1905.az “Diskussiya klubu”da bu həftə biz animasiya filmlərimizdə vətənpərvərlik mövzusunu “Azanfilm”in keçmiş rəhbəri, animator, rəssam Elçin Hami Axundov, “3 Dost”animasiya studiyasının təmsilçiləri, rejissor Rəşad Əfəndiyev və Yusif Qabilov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, estrada aktyoru və rejissoru, estradaşünas alim Qorxmaz Əlilicanzadə, “Prosper Cartoon Studio”dan animator, illüstrator Hafiz Məlikli, psixoloq Xatirə Səfrova, 132-134 nömrəli məktəbin ibtidai sinif müəlliməsi Südabə Səfixanova və “Space” telekanalının təmsilçisi Rasim Mustafaoğlu ilə müzakirə etdik.
Fuad Babayev: Bu gün biz sizinlə cizgi filmlərimizdə vətənpərvərlik mövzusundan danışacağıq. Etiraz etmirsinizsə ilk sualı Elçin müəllimə ünvanlayardım. Bilirik ki, uşaqlara təsir etməyin əsas yollarından biri cizgi filmlərimizdir. Bizim cizgi filmlərimizdə vətənpərvərlik mövzusuna toxunulurmu?
“CAVANŞİR” GƏRƏK 1992-Cİ İLDƏ ÇƏKİLƏRDİ…
Elçin Hami Axundov: Mən öz payıma deyirəm ki, toxunmuşam. İstər “Güzgü”, istərsə də “Cavanşir” filmində. Amma “Cavanşir” filmi 1992-ci ildə yazılıb. 2003-də isə çəkilib. Artıq çəkilən dövrdə təsir qüvvəsi itmişdi. Gərək 1992-də çəkilərdi. O vaxt xristianlıq, xristian tarixi barədə də çoxlu filmlər çəkilirdi. Mən də bir film çəkdim. Pul az idi. Təxminən 3 dəqiqəlik “Ümid” filmi. Süleyman Sani Axundovun qorxulu nağıllarından götürmüşdüm ssenarini. Orda din məsələsinə də toxunmuşdum.
Südabə Səfixanova: Uşağa nüfuz etməyin birinci yolu cizgi filmləridir. Uşaq körpə-təxminən 3 yaşından gördüklərini yadında saxlamağa başlayır. Uşaq üçün cizgi filmi həyatla tanışlıq deməkdir. Bu filmlər uşağın formalaşmasında böyük rol oynayır. Uşaq özünə lazım olan-olmayan bütün informasiyaları cizgi filmləri vasitəsi ilə mənimsəyir. Dünən bu mövzu ilə bağlı sinifdə uşaqlar arasında bir sorğu keçirdim. Onlara sual verdim ki, cizgi filminə nə üçün baxırsınız? Müxtəlif cavablar verildi. Bir şagird də dedi ki, fəndlər öyrənmək üçün baxır cizgi filmlərinə. Bu fəndləri nə üçün öyrənmək istədiyini soruşanda deyir ki, gələcəkdə ona lazım olacaq. Bəzən valideynlər diqqətsiz yanaşır uşaqlara. Onlar uşağa vaxt ayıra bilmədiyindən uşağın hansı cizgi filminə baxmasından xəbəri belə olmur.
Fuad Babayev: Rəşad müəllim, studiyanın çox maraqlı adı var. Niyə məhz 3 dost?
Rəşad Əfəndiyev: 2 dost studiyanı yaradıb. 3-cü dost isə müştəridir. Bu müştəri siz və ya başqa bir adam ola bilər. Ona görə də studiyanın adı məhz “3 Dost” seçilib. Fəaliyyətimizə gəldikdə isə əsas fəaliyyət istiqamətimiz reklam olub. Sonradan reklamlarda multiplikasiya elementlərindən istifadə etməyə qərar verdik. Hazırda “Cırtdan və sehrli xalat” cizgi filmi üzərində işləyirik.
