“Rahat yatın, ey nahaq qurbanlar, rəhmətlər sizə” – bu manşeti Tiflisdə, “Qardaş qayğısı” (12 noyabr, 1918-ci il) adı ilə yalnız bir nüsxəsi işıq üzü görən qəzetdə oxuyurdum.
O dəhşətli faciəli günlərdən cəmi altı-yeddi ay keçməsinə baxmayaraq, sanki dünən baş vermiş kimi gəlirdi mənə. Bir tərəfdən məqaləni oxuyur, digər tərəfdən məndən yazı istəmiş müxbir dostum üçün acı xatirələr barədə düşünürdüm. Bu haqda düşünmədiyim gün, saat vardımı, bilmirəm. Yenidən içimə sıxıntı çökdü, stula yastılanıb həmin acı xatirələrə qayıtdım. O quyu, ilahi, o quyu yaddaşımdan silinməyəcək…
Biz doqquz nəfər – beş nəfərimiz şəhərli, dörd nəfərimiz kəndli- arabayla gedirdik ki, yolda erməni qırmızı qvardiyaçılar bizi həbs edib Zabrata apardılar.
Sonra bir su quyusuna bənzər neft quyusunun yanında dayandılar. Biz beş şəhərlini gülləbaran edib quyuya tulladılar, digərlərininsə başına nə gəldi bilmədim, ancaq güllə səsləri hələ də eşidilirdi. Yaralanmışdım, üstümə atılan dörd ölüylə birlikdə quyunun dibindəydim. Bu halda ağlıma ilk gələn, “meyitlər soyuyunca (hələ kimin ölü, kimin diri olduğunu anlamasam da) çəkiləri daha da ağırlaşacaq”, düşüncəsi oldu. Havalanmış adamlar kimi cəld hərəkət edib bədənimi meyitlərin yükündən qurtarmağa çalışdım. Gücəndikcə böyrümdəki istilikdən hiss etdim ki, yaradan daha çox qan axmağa başladı, bədənimin yuxarı hissəsini xilas etsəm də, ayaqlarım meyitlərin altında qaldı. Cibimdən burun dəsmalımı çıxarıb yaramın üstünə basdım. İsti maye vücudumdan axdıqca məni xoş, sakit bir rahatlıq bürüyürdü. Dəsmalı yarama daha da bərk basdım. Başıma gələn faciənin şokundan huşumu deyəsən itirmişdim.
Ayılanda nəfəsimin çatmadığını və ayaqlarımın üzərindəki meyitlərin ağırlığının acısını hiss etdim. “İlahi, bu nə dəhşətdir, yer üzündə cəhənnəm cəzası deyilən şey varsa, yəqin bu olmalıdır”, deyərək ümidsizliyə qapıldım. Son gücümü toplayıb hərəkət etməyə çalışdım, hərəkət nədir, üstümdəki dörd ölünün ağırlığını kilolarla üzərimə tökülmüş dəmir parçalarının ağırlığı kimi hiss edirdim. Heç cürə tərpənə bilmirdim. Bir an istədim yuxarıya doğru səslənim, imdad diləyim, bağırım, ancaq orda kimin olacağından əmin olmadığımdan vaz keçdim. Hələ ki, bizimkilərin səsini eşitmirdim. Üstümə yenidən ölü atarlarsa, necə olacaq? Bu fikrin yaratdığı dəhşət hissi boğazımda düyümə çevrildi.
Yaram incidirdi, sağ qala bilməyim üçün çox ehtiyatla hərəkət etməliydim, yaxud da elə bu halda ölüb getməliydim. Ayaqlarımı yavaş-yavaş tərpətməyə çalışdım, ölənlərin qanları axıb ayaqlarımı islatmışdı.
Həmin günlərdə şəhərdə baş verən dəhşətli hadisələrdən xilas ola bilmədik. Axı niyə çıxmışdıq küçəyə? Kaş Səlim və Balabəy Mərdanovları yola gətirə bilsəydim. Yoxsa indi burda üstümdə ölü yatmazdılar. Ailələri necə oldular, İlahi? Yəqin həyəcanla axtarırlar. Bəs mənim ailəm? Ah… Lənətə gəlmiş ermənilər! Alçaq vəhşilər!
Yox, yox, bizdən adam olmayacaq! 1905-ci il hadisələri belə bizi ayıltmadı. Elə bil bizi hansısa izaholunmaz qüvvə qəsdən keyləşdirib, hələ də yatırıq! Bu gedişlə illər uzunu yatmağa davam edəcəyik! Ölənlərə rəhmət, qalanlara ibrət deyirik, amma ibrət olmur, qardaş, olmur! Sanki hadisələrin “əbədi qayıdışı”na şüursuz məhkum olunmuşuq.
Qulağımıza çatmışdı ki, ermənilər bolşevizm bayrağı altında müsəlman firqəsini talayıb-qırırlar. Buna səhlənkarlıqla yanaşmışdıq, hətta ermənilərin evbəev gəzib ziyalı müsəlmanları yığıb naməlum yerə aparmalarına da inanmamışdıq. Bu ağırlıqda vəhşilik gözləmirdik. Nahaq yerə! Gözləməliydik!
