Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi və tarix üzrə fəlsəfə doktoru Rövşən Hətəmov ilə Azərbaycan Xalq Cümhuriyyətinin tanınması tarixindən danışdıq.
Fuad Babayev: Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasının 100 illiyi və Paris sülh konfransı ilə bağlı fikirlərinizi bilmək istərdik. Biz bu haqda nəyi bilirik və nəyi bilməliyik.
Solmaz Tohidi: Əslində, biz çox şeyi bilirik. Artıq otuz ilə yaxındır müstəqillik qazanmışıq. Mən öz tarixçi həmkarlarım adından tam əminliklə deyə bilərəm ki, bu kiçik müddət ərzində, məhdud imkanlarımız çərçivəsində, xarici həmkarlarımızın da böyük bir dəstəyi ilə Cümhuriyyət tarixini kifayət qədər öyrənmişik. Əslində, bugünkü gün (10 yanvar 1918-ci il –red.) Azərbaycan diplomatiyasının və Cümhuriyyət hökumətinin böyük qələbəsidir. Bu baxımdan, bizim müasir Azərbaycan diplomatiyasının ağsaqqalı, əvvəl Cümhuriyyət tarixinin sənədlərinin, sonra tədqiqatlarının Azərbaycan cəmiyyətinə, tarixşünaslığına gətirilməsində misilsiz xidmətləri olan Ramiz Abutalıbovun adını çəkmək istərdim. Çünki Ramiz müəllim yeganə azərbaycanlıdır ki, hələ yetmişinci illərdə, sovet dövrünün ən “oğlan çağları”nda Parisdə UNESKO-da sovet diplomatı olduğu halda, karyerası və həyatını riskə qoyaraq, Paris Sülh Konfransında iştirak etmiş AXC nümayəndə heyətinin sonuncu nümayəndəsi – Məmməd Məhərrəmovla görüşmüş, söhbət etmişdir. Əlimərdan bəy Topçubaşovun arxivinin ölkəmizə gətirilməsində də onun xidmətləri olub və bilavasitə həmin sənədlərin əsasında biz bu tarixi həqiqətləri öyrənməyə başlamışıq.
Neçə ildir bu sənədlərlə işləyən bir tədqiqatçı kimi əminliklə deyə bilərəm ki, həmin tarixin içinə girdikçə, biz bu insanların nələr etdiyinə şahid oluruq. Cümhuriyyət xadimləri XIX əsrin sonlarından çox kiçik bir zaman ərzində Azərbaycan kəlməsini gündəmə gətirdilər, Azərbaycan dili, milləti, xalqı dedilər, Azərbaycan muxtariyyəti, daha sonra Azərbaycan istiqlaliyyəti kimi ifadələr işlənməyə başladı və sonunda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxardı.
Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın xaricə gedən və danışıqlar aparan ilk heyətinin başçısı olub. 1918-ci il iyunun 17-də Gəncə böhranı baş verən zaman Məhəmməd Əmin Azərbaycan Milli Şurasının sədri idi. O və həmkarları – Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski və digərləri çox müdrik bir uzaqgörənliklə böhranı həll etdikdən sonra, ertəsi gün Məhəmməd Əmin Rəsulzadə, Aslan bəy Səfikürdski, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Pipinovdan ibarət heyət İstanbula yola düşür. Çünki Dördlər İttifaqının – Osmanlı dövləti, Almaniya, Bolqarıstan və Rumıniyanın təmsilçiliyi ilə İstanbulda böyük beynəlxalq konfrans keçiriləcəkdi. O zaman Birinci Dünya Müharibəsi hələ davam edirdi. Həmin konfransda yeni yaranan Qafqaz dövlətlərinin taleyi də həll olunmalı idi. Doğrudur, o konfrans baş tutmadı, ancaq bu bir neçə ay müddətində İstanbulda qalan Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi heyət çox mühüm danışıqlar keçirdi.
Bakının azad olunması ilə bağlı artıq Qafqaz İslam ordusu vuruşa-vuruşa Bakıya yaxınlaşırdı. Amma o dövrdə Bakının azərbaycanlıların əlində qalmasına mane olmaq üçün böyük bir kampaniya başlanmışdı və Osmanlının müttəfiqi Almaniya da bolşeviklərlə danışıqlarda qərara gəlmişdi ki, Bakı şəhəri sərbəst şəhər elan edilsin, beynəlmiləl bir şəhər olsun, cümhuriyyətçilər isə Gəncədə paytaxt qurub elə orada da otursunlar. Həmin planın qarşısının alınması çox böyük, mühüm bir hadisə idi, çünki Məhəmməd Əminin Bakıya təşviş dolu məktubları gəlirdi ki, Bakısız Azərbaycan yoxdur; Bakı alınmasa, “əlvida, Azərbaycan”. Aydındır ki, paytaxt Bakı alınmasa, Azərbaycan Cümhuriyyətinin varlığı da sual altında olacaqdı.
Fətəli xan Xoyski hökuməti başa düşürdü ki, ora geniş imtiyazlı bir diplomatik missiya getməlidir. Əlimərdan bəy Topçubaşov mart ayında xəstəliyinə görə Zaqafqaziya Seymində iştirak edə bilməmişdi və Bakıda qalmalı olmuşdu. 1918-ci il Mart soyqırımının qarşısının alınmasında, o hadisələrlə bağlı danışıqlarda iştirak etmiş, iki dəfə həbs olunmuş və avqust ayında Gəncəyə getmişdi. Fətəli xan Xoyski hökuməti qərara gəlir ki, İstanbula geniş səlahiyyətli xüsusi nümayəndə heyəti getsin. Fövqəladə səlahiyyətli nazir (AXC hökumətin 1918-ci il 20 avqust qərarı ilə – red.) Əlimərdan bəy Topçubaşov da İstanbula yollanır və sentyabrda ora çatır. İstanbulda qaldığı bir neçə ay ərzində o, otuz altıdan çox görüş keçirir və məlum olur ki, bu konfrans baş tutmayacaq. Çünki müharibə bitmək üzrədir və dünyanın yeni quruluşu, sülh məsələləri hamısı artıq İstanbulda deyil, başqa bir paytaxtda və Dördlər İttifaqı tərəfindən deyil, artıq əks tərəf – Antanta dövlətləri tərəfindən həll olunur. Ona görə Bakıya – AXC hökumətinə məktublar göndərir ki, Parisə gedib konfransda iştirak etmək lazımdır.
Bilirsiniz ki, Azərbaycan Parlamenti Topçubaşov Bakıda olmadığı zaman – 1918-ci il dekabrın 7-də işə başlayıb. Parlament çox ağır bir şəraitdə çağırılmışdı. İngilis qoşunları Bakıda idi və AXC hökumətini tanımırdı. İstənilən vaxt hökuməti buraxsaydılar, Azərbaycan dövlətçiliyi bitəcəkdi. Belə bir məqamda qanunverici orqanı çağırmaq, əslində, ağlagəlməz bir ideya idi. Amma ona getdilər və Parlament işə başladı. Məhəmməd Əmin Rəsulzadə Müsavat partiyasının lideri və ən böyük fraksiyanın başçısı idi; istəsə idi, rahat şəkildə parlament sədri ola bilərdi. Amma parlament sədrliyinə özü Azərbaycanda olmayan Əlimərdan bəy Topçubaşovu namizəd verirlər. Çünki Topçubaşov Azərbaycan diplomatiyasının o dövr üçün atası hesab oluna bilər. O, Rusiyanın Birinci Dövlət Dumasına seçilmiş ilk duma üzvü olub, parlament təcrübəsinə malik, heç bir partiya üzvü olmayan bir ağsaqqal idi və qonşu dövlətlərin siyasi xadimləri ilə böyük əlaqələri var idi. Parisə gedən Əlimərdan bəyə çox böyük status verirlər və o, Paris Sülh Konfransına Azərbaycan parlamentinin sədri kimi gedir.