İLDƏ ƏN AZI 4 FİLMİN ÇƏKİLMƏSİ ÜÇÜN MALİYYƏ AYRILIR
Qorxmaz Əlilicanzadə: Bilirsiniz, biz bəzən sözdə vətənpərvərlik, vətən və s bu mövzularda kitab yazılmalı, film çəkilməli, şer yazılmalı, tədbirlər olmalıdı kimi sözləri çox deyirik. Uşaqlara nüfuz etmə vasitəsi genişdir. Əvvəllər konkret maliyyə yox idi. Amma indi Prezidentin qərarı ildə ildə ən azı 4 cizgi filminin çəkilməsi üçün maliyyə ayrılır. Ancaq çəkilən 4 filmin hamısını vətənpərvərlik mövzusuna həsr etmək olmur. Bunlardan yalnız biri o mövzuda çəkilə bilər. Ancaq cizgi filmlərində sonradan kommersiya məsələləri ortaya çıxır. Film çəkilir və maliyyə götürmək prosesi işə düşür. Bizim evimizi yıxan da kommersiya məsələləridir. Bildiyimə görə ermənilər hər il cizgi filmlərinin çəkilməsinə 500 min dollar maliyyə ayırırlar. Çox yaxşı olardı ki, bir komandamız olsun. O komandaya ssenarist, animator, psixoloq, rejissor qoşulsun və vətənpərvərlik ruhunda çəkilişlər olsun. İndi məktəb də yoxdu. Elçin müəllim bir neçə dəfə animasiya məktəbinin açılması ilə bağlı müraciət edib. Ancaq hələ ki, maliyyə ayrılmır. Bu il dövlət maliyyə ayırmalıdır. Belə deyiblər. Mütləq bu işə başlayanlara yol göstərən oılmalıdır. Onlar müəyyən mərhələyə kimi özfəaliyyətlə məşğul ola bilərlər. Peşəkar nəticə üçün məktəb olmalıdır.
Fuad Babayev: Hafiz müəllim, buyurun söz sizindir. Vətənpərvərlik bizim cizgi filmlərimizdə əsas mövzular arasında yer alır yoxsa…
Hafiz Məlikli: Əsas mövzu deyil. Bu yaxınlarda bir layihə keçirildi. İçərişəhər haqqında. Məktəbdə oxuyan az yaşlı şagirdlərin yazdığı ssenarilərdən 3-ü seçilir və seçilən ssenarilərin əsasında cizgi filmi çəkilir. Amma bu uşağın təfəkkürü idi. Seçilən ssenarilər İçərişəhərin tarixini olduğu kimi göstərə bilməzdi. Düşünürəm ki, vətənpərvərlik mövzusunda cizgi filmi çəkəndə döyüş səhnələrini göstərmək şərt deyil. Biz özümüzə aid elementləri təsvir etməklə də vətənpərvərliyi nümayiş etdirə bilərik. Məsələn, Rusiyanın uşaqlar tərəfindən çox baxılan və sevilən cizgi film istehsalı “Maşa və ayı”. Orada Maşa kisel, sıyıq hazırlayır. Niyə? Çünki sıyıq Rusiyaya aid yeməkdir. Və ya uşaq vaxtı hər birimizin baxdığı “Aldar Kosa” qazax cizgi filmi. Orada qəhrəman plovu əllə yeyir. Yəni cizgi filmlərində milli elementlərini əlavə etməklə də biz vətənpərəvliyimizi uşağa göstərə bilərik.
Südabə Səfixanova: Niyə bizim məsələn, “Koroğlu” haqqında cizgi filmimiz yoxdu? Niyə milli qəhrəmanlarımzı cizgi filmlərimizdə istifadə etmirik? Cırtdan var. Onun da başı bədənindən böyükdür.
