Tarix elmləri doktoru Anar İsgəndərov və Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova ilə Cümhuriyyət tariximizin xarici mətbuatda təhrif edilməsindən danışdıq.
Fuad Babayev: Regnum informasiya agentliyinin saytında Stanislav Tarasov adlı bir şəxs ardıcıl olaraq bizim Cümhuriyyət tarixinin saxtalaşdırılması istiqamətində addımlar atır. Oxu.az saytı Firdovsiyyə xanıma istinadən 7 may 2018-ci il tarixdə “İrəvan Azərbaycana məxsusdur – 1918-ci ildə yazılan məktub” yazısısını çap edib (07.05.2018 – https://oxu.az/interesting/255346 – red.) Artıq 8 mayda həmin Tarasov “Bakı Paşinyanı necə maarifləndirir” (“Как Баку «просвещает» Пашиняна” – 8 мая 2018, https://regnum.ru/news/2412608.html – red.) adlı bir məqalə ilə çıxış edib. Firdovsiyyə xanım siz Tarasovun bu yazısı ilə tanışsınız?
Firdovsiyyə Əhmədova: Tanışam.
Fuad Babayev: Etiraz etməsəydiniz elə bu məqalədən başlayaq.
Firdovsiyyə Əhmədova: Artıq Azərbaycan tarixçilərinin tarixi torpaqlarımız haqqında tədqiqat işlərinə qərəzli yanaşma mövcuddur, onlar əks-hücuma keçiblər. Burada Tarasov ermənilərin maraqlarını təmin edərək mövqeyini açıq-aşkar bildirir. Amma digər tərəfdən Ermənistan respublikasının siyasətçiləri də bu məsələdən çox narahat olublar. Çünkü bu və ya digər şəkildə Azərbaycan Respublikasının İrəvan məsələsi ilə bağlı mövqe nümayiş etdirməsini birmənalı qarşılamırlar. Bu da təbii bir haldır. Mən burada Tarasovun 9 fevral 2018-ci il tarixli “Azərbaycan niyə Ermənistanı ləğv etmək istəyir” (“Почему Азербайджан желает упразднить Армению” – https://regnum.ru/news/2378540.html – red.) adlı yazısını da gördüm. Bu da elə o qəbildən olan bir yazıdır. Halbuki Azərbaycan tərəfi dönə-dönə qeyd edib ki, o Azərbaycan Respublikasından kənarda qalan tarixi torpaqlarına iddia irəli sürmür. Sadəcə həmin torpaqların azərbaycanlıların yaşadığı əzəli torpaqlar olduğunu diqqətə çatdırır və bu da onun haqlı mövqeyidir. Amma biz keçək konkret bu məsələyə. Söhbət İrəvan şəhərinin 1918-ci ilin mayında Ararat respublikasına bir siyasi mərkəz olaraq güzəştə gedilməsində gedir. Burada Azərbaycan Milli Şurasının 29 may 1918-cu il tarixili protokuluna istinad edilir. Amma, nədənsə müəllif bu məsələ ilə bağlı digər sənədlərə diqqət yetirmir. Məsələn burda arqument kimi yazılır ki, Azərbaycan Respublikası elan olunanda onun sərhədləri yayğın idi. Yəni Cənubi Qafqazın şərqini və cənubunu əhatə edən bir ərazi kimi göstərilmişdi. Amma diqqət etmək lazımdır ki, bu 28 may 1918-ci il üçün qəbul onunmuş aktda belə idi. Bundan öncə isə Azərbaycan muxtariyyəti uğrunda Azərbaycan milli hərəkatı, konkret Müsavat partiyası fəaliyyət göstərirdi, hədəf seçirdi və bu hərəkatın sosial bazası da genişlənmişdi. Burada Azərbaycan muxtariyyəti deyiləndə heç də ümumi xarakterli sərhədlər deyil, konkret ərazilər göstərilib. 1917-ci il dekabr ayında “Açıq söz” qəzetində Məmməd Əmin Rəsulzadə yazır: “Biz Azərbaycan muxtariyyəti deyəndə həmən İrəvan quberniyası, Bakı quberniyası, Yelizavetpol quberniyası və Zaqafqaziyanın bir sıra digər qəza və sahələrini nəzərdə tuturuq”.
Fuad Babayev: Yəni burada faktların Tarasov tərəfindən bilərəkdən təhrifindən söhbət gedir.
Firdovsiyyə Əhmədova: Müəllif əks arqument kimi belə bir fikir söyləyirsə, ən azından ondan əlavə də sənədlərə diqqət yetirməli idi. Çünkü o siyahıda konkret sərhədlərdə birinci yerdə İrəvan quberniyası Azərbaycan muxtariyyatı üçün nəzərdə tutulmuşdu. Bu bir məsələ. Digər tərəfdən sanki Paşinyanın “ermənilər özlərinin əzəli torpaqlarında yaşayırlar” müddəasını əsaslandırmağa çalışan Tarasov unudur ki, həmin torpaqlarda vaxtilə Azərbaycan dövlət qurumları olan xanlıqlar olub. O cümlədən İrəvan xanlığı mövcud olub. Erməni vilayəti İrəvan və Naxçıvan xanlıqları ərazisində Türkmənçay müqaviləsindən dərhal sonra Çar Rusiyası tərəfindən yaradılmışdı. Hərçənd indi ermənilər Cümhuriyyətin 100 illiyi ərəfəsində Erməni vilayətinin Rusiya imperiyasının tərkibinə qatılması kimi təbliğ edirlər. Halbuki bu bir saxtakarlıqdır. Belə bir vilayət yox idi axı Rusiya imperiyasının tərkibinə də qatılsın.
Bu vilayəti Rusiya imperiyası yaratdı və qısa müddətdən sonra ləğv etdi. İrəvan quberniyası yaradıldı. Amma İrəvan quberniyası (Эриванская губерния – red. ) heç də erməni demək deyil. Digər tərəfdən isə Tarasov başqa bir sənədə istinad edir. Fətəli xan Xoyskinin Məhəmmədhəsən Hacınskiyə vurduğu teleqramda qeyd edilirdi ki, bəs biz mübahisəli məsələləri ermənilərlə həll etdik. Onlar bizim bu ultimatumu qəbul edəcəklər, bu müharibə bitəcək. Biz İrəvanı onlara güzəştə getdik. Məsələ ondadır ki, bu sənəddən də əlavə hələ bir neçə müddətdən sonra 31 iyul 1918-ci ildə İstanbulda olan Rəsulzadəyə hökumət başçısı Fətəli xan Xoysikinin məktubu var. Xoyski yazır ki, ermənilər əlavə ərazi iddiaları ilə çıxış edir, əgər onlar o ərazi iddialarını davam etdirsələr biz onlara İrəvanı güzəştə getməkdən imtina edəcəyik. Digər tərəfdən Batumda danışıqlarda gürcü tərəfi də iştirak edirdi. Məsələn İrəvanın güzəştə gedilmə məsələsi Avalovun (Batum danışıqlarında gürcü nümayəndə heyətinin üzvü – red.) xatirələrində də yer alır. Yaxud çox yaxşı olardı ki, müəllif Osmanlı mənbələrinə müraciət etsin. Osmanlı mənbələrində Azərbaycan qarşısında İrəvanın güzəştə gedilməsi məsələsi israrla qoyulurdu. Hətta Bakının azad olunması da İrəvandan keçir. Bütün arqumentləri, sənədləri, tarixi qoyaq bir kənara. Əgər İrəvan Azərbaycan şəhəri deyildisə, Azərbaycandan niyə bu qədər onun güzəştə gedilməsini istəyirlər. Onda heç bu məsələ qaldırılmazdı ki. Bu birmənalı şəkildə tarixi sənədlərə söykənən bir akt olub. İrəvanın güzəştə gedilməsi Erməni Milli Şurası ilə Azərbaycan Milli Şurası arasında şifahi razılaşma əsasında baş tutub. Bunu da Xoyskinin Rəsulzadəyə məktubunda görürük.
Fuad Babayev: Anar müəllim burada bir daha istərdim diqqəti ona çəkək ki, 7 mayda Oxu.az-da belə bir yazı gedir və 8 mayda Stanislav Tarasovun yazısı çıxır. Əlbəttə, burada söhbət Stanislav Tarasovdan və “Regnum2 agentliyindən getmir. Ümumiyyətlə runetdə buna bənzər yazılarla Siz əlbəttə rastlaşmısınız. Tək rusdilli internetdə yox, ümumiyyətlə elmi konfranslarda və s. mötəbər tədbirlərdə ermənilərin bizim tariximizi, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti tarixinin saxtalaşdırmasının coğrafiyası haqqında nə deyə bilərsiniz?
Anar İsgəndərov: Fikir verin hələ 1905-ci ildən Bakıda erməni-müsəlman qırğını başlayır. Elə saytınızın adı da 1905-dir.