Acılı düşüncələrdən qəhərləndim, gözlərim yaşardı. Özümə gələndə quyuya düşən işığın azaldığını hiss etdim. Deyəsən qaranlıq öz pərdəsini yer üzünə çəkməkdəydi. Günəşin hər kəsə səxavətlə payladığı və mənim payıma düşən cüzi şəfəqi son nəfəsini yaşayırdı. Tərslikdən bu dəfə evdən çıxdığımda kibritimi də götürməmişdim, üstəlik siqaretim üstümdə deyildi. Elə əsəbiləşdim ki, özümə. Qəfildən ağlıma gəldi ki, ölü yoldaşlarımın (necə dilim gəlirdi belə düşünməyə) ciblərinə baxım. Güclə tərpənib oturan yerdə dikəlməyə başladım. Balabəyin cibindən kibrit tapdım, xəzinə tapmış bəxtəvərlər kimi gözlərim işıqlandı, özümə zülm edib digər cibə də siqaret tapmaq sevinciylə ulaşmağa çalışdım, ancaq səyim əbəsdi, ayaqlarımın meyitlərin altından qurtulması lazımdı. Hər dəfə meyitləri tərpətdikdə qan qoxusu quyuya yayılırdı. Məni qusmaq tutdu, ögüməyə başladım və qusdum. Bundan sonra da öz qaytardığımın qoxusuna ürəyim bulandı. İyrəndim.
Hansısa əsərdən oxumuşdum, “turşumuş və qaxsımış iylər birinci dəfədən adama xoş gəlmir, amma iki dəqiqədən sonra öyrəşirsən, çünki iy sənə də hopur, özündən də iy gəlir, öyrəşirsən. Amma quşlar bu havaya öyrəşə bilmir, ölürlər”. Yəqin quş kimi burda tora düşmüş vəziyyətdə olsaydım, indiyə ölmüşdüm. Hə, axı Adəm övladı hər şeyə öyrəşir!
Allahım, bu necə cəzadır çəkirəm, heç Hz. Yusif quyuya düşəndə bu əzabı çəkməyib. “Əstəğfirullah”, dedim, başım xarab olub, yenidən ayaqlarımı qurtarmağa çalışdım. Ağlıma Hz. Yusif gəlmişkən, dörd ay əvvəl rəhmətə getmiş nənəmi xatırladım. Ölmədən öncə ailəni halallaşmaq üçün çağırmışdı. Mənlə söhbətindən sonra əlimə qara ipli, al qırmızı məxmər örtüklü, kiçik Quran kitabı tutdurmuşdu, mən də xoşuna gəlsin deyə elə yanındaca boynuma taxıb nənəmin alnından öpmüşdüm. Əlimi sinəmə doğru apardım, köynəyimin düyməsini açıb, boynumdan asılan həmin kiçik medalyonu çölə çıxardım, burnuma yaxınlaşdırıb gül ətrini ciyərlərimə çəkdim. Bu, məni bir qədər sakitləşdirdi, qoxulamağa davam etdim. Sonra medalyonu qoxusunun itməsi qorxusuyla yenidən köynəyimin içinə saldım. Sonra öz hərəkətimə rişxəndlə güldüm, elə bil əbədi burda sağ qalacaqdım.
Bərk susamışdım, mədəmdəkiləri qaytardıqdan sonra isə boğazım qurumuşdu. Vaxtın keçməsiylə də susuzluğumun artacağını yaxşı bilirdim. Artıq əlacım Allaha dua etmək, yalvarmağa qalmışdı. Gecə burda bağırsam, kimsə eşitməyəcəkdi. Bu vəziyyətdə yuxulamışam. Səhər açılmasını quyuya güclə gəlib çatan günəş şəfəqlərindən anladım. Şiddətli baş ağrım vardı. Ayaqlarım da sanki yoxdu, qopmuşdu. Bu halımla özümə o qədər acıdım ki, elə həmin anda ölməyi arzuladım.
Lakin bir qədər sonra erməni qaniçənlərin törətdikləri vəhşilikləri xatırladım, qəzəbdən gözlərimdə şimşəklər çaxdı. Bu qəzəb o qədər şiddətliydi ki, daxilimdən gələn anlaşılmaz bir qüvvəylə sağ ayağımı dartıb meyitlərin altından çəkdim, bu dəfə ayağımı çıxarmağa nail ola bildim. Ancaq sadəcə sağ ayağımı. Bir neçə dəqiqə dizdən bükülümüş sağ ayağımdakı damarlarda qanın hərəkətiylə müvəqqəti sevinc yaşadım. Əlimlə böyrümdəki yaranı yoxladım, xoşbəxtlikdən daha qan axmırdı. Yorğunluqdan gözlərim yumuldu. Bu vəziyyətdə nə qədər qalmışam bilmədim.
Başımı qaldıranda yuxarıdan bir qaraltının iplə yavaşca aşağı sallandığını gördüm. Ürəyimə damdı ki bizimkilərdir, var-qüvvəmi toplayıb, “Kömək edin!”, deyə səsləndim. Qaraltı bir neçə saniyə dayandı, sonra yuxarıya doğru çəkildi. Yəqin qoxunun təsirindən aşağı enməyi mənasız hesab etdilər. Məni burda qoyub gedəcəkləri fikri elə sarsıtdı, elə qorxutdu ki, son gücümü toplayıb, bütün varlığımla bağırdım: “Kömək edin! Burda sağ qalan var!”
Bir neçə dəqiqədən sonra qaraltının yenidən aşağı endiyini gördüm. Sonrasını xatırlamıram, deyəsən qüvvətli bağırmadan huşumu itirmişdim. Daha sonra xəstəxana və uzun müddətli müalicələr başladı. Lakin sağalmağımın ən böyük səbəblərindən biri Cumhuriyyətimizin qurulması oldu. Çəliklərimə söykənərək xəstəxananın pəncərəsindən Bakıya baxdıqca ürəyim açılırdı. Artıq azad idik…