ABŞ dövlət katibi Con Kerri Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə təbrik edib.
APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, dövlət katibi təbrik məktubunda Azərbaycan xalqının 97 il əvvəl müsəlman dünyasında ilk dünyəvi demokratik respublika yaratdığını qeyd edib: “Həmin vaxtdan, eləcə də 1991-ci ildə Sovet İttifaqının tərkibindən ayrılaraq müstəqilliyinizi bərpa etdikdən bəri ölkələrimiz Azərbaycanın müstəqilliyinin təminatında birgə əməkdaşlıq edir”.
Dövlət katibi ABŞ-ın Azərbaycanın “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropanın enerji təminatının şaxələndirilməsindəki rolunu ciddi şəkildə dəstəklədiyini vurğulayıb.
Con Kerri həmçinin Vaşinqton və Bakının terrorizmlə mübarizədə və Əfqanıstanda NATO-nun missiyası çərçivəsində regional və beynəlxalq təhlükəsizliyin təminatında əməkdaşlıq etdiyini qeyd edib.
Con Kerri həmçinin ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında, transmilli təhlükələrə qarşı mübarizədə və qanunun aliliyinin təmin olunmasında səylərini davam etdirdiyini qeyd edib.