Fuad Babayev: Hücum edən ermənidir.
Anar İsgəndərov: Əlbəttə ki, hücum edən ermənidir. 1905-1906-cı illər qırğınından bir müddət sonra erməni katalikosu Bakıya gəlir. Geri qayıdanda katolikosdan Bakı ilə bağlı təəssüratını soruşurlar. Onda katolikos deyir k, bir batman dərdlə getmişdim, on batman dərdlə qayıtdım. Mənə elə gəlirdi ki, Bakı da Tiflis kimi erməni şəhəridir. Sən demə elə deyilmiş. Deməli erməninin düşüncəsində belə bir fikir var. Harada erməni yaşayırsa o şəhər yəqin ki, onundur. Haqq-nahaq onu özününkü sayır. Bizim ermənilərə ən tutarlı cavabımız 1805-ci il Kürəkçay müqaviləsidir. Əgər bu ərazidə erməni hakim güc idisə, qəbul edilən qüvvə idisə nə üçün müqavilə Qarabağ xanı İbrahim Xəlil xanla bağlanılır?! Erməni burada güc sahibi idisə bu xanlıq niyə Qarabağ xanlığı adlanırdı və xanlığın bütün məmurları niyə azərbaycanlı olurdu?! Onda müqaviləni 11 bənd deyil, 12 bənd edərdilər. Bir bənd də ermənilərlə bağlı olardı. Niyə yoxdur? Çünkü erməni burada güc deyildi. Rusiyanın, Osmanlının və İranın arxiv və mənbələrinə müraciət edilsə aşkar olar ki, bu ərazidə yaşayan əhalinin əksəriyyəti kimlər idi. Təbii ki, türk idi, azərbaycanlı idi. Bunun sayı məlumdursa bu gün erməni nə deyirsə o tarix deyil, o siyasətdir. Bilirsiniz bu nəyə oxşayır. 1915-ci ilin 24 apreli ilə (Qondarma “erməni soyqırımı” nəzərdə tutulur– red.) bağlı hansı iki tarixçi oturub üzbəüz söhbət edib ki, həqiqət nədir. Çünki, onlara həqiqət lazım deyil. Amma 24 aprel harada həll olunur? Parlament kürsülərində, yəni siyasət meydanında. Tarix boyu ermənilərin Cənubi Qafqaza gəlişi də, onun ən çətin və maraqlı dövrü olan 1918-1920-ci illərlə bağlı erməni tərəfinin və erməni tərəfini müdafiə edənlərin yazdıqları birmənalı olaraq siyasətdir, saxtakarlıqdır. Məntiq elmi burada köməyə gəlir. Əgər İrəvan bizim deyildisə, niyə verirdik. Deməli İrəvan bizim olub ki, vermişik.
Fuad Babayev: Bütün mümkün güzəştlər artıq edilib.
Anar İsgəndərov: Elə bunun özü onu göstərir ki, bu lap nöqsanlı siyasət də olsa, səhv də olsa torpağı verən biz olmuşuq. Bu mənada Tadeuş Svetoxovski (Cənubi Qafqaz, xüsusilə də, Azərbaycan tarixi üzrə mütəxəssis; azərbaycanşünas), Odri Altştadt (Azərbaycanşünas Amerika tarixçisi, Massaçusets Universitetinin professor – red.), Firuz Kazımzadə (əslən azərbaycanlı Amerika tarixçisi – red.) kimi tarixçilərin də Cənubi Qafqaz tarixi ilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mənbələrə əsaslanan ədalətli fikirləri var. Amma, elə şeylər var ki, siyasiləşdirilir. O şey ki, siyasiləşdirilir, artıq orada tarixi həqiqət axtarmaq mümkün deyil. Amma bütün bunlara baxmayaraq Azərbaycanı və yaxud Türkiyə Cümhuriyyətini, haqq-ədaləti yox, erməniləri müdafiə edənlər birin yüzə nisbətindədir. Yəni Azərbaycanla bağlı, Türkiyə Cümhuriyyəti ilə bağlı həqiqəti dilə gətirənlərin sayı o qədər azdır ki, hətta bir yerdə həqiqəti söyləyənlər başqa yerdə dediklərindən imtina edirlər. Castin Makkarti (Amerika tarixçisi, ABŞ-ın Luisvill Universitetinin professoru– red.) Birinci Dünya müharibəsi zamanı erməni-osmanlı münaqişəsi ilə bağlı dəyərli kitab müəllifidir. Həm də bu dövrlə bağlı daha ədalətli yazır. Bu tarixçi bir neçə dəfə Azərbaycanda olub. Hətta öz təhlükəsizliyinin təminatı ilə bağlı razılıq almayanda Azərbaycana da gəlmir. Vaxtilə biz belə qərara gəldik ki, 1917-1920-ci illərdə Azərbaycan həqiqətləri ilə bağlı Amerika oxucusu üçün bir kitab yazaq. Həqiqətən də bizim bu istiqamətdə dörd il danışıqlarımız və yazışmalarımız oldu. Mənimlə şərt kəsdi ki, nə yazırsan yaz altında mənbəsi olsun. Mənbə olmasa mən ona imza etmərəm. Mən onun şərtinə tam riayət etdim və 2009-cu ildən 2011-ci ilə qədər yazıları, müəllifləri ona göndərdim. Göndərdiyim əsərləri oxuyandan sonra 2011-ci ildə bilisiniz mənə sözü nə oldu. Kaliforniyada hər on nəfərdən beş nəfəri ermənidir.
Fuad Babayev: Makkarti Kaliforniyada yaşayır?
Anar İsgəndərov: Bəli, orada yaşayır. Makkarti dedi ki, mən bu kitaba ön söz yazmağa razıyam. Kitab o zaman Amerikada nəşr olundu və Makkarti ona çox xəsisliklə ön söz yazdı. Ancaq o ön sözün üstündə çox gözəl bir cümlə vardı. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı öyrənmədən o zamankı Cənubi Qafqazdakı siyasi vəziyyəti öyrənmək mümkün deyil. Sağ olsun. Yəni o fikri biz önə çıxardıq. Yəni o əslində nə qədər bu kitabın həmmüəllifi olmaq istəsə də son nəticədə ondan imtina etdi. Bu gün Rusiya Federasiyasında Cənubi Qafqazla bağlı məşğul olan tarixçilərin demək olar əksəriyyətinin yazdıqları Tarasovun yazdıqlarından heç də fərqli deyil. Əksinə, elə bil ki, özlərinin aralarında da bir yarış var ki, nə olursa olsun daha çox tarixi təhrif edək. Həm də təkcə bizim tarixi yox, həm də bizim tarixlə yanaşı keçmiş Osmanlı, indiki Türkiyə Cümhuriyyətinin tarixi təhrif olunur. Əslində Rusiya ilə Ermənistan bu məsələdə tam müttəfiqdirlər. Çünkü Cənubi Qafqazla bağlı maraqları üst-üstə düşür. 1914-1915-ci illərin Birinci Cahan müharibəsi Osmanlı imperiyası üçün ağır fəlakətlərə səbəb oldu. 90 min osmanlı əsgər və zabitinin öldürüldüyü və əsir alındığı Sarıqamış döyüşündən sonra özünə gələn Osmanlı dövləti Azərbaycan, Gürcüstan, Ermənistan yaranana qədər, yəni 1918-ci ilin martından oktyabrın 30-u Mudros barışığı (30 oktyabr 1918-ci ildə Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında bağlanmış sülh müqaviləsi. Müqavilənin şərtlərinə görə Osmanlı dövləti Birinci dünya müharibəsi zamanı ələ keçirdiyi ərazilərdən geri çəkilmişdir – red.)imzalanana qədər Cənubi Qafqazda birmənalı hökm sahibi idi. Bu 3 dövlətin (Azərbaycan, Gürcüstan, Ermənistan – red. ) Cənubi Qafqazda olması Osmanlı dövlətinin maraqlarına cavab verirdi. 1878-ci ilin San-Stefano sülh müqaviləsinin 16-cı maddəsinə görə məğlub olan Osmanlının ərazisində Erməni muxtariyyəti yaradılmalı idi. Amma, Fransanı məğlub edən gənc Bismark Parisdə Almaniyanı imperiya elan etmişdi. Həmin dövrdə Çar Rusiyasının Balkanlarda bu qədər güclənməsini Bismark qəbul edə bilməzdi. Buna görə o Berlin konqresini (13 iyun — 13 iyul 1878-ci il – 1877-1878-ci illər Rusiya-Türkiyə muharibəsindən sonra imzalanmış San-Stefan sülh müqaviləsinin yenidən baxılması üçün keçirilən beynəlxalq tədbir. Berlin traktatının imzalanması ilə nəticələnmişdir – red.) çağırtdırdı. Berlin konqresində San-Stefano sülh müqaviləsinin 16-cı maddəsini 61-ci maddə ilə əvəz etdirdi. 61-ci maddəyə görə 3 ay ərzində rus qoşunları Osmanlı ərazisindən çıxarıldı və Erməni muxtariyyəti yaradılmadı. Təbii ki, Osmanlıda “Tərəqqi və İttihad”ın (1889-cu ildə Osmanlı dövlətində qurulmuş, 1908-1918-ci illərdə qısa fasilərlə hakimiyyətdə olan, konstitusiyalı monarxiyanı əsas ideya qəbul etmiş siyasi cəmiyyət – red.) rəhbərləri də bunun təhlükə olduğunu həmişə bilirdilər. Bayaq Firdovsiyə xanımın qeyd etdiyi kimi o dövrdə gürcülərin paytaxtı birmənalı Tiflis idi. Gümrü Osmanlıda olduğu üçün ermənilərə vermək olmazdı. Amma, erməni üçün də bir dövlət yaradılmalı idi. Erməni üçün də bir dövlət yaradılmalı idi ki, gələcəkdə Osmanlı dövlətinə olan ərazi iddiasından imtina etsin. Çünkü Qərb və Rusiya həmişə Erməni dövlətinin Osmanlı ərazisində yaradılacağını düşünürdü. Osmanlı da bunu çox gözəl bildiyinə görə onu öz ərazisindən uzaqlaşdırmaq üçün nə isə etməli idi. Burada söhbət ondan getmir ki, biz Osmanlını ittiham edirik. Əsla. Dövlətin dövlətə məhəbbəti olmur. Dövlətin dövlətə marağı olur. Buna görə də Osmanlı bu vəziyyətdən istifadə etdi. Yenicə elan edilən, zəif Azərbaycan dövləti də Osmanlını eşitməli idi. Çünki, Osmanlıdan başqa güvəniləcək bir güc də yox idi. Bu mənada bu gün 1918-1920-ci illərdə mövcud olan dövlətlə bağlı Azərbaycandan kənarda nə yazılıbsa demək olar ki, biz onun çoxu ilə razı deyilik. Çünkü yazılan mənbələr Azərbaycanın əleyhinə yazılıb. Axı heçdən var olan dövlətin yazarları da o qədər çox deyildi ki, Azərbaycanın uğurunu dünyaya bəyan etsin. Biz Paris sülh konfransına Adil xan Ziyadxanlının bircə məqaləsi ilə gedirdik. “Ey dünya bizim ərazimiz haradır. Dilimiz hansı dildir”. Amma bizə qədər ermənilər yalançı tarixini həmişə dünyaya təbliğ edə bilib. Bax fərqimiz bundan ibarətdir.