AXC Parlamentinin 27 dekabr tarixli iclasında Paris Sülh Konfransında iştirak edəcək nümayəndə heyətinin tərkibi müəyyən edilir və parlamentdə təmsil olunan bütün fraksiyaların nümayəndələri, sosial-demokratlar, sosialistlər və sair o heyətdə təmsil olunur. Bu, çox böyük bir uzaqgörənlikdir. Çünki nümayəndə heyəti Parisə gəldikdən sonra, sosial-demokratlar gedib II İnternasional ilə əlaqə yaradır, gəlişlərinin məqsədini orada bölüşürlər və onları Azərbaycan nümayəndə heyətinin işinə cəlb edirlər. Beləliklə, yanvar ayında o heyət İstanbula yollanır, 3 ay orada qalır, məlum olur ki, onlara viza verilməsinin qarşısını almaq üçün böyük təzyiqlər var. Onların Paris Sülh Konfransına getməsinə icazə məsələsində hər zaman Bakıdakı ingilis komandanlığını qınayırıq, amma onların, ilk növbədə isə Oliver Uordropun (Sir John Oliver Wardrop – britaniyalı diplomat /1864-1948/ – red.) burada böyük rolu olub. Onun və müavini Stoksun (Klod Beyfild Stoks – britaniyalı zabit və diplomat /1875-1948/ – red.) nə işlər gördüyü, nümayəndə heyətinə nə təlimat verdiyi məlumdur.
Rövşən Hətəmov: Luis Malleti (Louis du Pan Mallet – britaniyalı diplomat / 1864-1936/ – red.) də yaddan çıxarmaq olmaz, çünki Azərbaycan nümayəndə heyəti ilk olaraq həmin britaniyalı diplomatla görüşüb. Uordropun Azərbaycana gəlişi, Qafqaza təyin olunması 1919-cu ilin payızına təsadüf edir, amma ondan əvvəl burada olan Mallet də əhəmiyyətli biri idi.
1920-ci il yanvarın 11-də Antanta Ali Şurasının Azərbaycan və Gürcüstanın müstəqilliyini de-fakto tanıması, sözün əsl mənasında, dövrünə görə müstəsna bir hadisə olmuşdur. O dövrdə Cümhuriyyətin xarici işlər naziri olan Fətəli Xan Xoyski deyirdi ki, biz 1918-ci ilin mayın 28-də istiqlalımızı elan etdik, 1920-ci il yanvarın 10-da istiqlalımız eşidildi.
Paris Sülh Konfransının məlum orqanları var idi: 10-lar şurası, daha sonra bu şura öz yerini 5-lər və 4-lər şurasına verdi, çünki 10-lar şurasında məxfiliyi saxlamaq çətin idi, söz-söhbət tez yayılırdı. Bundan başqa, 1917-ci ilin noyabrında yaranmış Antanta dövlətlərinin Ali şurası var. Azərbaycan və Gürcüstanın tanınması Antanta dövlətlərinin Ali şurası tərəfindən həyata keçirilib və yanvarın 10-da bu şura ilə iki görüş olub. Birinci görüşdə dövlət və hökumət başçıları iştirak edirdilər, ikinci görüşdə isə yalnız xarici işlər nazirləri. Yanvarın 10-da Antanta Ali şurasının qəbul etdiyi qərarda Azərbaycan və Gürcüstanın müstəqilliyinin de-fakto tanınması qərara alınır. Düşünürəm ki, yanvarın 11-də, sadəcə olaraq, bu qərar bir daha səslənir, elan edilir. Amma qərar yanvarın 10-da qəbul olunub. Bayaq Solmaz xanım Paris arxivi haqqında məlumat verdi. Ramiz Abutalıbovun göndərdiyi sənədlərdə tarix 10 yanvar göstərilir.
Bu hadisənin bizim üçün ən böyük əhəmiyyəti nədən ibarətdir? Gürcüstandan fərqli olaraq, bizi – Azərbaycanı dövlətçiliyi olmayan bir xalq kimi qiymətləndirirdilər və belə bir halda Azərbaycanın ayaq üstə durub, dura bilməyəcəyi məsələsini sübuta yetirmək o dövrdə bizim sülh nümayəndə heyətinin qarşısında duran çox mühüm məsələ idi. Azərbaycan nümayəndələri Paris Sülh Konfransına dəvət edilməmişdi. Bu konfrans 1919-cu il yanvarın 18-da çağırılmamışdan əvvəl, ora 32 dövlət dəvət olunmuşdu ki, Azərbaycan onların sırasında deyildi. Yalnız general Tomsonun (Ser Uilyam Montqomeri Tomson – britaniyalı general-leytenant, 1918-ci ildə Bakının hərbi qubernatoru /1877-1963/ – red.), Corc Milnin (baron Corc Frensis Miln – britaniyalı hərbçi, feldmarşal /1866-1948/ – red.) razılığından və eyni zamanda, bu dövrdə İstanbulda Əlimərdan bəy Topçubaşovun İtaliya, Fransa, ABŞ, Böyük Britaniya və digər dövlətlərin nümayəndələri ilə apardığı danışıqlardan sonra Azərbaycan nümayəndə heyəti Parisə getmək qərarına gəldi. Amma bu, Azərbaycan nümayəndə heyətinin istəyi ilə olmaya da bilərdi və bunun da səbəbi var. Bildiyimiz kimi, Paris Sülh Konfransının həll etməli olduğu ilk mühüm məsələ – Rusiya məsələsi idi. Çünki Rusiya 1917-ci ilin sonlarına – bolşeviklər müharibədən çıxana qədər Antanta tərəfində vuruşub. Rusiya müharibəyə böyük töhfə verib və qaliblər sırasında olmaq haqqı var idi. Orada kimin iştirak etməsi məsələsi ilə bağlı qalib dövlətlər arasında fikir ayrılıqları yaranmışdı. Fransanın məşhur ifadəsi var idi: vahid və bölünməz Rusiya. Fransa tələb edirdi ki, bu məsələ tez bir zamanda həll olunsun və onlar ağ qvardiyaçılara bel bağlayırdılar.
Təmkin Məmmədli: Hətta İngiltərənin özündə də fikir ayrılığı var idi: deyilir ki, Uinston Çörçill onlara dəstək verirdi.
Rövşən Hətəmov: Bu, 1918-ci ilin noyabr ayına qədər olan dövrdə idi, çünki o zaman Kolçak Moskvaya qədər gəlib çıxmışdı, Denikin Voroneji tutaraq Moskvaya yaxınlaşmışdı. Artıq hesab edirdilər ki, problem həll olunacaq. Bizim nümayəndə heyətinin orada apardığı mübarizənin əsas istiqamətlərindən biri də ondan ibarət idi ki, nəyin bahasına olursa olsun, qalib dövlətlər keçmiş Rusiya imperiyası ərazisində yeni yaranmış dövlətlər üzərində Kolçakın və ya hər hansısa bir rus generalının hakimiyyətinin tanınmasına imkan verməsin. Azərbaycanın bu qələbəsi, çox mükəmməl aparılan informativ, təbliğat kompaniyasının qələbəsidir, çünki Azərbaycan o zaman Qərbdə tanınmırdı. Belə bir məqamda Azərbaycan haqqında həqiqətləri Qərb dövlətlərinin diqqətinə çatdırmaq mükəmməl informatik bir mübarizə tələb edirdi. Ona görə o bülletenlər, xəritələr, müsahibələr Qərb siyasi xadimlərinin tərəfimizə keçməsində müəyyən rol oynadı.
