Türkiyədə bir sıra universitetlərdə ilahiyyat fakültələri fəaliyyət göstərir. Çünki əhalinin sayı baxımından Türkiyədə bu sahəyə böyük tələbat var. Türkiyənin Diyanət İşlər Başkanlığı da bu işlərə çox ciddi fikir verir. Ümumiyyətlə, bir çox müsəlman ölkələrində sırf dini təhsil müəssisələri var. Türkiyədə “29 Mayıs”, Misirin “Əl-Əzhər” Universiteti dünyada bu sahədə tanınmış təhsil müəssisələrindəndir. Ümumiyyətlə, din bu gün dünyada ən həssas məsələlərdəndir. Hər hansı bir dövləti qarışdırmaq, təhlükəsizliyinə xələl gətirmək üçün din amilindən çox geniş istifadə olunur. Bu gün biz Yaxın Şərqdə görürük ki, müxtəlif dini təriqətlər, cərəyanlar yaranır, bunlar arasındakı ixtilaflar, fikir ayrılıqları sonda münaqişələrə gətirib çıxarır. Bu baxımdan bu sahənin dövlət nəzarətində olması vacibdir. Əsas hədəflərdən biri də odur ki, yetişdirdiyimiz şəxslərdə dövlətçilik mövqeyi, Vətənə bağlılıq olmalıdır. Eyni zamanda dini kimlik milli kimlikdən üstün olmamalıdır. Din xadimləri dövlətini sevən, ona sədaqətlə xidmət edən insanlar olmalıdır.
– Təriqətlər və məzhəblər Azərbaycanın reallığıdır. Ölkə əhalisinin 30-40 faizi sünni, qalanı isə şiə məzhəbindədir. Tədris prosesində bu fakt nəzərə alınacaqmı?
– Ümumiyyətlə, dinlər və təriqətlərüstü tədris planını həyata keçirməyə çalışacağıq. Sizin də dediyiniz kimi, Azərbaycan gerçəklikləri və həqiqətləri var. Burada oxuyan insanlara bütün dinlər və məzhəblər haqqında məlumatlar veriləcək. Bütün məzhəblər tədris ediləcək. . Gələcəkdə xristianlıq və yəhudilik üzrə də mütəxəssis hazırlamağı nəzərdə tuturuq. Dediyiniz məqam çox həssas və incə məqamdır. Müəllim məsələsində də, tədris prosesində də məzhəbçilik, təriqətçilik meyillərindən maksimum uzaq olmağa çalışacağıq. Tədris prosesində hər iki məzhəbin əsasları, prinsipləri, dəyərləri və ehkamları barədə tələbələrə məlumat veriləcək. Heç bir ayrı-seçkilik olmadan maksimal şəkildə balansı gözləməyə çalışacağıq. Müəllim seçimində də bu prinsip çox ciddi nəzərə alınacaq. Qeyd etdiyiniz problem əsrlər boyu İslam dünyasını geri salan, müharibələrə və qarşıdurmalara səbəb olan məsələ olub.
– Tədris prosesinə xarici mütəxəssislər cəlb olunacaq?
– Xaricdən bir semestrlik, yaxud bir illik xarici mütəxəssislərin cəlb olunması təcrübəsi mövcuddur. Bizim də belə planlarımız var. Hazırda bütün ixtisaslar üzrə müəllimlərimiz var. Gələcəkdə xarici təhsil müəssisələri ilə həm müəllim, həm də tələbə mübadiləsini nəzərdə tuturuq. Bu gün elə azərbaycanlı ilahiyyatçılar var ki, onlar Türkiyədə yaşayır, bu ölkənin oradakı təhsil müəssisələrində çalışırlar. Avropada işləyən, Amerikaya köçən mütəxəssislərimiz də var. Bizim fəaliyyətimizdə beynəlxalq əlaqələr prioritet istiqamət olacaq. Bu gün Oksford və Kembricdə İslamla bağlı tədqiqatlar aparılır. Biz o mütəxəssislərlə mütləq əməkdaşlıq quracağıq. Onlar tədris prosesində, bizim konfranslarımızda iştirak edə bilərlər. Bir sözlə, xarici mütəxəssislərlə mütəmadi və sıx şəkildə işləməyi nəzərdə tuturuq. Təcrübə mübadiləsi olduqca vacib məsələdir. Onu da deyim ki, bu institut yaradılandan sonra xaricdən bizə yetərincə müraciətlər də daxil olub. Vaxtilə Azərbaycandan xaricə köçüb, indi gəlib burada işləmək istəyən və əməkdaşlıq etmək istiyənlər
– İnstitutun hazırki binası tədris prosesinin tələblərinə imkan verirmi?
– İnstituta yeni binanın ayrılması ilə bağlı iş gedir. Hazırda bir neçə variant nəzərdən keçirilir. Gələcəkdə ayrıca kampusun tikilməsi ideyası və planı var. Hələlik üzümüzə gələn tədris ilini bu binada keçirəcəyik. Bu ilki tədris üçün burada yetərli şərait var. Hesab edirəm ki, tədris prosesini burada normal qura biləcəyik. Növbəti illərdə isə bizim tələbələrimizin sayı artacaq.