Fuad Babayev: Firdovsiyyə xanım buyurun. Siz orada nə isə qeydlər etdiniz.
Firdovsiyyə Əhmədova: Burada elə 29 may 1918-ci il tarixli protokola istinad verilib.
Fuad Babayev: Söhbət “Bakı Paşinyanı necə maarifləndirir” məqaləsindən gedir?
Firdovsiyyə Əhmədova: Bəli. Məqalədə protokoldan istinad verilir: “….Xoyski deyir ki, ona görə İrəvanın ermənilərə güzəştə gedilməsi zərurətdir” (….а потому уступка Иревани армянам, говорит Хойский, является неизбежной…» Ссылка — ГААР, ф.970, оп.1, д.1, л.51, 52.-red.) və … üç nöqtə qoyularaq istinad gətirildiyi protokol tamamlanmır. Halbuki, sənəddə şər bir zərurət kimi biz güzəştə getdik yazılıb. Bu şər sözünü, niyə çıxardıblar. Yəni sənədi verirsənsə oradakı balaca bir sözü da saxla. Məqalənin sonluğu belə qurtarır ki, “Ümumiyyətlə, belə bir şəraitdə Azərbaycanın Ermənistana hansı “hədiyyəsindən” söhbət gedə bilər? (О каком «подарке» Азербайджана Армении вообще можно вести в такой ситуации речь? – red.) Yəni bu güzəşt sözünü iki dəfə biz tarixçilər işlətmirik ki? Bunu Fətəli xan Xoyski sənəddə yazır ki, İrəvanın ermənilərə güzəştə gedilməsi şər zərurətdir” Sonra Məhəmməd Həsən Hacınski məktubunda yenə də yazır ki, biz İrəvanı güzəştə getdik. Tarixi şəxsiyyətlərin həmin dövrdə dediyi bu sözlər sənədlərdə öz əksini tapıb. Dediyim kimi 31 iyul məktubu bu məqalədə tamamilə yoxdur. Yəqin ki, müəllif də bu məktubdan xəbərsizdir. Bu məktubda nəinki güzəşt məsələsi var, orada hətta deyir ki, onlar (ermənilər – red.) öz iddilarına yəni əlavə iddilarla çıxış edərlərsə biz güzəştə getməkdən imtina edərik. Anar müəllim Kürəkçay müqaviləsini dedi. Şimali Azərbaycanda ən sonuncu işğal olunan hansı xanlığın ərazisi idi? Söhbət ruslar tərəfindən 1827-ci il oktyabrın 1-də işğal edilmiş İrəvandan gedir. Ermənilərin canfəşanlığı, o boyda hazırlıqlarını nəzərə alsaq elə ilk döyüşdən məğlub olan, qəsb edilən ərazi İrəvan xanlığı olardı. Yəni bu ərazilərin erməni torpağı olması barəsində yazmaq tamamilə əsassız iddiadır. Və yaxud başqa bir yanlışlığa diqqət yetirək. “Gəncə türkləri”nin rəsmi Konstantinopola, yəni İstanbula deyil, Mustafa Kamala istiqamətlənməsi, istinad etməsidir. 1918-ci ilin iyununda hansı Mustafa Kamal hərəkatından söhbət gedə bilərdi? Baxın, nə qədər kobud bir səhvdir. Bəli, iyun ayında Gəncədə bir hakimiyyət böhranı yarandı. Burada müəyyən mənada o məsələlərə işarə edilir. Amma yazmaq ki, “Gəncə türkləri” Mustafa Kamala istinad edirdilər, bu faktiki olaraq tarixi səhvdir. Yaxud da müəllif yazır ki, “Azərbaycan” kəlməsi Persiyada neqativ reaksiya doğurmuşdu. Əslinə qalsa, İstiqlalyyət aktında Azərbaycan adlı dövlətin yaranmasından öncə artıq Azərbaycan Muxtariyyəti hərəkatı olanda İran tərəfindən belə bir reaksiya olmuşdu və Rəsulzadənin bayaq qeyd etdiyim məqaləsi məhz o kontekstdə meydana gəlib.
Fuad Babayev: Bu protest böyük ehtimalla yəqin ki, olub.
Firdovsiyyə Əhmədova: Bəli, belə bir şey olub. Məhəmməd Əmin Rəsulzadə Fətəli xan Xoyskidən İstiqlaliyyət aktını, xəritələri və digər sənədləri istəyir ki, İstanbuldakı diplomatik nümayəndələrə göndərsin. Bu sənədlər o cümlədən İran səfirliyinə də bu göndərilmişdi. Lakin, onlar zərfi geri qaytararaq belə bir hökuməti tanımadıqlarını bildirmişdilər. Amma dediyim kimi öncədən artıq İranın belə bir reaksiyası vardı. Özü müharibədə iştirak etmədiyi halda Paris sülh konfransında ərazi iddiaları ilə çıxış etmişdi. Lakin iştirakçı olmadığına görə təbii ki, o iddiaları da təmin oluna bilməzdi və təmin edilmədi də. Amma mən qeyd etmək istəyirəm ki, Azərbaycan adı ilə bağlı Rusiya siyasi dairələrində belə konyunktur yanaşmalar indi də davam edir. Halbuki, XIX əsrdə XX əsrin əvvəllərində, ondan da əvvəl Azərbaycan ərazilərinin məhz bizə aid olmasını elə Rusiya imperiyasının hərbi topoqrafiya şöbələrinin xəritələri (“Persidskiy Azerbaydjan”, “Russkiy Azerbaydjan” – red.) sübut edir. Bundan başqa Dərbənd divarlarının üzərində Azərbaycan maliyyə müfəttişi adlı ifadələrə rast gəlirik. Yəni Azərbaycan sözünün ilk dəfə məhz İstiqlaliyyət aktında yer alması və bu torpaqlara şamil edilməsi yanlış bir şeydir. Çünkü ona qədər dönə-dönə deyirəm xəritələrdə, Rusiyanın sənədlərində, Veliçkodan tutmuş rus tədqiqatçılarının hamısında Azərbaycan adı məhz bu torpaqlara şamil olunur.