Fuad Babayev: Yəni mükəmməl bir tanıtım aksiyası kimi dəyərləndirilə bilər. Amma çox təəssüf ki, bu aspekt haqqında çox az yazılıb.
Rövşən Hətəmov: Hətta Azərbaycan nümayəndə heyətinin Valter Çandler (ABŞ siyasətçisi – /1887-1967/ – red.) və Maks Rabinovla (Rusiya doğumlu, ABŞ işgüzar dairəsinin nümayəndəsi – /1877-1966/ – red.) bağladığı müqavilə, onların ABŞ-da apardığı təbliğat kampaniyası, ABŞ prezidenti Vudro Vilsona (ABŞ-ın 28-ci prezidenti /1913-1921/ – red.) təsiri nəticədə ABŞ belə hesab etdi ki, yeni yaranmış dövlətlərin tanınmasına heç bir maneə yoxdur, amma bunu rəsmi şəkildə bildirmədi. Yanvarın 10-da Azərbaycanı qalib dövlətlərdən İtaliya, Fransa və Böyük Britaniya tanıdı, ABŞ və Yaponiya isə tanımadılar, çünki hesab etdilər ki, öz dövlətləri ilə məsləhətləşməlidirlər, onlarda belə bir səlahiyyət yoxdur. Yalnız 1920-ci il fevralın 7-də Yaponiya Azərbaycanı müstəqil ölkə olaraq tanımaq haqqında qərara qoşuldu. Amma Rusiyanın parçalanmasını istəmədiyi üçün ABŞ bu qərarı dəstəkləmədi. Burada başqa bir aspektlər də var. 1920-ci ildə ABŞ-da prezident seçkiləri keçirilirdi. Vudro Vilsonun Millətlər Cəmiyyəti ilə bağlı proyektinin uğursuzluğu onun üçün böyük bir problem yaratmışdı və belə bir məqamda o, Amerika seçiciləri qarşısına Rusiyanın parçalanmasında iştirak edən bir xadim çıxmaq istəmirdi.
Təmkin Məmmədli: Ümumiyyətlə, Millətlər Liqasının yeni yaranan dövlətləri tanımaq hüququ var idi? Əgər var idisə, görə bu funksiyanı Antanta Ali şurası həyata keçirirdi?
Rövşən Hətəmov: Versal sülh müqaviləsi 1919-cu il iyun ayının 28-də imzalanıb, 1920-ci il yanvarın 10-da ratifikasiya olunub. Həmin gün Almaniya parlamenti Verdendə bu müqaviləni ratifikasiya etdikdən sonra, yanvarın 21-də Millətlər Cəmiyyəti fəaliyyətə başlayır.
Versal sülh müqaviləsi 15 fəsil və 140 maddədən ibarətdir. Onun içində iki beynəlxalq təşkilatın nizamnaməsi var. O nizamnamələrdən biri də 26 maddədən ibarət Millətlər Cəmiyyətinin nizamnaməsidir. Nizamnamənin ilk maddələrində belə bir bənd var: Millətlər Cəmiyyətinin Assambleya üzvlərinin 3/2-nin razılığı ilə hər hansı bir dövlətin quruma daxil olma hüququ var. Yeri gəlmişkən, Cənubi Qafqaz dövlətlərindən yalnız Gürcüstan belə bir şansı qazanmşdır, 1921-ci ildə Millətlər Cəmiyyətinin üzvü olmuşdur. Ona görə də qalib dövlətlər bizi yalnız de-fakto tanıdılar. De-fakto müvəqqəti və hökumətin tanınmasıdır, de-yure isə dövlətin tanınmasıdır. Azərbaycan və Gürcüstanın de-fakto tanınması bir zərurətdən irəli gəlirdi – bolşevik qoşunlarının Cənubi Qafqaza yürüşü ərəfəsində onlara silah-sursat verilməli idi. Və bu silah-sursatın verilməsi üçün, ən azı, ünvan bəlli olmalıdır: kimə verilir, tərəf olmalıdır. Ona görə də de-fakto tanındı. Amma bu da Azərbaycan və Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki həmin o de-fakto tanınma haqqında qərarda deyilirdi ki, bu gündən etibarən Azərbaycan və Gürcüstan özlərinin bütün istəklərini, arzularını beynəlxalq səviyyədə, o cümlədən Millətlər Cəmiyyətində izhar edib, ora təqdim edə bilərlər. Yəni bu, Azərbaycanın tam tanınması üçün mühüm bir addım idi.
Paris sülh konfransı işini başa çatdırandan sonra Azərbaycan hökuməti sülh nümayəndə heyətinin buraxılması və Avropanın iri dövlətlərinin paytaxtlarında səfirliklərin yaradılmasına dair xüsusi qərar verir.
Əlbərttə, Azərbaycanın Paris sülh konfransında əldə etdiyi nailiyyətlərlə bağlı əks fikirlər söyləyənlər də var. Son vaxtlar rus müəlliflərinin belə bir fikri var ki, onsuz da, bu yeni yaranan dövlətləri tanımaq barədə qalib dövlətlər Paris sülh konfransında razılığa gəlmişdilər. Yəni Azərbaycan və yaxud Gürcüstan diplomatiyasının burada hər hansı bir rolu olmayıb. Bəlkə də belə razılıq olub. Amma Azərbaycan diplomatları konfransda iştirak edən Vudro Vilson, Jorj Klemanso (1906-1909 və 1917-1920-ci illərdə Fransa baş naziri – red.), Lloyd Corc (1916-1922-ci illərdə Böyük Britaniya baş naziri – red.), Corc Kerzonla (britaniyalı siyasətçi – red.) və digər tanınmış siyasi xadimlərlə görüşüblər və yaxud yazılı müraciətlər ediblər. Ən azından, Cənubi Qafqazda dünyəviliyə əsaslanan müsəlman bir dövlətin yaradıldığını onların diqqətinə çatdırıblar. İstanbulda olarkən Topçubaşov tərəfindən mükəmməl hazırlanmış memorandum və daha sonra onun 50 səhifəlik geniş bir forması da 1919-cu ildə Paris sülh konfransında bütün dövlət başçılarına təqdim olunmuşdu. Neft faktoru da yaddan çıxmamalıdır. Çünki bolşeviklərin Azərbaycana yaxınlaşması və Azərbaycanla müqavilə bağlaması, onların avtomatik Azərbaycandan neft alması imkanına gətirib çıxarırdı ki, bu da bolşevik Rusiyasının dirçəlişi anlamına gəlirdi. Yeri gəlmişkən, elə 1919-cu ilin aprelin 14-də Fransanın xarici işlər nazirinin ABŞ dövlət katibinə yazdığı məktubda Fransa təklif edirdi ki, bu ölkələrə bəlkə bir qədər fərqli münasibət yeridək.