Yusif Qabilov: O məntiqlə Maşanın da başı bədənindən iki dəfə böyükdür. Bu qüsur sayılmır. Tərzi belədir.
Elçin Hami Axundov: Tərzlər fərqlidir əlbəttə. Zaqreb məktəbi 1955-ci ildə animasiya öyrənməyə başladı. 57-ci ildə artıq “Oskar” qazandı. “Disney”ən estetikası tamam fərqlidir. Disney animatorlarından biri Basustov yuqoslav idi. Bir xeyli işləyəndən sonra Disney sistemindən bezir və orada ayrılır. Çünki Disneyin qanunları fərqli idi.
“CİZGİ FİLMLƏRİNDƏ ƏSAS YÜK RƏSSAMIN ÜZƏRİNƏ DÜŞÜR”
Başın böyük bədənin balaca olması rəssamın təxəyyülüdür. Cizgi filmində əsas yük rəssamın üzərinə düşür. Baxır o şəkili necə dirildəcək. Animasiya şəkli canlandırmaq anlamına gəlir. Cizgi filmi yalnış ifadədir. Türklər cizgi dedi biz də cizgi deməyə başladıq. Personajı canlandırmaq üçün sən gərək yaxşı aktyor olasan. 88-ci ildə biz kurslar təşkil edirdik. 80 nəfərdən 20 nəfər seçmişdik. Çünki digərlərində aktyorluq bacarığı yox idi. Sən yaxşı aktyor olmasan rəssam ola bilməzsən.
Rəşad Əfəndiyev: Biz hazırda “Cırtdan və sehrli xalat” cizgi filmini ekranlaşdırmaqla məşğuluq. Çalışırıq ki, orada milli elementləri göstərək. Geyimdə, xalçada və s . Bizimlə İncəsənət Akademiyasında xalça üzrə təhsil alan rəssam xanım da çalışır. Cizgi filmində “Cırtdan və sehrli xalat” olması bizə imkan yaradır ki, orada milli elementlərdən istifadə edək. Sırf vətənpərvərlik ruhunda çəkilən cizgi filminə gəldikdə isə belə bir təklif olub ancaq maliyyə məsələsində razılığa gələ bilməmişik. Bu, çox bahalı bir prosedurdu.
Qorxmaz Əlilicanzadə: Vahid konsepsiya olmalıdır. Bayaq Südabə xanım “Koroğlu” cizgi filminin olmamasından danışdı. Onun üçün həm maliyyə, həm də film üzərində işləyən heyət lazımdır. Yoxdur.
Fuad Babayev: Cəmiyyətimizdə aqressiya artıb. Bəlkə də bunun bir ucu uşaqların az yaşlarından bəzi cizgi filmlərinə baxmasına gedib çıxır. Bizim dövrün uşaqları Leopolda baxır və xeyrin şər üzərində qələbəsinə inanırdı. İndiki dövr uşaqlarının baxdığı cizgi filmlərində isə daha çox aqressiya var. Və bəzən valideynlər bunun qarşısını ala bilmir. Cəmiyyətimizdə aqressiyanın qarşısını almaq üşün nə edə bilərik?
Yusif Qabilov: Məncə valideyn istəsə nəzarət edə bilər. Əgər valideyn uşağına məktəb, oyuncaq, geyim seçə bilirsə deməli istəsə ona baxmaq üçün yaxşı cizgi filmi də seçə bilər. Hər bir cizgi filmi başlamadan əvvəl ona hansı yaş aralığında uşaqlar baxa bilər yazılır. Məsələn 5+ və s.
Xatirə Səfərova: Bu sxemə baxan yoxdur.
Yusif Qabilov: Bu axı animatorun, rejissorun günahı deyil. Məsələn “Şrek” cizgi filmi Amerikada 0+dur. Rusiya isə ona 12+ yazılır.
