İctimai nəqliyyatda kitab oxumağın ayrı ləzzəti var. Mən bu imkandan tez-tez istifadə edirəm. Metro vaqonlarında qət etdiyim minlərlə kilometr sayəsində indiyə qədər onlarla kitab oxuya bilmişəm. Məlumatımı artırmışam. Üstəlik, məhz metroda kitab oxumağım sayəsində ən azı bir maraqlı hadisənin şahidi, hətta iştirakçısı ola bilmişəm.
Mən bu hadisə haqqında danışacağam.
Əslində , bu hadisə ilginc məqamları ilə diqqəti çəkən kiçik dialoqdan başqa bir şey deyildi. Yerli-yataqlı nəql etməyə çalışacağam.
Deməli belə. Təxminən bir il bundan qabağın söhbətidir.
Metronun “Xalqlar dostluğu” stansiyasında qatara minib şəhərə gəlirdim. Özü də məşhur tədqiqatçı Jil Kepelin “Cihad: islamçılığın ekspansiyası və qürubu” kitabını oxuya-oxuya.
Qatar gəlib “28 May” stansiyasına yetişdi və mən kitabı bağlayıb yerimdən durdum. Qatarı tərk edər-etməz üzü tüklü, nimdaş geyimli bir cavan oğlan mənə yaxınlaşıb oxuduğum kitabın adı ilə maraqlandı. Mən kitabın cildini ona göstərdim. Kitabın cildində də Əfqanıstan mücahidinin portreti var idi.
Gənc çox güman ki, kitabın cildində yazılanları başa düşmədiyindən nəşrin adını soruşdu. Mən də dedim ki, bu fransalı tədqiqatçının “Cihad” adlı kitabıdır və rus dilindədir.
Cavan oğlan ikrah hissi ilə məni və kitabı süzərək burada yazılanların “haqq” (bəli, bəli, məhz “haqq”) olub-olmaması ilə maraqlandı.
Mən də öz növbəmdə təəccüblə ona baxıb bu kitabın sadəcə olaraq tədqiqat işi olduğunu söylədim.
Söhbət bu yerə çatanda dərin zəka sahibi olmadığı açıq-aşkar sezilən oğlan təmənnasız olaraq ehtiyacı olanlara ağıl öyrədən adamlara xas tərzdə dedi ki, dinsizlərin yazdıqları kitabları oxumayım. Və kitab oxuyanda da, müsəlmanların, “öz alimlərimiz”in yazdıqlarını oxuyum.
Onun “öz alimlərimiz” deyəndə məhz hansı ölkənin alimlərini nəzərdə tutduğunu öyrənməyə və bu gözəl, həyatımı kökündən dəyişdirə biləcək məsləhətə görə dərin təşəkkürümü, sərhəd tanımayan minnətdarlığımı bildirməyə macal tapmadım. Nimdaş geyimli, üzü tüklü oğlan əlindəki təsbehi yellədə-yellədə uzaqlaşdı…
Məsuliyyətlə deyə bilərəm ki, “28 May” stansiyasındakı 1-2 dəqiqəlik dialoq heç vaxt yadımdan çıxmayacaq.
Kepelin kitabını isə sonrakı günlərdə oxuyub qurtardım.
Çox maraqlı idi.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 104-105)