Anar İsgəndərov: Firdovsiyə xanım, Amerika Birləşmiş Ştatları neçənci ildə yaranıb. Ona qədər Amerika Birləşmiş Ştatları sözü var idi? İkincisi də bəli İranın etirazı olub. Axı 1920-ci ilin martında Azərbaycanı de-fakto və de-yure tanıyan dövlət də İran oldu. Nə olsun ki, etiraz olub. Etirazının əsassız olduğu ona bildirildi və son nəticədə də İranla bizim aramızda bağlanan müqavilə qonşu dövlətlərlə bağlanan bütün müqavilələrdən üstün idi. Yəni İranın etirazını heç kim inkar etmir. Amma 100 bundan əvvəl elan olunan dövlətin ən böyük uğuru dövlətə Azərbaycan adının seçilməsi oldu. Firdovsiyə xanım da qeyd etdi ki, coğrafi məfhum olan Azərbaycan ifadəsini Cümhuriyyət qurucuları siyasi məfhuma çevirdilər. Onsuz da Azərbaycan adı var idi. Hətta XIX əsrin 2-ci yarısında olan qəzetlərin əksəriyyətində bununla bağlı çoxlu yazılar gedirdi. Mən nə üçün qəzet yazılarına müraciət edirəm. Azərbaycan siyasilərin hər biri o zaman həm də Azərbaycanın yazarları idi. Bu məsuliyyət onların çiyinlərində idi. Ona görə XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan yazarının, ziyalısının düşüncəsində hər şey var idi, cibində bir şey yox idi. Ona görə də Azərbaycanda hakimiyyətə gəlmək üçün bizim imkanlı adamların cibi ziyalılarımızın beyni ilə birləşdi və müstəqil Azərbaycanı yaratdılar. Çünkü azərbaycançılıq, milli hiss, milli duyğu, milli dəyəri yaratmaq üçün ikisi birləşməli idi. Ziyalı bunu təkbaşına edə bilməzdi, imkanlı adamın da düşüncəsində o yox idi. Onlar birləşdi. Yenə deyirəm ki, Cümhuriyyətin ən böyük uğuru Azərbaycan adlı dövləti elan etməsi idi. Ancaq elan olunan dövlətlə bağlı kiminsə etirazı var idisə, bu əsaslandırıldıqdan sonra Azərbaycanı həmin dövlət məmnunuyyətlə tanıdı.
Fuad Babayev: Amma burada o tanınmayla bağlı bir kəlmə də yoxdur.
Anar İsgəndərov: Bilirsiniz, bayaq qeyd etdim. Həmişə belə olur. Burada da müəllif ancaq özünə sərf edən hissəni kontekstdən çıxararaq verib. 2001-ci ildə İranın xarici işlər naziri İran-Azərbaycan münasibətləri ilə bağlı Təbatabainin 98 sənədini çap etdi və xoşbəxtlikdən 2018-ci ildə o sənədlər Azərbaycanda da nəşr olundu (Söhbət “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabından gedir. Bu diplomatik yazışmalar toplusu 1919-1920-ci illərdə İran ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında siyasi əlaqələrə dair mühüm tarixi mənbələrdən biridir. Topluda həmin dövrdə Bakıda xüsusi diplomatik tapşırıq əsasında Seyid Ziyaəddin Təbatabainin rəhbərliyi ilə fəaliyyət göstərmiş İran nümayəndə heyətinin öz ölkəsinin rəhbərliyinə ünvanladığı məktublar, hesabat və analitik təhlillər əksini tapıb – red.) . O 98 sənədə baxın. O sənədlərin hər biri Azərbaycan-İran münasibətlərinin ilk, orta və çətinləşən dövrlərini əks etdirir. Amma son nəticədə siz bilirsiniz ki, bu münasibətlər o qədər səmimiləşdi ki, İranla bağladığımız ticarət müqaviləsi o dövrün ən mühüm müqavilələrindən birinə çevrildi. Bu gün də ayrı-ayrı şəxslərlə bağlı bu söhbətlər ola bilər. Ancaq dövlət səviyyəsində 1920-ci ilin martında AXC İranla müqavilə imzalayıb və o müqavilənin bəndlərinə hər iki tərəf çox məmnuniyyətlə riayət edib. Amma mən çox istərdim ki, Tarasov olsun, qeyrisi olsun əslində nəticəni verəydi. Tarixdə hər bir hadisəyə qiymət nəticəyə görə verilir. Başlanğıc mübahisəli ola bilər. Əsas nəticədir.
Fuad Babayev: Tarasova gəlincə onun karyerasında çox maraqlı bir mərhələ var. O 1979-cu ildən 1987-ci ilədək SSRİ Dövlət Teleradiosunun Yaxın Şərq yayımları üzrə Baş redaksiyasının Türk bölməsində işləyib. Onun yazılarında sırf türk amili ilə bağlı bir-iki məqamı qeyd etmək istərdim. Yazır ki, türk əsgər və zabitləri Cümhuriyyətin hökumət üzvlərinin Bakıdan qaçmasının qarşısının alınmasında fəal iştirak edib. Bunun həqiqətə uyğunluq əmsalı nə dərəcədədir?
Anar İsgəndərov: Əslində 1918-1920-ci illərdə yaşayan dövlət hətta bizim olmasaydı şəxsən mən özümü nəzərdə tuturam, başqa bir xalq da heçdən var olan belə bir dövlət yaratmış olsaydı və bu dövlət 23 ay ərzində bu qədər uğurlu işlərə imza atsaydı təbii olaraq mən bir tarixçi olaraq o dövlətə çox böyük hörmətlə yanaşardım. Onu alqışlayardım ki, illər boyu əsarət altında olan bir xalq 28 mayda özgə torpaqda, özgə paytaxtda özünü dövlət elan etdi, amma qısa müddət ərzində 1920-ci ilin aprelinə qədər 350 dəfə ilk dəfə sözünü işlətdi. Bakı xanlığını demirəm, Bakı da 100 il bundan əvvəl Azərbaycan xalqının paytaxtı olub. İlk parlament də 100 il bundan əvvəl olub. İlk universitet də 100 il bundan əvvəl olub. Həm də ki, yaratdıqlarının hər birinin dəyərinə baxın. Bir avropalı onunla bağlı deyə bilərmi ki, burada Avropa düşüncəsi yoxdur. Əxlaqında da, hətta üçrəngli bayrağında da özünə nə qədər hörmətlə yanaşırsa, bayrağında türkçülük varsa, dini dəyərinə nə qədər hörmət verirsə, müasirləşməklə Avropaya da o qədər hörmət verir. Yazanlar bunu yazsınlar. Görüm bunu həzm edə bilərlər. Heç bir xalqın uğuruna kölgə salmadan deyirəm, bu xalqın etdiyini həmin dövrdə başqa bir xalqla bir müqayisə etsinlər. Görüm onların elə bir parlamenti olubmu ki, Azərbaycanda bir ovuc polyak yaşayıb ona da bir yer verilib. Bir ovuc alman yaşayıb ona da bir yer verib. 1918-1920-ci illərdə mövcud olan dövlət və dövlətin yaşaması üçün Osmanlının və Qafqaz İslam Ordusunun etdiklərini biz heç cür inkar edə bilmərik. İnkar etmək fikrində də deyilik. Azərbaycanın sərhədlərindən Bakıya qədər bu İstiqlal savaşında zabit itirən, əsgər itirən yüzlərlə yox, minlərlə şəhid verən Osmanlı əsgər və zabiti bizim şərəfli tariximizdir. Nuru paşanın rəhbərlik etdiyi Osmanlı ordusu bizim üçün hər şey etdi. Nə üçün hər şeyi deyirəm. Çünkü onun heç birini biz edə bilməzdik. Amma bununla yanaşı 1918-ci ilin oktyabrında Mudros barışığına görə Osmanlı məğlubdur. 1918-ci ilin Brest-Litovsk sülhünə görə Rusiya müharibədən çıxıb, artıq vətəndaş müharibəsi ərəfəsindədir. Tarixdə ən çox müharibə Osmanlı ilə Rusiya arasında olub. Bir Krım müharibəsini çıxmaq şərti ilə bu müharibələrin hər birində Osmanlı məğlub olub, Rusiya ondan torpaq qoparıb. Bu iki dövlətin bir-birinə nə qədər nifrətləri olsa da, 1918-1920-ci illərdə can verən Osmanlı və gələcək imperiya Sovet Rusiyası yaxınlaşmağa məcbur idi.
Fuad Babayev: Hətta ideoloji məsələlər də var idi.