Somaz Tohidi: Topçubaşov missiyasının çox müstəsna rolu onda idi ki, gürcülərdən, ermənilərdən fərqli olaraq, bizim ölkəmiz, xalqımız qərblilər üçün bir müəmma, ekzotika idi. Topçubaşovun arxivindəki məktublarda qırmızı xətlə keçir ki, biz müstəqil yaşamağa qadir və layiq olduğumuzu sübut etməliyik. Bu baxımından, Topçubaşovun bir diplomat kimi məharətini görməmək mümkün deyil.
Rövşən Hətəmov: Mayın 14-də Paris qəzetləri yazırdılar ki, bu gün səhər Azərbaycan nümayəndə heyəti Parisə gəldi.
Solmaz Tohidi: İki həftədən sonra Vudro Vilson onları dəvət etdi.
Rövşən Hətəmov: Paris sülh konfransında müzakirələrin gedişində məlum oldu ki, fransızlar və ingilislər artıq əraziləri bölüşdürüblər. Sayks-Piko razılaşması (16 may 1916-cı ildə Böyük Britaniya, Fransa, Rusiya və sonradan İtaliya tərəfindən bağlanıb – red.) var. Əlbəttə, belə bir məqamda Vudro Vilson hələ 1814-1815-ci illərdə keçirilmiş Vyana konqresi zamanı Fransa xarici işlər naziri Şarl Moris de Taleyranın (1799-1807 və 1814-1815–ci illərdə Fransa xarici işlər naziri – red.) etdiyi gedişi etməyə, üçüncü qüvvənin başında durmağa çalışdı. O zaman Fransanı qoruyub saxlamaq üçün Taleyran xırda dövlətlərin hüquqlarının müdafiəçisi rolunda çıxış edirdi. Amma iki nüansı nəzərə almaq lazımdır: Taleyran heç zaman Fransanın maraqlarını satmamışdı və aydın məsələdir ki, Taleyranın hətta Napoleon Bonaparta etdiyi xəyanətin özü belə, Fransanın xeyri üçün olub.
Solmaz Tohidi: Vudro Vilsonun 14 maddədən ibarət təklifləri var idi. Onların içində ən mühümü – yeni yaranmış dövlətlərin tanınması idi ki, bizim nümayəndə də ona istinad edirdi. 28 may 1919-cu il tarixində ABŞ prezidenti bütün nümayəndələri qəbul edib istəyirdi öyrənsin ki, onlar nə istəyirlər.
Rövşən Hətəmov: Dağlılar Respublikasından olan Heydər Bamatın orada böyük rolu olmuşdur. Mayın 22-də mehmanxananın restoranında görüş keçirilmişdi və həmin görüşə iki amerikalı professor dəvət edilmişdi. Əlimərdan bəy Topçubaşov da orada professorlardan xahiş etmişdi ki, belə bir görüş təşkil etsinlər. Mayın 28-də Vilson Azərbaycan və Dağlılar Respublikasının nümayəndələrini qəbul edib və bu görüş iyirmi dəqiqə davam edib. Amerika o zaman İstanbula və Şərqi Anadoluya mandat almışdı və istəyirdi ki, onu Cənubi Qafqaza doğru genişləndirsin. Bu görüşdə də fikirlərimizi öyrənmək istəyirdi.
Solmaz Tohidi: Amma açıqca bəyan etmişdi ki, Rusiya məsələsi həll olunmayınca, bu ölkələri tanımaq fikirləri yoxdur. Bunun qarşılığında Topçubaşov da belə bir cəsarətli bəyanat verdi ki, Azərbaycan hökuməti keçmiş Rus imperiyası tərkibində hakimiyyətə gələcək hər-hansı qüvvələrin hakimiyyətini tanımır və biz ancaq öz hökumətimizi, parlamentimizi tanıyırıq.
Rövşən Hətəmov: İngiltərədə təkcə hakimiyyətdə deyil, orduda da fikir ayrılığı var idi. Hindistandan gəlmiş ingilis zabitləri başa düşürdülər ki, Rusiya daim Hindistan üçün təhlükə mənbəyi olub və onlar anti-rus mövqedən çıxış edirdilər. Lord Kerzon da başa düşürdü ki, Britaniya üçün ən böyük təhlükə Rusiyadır. Ona görə də onlar yeni yaranmış dövlətlərin tanınmasını istəyirdilər.
Solmaz Tohidi: İngilislərin o zamana olan planları baş tutmadıqdan sonra siyasi mənzərə Azərbaycanın xeyrinə dəyişməyə başladı.
Azərbaycan nümayəndə heyətinin missiyasının əhəmiyyəti nə oldu. Onlar sübut etdilər ki, Azərbaycan müstəqil yaşamağa qadirdir və layiqdir. Bu, bizim üçün niyə bu qədər mühümdür. Topçubaşovun məktublarında Parlamentlə bağlı yazılar var. Parlamentin hansı şəraitdə çağırıldığını bilirsiniz və ona paralel olaraq Müəssislər Məclisi də çağırılmışdı.
Rövşən Hətəmov: Parlamentin çağırılması da qəfil baş verib, bu, əslində, sülh konfransına hazırlıq məsələləri ilə bağlı idi.
Solmaz Tohidi: Təkcə ona görə yox. Hökumət Bakıya gəlmişdi, bayraq dəyişmişdi, Tomson da şərtlər qoymuşdu ki, hakimiyyət hökumətdə deyil, daha geniş səlahiyyətli bir parlamentdə olsun. Yəni Parlamentin yaradılmasını ancaq sülh konfransına bağlamaq düzgün olmaz. O məqam da var idi, amma o dövrdə əsl parlament seçkiləri keçirmək üçün hazırlıq gedir. Rəsulzadədə komissiyanın başçısı idi və seçki sənədləri hazırlayırdılar. Topçubaşov onlara yazırdı ki, parlamentə seçkilər ümumxalq səviyyəsində qanuni şəkildə keçirilməlidir ki, onlar görsünlər, biz belə şeyi keçirə bilirik. Azərbaycanda yaşayan bütün millətlər orada təmsil olunmalıdır. Daha sonra yazır ki, Azərbaycan hökumətinə ancaq yerli kadrlar seçilməlidir. Xaricilərə göstərməliyik ki, hökuməti idarə etməyə qadir bizim yerli mütəxəssislərimiz var.
O, Fransanın niyə Rusiyanın bütövlüyünü saxlamaq istədiyinə də toxunurdu. Orada iqtisadi bir məsələ var idi. Rusiyanın bir çox dövlətə böyük borcu var idi. Ən çox borcu isə Fransaya idi. Topçubaşov da orada ortaya sənədlər qoyub ki, Azərbaycanın nə qədər güclü iqtisadi resursları var, görüşdüyü adamlara təklif edib ki, əgər Azərbaycan hökumətini tanısanız, o zaman biz Rusiya imperiyasının borcları içindən payımıza düşən hissəni sizə qaytarırıq.
Azərbaycan Denikinin hücumlarının qarşısında dayanmaq üçün Baltikyanı ölkələr, Ukrayna, Gürcüstan ilə birgə fəaliyyət göstərirdi, onlarla birgə bəyanatlar verirdi. Təkcə Ermənistan onların heç birinə yaxınlaşmayıb. Orada iki erməni nümayəndə heyəti var idi: biri lobbilərdən ibarət nümayəndə heyəti, o biri isə Ararat Ermənistan Respublikasının nümayəndə heyəti. Onların hər ikisi də Azərbaycanın əleyhinə çıxış edirdilər. Ermənilər deyirdilər ki, azərbaycanlılar vəhşidirlər, dinc yanaşı yaşamağı bacarmırlar. Bilirsiniz ki, mən Parisdə Mart soyqırımıyla bağlı böyük bir sənədlər toplusu, xüsusilə şəkillər tapdım. Burada o şəkillər qalmamışdı. Maraqlıdır ki, bu şəkillər ermənilərin əlinə necə gedib çıxıb. Ermənilər 1918-ci ilin sentyabr məsələsini qaldıranda, şəkillər göstərəndə, Xarici İşlər Nazirimiz möhürlə bu sənədləri çap edib göndərmişdi ki, baxın, bunlar mart ayında bizə qarşı törədilmiş cinayətlərdir.