– Deməli, növbəti illərdə qəbulun artımı gözlənilir?
– Bəli. Bu il 60 nəfər qəbul olunacaq. Bizim 42 nəfər tələbəmiz də ilahiyyat fakültəsindəndir. Onlar da artıq bizim tələbəmiz olacaq. Hazırki şəraitdə 120 tələbənin təhsil alması üçün imkanlar yetərlidir.
– İnstitutda hansı dünyəvi fənnlər tədris olunacaq?
– Bildiyiniz kimi, Təhsil Nazirliyinin müəyyənləşdirdiyi məcburi fənnlər var. Amma bunlarla yanaşı, bizim Yanaşmamız belədir ki, tələbələrimiz tarixi, ədəbiyyatı, informatikanı, fəlsəfəni və xarici dilləri mütləq yaxşı bilməlidirlər. Belə bir hədəfimiz var ki, tələbələrə dörd dili yaxşı şəkildə öyrədək – ərəb, ingilis, rus və fars dillərini. Bunların bir hissəsi tədris prosesində, bir hissəsi isə əlavə kurslarda öyrədiləcək. Sosiologiya, psixologiya, fəlsəfə və şəraitdən asılı olaraq digər dünyəvi fənnləri də tədris etməyi düşünürük. İnstitutu bitirənlər dini yaxşı bilməklə yanaşı, dünəvi fənnləri də dərindən mənimsəməlidirlər. Dərnəklərdə xəttatlığı öyrətmək fikrimiz var. Dərsdən əlavə kurslarda da tələbələrə bilgilər veriləcək.
– Ceyhun müəllim, Bakı İslam Universiteti din xadimləri buraxır, Azərbaycan İlahiyyat İnstitutu da islamşünaslar buraxacaq. Bunların işə düzəlməsində problem olmayacaq ki?
– Azərbaycan İlahiyyat İnstitutu yeni yaradılıb, Bakı İslam Universiteti isə 25 ildən artıqdır ki, fəaliyyət göstərir. Bizim qarşımızda qoyduğumuz əsas istiqamətlərdən biri Bakı İslam Universiteti, Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlıq etməkdir. Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətlərinin ölkədə dini sabitliyin qorunmasında, dövlət-din münasibətlərinin tənzimlənməsində müstəsna xidmətləri var. Bu baxımdan adını çəkdiyim idarə ilə sıx əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycanda 2 mindən artıq məscid var. Bu məscidlərin din xadimləri ilə təmin olunması istiqamətində hazırda iş gedir. Həmin məsələdə həm Bakı İslam Universitetinin, həm də Azərbaycan İlahiyyat İnstitutunun üzərinə böyük məsuliyyət düşür. Birgə əməkdaşlıqla bu sahəyə daha çox töhfə verə bilərik.
– Bakıda bir İlahiyyat məscidi var. Bu məscidi çox vaxt BDU-nun ilahiyyat fakültəsi ilə əlaqələndirirdilər. Tələbələriniz ibadət üçün bu məsciddən istifadə edəcəklər?
– Adına görə bəzən həmin məscidi ilahiyyat fakültəsi ilə eyniləşdirirlər. İlahiyyat məscidi İnstitutumuza bağlı bir qurum deyil. Məlumat üçün qeyd edim ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyə Respublikası Diyanət İşləri Başqanlığı arasında İlahiyyat fakültəsinin yaradılması haqqında 1992-ci ildə birgə müqavilə imzalanmışdır. Həmin ildə digər razılaşmaya əsasən, Türkiyə Diyanət İşləri Başqanlığı İlahiyyat fakültəsi üçün Bakı Dövlət Universitetinin tələbə şəhərciyi ərazisində məscidin inşasına başlamışdır. Fakültənin adına uyğun olaraq “İlahiyyat” məscidi adlandırılan ibadət evi 1993-cü ildən fəaliyyət göstərir. Məscid əsasən İlahiyyat fakültəsinin müəllim və tələbələri üçün nəzərdə tutulmuş, lakin ilk vaxtlar bura gələnlərin böyük əksəriyyətini Azərbaycanda təhsil alan türkiyəli tələblər və iş adamları təşkil etmişdir. Daha sonra ibadətə gələn azərbaycanlıların sayı artmış, eyni zamanda, türkiyəli tələbələrin və iş adamlarının bir qismi ibadət üçün digər məscidlərə – “Şəhidlər”, “Qaraçuxur”, “Ceyranbatan” və “Mehdiabad” məscidlərinə üz tutmuşlar.
Sonradan sözügedən məscid dini təhsil alan tələbələrin praktiki təcrübə keçmələri məqsədilə “İlahiyyat” məscidinin Qafqaz Müsəlmanları İdarəsinin “Tədris-Təcrübə Mərkəzi” adı ilə bu qurumun himayəsinə və idarəçiliyinə verilmişdir.
Gündüz Nəsibov, 1905.az