Anar İsgəndərov: Əlbəttə ki. Ona görə də XI ordu Azərbaycan torpaqlarına daxil olarkən bu ordunun qabağında gedən türk paşasına, Azərbaycana azadlıq, müstəqillik gətiən, onu erməni yağılarından qurtaran Osmanlıya azərbaycanlı çaşqın şəkildı baxırdı. Bu fikri çox da şişirtməyin mənası yoxdur. Mən bunu Osmanlıya bəraət üçün demirəm. Çünkü həmin dövrdə Osmanlının qalıb-qalmama məsələsi var idi. Siz Sevr müqaviləsinin (1920-ci il avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa) “Müttəfiq Dövlətlər və Türkiyə arasında sülh müqaviləsi” – red.) dəhşətinə baxın. Müqavilənin birinci bəndində yazılır ki, Osmanlı üç yerə bölünür. Birinci dövlətin adı İstanbul dövləti, ikincisi Osmanlı Türkiyə dövləti, üçüncü isə Ermənistan dövləti adlanır. Siz fikir verin ki, müqaviləyə görə İstanbul dövlətinin Türkiyə Cümhuriyyətinə aidiyyatı yoxdur, üçüncü də erməni dövləti. Yəni bunları bilmədən 100 ildən sonra ittiham etmək asandır. 1920-ci ilin aprelində də Azərbaycana daxil olan rus ordusunun qarşısında bir qrup osmanlının gəlmə məsələni şişirtməklə əslində biz tarixi təhrif edirik. Azərbaycanda hər bir dövlətin öz marağı var idi. Rusiya da Azərbaycanı tutmaq üçün ortalığa çox gözəl bir məsələ atmışdı. Rus ordusu can verən Osmanlıya kömək etmək üçün Anadoluya gedir. Nə gözəl fikir idi. Və yaxud Qafqaz İslam Ordusu Azərbaycana gələndə alman hərbi komandanlığı Ənvər Paşadan ordunu saxlamağı tələb edirdi. Ənvər Paşa isə deyirdi ki, bu nizami ordu deyil, müsəlman müsəlmanın köməyinə gedir, onun dinində var bu. Mən nə edə bilərm, onun heç mənə dəxli yoxdur. Rəsmi şəkildə yazırdı ki, qayıdın bizim Bakıda heç bir işimiz yoxdur. Amma, əslində isə Nuru Paşaya yazırdı ki, “Nuru, Bakını almasan anamızın südü sənə haram olsun”. Qasidlə göndərdiyi gizli məktubunda deyirdi ki, Bakı alınmalıdır. Bəli, 1920-ci ilin aprelində gələn rus ordusunun tərkibində türklər olunb. Hətta parlamenti qoruyan əsgərlərimizin içərisində kifayət qədər osmanlı var idi. Amma məsələləri onlar həll etmirdi. 1920-ci ilin aprelində Azərbaycan işğal olundu və belə deyək ki, müqavimət göstərmədik. Onda mən sual edirəm. Çar Rusiyasından hansı ərazi qaldı ki, sovet Rusiyası onu tutmadı. Ən axırda Pribaltika (Latviya, Litva, Estoniya – red.) qalmışdı, onu da işğal etdi. Yəni əslində Çar Rusiyası Sovet Rusiyası adı altında o imperiyanı bərpa etməli idi. Hətta 40 minlik ordu müqavimət də göstərsə də onu qıracaqdı. Göstərməsəydi də işğal edəcəkdi. Hətta onu özü də çağırsaydı işğal edəcəkdi. Çağırmasaydı da zəbt edəcəkdi. Budur tarix.
Təmkin Məmmədli: Əsas əməkdaşlıq məsələsinə toxunmaq istəyirəm. Müəllif yazır ki, Xoyskidən başqa 37-ci il represiyasına qədər əksər hökumət üzvləri sovet rejiminə qulluq ediblər. Nəsib bəy Yusifbəyli ilə bağlı qeyd edir ki, kəndlilər onu tanımayıb qarət məqsədilə öldürüblər.
Firdovsiyyə Əhmədova: Stanislav Tarasov tarixçidir və Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Elə tarixçinin sənədləri bilə-bilə təhrif etməsi daha təhlükəlidir, daha məkrlidir və bu heç cür bağışlanmaz. Bir var diletant, naşı bir adam tarixi sənəddən istifadə edib belə yazsın. Burada isə məxsusi olaraq konteksdən çıxarma halı var, tam sənədi verməmək var və siyasi qərəz də kifayət qədər çoxdur. Əgər bir gün sonra məqaləyə belə aktiv reaksiya verilirsə bu ən azından gizlin bir şey deyil. Hərçənd 9 fevralda olan məqalə (“Почему Азербайджан желает упразднить Армению” – 9 февраля 2018, https://regnum.ru/news/2378540.html – red.) demək olar ki, may ayındakı yazıda (“Как Баку «просвещает» Пашиняна” – 8 мая 2018, https://regnum.ru/news/2412608.html – red.) da təkrarlanır. Artıq neçə illərdir ki, İrəvan məsələsi, ümimiyyətlə Cənubi Qafqaz Respublikaları ilə bağlı kifayət qədər Osmanlı sənədləri açıqdır. Yəni Erməni Ararat respublikasının bu ərazilərdə yaradılması birbaşa Osmanlı dövlətinin iradəsi ilə həyata keçən akt olub. Amma söhbət Ermənistan respublikasından gedəndə konkret oturuşmuş bir dövlət kimi onu dəyərləndirir ki, bu ərazilər Erməni Milli Şurasının nəzarəti altında olan ərazilər idi və o iki qəzada bu dövlət yaradıldı və 4 iyunda bu tanındı. Azərbaycan isə öhdəliklər götürdü. Əgər söhbət ondan gedirsə Batum müqaviləsi ilə də Ararat respublikası Osmanlı dövləti qarşısında öhdəliklər götürmüşdü. Bu müqaviləyə görə ermənilər ərazisində yaşayan müsəlmanların əmlak, dini və mədəni muxtariyyətini təmin etməli idi. Yəni müəllif Azərbaycanın öhdəliyindən bəhs edir, amma Ermənistanın öhdəliklərindən bəhs etmir. Yaxud dönə-dönə hər iki məqalədə vurğulayır ki, Azərbaycan üçün bu mübahisəli sərhədlər idi. Söhbət Zaqafqaziyanın cənub və şərqini əhatə edən torpaqlardan gedir. Baxın bu sözün özü belə diqqəti cəlb edir. Bu bilirsiniz nə qədər geniş ərazidir. Tarasov Ararat respublikası üçün Erməni Milli Şurasının nəzarət etdiyi iki qəzadan danışır. Hələ bu da həqiqəti tam əks etdirmir. Amma tarixi Azərbaycan torpaqlarının genişliyini isə onun Zaqafqaziyanın cənub və şərqini əhatə etməsi göstərir. Yəni burada balaca bir kənddən, qəzadan söhbət getmir, daha geniş bir ərazi nəzərdə tutulur. Sonra mən burada böyük bir qərəz görürəm. Hərçənd bu alimə yaraşmaz bir hərəkətdir. Bu yazılar siyasi, beynəlxalq qalmaqala cəlb etmə məqsədi güdür. Məsələn müəllif yazır ki, Azərbaycan Rusiyanın müttəfiqi Ermənistana iddialı hücumları onun Rusiya ilə münasibətlərin gərginləşməsinə səbəb olur. Digər tərəfdən deyir ki, İran hələlik susur. Yəni vaxtilə İrəvan xanlığı da İranın ərazisi olub. Artıq görürsünüz ki, bu münaqişəyə, qalmaqala təhrikedici bir yazıdır. Hərçənd bu özü də hüquqi baxımından elə cəza tələb edən bir məqamdır. Təbii ki, sənədlərlə belə rəftar etmək olmaz. İndi elə bir zəmanədir ki, sənədlər siyasi sərhədlər tanımır. O sənədlərlə biz də tanışıq. Siz bayaq yardım alayından bəhs etdiniz. 1920-ci ildə Orconikidze (Qriqori Orconikidze (1886-1937) – gürcü mənşəli bolşevik, sovet dövlət və partiya xadimi – red.) və Kirovun (Sergey Mironoviç Kirov (1886-1937) – sovet dövlət və siyasi xadimi, Onun 1934-cü ildə qətlə yetirilməsi SSRİ-də kütləvi represiyyalara başlamaq üçün bəhanə olmuşdu – red.) Leninə məşhur teleqramı var. Azərbaycan tarixçiləri bunu artıq 20 ildir yazır. Burada qeyri-adi bir şey yoxdur ki. Bu barədə sovet dövründə də yazılırdı. Söhbət həmin dönəmdə sanki Anadoluya yardıma gedəcək XI Ordunun Bakıya daxil olmasından gedir.
Təmkin Məmmədli: Yəni türklər hökumət üzvlərinin qaçmasının qarşısını alıb?