Xatirə Səfərova: Uşaq dünyaya gələndə onda yalnız 2 emosiya mövcud olur: sevinc və kədər. Yəni ağlamaq və gülmək. 1 yaşdan 3 yaşa qədər təəccüb, qorxu və s emosiyalar əmələ gəlir. 3 yaşlı uşaqlar arasında bir test aparıblar. 3 yaşlı uşaqda vicdan əzabı var ya yoxdur? Testə görə heç bir 3 yaşlı uşaqda vicdan hissi yoxdu. Bunu belə bir testlə müəyyən ediblər. Bir neçə yaş qruplu uşaqları salıblar tək-tək bir otağa. Testor onlara əyləşdikləri masadan kənarda bir oyuncaq göstərir. Deyir ki, oyuncağa dəymə, mən birazdan gəlirəm. O otaqdan çıxan kimi uşaq gedir oyuncağı götürür öz yerində əyləşir. Sınağı edən şəxs otağa girəndə uşağa deyir ki, oyuncaq sənin əlindədir?! Nə yaxşı! Və ona bir konfet verir. Uşaq bu an aldığı konfetə görə sevinir. Hadisənin gedişini anlamır. Bunu 5 yaşlı uşağın üzərində aparırlar. O testora cavab verəndə arxaya çəkilir və başını aşağı salır. Çünki o səhvini başa düşür. Deməli onda artıq vicdan hissi formalaşıb. Ona görə də hansı cizgi filmə hansı yaş qrupunda uşaqların baxmasını psixoloqlar təyin etməlidirlər.
Ümumiyyətlə vətənpərvərlik mövzusunda cizgi filmi çəkmək əlinə avtomat alan obrazı göstərmək demək deyil. Uşaqlar üçün humanizm, xeyrin şər üzərində qələbəsi, etika, tərbiyə və s bu kimi hissləri aşılayan cizgi filmləri ekranlaşdırılmalıdır. Valideynlər uşağın tərbiyəsinə xüsusi diqqətli olmalıdır. Mənim yanıma hər yaş kateqoriyasındna olan pasientlər gəlir. Bir dəfə bir valideyn 14 yaşlı qızını gətirdi. Qız otağa girən kimi dərhal otağı tərk etdi və dedi ki, ana, məni hara gətirmisən, psixoloqun əynində bir dənə də brend paltar yoxdur. Təsəvvür edin, valideyn uşağın psixologiyasını brend geyimlərlə necə pozub.
“CAVANŞİR” FİLMİ UŞAQLAR ÜÇÜN DEYİL
Bəlkə də demək düzgün çıxmaz, siz məndən böyüksünüz, amma Elçin müəllim, sizin çəkdiyiniz “Cavanşir” filmi uşaqlar üçün deyil. Çünki orada aşağı yaş uşaqların psixologiyasına zidd məqamlar var.
Amerikada bir araşdırma aparıblar. Otağa konfet qoyurlar və uşaqlara deyirlər ki, bu konfeti qətiyyən götürmək olmaz. 45 uşaq arasında aparılan testin nəticəsinə görə cəmi 5 uşaq konfeti götürməyib və düzünü deyib. 40-ı isə götürüb və deyib ki, götürməyib. Yəni 40 uşaq yalan danışıb. Psixoloqlar da belə qərar gəlirlər ki, bu 5 uşaq sağlam deyil. Ona görə ki, onlarda özünü müdafiə instinkti zəifdir. Bəli, bu doğrudan da belədir. Bəzən belə uşaqlar gələcəkdə özünün müdafiə instintikinin zəifliyindən əziyyət çəkir. İnsanların aqressiv olmasının səbəbi onlarda özünəinamın aşağı olması ilə bağlıdır. Güvən az olanda insan özünü sübut etmək üçün aqressiv hərəkətlər edir.