Ermənilərin belə bir arqumenti var idi ki, I Dünya müharibəsində qanımızla iştirak etmişik, bu qədər döyüşmüşük, ona görə də bizə pay çatır. Topçubaşov da cavab verirdi ki, biz iki yüz nəfər generalımızla Rusiya ordusu sıralarında döyüşmüşük və mart soyqırımını misal gətirərək deyirdi ki, biz qurbanlar vermişik, bu azadlığı o qurbanlar və qanımız hesabına almışıq.
Rusiyadan da böyük təsir var idi. Rusiya bu yeni dövlətləri “ögey övladlar” adlandırırdı. O vaxt Rusiyanın 80 ölkədə işləmiş səfirləri hamısı Parisə gəlmişdi. Rusiya siyasi partiyalarının hamısı orada idi.
Aralarında münaqişə var idi, amma bir məsələdə yekdil idilər: vahid və bölünməz Rusiya. Yəni nümayəndə heyətimizə böyük müqavimət var idi.
Rövşən Hətəmov: 1918-ci ilin sentyabrında Bolqarıstanın darmadağın edilməsindən sonra bəlli idi ki, Mərkəz dövlətləri artıq bu müharibəni uduzublar. Yeri gəlmişkən, 1918-ci ilin 8 avqustunu almanlar dünya müharibəsi tarixində özlərinin ən qara günü hesab edirlər. Çünki həmin hadisə sübut etdi ki, Almaniyanın bu müharibədə qalib gəlmək şansı yoxdur. Qeyd etmək lazımdır ki, Dördlər ittifaqının məğlub olmasında əsas səbəblərdən biri də neft olmuşdur. Məhz Bakı nefti, Cənubi Qafqazda alman-osmanlı fikir ayrılığı, bunun bəzi hallarda hətta hərbi toqquşmaya gətirib çıxarması, məsələn, Borçalıda hərbi toqquşma, son nəticədə bu dövlətlərin diqqətinin əsas cəbhələrdən yayınmasına gətirib çıxarmışdı. Noyabrın sonu Osmanlı qoşunları Azərbaycanı tərk edir, noyabrın 17-də Tomson başda olmaqla müttəfiq qoşunların komandanlığı Bakıya daxil olur. Yəni Antanta adı ilə Britaniya qoşunları İrandan Azərbaycana gəlir. Ona görə də Tomsonun Bakıya gəldiyi zaman göstərdiyi reaksiya Britaniyanın reaksiyasından daha çox Antantanın “vahid və bölünməz Rusiya” reaksiyasıdır. Bayrağımızın endirilməsi də bununla bağlıdır. Amma həmin hadisədən bir neçə gün sonra Tomsonun Azərbaycan hökuməti ilə bağlı fikirləri, yəni Azərbaycan hökumətinin Azərbaycan ərazisində qanuni hökumət olması və onunla əməkdaşlıq etməyin vacibliyini bildirilməsi, eyni zamanda rus və erməni icmalarını, siyasi xadimlərini başa salması ki, artıq Azərbaycanda hökumət var və siz onunla hesablaşmalısınız, bu, artıq Azərbaycanın diplomatik sahədə qazandığı ilk uğurlardan biri idi. Dekabrın 28-də Tomson faktiki olaraq Azərbaycan hökumətini tanıdı. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin mayın 28-də Azərbaycan müsəlman Milli Şurası tərəfindən elan edilmişdi, yəni Azərbaycan dövlətinin elan olunması yalnız Azərbaycanın müsəlman əhalisinin təmsilçiləri, nümayəndələri adından elan olunmuşdu və Avropa miqyasına çıxmaqdan ötrü Azərbaycanın qanunverici orqanının Milli Şura olaraq qalması faktiki olaraq mümkün deyildi. Milli Şura yerini Azərbaycan əhalisinin bütün millətlərini özündə əks etdirən yeni bir topluma verməli idi. Qeyd edək ki, Azərbaycan Parlamenti azərbaycanlıların maraqlarına zidd bir şəkildə yaranmışdı. Çünki bəzi qəzalarda ermənilərin sayca az, azərbaycanlıların çox olmasına baxmayaraq, azərbaycanlılarla müqayisədə ermənilərə daha çox yer verilmişdi. Parlament də dekabrın 3-də çağırılmalı idi, amma həmin gün çağırılmadı və bunu Azərbaycanda dini bir matəmlə bağladılar…
Ona görə də Parlament dekabrın 7-də işə başladı. Tomson Parlamentin açılmasına yalnız bu şərtlə razı idi ki, Azərbaycanın koalision hökumətinin tərkibi parlament işə başlamadan öncə hökmən müəyyən edilməli idi. Ona görə də parlamentin açılması təkcə daxili ictimaiyyət üçün deyil, beynəlxalq aləm üçün də nəzərdə tutulmuşdu ki, ilk dəfə olaraq Azərbaycanda parlamentli bir idarə orqanı yaradılır, parlament qarşısında məsuliyyət daşıyan hökumət yaranır və bu hökumətin tərkibi koalision təşkil olunur. Ancaq bu hökumətin tərkibinin koalision tərtib olunması üçün ruslara və ermənilərə bilərəkdən Parlamentdə bir qədər çox yer vermişdilər.
Solmaz Tohidi: Şərt qoyulmuşdu, hökumət koalision olsun. Sənədlər var ki, bizimkilər artıq hazırlaşır, nümayəndələr də gəlib, Parlament açılmalıdır. Gecə zəng vurub Fətəli xan Xoyskini Tomsonun yanına çağırırlar. Tomson da açıq deyir ki, əvvəlcə hökuməti seçməlisiniz. Tərkibini də deyir: 10 nəfərdən 5-1 azərbaycanlı, 5-i də rus və erməni. Hələ qeyd də edir ki, hökumət başçısı ayrı millətdən də ola bilər.
Fətəli xan Xoyskinin dilomatik məharətini qeyd etmək lazımdır. O, Tomsonla mükalimə apararaq bildirib ki, biz avropasayağı dövlət qururuq, hansı Avropa dövlətində əvvəl hökumət seçilir, sonra parlament. Gərək əvvəlcə parlament yaradılsın, ondan sonra o parlament də hökuməti təşkil etsin. Yəni Tomsonu fakt qarşısında qoyur. Daha sonra deyir ki, Azərbaycan əhalisinə qarşı ədalətli olmaq lazımdır. Yəni nəzərə alın ki, bizim əhali faizində sayımız çoxdur və hökumət tərkibindən söhbət gedirsə, orada 7/3 nisbət olmalıdır. Yəni 7 müsəlman, 3 erməni, və rus. Hətta orada aralarında söz-söhbət olur ki, kimlər nazir olsun. Məlum olur ki, Mirzə Əsədullayevin, Məhəmməd Həsən Hacinskinin adı çəkilib, amma qəti surətdə Fətəli xan Xoyskini istəmirdilər.