Firdovsiyyə Əhmədova: Təbii ki, həmin dönəmdə Sovet Rusiyası ilə Mustafa Kamalın mübarizə apardığı düşmən, hədəf eyni idi. Türkiyəyə, Mustafa Kamala maliyyə və hərbi sursat yardımı lazım idi. Amma baxın elə məqalənin “Lenin və Kamal “Bakı əməliyyatı”nı necə hazırlayırdılar” (Как Ленин и Кемаль готовили «Бакинскую операцию» – 30 апреля 2018, https://regnum.ru/news/2410338.html) adlanmasının özü də bir konyunkturadır. Çünkü Mustafa Kamalın istinad edilən 26 aprel 1920-ci il məktubu hamıya bəllidir ki, ünvana bir aydan sonra çatıb. Ona kimi artıq bu akt baş tutmuşdu. Bakı əməliyyatının isə necə hazırlanması haqqında saatına, dəqiqəsinə qədər kifayət qədər geniş yazılıb. Mustafa Kamalın əməkdaşlıq etdiyi o hərəkatın Azərbaycandakı nümayəndələrinin öz maraqları var idi. Bu baxımından onlar güman edirdilər ki, artıq Şərqdə gələn ordunun başında Xəlil Paşa dayanacaq və sosialist bir hərəkatı həyata keçirəcəklər. Şərqin milli azadlıq hərəkatına türklər başçılıq edəcəklər. Onlar da aldadılmış bir vəziyyətə düşdülər. Çünkü Xəlil Paşa Levandovski (Mixail Karloviç Levandovski 27 aprel 1920-ci ildə Azərbaycanın işğalını həyata keçirən XI ordunun komandiri – red.) ilə görüşəndə o bildirmişdi ki, mənə belə bir göstəriş verilməyib. Bu baxımından Bakıda olan türk əsgər və zabitlərdən ibarət alayın Rusiya Kommunist Partiyasının Qafqaz Bürosunun nümayəndələrinin əmrinə tabe olması bu faktdır. Amma yenə deyirəm burada dövlətlərarası, millətlərarası qarşıdurma üçün heç bir əsas yoxdur və bu məkrli bir siyasətdir.
Anar İsgəndərov: Mən məsələyə bir də münasibət bildirmək istəyirəm. Birincisi bunu birmənalı deyirəm son 20 ilin türk tarixçilərinin aparmış olduğu tədqiqatlar göstərir ki, Mustafa Kamal Atatürkün Leninə məktubunu əslində Kazım Qarabəkir Paşa (Kazım Qarabəkir Paşa 1882-1948, Türkiyənin görkəmli hərbi və siyasi xadimi, İstiqlal savaşını başladan komandirlərdən biri – red.) hazırlayıb və göndərib.
Fuad Babayev: Atatürkün məktubun məğzindən xəbəri olmaya bilərdi?
Anar İsgəndərov: Xəbəri var idi. Amma məktubu hazırlayan Kazım Qarabəkir Paşa idi. Bu birmənalı belədir. Yəni 70-ci ilə qədər Türkiyə tarixşünaslığında belə bir fikir var idi ki, bu məktub Mustafa Kamal Atatürkə məxsusdur. Bu müəyyən siyasi dairələrə sərf etdiyi üçün o təbliğat kampaniyasına çevrilmişdi. Amma son 20 ilin tədqiqatları birmənalı göstərir ki, əvvəla,Cənubi Qafqazda, o cümlədən Azərbaycanda baş verən hadisələri bilən Kazım Qarabəkir Paşa idi və məktubu da o hazırlayıb. İkincisi də hətta məktubu Mustafa Kamal Atatürk də göndərmiş olsa belə o artıq Azərbaycan işğal olunandan sonra gəlib çatmışdı.
Təmkin Məmmədli: Tarasov “Azərbaycanın beşinci hökumətinin sirri” məqaləsində (“Тайна пятого правительства Азербайджана” – 30 апреля 2018, https://regnum.ru/news/2410411.html) 1919-cu ilin fevralında Xoyski hökumətinin istefasını məhz taxıl oğurluğu ilə bağlı korrupsiya qalmaqalı və Tağıyevin fabrikindəki sui-istifadə ilə əlaqələndirir.
Anar İsgəndərov: Ancaq bədxah məsələlərə o yöndən yanaşa bilər. Mən isə hökumətdəki demokratiyaya diqqət çəkmək istəyirəm. Dünənki baş nazir bu günki hökumətdə nazir olur, öz köməyini hökumətdən əsirgəmir. 23 ay yaşayan dövlətin, hökumətin böyüklüyü bundadır. Amma biz bu gün belə bir fikirlə çıxış etsək ki, o dövlətdə heç bir korrupsiya olmayıb, onda bizə heç kim inanmaz. Ancaq mən bir də deyirəm. Axı bu dövlət nə qədər yaşadı ki, biz buna bu qədər irad tuturuq. Amma o fikir də böhtandır ki, hökumət böhranı korrupsiyaya görə baş verdi. Azərbaycan Xalq Cümhuriyyəti bütün Azərbaycan xalqınındır. Azərbaycan xalqının uğurudur. Mən adi bir misal deyim. Cümhuriyyətin xaricə oxumağa göndərdiyi tələbələri mənə elə gəlir ki, bütün dünya üçün nümunədir. Tələbələrin seçilməsində heç bir qohumbazlıq, yerliçilikdən söhbət gedə bilməzdi. Kim daha çox layiqdirsə, onu da seçirdilər. Biz də bunu təbliğ etmək əvəzinə yazaq ki, Tağıyevin tikiş fabrikində parça oğurlamışdılar. Amma bunlar məsələnin yüzüncü tərəfidir. Bunlar məsələnin əsas həlli deyildir.
Fuad Babayev: Bunu Tarasov qabardır.
Anar İsgəndərov: Mən də deyirəm Tarasov hələ bu qədər təhrif edir, elə qəddarı çıxacaq ki, ümumiyyətlə bu dövləti inkar edəcək. Necə bizim qanı qanımızdan, canı canımızdan olan tarixçilərimiz XX əsrin 30-cu illərindən 80-ci illərin sonlarına qədər Azərbaycan Xalq Cümhuriyyəti ifadəsi əvəzinə ingilislərə satılmışlar, Osmanlının əlaltıları yazırdılar. Hələ bu Tarasov nə yaxşı ki, belə bir dövlətin, hökumətin olmadığını yazmır.
Fuad Babayev: Çox maraqlıdır bu məqalədə (“Тайна пятого правительства Азербайджана” – 30 апреля 2018, https://regnum.ru/news/2410411.html) Azərbaycan Demokratik Respublikasının xarici işlər nazirliyi tərəfindən 1919-cu ildə Paris sülh konfransına təqdim olunmuş rəsmi xəritəsi yer alıb.
