“Bukinist Mendel”in suallarını Ceylan xanım Mumoğlu cavablandırdı.
– Ceylan xanım, hər bir yaradıcı insanın hökmən yolu olur, yaradıcılıq yolu. Sizin yaradıcılıq yolunuzun əsas mərhələləri hansılardır?
– Yol deyəndə daxilimi qəribə bir həyəcan hissi bürüyür. Kosmik pəncərədən baxdığımızda, elə hamımız yoldayıq, fərqli cığırlarda yerisək də. Kəşf etməyi sevirəm. Yaşca nə qədər böyüsəm də fərq etməz, ətraf aləmə münasibətdə özümü hər zaman körpə uşaq kimi hiss edirəm, kainata maraq göstərən, barmağını toxundurmaqdan çəkinən, ancaq onu öyrənmək marağı aşıb-daşan körpə kimi. Bu cür yanaşmanı müəyyən qədər Eynşteynin yaradıcılıq prinsiplərindən öyrənmişəm. Bu fikirlə necə razılaşmayasan axı – “İnsanın dəyəri onun nəyə nail olması ilə deyil, insanlara nələri verməsi ilə ölçülməlidir. Təkcə uğurlu deyil, həm də dəyərli insan olmağa çalışın”.
Düşünürəm ki, yaradıcılıq yolu və mərhələləri barədə yaradıcı insanın özü danışmamalıdır. Yaradıcı insan yaradır və onun əvəzinə əsərləri danışır. Təkcə bunu qeyd edim, mükəmməllikçi xüsusiyyətimə görə hesab edirəm ki, yaradıcılıq yolumda hələ sözümü deyə bilməmişəm. Hekayələrim, yazılarım və tərcümələrim ideya müəllifi və həmtəsisçisi olduğum Qadin.Net saytında, qismən Parafr.az saytında və başqa saytlarda yayımlanıb.
– Yazar həm də oxumalıdır. Özü də intensiv olaraq. Kimləri oxuyursunuz?
– Yazıçı nəinki oxumalı, hətta oxumaqla bağlı irəliləmələri, intensivliyi, oxu keyfiyyətini də hər an inkişaf etdirməlidir. Bu məsələdə Z. Freydin prinsipini məntiqli hesab edirəm: “Özünüzü müqayisə edəcəyiniz yeganə insan keçmişdəki siz olmalısınız və özünüzdən daha yaxşı ola biləcək yeganə insan da indiki sizsiniz”. Oxumaq zəhmətli işdir və bu zəhmətin arası kəsilməməlidir, çünki oxuduqca beyin fəaliyyətimiz daha da aktivləşir, yaradıcılığa, yeniliyə sövq edir. Kitab oxunması, yeni biliklər öyrənilməsi və anlayış qazanılması haqqında “Aydınlanma səyahəti” kitabının ikinci hissəsində bəhs etmişəm. “Beynin inkişafı yolları və lazımi məşğələlər” adlı hissədə. Əhəmiyyətli olan nə qədər oxuduğumuz deyil, oxuduğumuzdan nə qədər yararlandığımızdır. Hazırda özüm də kitabda yazdığım tövsiyələrdən birini, sinoptik mütaliə (bir mövzu ilə bağlı bir neçə kitabı oxumaq, qarşılaşdırmaq, təhlil etmək) vərdişini inkişaf etdirməyə çalışıram. Hər zaman marağında olduğum və bundan sonra da davam edəcəyim “möcüzəli cihaz”ımız, yəni beynimiz haqqında ədəbiyyat oxumaqdan vaz keçməyəcəyəm. Bununla yanaşı bu il daha çox psixoloji ədəbiyyat (sevdiyim sahədir), istər elmi olsun, istər bədii,oxumağı planlamışam. Tərcümələrlə bağlı metodiki vəsait lazım olacaqsa, onlara da vaxt ayıracağam.
– Yaşadığınız İstanbul şəhərindən Azərbaycan ədəbiyyatı, daha dəqiq desək ədəbiyyatımızın bu günü necə görünür?