Rövşən Hətəmov: Fətəli xan Xoyski ona görə də istefa verir ki, baş nazir olmaq istəmirəm.
Solmaz Tohidi: Parlamentin iclaslarına baxın, əslində Məhəmməd Əmin Rəsulzadə böyük bir siyasətçidir, Parlamenti faktiki olaraq o idarə edib, neçə dəfə hökuməti böhrandan qurtarıb. Bu 15 ayda nə qədər qanun qəbul ediblər. Parlamentin açılışından əvvəl gərgin bir vəziyyətdə Nazirlər Şurasının iclası keçirilib.
Fuad Babayev: 1920-ci il yanvarının 10-da Azərbaycanın müstəqilliyi de-fakto tanınır və 28 aprel 1920-ci ildə Azərbaycan Cümhuriyyəti işğal nəticəsində süqut edir. Maraqlıdır ki, əslində, tanınmadan sonra AXC-nin mövqeləri möhkəmlənməli olduğu halda, üstündən üç ay yarım keçəndən sonra işğal olunur. O üç ay yarımın dinamikası barədə nə demək olar?
Solmaz Tohidi: Əvvəla, Gürcüstandan, Ermənistandan fərqli olaraq, Azərbaycanda böyük bir Rusiya faktoru var idi. Bolşeviklər 1919-cu ildə Kommunist İnternasionalı adında bir beynəlxalq təşkilat yaradırlar. Sovet imperiyası kommunist ideologiyasını ixrac edirdi. Kommunist partiyasının proqramında milli məsələ var idi, yəni millətlərin öz müqəddəratını həll etmək çox mühüm amil idi və dünya inqilabçıları, milli azadlıq hərəkatı tərəfindən qəbul olunurdu. İnternasionalın vasitəsilə Rusiyanın keçmiş ərazilərində kommunist təbliğatı başlayır. Azərbaycanda Hümmət partiyası, Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının yerli komitəsi və iranlıların yaratdığı “Ədalət” partiyasının yerli komitəsi fəaliyyət göstərirdi. Bu təşkilatlar fəhlələr, əsasən də ruslar arasında təbliğat aparırdılar, çünki azərbaycanlı fəhlələr, əsasən, milli hökumət tərəfində idi. Amma müsəlman fəhlələrin 30%-ni təşkil edən iranlı fəhlələr bolşeviklərin yanında idi. Böyük təbliğat gedirdi, böyük təzyiq var idi və neft amilini də unutmaq olmaz. Beləliklə, bizdən sonra Ermənistan da, hətta de-yure tanınmış Gürcüstan da sovetləşdi.
Burada çox mühüm bir məqam var: ermənilərin oynadığı rol… Mustafa Çokayın (Qazax ictimai və siyasi xadimi, publisist /1890-1941/ – red.) Azərbaycanın sovetləşməsində Qarabağ ermənilərinin rolu haqqında böyük bir məqaləsi var, mən onu çap etmişəm.
Bilirsiniz ki, Müsavat partiyasında 2 qanad olub. Onlardan biri sosial demokratlar idi. Bu sosial demokratlar Parlamentdə də oturmuşdu və rus bolşeviklərinə meyl edirdilər. Yəni işğal olunmaya “yardım edən” daxili bir amil var idi ki, Məhəmməd Əmin Rəsulzadə artıq burada gücsüz idi.
De-fakto tanınmanın Azərbaycan üçün böyük tarixi əhəmiyyəti var. AXC Parlamenti hansı şərtlə ultimatumu qəbul etdi… Azərbaycan müstəqil qalır, istiqlal qorunur, sadəcə rejim dəyişir, yəni ölkədə sosializm quruculuğu gedir. Amma sonra məlum olur ki, bolşeviklər bu şərtlərə əməl etmirlər.
İki il sonra 1922-ci ildə Azərbaycan SSRİ tərkibinə daxil olanda nə olur? O zaman artıq Türküstan da sovetləşmişdi. Buxara əmirliyini çıxmaq şərtilə, indiki Qazaxıstan, Qırğızıstan, Türkmənistan Türküstan adı ilə RSFSR tərkibində bir muxtariyyət kimi SSRİ-nin tərkibinə daxil edilirdi. Amma Azərbaycan, düzdür Zaqafqaziya Federasiyasının tərkibində idi, amma SSRİ-nin tərkibinə suveren respublika kimi daxil olurdu. I Ümumittifaq Sovetlər qurultayında bu məsələ həll olunanda Türküstan nümayəndə heyəti deyir ki, necə olur, o boyda ərazi Rusiyanın içində muxtariyyət kimi, amma balaca bir Azərbaycan və ya Ermənistan suveren respublika kimi SSRİ-nin tərkibinə qatılırlar. Orada onlara cavab verirlər ki, onların milli hərəkatı, milli dövlətləri və bu dövlətlərin tanınması halı olub. Yəni bu faktor ona gətirib çıxardı ki, Azərbaycan Sovet Sosialist Respublikası SSRİ tərkibinə suveren respublika kimi qatıldı. O 23 aylıq respublikamızın hesabına yetmiş il formal olaraq bütün atributları olan 2-ci respublikanı yaşamışıq.
Bilirsiniz, söhbət dövlət kimi baş tutmaqdan gedir. Amma Orta Asiya respublikalarının da milli mücadilə, azadlıq hərəkatları tarixi var. Yəni onlar da öz hərəkatlarının nəticəsində daha sonra SSRİ-nin tərkibində ayrıca respublika oldular.
Rövşən Hətəmov: 1917-ci il dekabrın 23-də İngiltərə və Fransa Rusiyanın cənubunu nüfuz dairələrinə bölmək haqqında saziş bağladılar. Həmin razılaşmaya görə, İngiltərə Rusiyanın cənub bölgəsi olan Azərbaycan, Qafqaz bölgəsində fəaliyyət azadlığı əldə edirdi. Məqsəd isə bolşevizmə qarşı birgə mübarizə idi. Xalqların öz müqəddəratını təyin etmək hüququ Vudro Vilsonun 14 maddəsində (1918-ci il yanvarın 8-də ABŞ prezidenti Vudro Vilsonun təklifi ilə Konqres tərəfindən qəbul edilən 14 maddə – red.) var, amma ondan əvvəl 1917-ci il noyabrın 3-də və 20-də Sovet Rusiyasının 2 bəyannaməsi var: “Rusiya xalqlarının hüquq bəyannaməsi”; “Rusiyanın və bütün Şərqin müsəlman zəhmətkeşlərinə müraciət”. Yəni xalqlarının müqəddəratını təyin etmək hüququ heç kim tərəfindən inkar edilmir və bu hüquq Paris sülh konfransında da olduğu kimi qalır.
Paris sülh konfransında yeni yaranmış dövlətlərin hüquqlarının tanınmasından söhbət getmir. Orada müstəmləkə məsələlərinin həlli zamanı xalqların rəyini öyrənmək istəyirlər. Vilsonun 14 maddəsində yalnız keçmiş Rusiya ərazisi olan Polşanın müstəqilliyi tanınır. Yeri gəlmişkən, RSFSR-in 1918-ci il iyulun 10-da qəbul etdiyi konstitusiyasında Polşanın, o cümlədən İrlandiyanın müstəqilliyi öz əksini tapmışdır. Eyni zamanda, İrandan qoşunların çıxarılması, Ermənistana müstəqil dövlət yaradılması hüququnun verilməsi kimi məsələlər də orada var idi. Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında təkbaşına, əlbəttə, heç nə edə bilməzdi, bununla bağlı Topçubaşovun hələ İstanbulda fevral ayının əvvəllərində nümayəndə heyəti ilə görüşü zamanı çox maraqlı bir fikri var. Mahiyyəti belədir: Osmanlı ilə qardaş, dost idik, köməyimizə gəlirdilər, indi o da yoxdur, tək və dostsuz qalmışıq. Belə bir məqamda Azərbaycan diplomatiyası üçün ən uğurlu addım, onun Qafqaz xalqları ilə birlikdə fəaliyyət göstərməsi oldu.