Firdovsiyyə Əhmədova: Paris sülh konfransına yola düşmüş nümayəndə heyəti artıq bu rəsmi xəritə ilə çıxış edirdi. Konkret sərhədlər çərçivəsində Azərbaycanın tanınması uğrunda mübarizə aparılırdı. Azərbaycan tarixşünaslığında istər hökumətin sosial-iqtisadi vəziyyəti, istər Fətəli xan Xoyskinin istefa məsələsi kifayət qədər işlənilib. Özü istefaya gedən Xoyski deyir: “Azərbaycan dövlətçiliyini Tağıyev fabrikinin bezi ilə, arşını ilə ölçmək olmaz”. Bu parlament stenoqramlarında, sənədlərdə kifayət qədər yer alıb. Yəni burada sensasiya yoxdur. Türkiyə və Rusiya əməkdaşlığı məsələsi ilə bağlı müəllif yazır ki, son dövrlərdə Rusiyada çap olunan sənədlər göstərir ki, bolşevik hökuməti həqiqətən Kamal ilə gizli danışıqlar aparıb və “Bakı əməliyyatı”nı onunla razılaşdırıb. (…Кстати, опубликованные в последнее время в России исторические документы показывают, что большевистское руководство действительно вело секретные переговоры с Кемалем и согласовывало с ним «Бакинскую операцию», https://regnum.ru/news/2410338.html – red. ) Son dövrlərdə Rusiyada bu sənədlərin çap olunmasını Tarasovun yenilik kimi verməsi bizə qəribə gəlir. İstər Türkiyə tarixşünaslığında (vaxtilə Kazım Qarabəkir Paşa öz xatirələrində bunlar gizlətməyib – F.Ə.), istərsə də Azərbaycan tarixşünaslığında bu məsələlər kifayət qədər araşdırılıb və yazılır. Əgər elədirsə, müəllif niyə Çiçerinin notalarından burada bəhs etmir. Niyə demir ki, Çiçerin (Georgi Çiçerin (1872-1936) – Rusiya dövlət xadimi, diplomat – red. ) Leninə yazır ki, Azərbaycanın beynəlxalq aləmdə de-fakto tanınmasından sonra ona qarşı zorakılıq edilməsi beynəlxalq aləmdə bizi imperialist hesab etmələrinə səbəb ola bilər. Yəni dərhal hiss olunur ki, məqalədə hansısa məqam qəsdən qabardılır. Denikinə qarşı Moskvanın Bakıya hərbi əməkdaşlıq təklif etməsi göstərilir, amma rəsmi Rusiyanın 24 aprel 1920-ci il tarixli notasının aqressiv mahiyyətindən, Azərbycana üçüncü bir dövlətə müraciət etməmək təklifindən bəhs olunmur. Bu hansı beynəlxalq hüquq normalarına sığır? Yəni müəllifin qarşısına qoyduğu məqsədi pərdələmək üçün bu yazılarda real materiallardan məharətlə istifadə etməsi tarixdən xəbərsiz, naşı oxucu üçün inandırıcı görsənə bilər. Çünkü tarixi istinadlar var, bəzən mənbələr də göstərilir. Ümumi fon baxımından həqiqətə oxşayan məqamlar da var. Amma qərəz birmənalı şəkildə öz əksini tapıb. Təbii ki, Azəbaycan tarixçilərinin qarşısında bu yazılara təkzib vermək məqsədi durmur. Biz sənədlərə əsaslanan real tarixi yazırıq. Regional və beynəlxalq səviyyədə qalmaqal yaratmaqdansa mən rusiya tarixçilərinin fikirlərinə diqqət çəkmək istəyirəm. Onlar yazırlar ki, Azərbaycan Demokratik Respublikası çox yaşasaydı dünyaya Türkiyə Cümhuriyyətindən daha demokratik nümunə təqdim edərdi. Yəni Cümhuriyyət qurucularında idarəçilik baxımından o dərəcədə demokratik, hüquqi bir dövlət yaratmaq istəyi və iradəsi var idi. Biz yazılmış o hədyanları təkzib etməklə məşğul olmaqdansa Azərbaycan Cümhuriyyətinin yüz illiyinin qeyd edildiyi dövrdə təbii ki, sizin saytınız və başqa saytlar vasitəsilə o həqiqətləri daha intensiv qeyd etməliyik ki, bu cür yanlış informasiyaların qarşısını ala bilək. Gördüyünüz kimi məqalələrin başlıqları da da məhz qıcıqlandırıcı, cəlbedici xarakter daşıyır. “Azərbaycanın beşinci hökumətinin sirri” məqaləsinin sərlövhəsini oxuyanda adamı cəlb edir ki, görəsən burada nə var. Əslində isə heç nə. Kabinetin üzvlərinin siyahısı verilir, vəzifələri göstərilir və hansısa Qarabağ klanından bəhs olunur. Halbuki, hökumətin tərkibinə baxsan o cür birmənalı üstünlük yoxdur.
Anar İsgəndərov: Əksinə bu dövlətin demokrakliyi ondan irəli gəlirdi ki, rəngindən, irqindən, cinsindən asılı olmayaraq kim Azərbaycanda yaşayır, Azərbaycan vətəndaşı idisə hakimiyyətin idarəsində onlar iştirak edirdilər. Tarix boyu bizim bir xalq kimi heç kimin torpağında gözümüz olmayıb. Tarix boyu hətta bizim imperiyamızın (Səfəvilər imperiyası – A.İ.) qanunlarından da heç kim narazı qalmayıb. 1865-ci ildə Azərbaycanın bir bölgəsində olan Morqan (fransız arxeoloq-etnoqraf – A.İ.) yazır ki, “…axşam mənə o qədər yemək verdilər ki, fikirləşdim yata bilməyəcəm. Mənə bir otaq ayırmışdılar, otaga girəndə elə bil ki, yorğan döşəyin içərsində itdim. Səhər duranda gördüm ki, o biri otağın qapısı açıqdır, 10-12 nəfər balaca uşaq yerdə yatır. Tərcüməçi vasitəsi ilə soruşdum ki, bu nədir? Dedilər ki, bu xalqın xarakteri budur”. Dünyanın heç bir yerində bu təcrübə yoxdur. Tarasov da yəqin ki, burada oxuyub Azərbaycan xalqının o ədalətini görüb, o xeyirxahlığını görüb. Çünkü islam dini bizə elə şeylər verib ki, biz dünyanın harasına getsək o əməllərimizlə bilirlər ki, bu dini dəyərləri əxz etdirən xalqdır. Onunla yaşayan xalqdır. Tarasov da yəqin bunların hamısını görüb. Ancaq insan bədxah olanda və ya birinə yarınmaq istəyəndə onun ədaləti yadından çıxır. Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəndən sonra belə yazılar olmayacaq. Bilirsiniz torpağı işğal altında olanda, dünyanın müəyyən qüvvələri müəyyən dövlətin üstünə düşəndə bədxahlar çox olur. Amma sən güclənəndə sənə yaltaqlanan da çox olur.
Fuad Babayev: Bəlkə də Tarasov başlayacaq bizim lehimizə yazmağa.
Anar İsgəndərov: Bizə görə yazmasın, o torpaqda yaşayıbsa, bu ərazidə yaşayıbsa, lap 5 illik oxuduğu dövrün tarixini qələmə alsa onun yazdıqlarının müsbət çalarları mənfilərdən on dəfə çox olacaq. Amma sadəcə olaraq Firdovsiyyə xanım çox gözəl qeyd etdi ki, 3 nöqtə qoyaraq cümləni kəsmək, cümləni kontekstdən çıxarmaq tarixçiyə yaraşmaz. Mənim yadıma Suren Şaumyanın (1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı soyqırıma rəvac vermiş erməni əsilli inqilabçı-bolşevik Stepan Şaumyanın oğlu – red.) 1927-ci ildə çap olunmuş “Bakı kommunası” kitabı (Шаумян Сурен, “Бакинская коммуна”, Б., 1927 – red.) düşdü. Həmin kitabı o zaman müəyyən adamlar əldə edib oxuya bilirdilər. Suren Şaumyan özü kitabında yazır ki, Sultan Əbdülhəmid (II Əbdülhəmid (1842-1918) – 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi – red.) Osmanlıda bizə qarşı nə etdisə biz də 1918-ci ilin martında onu etdik. O cümləni heç bir Azərbaycan tarixçisi kitabında yazmayıb. Axı onu yazsaydı onda buna vətəndaş müharibəsi demək olmazdı ki, məlum olardı ki, bu soyqırımdır. O cümləni heç kim yazmırdı ondan əvvəlki cümlə yazılırdı, sonrakı yazılmırdı. Tarasovun yazdıqları da ona oxşayır. Cümləni ortadan kəsir, iqtibası vermir və ya iqtibas gəlib ki, orada nəticə alınacaq nəticəni yazmır.
Firdovsiyyə Əhmədova: Bu dörd yazıda aparıcı xətt ondan ibarətdir ki, Azərbaycanın qonşu dövlətlərlə – Rusiya, İran və Türkiyə ilə arası vurulsun, Rusiya-Azərbaycan və Türkiyə-Rusiya kontekstində vəziyyət gərginləşsin. Bu spekulyasiya, siyasi möhtəkirlikdir. Başqa bir məqsəd yoxdur. Erməni dövlətini maksimum haqlı, əsaslı tərəf kimi qoyan Tarasov Azərbaycana qarşı məqsədli, qərəzli siyasi yanaşma sərgiləyir. Ona görə də bu yenilik deyil.
Amma pisi odur ki, artıq 2018 ci ilin əvvəllərindən başlayaraq nədənsə Rusiya elmi elitasının bəzi nümayəndələri içərisində bu məsələlərə qərəzli yanaşma əmələ gəlib. Məsələn Şamxor hadisələrinin (Türkiyə cəbhəsindən geri qayıdan Rusiya hərbi hissələrinin 1918-ci il yanvarın 8-10-da Şamxor (indiki Şəmkir) stansiyası yaxınlığında tərk-silah edilməsi – red. )azərbaycanlıların rusları qırması kimi təqdim edilməsi, Türkmənçay müqaviləsinin 190 illiyini sırf erməni vilayətinin Rusiyaya qatılması kimi verilməsi və s. Faktı, rəqəmi götürürlər, onun altında isə atrıq öz iddiallarını, qərəzlərini yazırlar.
Fuad Babayev: Bu sifarişdir.
Firdovsiyyə Əhmədova: Bəli. Çünkü bu adamın neçə illərdir yazısı o sifarişə xidmət edir.