BİZ REYTİNQİN QURBANI OLURUQ
Qorxmaz Əlilicanzadə: Hər ölkənin öz ideologiyası var. Bizdə hələ bu konsepsiya yoxdur. Biz televiziyalara müstəqillik vermişik ki, nə istəyirsən et. Onlar da reytinqə önəm verirlər. Biz də bu reytinqin qurbanı oluruq. Məncə dövlət tərəfindən xarici cizgi filmlərinin yayılmasına qadağa qoyulmalıdır. Azərbaycan övladı üçün lazım olan cizgi filmlər yayımlanmalı, bizim tərbiyəyə uyğunlaşdırılan cizgi filmlərinə yer ayrılmalıdır. Bununla da həm də bizim cizgi filmlərimiz inkişaf edər.
Südabə Səfixanova: Valideyn nəzarəti ilə baxılmalıdır.
Qorxmaz Əlilicanzadə: Ancaq belə nəzarət mümkün deyil. Çox çətindir və hər valideyn bunu edə bilmir.
Fuad Babayev: İcazənizlə Elçin müəllimin ssenari müəllifi olduğu Cavanşir cizgi filminə baxaq.
Elçin Hami Axundov: 13 il əvvəl çəkilmiş bir plakat filmdir. Bayaq Xatirə xanım psixologiya haqqında çox geniş danışdı. Hesab edirəm ki, hər studiyada belə psixoloqlar olmalıdır.
Xatirə Səfərova: Çox gözəl tarixi filmdir. Ancaq buradakı musiqi seçimi, qan, döyüş səhnəsi uşağın psixologiyasına pis təsir edəcək. Uşaq kinlə böyüməli deyil.
Qorxmaz Əlilicanzadə: Neçə yaşdan sonra uşağa vətənpərvəlik hissləri aşılanmalıdır?
Xatirə Səfərova: 7 yaşdan sonra. Ancaq bu hisslər aqressiv formada olmalı deyil.
Elçin Hami Axundov: Xatirə xanım, siz dedikləriniz doğrudur. Amma biz Amerikada deyilik. Onlar o sxemlə yaşayırlar. Bizdə axı o mədəniyyət yoxdur. Bizdə o uşağın babasının da tərbiyəsi yoxdur. O ki qala hər yaşda uşağı psixoloqa aparmaq.
Xatirə Səfərova: Uşağı motivasiya və demotivasiya ilə böyütmək üsulu var. Bu cizgi filmində də demotivasiya elementləri çoxdur. Kin var.
Qorxmaz Əlilicanzadə: Kin düşmənə qarşıdır axı…
Elçin Hami Axundov: İnsanda kin də olmalıdır.
Xatirə Səfərova: Olmalıdır, amma baxır hansı yaşdan sonra.
Elçin Hami Axundov: Öz həyatımdan bir hadisə danışmaq istəyirdim. Mənim bibim oğlu var idi. Məndən 20 yaş böyük idi. Mən isə 6 yaşında idim. Bibim oğlugil söhbət edirdilər. Gəldim onlara qulaq asmağa. Qulağımdan tutdu, itələdi dedi get burdan, sən uşaqsan. Mən uzun müddət onu unutmadım. Ona görə də uşağa hörmət etmək lazımdır. Mütləq.
Əvvəllər uşağa informasiya atadan gəlirdi. İndi uşaq kompüterdən alır informasiyanı. Ata nə isə deyəndə deyir sən səhv deyirsən, kompüterdə belə yazılır.
Fuad Babayev: Bəs biz nə etməliyik? Cizgi filmlərimizin inkişafını sürətləndirmək və vətənpərvərlik motivini artırmaq üçün.