Ümumiyyətlə, Azərbaycan nümayəndə heyətinin tərkibində professional diplomat yox idi və nümayəndə heyətinə daha çox vəsait lazım olduğu halda, Azərbaycan hökumətinin ayırdığı vəsait Gürcüstan və Ermənistana ayrılan vəsaitdən dəfələrlə az idi və ona görə də Azərbaycan nümayəndə heyətinin orada apardığı işi, fəaliyyəti fədakarlıq kimi qiymətləndirmək olar.
Azərbaycan sülh nümayəndə heyəti Parisə yola salınarkən, onun qarşısına Xarici İşlər Nazirliyi tərəfindən 4 vacib məsələ qoyulmuşdu. Yeri gəlmişkən, Azərbaycan sülh nümayəndə heyətini Parlament yox, Parlamentin Ağsaqqallar Şurası hökumətlə birlikdə tərtib etmişdi. O şərtlərdən birini yerinə yetirə bilmədik. Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin tam hüquqlu üzv kimi iştirak etməsi mümkün deyildi, yerdə qalan məsələlərə nail olduq.
Yanvarın 10-da Azərbaycan və Gürcüstan haqqında qərarın qəbul olunmasına təsir edən amillərdən biri Serbiyanın Azərbaycan və Gürcüstan hökumətlərinə göndərdiyi nota idi. Məhz həmin notanın Oliver Uordropa göndərilməsindən və Uordropun bununla bağlı müvafiq olaraq hökumətə müraciətindən sonra, onlar başa düşdülər ki, əgər Azərbaycan və Gürcüstan bolşeviklərlə təmasa girib müqavilə bağlasa, o zaman bolşeviklərin Bakı neftinə sahib olma şansı həddən artıq çoxalar. Yeri gəlmişkən, yanvarın 12-də Gürcüstan Sovet Rusiyası ilə əməkdaşlığa razılıq verilməsi ilə bağlı öz təklifini irəli sürmüşdü.
Paris sülh konfransından sonra Azərbaycanın müstəqilliyi nə üçün möhkəmlənmədi. Orada London (1921-ci ildə fevral-mart ayları – red.), Spa (1920-ci ilin 5-16 iyul tarixlərində Belçikanın Spa şəhərində – red.), San-Remo (1920-ci il 19-20 aprel tarixində – red.) konfranslarında iştirak, müttəfiq dövlətlər arasında təzminat, mandat və s. məsələlər üzrə qızğın mübarizə gedirdi. Azərbaycan və Gürcüstanın müstəqilliyinin möhkəmləndirilməsi onların planlarına daxil deyildi. Yeri gəlmişkən, Azərbaycan və Gürcüstanla bağlı səhv addımlardan birini Antanta da etiraf edirdi ki, Xəzər dənizində hakimiyyət əllərində olmadığı halda, Azərbaycanı qorumaq mümkün deyil, halbuki dənizdəki donanmanı Denikinə özləri vermişdilər. Denikin darmadağın ediləndən sonra onun Bakı buxtasında qalan donanması 16 mart tarixində qiyam qaldırır. Hətta Nəsib bəy Yusifbəyli onlarla danışıq aparmaq istəyir. Xəzər dənizində nəzarəti itirməklə, ingilislər Qafqazı itirmiş oldular. Mən 16 mart tarixini Azərbaycan Cümhuriyyətinin süqutunun başlanğıcı kimi qəbul etmək istərdim. Çünki Xəzər dənizi tamamən bolşeviklərin ixtiyarına verildi.
Digər bir tərəfdən, Azərbaycan Gürcüstan hökumətinə, Antantaya müraciət etdi ki, Ermənistan işğalçılıq fəaliyyətini dayandırsın, Qarabağ və sərhəd bölgələrdən qoşunlarını çəksin, AXC qoşunlarını Bakıya göndərsin, amma bu, alınmadı. Gürcüstan isə Azərbaycandan Batumu tələb etdi. Bunu demək yerinə düşər ki, Azərbaycan sülh nümayəndə heyətinin 1920-ci ildə təqdim etdiyi ərazi siyahısında Azərbaycan ərazisi Qara dəniz sahillərinə qədər gedib çıxırdı, çünki Qars, Batum və digər cənub-qərbi demokratik respublikaların əraziləri Azərbaycan ərazisi kimi göstərilirdi.
Solmaz Tohidi: Batum nə vaxt Azərbaycan ərazisi kimi göstərilib?
Rövşən Hətəmov: Azərbaycan onunla bağlı Gürcüstanla müzakirə aparırdı.
Solmaz Tohidi: Türklər istəyirdi ki, Batumu tutsunlar, Fətəli xan Xoyski də deyirdi ki, qoy gürcülərdə qalsın, çünki Batum vasitəsilə Bakı nefti xaricə satılırdı.
Rövşən Hətəmov: Dediyiniz məsələ başqadır. 1920-ci ilin aprelində Gürcüstan hökuməti Azərbaycana nota verir, Azərbaycan hökuməti rəsmən bəyan etsin ki, Batum Gürcüstanın ayrılmaz hissəsidir, biz o zaman sizə köməyə gələrik. Azərbaycan bu bəyanatı verdi, amma Gürcüstan bizə köməyə gəlmədi.
Hətta mart hadisələri zamanı gəlmədilər. Onlar gözləmə mövqeyində idilər, çünki 1918-ci ildə Azərbaycan ərazilərinin bölünməsi barədə plan var idi, yəni Bakı da daxil olmaqla Xəzəryanı ərazilər Rusiyaya, Gəncə, Qarabağ, Naxçıvan Ermənistana, Zaqatala, Qazax dairələri də gürcülərə keçməli idi. Təbii ki, hadisələr ayrı cür inkişaf etsəydi, mümkündür ki, bu məkrli plan reallaşa bilərdi. Yəni gürcülər bu məqamda gözləmə mövqeyində olublar.
Rövşən Hətəmov: O zaman informasiya qıtlığı da olub. Azərbaycan hökuməti elə hesab edirdi ki, gələn rus qoşunlarının sayı on min nəfərdir və onlar Dərbənddən geri qaytarılıb.
Təmkin Məmmədli: Yəni istənilən halda o tarixi proseslərin qarşısını almaq mümkün deyildi.
Solmaz Tohidi: Artıq mümkün deyildi. Mən kominternin adını çəkdim, amma o mövzunu inkişaf etdirmədim. Kominternin planlarında Azərbaycanın sovetləşdirilməsi var idi. Bakıda 1920-ci ilin sentyabrında Şərq xalqlarının birinci qurultayı keçirildi. Həmin qurultayda sosialist inqilabının ixracı məsələsi də müzakirə olunurdu. Amma onun səhnəarxası sənədləri var, mənim bu haqda monoqrafiyam da çıxıb. Yəni Gürcüstan və Ermənistanın da sovetləşdirilməsi planları o qurultayda müzakirə olunub.
