Yaylıqları bayraq olan Vətənim!
Anaların pak südünə and olsun!
Bayraqları torpaq olan Vətənim,
Torpağının boz külünə and olsun!
Hər qarış yerinçün candan keçərik,
Qaniçən deyilik, düşmən qanını
Su yerinə şərbət sanıb içərik!
Yaylıqları bayraq olan Vətənim!
O ağaran dan yerindən hərəmiz
Əynimizə ağ bir kəfən biçərik!
Anaların göz yaşına and olsun!
Bellərini kədər bükmüş o azman
Babaların ağ başına and olsun!
Yerdə qalmaz bu al qanın ləkəsi.
Qalsa əgər tutsun bizi qoy sənin
Verdiyin o duz- çörəyin tikəsi!
Yaylıqları bayraq olan Vətənim!
Sən ağlama, sən ağlasan, yanacaq,
Qovrulacaq bax bu canım, bu tənim!
Oğulların divar- divar, min- mindir,
Lazım gəlsə, bundan belə damarda
Axan qanın hər giləsi sənindir.
Sənindir bax, bu döyünən ürəklər,
Amal da sən, arzu da sən, şərəf sən,
Səninkidir bu muradlar, diləklər!
Biz getsək də, bu dünyada sən yaşa.
Adımız adınla çəkilsin qoşa.
Yaylıqları bayraq olan Vətənim,
Bayraqları torpaq olan Vətənim…