Rasim Mustafaoğlu: Hər kəsin öz işini peşəkar formada görməsindən başlayır vətənpərvərlik, mənə görə. Bu gün uşaqlar televiziyada cizgi filminə baxmır. Əksər vaxt kompüterlərdə baxırlar. Rəşad və Yusifi tanıyıram. Bilirəm ki, onlar müasir standartlarla peşəkar iş ortaya qoyurlar. Bayaq dostlardan biri “Maşa və ayı” cizgi filmində kisel və sıyıq hazırlanmasının vətənpərvərlik elementi olduğunu dedi. Yanılırsınız. Belə deyil. Maşa orda plov bişirə bilməz. Çünki o rus kino industriyasının məhsuludur və s. Bu yaxınlarda eşitdim. Təhsil telekanalı açılacaq. Yəqin ki, bu məsələyə də diqqət ayrılacaq. Fikrimcə vətənpərvəliyin təbliği industriyadan başlamalıdır. Məsələn, animator hardan bilsin 5 və ya 10 yaşında uşaq üçün nə çəkilməlidir? Amma industriya varsa orada psixoloq da olacaq, rejissor da. Və işin altına psixoloq sözü yazılırsa valideyin də rahat olur ki, filan cizgi filminə psixoloq “hə” deyib.
Bizdə animasiya industriyası olmayıb. Animator olub. Məsələn, mən 80-ci illərdə səbirsizliklə Baltikyanı ölkələrinin yeni animasiya filmlərini gözləyirdim. Onlarda art düşüncə var idi.
Elçin Hami Axundov: Düşüncə azadlığının olmaması tək animasiyanın yox, bütün incəsənətin problemidir.
Hafiz Məlikli: Cizgi filmlərində milləti sevmə fikri aşılanmalıdır. Bayaq da adını çəkdiyimiz “Leopold” filmi. Uşaqlara aşılamaq lazımdır ki, heç bir pislik etmədən də xeyir şərə qalib gələ bilər, xeyir şərdən həmişə güclüdür. Bu motivlərlə çəkilən cizgi filmləri yayımlamağa üstünlük verməliyik.
Xatirə Səfərova: Uşaqlara hörmət və sevgi və özgüvən hisslərinin aşılanması çox vacibdir. Amerikalı psixiatrın apardığı aradırmaya görə içki içməyən və siqaret çəkməyən insanlar 40 yaşa çatdıqca xərçəng və daha ağır xəstəliklərə daha çox yoluxurlar. Məlum olub ki, bu qrup insanların ən çox işlətdikləri ifadə “mən bunu bacarmaram”, “edə bilmərəm” sözləridir. Yəni uşaqlara kiçik yaşlarından özünəinam hisslərini aşılamaq lazımdır.
Südabə Səfixanova: Yaponlar ikinci dünya müharibəsindən sonra təhsildə böyük inqlab ediblər. Onlar uşaqlara deyir ki, nə edirsiniz edin, amma gözəl edin. Ona görə çalışmalıyıq ki, cizgi filmlərimizi gözəl çəkək. Sinifdə bir oğlan var idi. Yoldaşını qələmlə belindən vururdu. Anasına deyirdim. Deyirdi ki, hə, “boyevik” janrında cizgi filmlərinə çox baxır, yəqin ona görə. Ona görə də uşaqlarımızın baxdığı cizgi filmlərinə nəzarət etməliyik.
Fuad Babayev: Etiraz etmirsinizsə şəkillərə baxaq.
Rəşad Əfəndiyev: Bu “Cırtdan və sehrli xalat” cizgi filmində olan personajlardır. Bu şahdır, bu isə onun qızıdır. Geyimində milli ornametlər də var.
Südabə Səfixanova: Ancaq bu milli geyimə oxşamır. Daha çox özbək, türkmən milli geyiminə oxşayır.
Rəşad Əfəndiyev: Biz kitabdan götürmüşük.
Fuad Babayev: Minnətdaram hər birinizə. Ümid edirəm, müzakirə etdiyimiz mövzu gələcəkdə cizgi filmlərimizə daha çox yansıyacaq. Çox sağ olun!
Hazırladı: Aynur Hüseynova
1905.az
Material ilk dəfə 29.01.2015-cü ildə 1905.az portalında dərc edilib.