Anar İsgəndərov: Firdovsiyyə xanım Şəmkir hadisəsini dedi. Həmin dövrdə Qırmızı Professorlar İnstitutunun (Rusiya Xalq Komissarları Sovetinin qərarı ilə 1921-ci ildə yaradılmış xüsusi ali təhsil müəssisəsi. bolşeviklər partiyası üçün ali ideoloji kadrlar, ictimai elmlər üzrə müəllimlər hazırlayırdı – red.) məzunları Sef, Rayevski, Popov və s. Cənubu Qafqaza ezam olunurdu, onların əksəriyyəti yəhudi idi. Bunlar bura Cənubi Qafqazda olanların tarixini yazmaq üçün göndərilirdi. Yazmalıydılar ki, Azərbaycan xalqı anadangəlmə inqilabçı xaldır və 1920-ci ilin aprelində küçələrə çıxdılar, öz milli hökumətini devirdilər və sonra da XI Qırmızı Ordunu yardıma çağırdılar. O müəlliflər nə qədər ədalətsiz olsalar da elə şeylər yazırdılar ki, onların əsərləri qadağan edildi, özlərini güllələdilər. O tarixçilərdən biri Sef (Сеф (Фаермарк) Семен Ефимович 1900-1907 – red.) idi. Sef Şəmkir hadisəsini elə verib bu gün biz istəsək də onu o cür verə bilmərik. Nə üçün bu proses baş verdi. Əgər rus əsgəri Ərzincandan sonra bağlanan müqaviləyə görə razılaşıb silahını versəydi, bu baş verməzdi. Yəni günah əsgərdə oldu, onun komandirində oldu ki, silahı təhvil vermədi. Azərbaycanlı da dedi ki, sən mənim ərazimdən keçirsənsə, Zaqafqaziya Komissarlığının çıxardığı qərara görə silahı səndən alıram. Yəni əslində bu gün onunla bağlı nə yazılsa o bizə qarşı olan böhtandır. Yəni qərəzlidir. Axı 30-cu illərdən sonra tarix dövlət siyasətinə tabe etdirildi. 30-cu illərə qədər Sovet dövləti nə qədər çalışsa da mülkü tarixi dövlət siyasətinə tabe etdirə bilməmişdi. Amma 1934-cü ildə bunlar həll olundu. Mən həmişə deyirəm Rayevski öz kitabında Əlimərdan bəy Toçubaşovun məktublarını verməsəydi biz indi onu haradan əldə edərdik. Rayevski onu tənqid edərək verdi. Amma son nəticədə biz bu məktubları oradan götürürük.
Təmkin Məmmədli: Cümhuriyyət tarixində hansı sahələr tədqiq olunmayıb, hansı sahələrə daha çox diqqət yetirək. Yoxsa elə bir sahə qalmayıb?
Firdovsiyyə Əhmədova: Qalıb niyə qalmayıb. Ümumi götürdükdə artıq 20 ildir bu Cümhuriyyətlə bağlı tədqiqat işləri aparılır. Məsələn sosial-iqtisadi həyat sovet dövründə də yazılıb, amma qərəzli yazılıb. Müasir dövrdə Cümhuriyyətin sosial-iqtisadi, mədəni həyatı demək olar ki işlənilibdir. Amma şəxsiyyətlərin taleyi ilə bağlı tədqiqatlara ehtiyac var. Cümhuriyyət qurucularının üzdə olan yuxarı təbəqəsi məlumdur. Amma, Cümhuriyyətin quruculuğunda fəaliyyət göstərən şəxslər haqqında məlumatlar kifayət tədqiq olunmayıb. Ona görə Anar müəllim xaricə təhsil almağa göndərilən yüz tələbədən danışdı. Ədalət Tahirzadənin, Teyyub Qurbannın bu barədə kitabları nəşr olunub. Artıq müəyyən hissələrdə o boşluqlar demək olar ki, doldurulur. Amma söhbət boşluğu doldurmaqdan getmir. Əsas məsələ odur ki, konyunkturaya işləməyəsən. Yəni söhbət Azərbaycandan kənar, Azərbaycanı sevməyən tədqiqatçıların yanaşmasından getmir. Bəzən Azərbaycan tədqiqatçıları özləri də zamanın hökmünə uyğun olaraq istər-istəməz subyektiv yanaşma nümayiş etdirirlər. Tədqiqatda maksimum bu məsələlərə diqqət vermək lazımdır ki, subyektivlik real həqiqəti üstələməsin. Çünkü gördüyünüz kimi bəzi məsələlərdə biz nələrisə qabartmasaq, yaxud onun siyasi anlamda kölgədə qalmasını istəsək bədxahlarımız onu tamamilə başqa cür təqdim edəcəklər. Ona görə tarixi olduğu kimi yazmaq lazımdır. Yəni həmin tarixi yazmaq baxımından heç bir baryer yoxdur. Amma təbii ki, dərin qatlara enərək tədqiqat işləri davam etdirilməlidir.
Anar İsgəndərov: Bilirsiniz, 1918-1920-ci illər eradan əvvəlki tariximiz deyil. Məsələn şagirdə, tələbəyə nə qədər Manna deyirsən təsirli olmur. Amma 1918-1920-ci illərdə 23 ay yaşayan bir dövlətlə bağlı hər bir gənci coşdurmaq olur. Hər bir gəncə deyə bilirsən ki, sənin borcun var. Sənin borcun nədir. Sənin torpağın işğal altındadır. Hətta güləndə belə fikirləş ki, gülməyə nə qədər haqqın var. Hətta əylənəndə fikirləş ki, əylənməyə nə qədər haqqın var. Bu mənada Cümhuriyyət dövrünə çatan tariximiz yoxdur. İkinci mən həmişə fikirləşirəm qoy Soyqırımı tarixi muzeyimiz olsun, gənclərə deyək ki, bu qırılan sənin baban olub, nənən olub, əzizlərin olub. O biri tərəfdən qoy sənin Cümhuriyyət muzeyin olsun. Bu qaranlıq gecə idi, bu da onun işıqlı səhəri idi. Tarixdə heç vaxt nöqtə qoyulmur. Heç bir hadisə ilə bağlı nöqtə qoyula bilməz. Abbasqulu ağa Bakıxanov nə yazırdı. Yazanın ədalətindən çox şey aslıdır. Əgər Tarasov da ədalətli yazsaydı biz ona daha çox təşəkkür edərdik. Cümhuriyyətlə bağlı nə qədər ədalətli yazsaq o zənginləşər. Həm də ki, ilk cəhdlər olub, uğurlar da əldə olunub. Amma elə yerlər var ki, hər gün onun üzərində işləməyə ehtiyac var. Bu mənada təbii ki, yəni 100 il ərzində yox, son 20 ildən artıq bir dövrdə kifayət qədər əsərlər yazılıb. Amma yenə deyirəm ki, bunlar bəsdir ifadəsi ola bilməz. Həm də hər bir dövrün tarixşünaslığı necə yaranır. Əgər bir əsər yazırsa tarixşünas olmaz, yüz əsər, min əsər olmalıdır ki, yeni nəsil onun analogiyasını apara bilsin və onda olsun onun tarixşünaslığı. Cümhuriyyətin tarixşünaslığı da qısa bir dövr olmasına baxmayaraq şərəflidir, zəngindir. Bu günkü Cümhuriyyət 1918-1920-ci illərin varisi olduğuna görə biz o dövrlə bağlı hər şeyin tədqiqinə nail olmalıyıq ki, bu gün uğularımız daha çox olsun. Çünkü bu günkü uğurların bünövrəsi oradadır. Qanunverici hakimiyyət olsun, icraedici olsun, məhkəmə olsun, yaratdıqları olsun, arzuları olsun. Adi mən bir misal deyim. Cümhuriyyət dövründə Batumiyə neft gedirdi. Ancaq arzuladığımız kimi deyidi. Amma müasir dövrdə “Əsrin müqaviləsi” imzalandı və onun bu gün onun nəticəsi məlumdur. Azərbaycanın konstitusiyası olsun, parlamenti olsun, əlifbası olsun, hərbi məktəbləri o dövrün arzusu idi. Müəyyən işlərin bir hissəsini gördü. Görürsünüz bu Respublika onların hamısını yaratdı. Hər yerdə birinci sözüm odur ki, zaman imkan vermədi. Amma bu gün nə etmişiksə kökü ordadır. Biz də o kökdən yapışmalıyıq. Amma təbii ki, iş olan yerdə bədxah da olur. Amma kaş o bədxah kənardan olsun.
Firdovsiyyə Əhmədova: Siz tədqiqatla bağlı sual verdiniz. Tədqiqatla bağlı bəllidir. Bir də maarifçilik lazımdır. Mən bu günlərdə bir videorolikə baxdım. Azərbaycan bayrağı ilə bağlı sorğu keçirilib. Şəhərin mərkəzində keçirilən sorğuda gənc nəslin demək olar ki, əksəriyyəti bayrağın mənasını bilmədi. Halbuki bağçadan tutmuş hər yerdə bu öyrədilir, hər bir dərslikdə var. Yəni buna baxmayaraq biganəlik var. Yəni alimlər yazır. Amma görürsünüz belə məsələlər yer alanda gənclik onun qarşısında cavab verməkdə acizdir. Çünkü bilgisi yoxdur.
Hazırladı: Təmkin Məmmədli, Aydan Abaslı
1905.az
P.S.
Söhbət 10 may 2018-ci il tarixdə baş tutub.