– Bu yaxınlarda gənc şairlərimizdən birinin müsahibəsində oxudum, deyib Azərbaycan ədəbi mühiti o qədər kiçikdir ki, hamı üz-üzə gəlir. Bu fikri Türkiyə ədəbi mühiti haqqında deyə bilmərik. O qədər yazıçı, şair var ki, hardasa statistika məlumatlarına baxmaq lazım gələcək. Çox güman ki, buna ölkənin demoqrafiq potensialının da təsiri var. Nəşriyyatların, kitab mağazalarının, kitabxanaların çox olması, ən əsası oxucu tələbatının bizim ölkə ilə müqayisədə yüksək olmasını səbəb kimi göstərmək olar. Nümunə üçün qeyd edim, özüm hansısa kitab mağazasına getdiyimdə alacağım kitabın tərcüməçisinə qədər seçirəm. Yəni, tutaq ki, eyni klassik əsər bir neçə tərcüməçi işi ilə satışa çıxarılıb, bəyəndiyini seç, al. Azərbaycan kitab mağazalarında bu cür imkanlara rast gəlmərik yəqin ki. Ola bilər, müəyyən inkişaf mərhələsindən sonra bu hal bizdə də olsun. Bunun üçün ən başda oxucu tələbatı artmalıdır. Bundan da əvvəl ölkədə oxu zəkasının artırılmasına ciddi ehtiyac var. Türkiyədə Ahmet Ümit adlı yazıçının “İstanbul hatırası” kitabı yüz min tirajla çap olunub, hamısı da satılıb. Deyəsən sonra yenidən bir də nəşr olunub. Bu rəqəmləri göstərməkdə məqsədim Türkiyədə oxu vəziyyətinin heç də mükəmməl olması fikrini çatdırmaq deyil. Türkiyə bu məsələdə Finlandiya, Yaponiya, Rusiya kimi ölkələrdən geridədir. Adlarını çəkdiyim ölkələrlə müqayisədə bizim ölkənin vəziyyətini düşünmək nəticə çıxarmaq üçün kifayətdir. Bir ölkədə oxumağa qarşı istək artmadıqca, o ölkədə qəflət və qəflətdən doğan fəlakət azalmaz. Bu fikirlər Bencamin Franklinindir və o necə də haqlıdır. Oxumaq həm də ölkələrin iqtisadiyyatına mühüm təsir göstərir.
Beləliklə, İstanbul şəhərindən Azərbaycan ədəbiyyatının bu günü normal görünmür oxucu qıtlığı kəskin hiss olunur.
– Türk ədəbi mühiti barədə bir qədər də danışaq.
– “Türkiyə ədəbiyyat xəritəsi” kitabını xatırladım. 1064 səhifə həcmindədir. Enver Ercan adlı müəllif ərinməyib, 81 ərazi vahidində Türkiyənin müxtəlif bölgələr üzrə bütün ədəbiyyat nümayəndələrini tək-tək araşdırıb, hər bölgənin xəritəsinə görə yaşayıb yaratmış yazıçı və şairlər, onların əsərləri haqqında qısaca ensiklopediya xarakterli məlumat verib. Ədəbiyyatçılara bu cür yanaşma bəyəniləndir.
Günümüzdə isə Türkiyədə seçilən və çox oxunan yazıçı və şairlər arasında Orhan Pamuk, Nazim Hikmət, Oğuz Atay, Yaşar Kemal, Ahmet Hamdi Tanpınar, Elif Şafak, Zülfü Livaneli, Ayşe Kulin, Cemal Süreyya, Can Yücel, İskender Pala, Murathan Mungan və ilk sırada Sabahattin Ali gəlir mənə görə, yaxud da mən belə hiss edirəm.
Ümumiyyətlə isə yazıçı və şairlərin özləri də, əsərləri də çoxdur. Hər birini seçib oxumaq üçün çox zamana ehtiyac var. Tək bunlarla bitmir, türk ədəbi mühitində ədəbiyyat tarixində mühüm rol oynamış və hazırda da fəaliyyətə davam edən bir xeyli ədəbiyyat dərgisi, türk mədəniyyət, sənət, ədəbiyyatı ilə bağlı əsərlərin başqa dillərdə yayımlanmasına dəstək olan TEDA layihəsi, kitab fuarlarının fəaliyyətini də nəzərdən qaçırmaq olmaz.
– Yaradıcılıq planlarınız barədə danışaq. Bu planlarda Azərbaycanla bağlı məqamlar çoxdur, yoxsa Türkiyə ilə?
– Hazırda tərcümələr üzərində işləyirəm. Bu yaxında bir nəşriyyatdan maraqlı təklif aldım, onu reallaşdırmaq üçün də işə başlamışam. Ölkədə psixoloji ədəbiyyat baxımından boşluğumuz var. Bu işdə əlimdən gəldiyi qədər kömək edəcəyəm. Konkret plan cızmamışam, ancaq oxucularımıza roman sözüm var. Gördüyünüz kimi planlarda Azərbaycanla bağlı məqamlar çoxdur, ehtiyac olsa, gələcəkdə Türkiyə ilə bağlı planlar da qurmaq olar.
Nigar Babayeva, 1905.az