Təmkin Məmmədli: Bəs AXC-nin de-fakto tanınması hadisəsi 1920-ci ildə Azərbaycanda necə qeyd olundu?
Solmaz Tohidi: Möhtəşəm qeyd olundu. Əvvəla, həmin gün maaşlar saxlanılmaqla qeyri-iş günü elan edilir, bütün şəhəri xalça ilə bəzəyirlər. Bu gün isə çox təəssüf ki, yüzillik yubileydə heç bir tədbir yoxdur. O zaman böyük hazırlıqlar görülür, insanlar Təzə Pir məscidinin həyətinə yığışır, hökumət və parlament üzvləri də ora gedirlər. Saat 11-də Təzə Pir məscidində Şeyxülislam xütbə oxuyur və deyir ki, bu gün İslamın ən böyük bayramıdır.
Oradan çıxanda millət Nəsib bəy Yusifbəylini başları üstünə qaldırıb Təzə Pir məscidindən indiki Əlyazmalar İnstitutunun – Parlamentin qabağına gətirirlər. Orada insanlar yığışıb qışqırırlar ki, Məhəmməd Əmin gəlsin. Gələndə onu qaldırıb, ikinci mərtəbədə eyvana çıxarırlar və Rəsulzadə orada çıxış edir. Şəkli də var ki, Fətəli xan Xoyski o tanınma haqqında aktı oxuyur. Həm də böyük qələbəlik var: Hürriyyət (Sahil bağı – red.) meydanından Azneft meydanına kimi insanlar dayanıb gözləyirlər. Azneftin binasında Xarici İşlər Nazirliyi yerləşirdi. Axşam da orada xarici nümayəndələr üçün böyük qəbul təşkil edilir, Gəncədə böyük təntənələr olur .
Təmkin Məmmədli: Bəzi yerlərdə yazırlar ki, Azərbaycana məlumat 30 yanvarda gəlib. Yoxsa həmin sənədi o vaxt alıblar?
Solmaz Tohidi: Sənədi 17-si Topçubaşova təqdim ediblər. Həmin gün İtaliyada olan İbrahim bəy Usubbəyova da Xarici İşlər Nazirliyində o sənədi təqdim ediblər, onun teleqramı var. Ayın 19-da da İngiltərənin hərbi ekspertləri müzakirələr aparırlar ki, bu ölkələri xilas etməl olarmı. Müharibə qurtarıb və heç kim də bolşevik Rusiyası ilə ikinci müharibəni açmaq istəmir. Ekspertlər yekun rəyə gəlirlər ki, təkcə Azərbaycan deyil, Qafqaz respublikalarından heç birinin artıq özlərini hərbi cəhətdən müdafiə etmək imkanı yoxdur.
Rövşən Hətəmov: Bunlar bir neçə dəfə bolşevik Rusiyası ilə müharibə aparıblar və qalib gələ bilməyiblər. Həmçinin, ordu sıralarında bolşevikləşmə baş verdiyinə görə geri çəkilirlər. Qərara gəlirlər ki, əgər Qafqaz dövlətləri özlərini qoruya bilmirsə, onlara qoşun göndərmək lazım deyil. Amma İ.Sereteli deyir ki, əvvəlcə bizə on min nəfərlik ordu lazımdır, geridə qalanları özümüz düzəldəcəyik. Hətta bizim nümayəndə heyəti Azərbaycanın əlli min nəfərlik qoşunu olduğunu deyib, halbuki bu, həqiqətə uyğun deyildi. Amma həqiqət odur ki, Azərbaycan ordusunun cəmi on iki min tüfəngi var idi, yəni iki-üç nəfərə bir tüfəng düşürdü. Azərbaycan qısa bir müddətdə yüz min nəfərlik bir ordu yaradacağını bildirirdi. Doğrudur, Denikinin yük gəmilərindən on dörd mindən çox tüfəng götürmüşdülər, amma çoxu yararsız idi. 1920-ci ilin fevralında İtaliya ilə saziş bağlamış Azərbaycan hətta 6 sualtı qayıq almağı düşünürdü.
Solmaz Tohidi: Tarix nə vaxt qəhrəmanlıq tarixi olur… Hətta gücsüz, imkansız olduğun məqamda da müqavimət göstərirsən. Məsələn, Yalama döyüşü (1928-ci il aprelin 28-də Yalama ərazisində XI Qızıl ordu ilə Quba alayının Yalama qarnizonu arasında baş vermiş döyüş – red.). O zaman Bakı camaatı ölkədə nə baş verdiyini hələ başa düşməmişdi. Çünki aldanmışdılar. Elan vurmuşdular, hamı da çıxıb bir-birini təbrik edirdi, elə bilirdilər ki, yenə Türk ordusu gəlir. Bir aydan sonra hökumət nümayəndələri Tiflisə qaçmaq istəyərkən tutulanda, camaat ayıldı. Rəsulzadənin nə qədər çıxışı var, Xəlil bəy Xasməmmədova deyir ki, bunlara aldanmayın, sizi aldadacaqlar, bunlar sonra ayıldı və ondan sonra Gəncə üsyanı baş verdi.
Rövşən Hətəmov: AXC hökuməti Antanta yönümlü ingilispərəst hökumətdir və Mustafa Kamal Paşanın Antantaya qarşı mübarizə apardığı şəraitdə bu hökuməti…
Solmaz Tohidi: Sevmirdilər.
Rövşən Hətəmov: Yəni burada söhbət Azərbaycanın məhvindən deyil, sadəcə olaraq, rejimin dəyişməsindən gedir. Türklər Antantaya əks olan qüvvənin hakimiyyətə gəlməsini istəyirdilər ki, bu da, bolşeviklərdir. Bolşeviklər də söz vermişdilər ki, Azərbaycanın müstəqilliyinə toxunmayacaqlar.
Solmaz Tohidi: 1926-cı ildə Mustafa Kamal sui-qəsd planına qarşı bir istiqlal məhkəməsi açmışdı. Məhəmməd Əminin “Yeni Qafqaziya”da bu barədə böyük bir məqaləsi var. O dövrdə Azərbaycanda hakimiyyət dəyişikliyi olanda, bu prosesdə iştirakı olan türk zabitlərini mühakimə edirlər.
Rövşən Hətəmov: Azərbaycanın əleyhinə işləyən bir məsələ də var, məsələn, Ənvər Paşa Azərbaycana gəlmişdi.
Solmaz Tohidi: Gəlib, Şərq xalqlarının qurultayında da iştirak edib. Nuru Paşa da əvvəl bolşeviklərə kömək edib, sonra deyib ki, səhv etmişəm, yenidən bolşeviklərə əks mövqedə dayanıb. 1920-ci il çox dolaşıq bir tarixdir.
Rövşən Hətəmov: Əslində nonsens nədən ibarət idi: Böyük Britaniyanın özündə fəhlələr, sosial-demokratlar hər-hansı bir tətil keçirə bilməzdilər, ümumiyyətlə, bolşevik yönlü partiyaların fəaliyyəti qadağan idi. O dövrdə yalnız leyboristlər və yaxud tred-yunionlar nə isə edə bilərdilər. Bakıda isə ingilis komandanlığı bütün siyasi partiyaların sərbəst fəaliyyəti üçün imkan yaratmışdı, bolşeviklər “at oynadırdılar”, burada istənilən an hökumət əleyhinə çıxışlar edirdilər.
Solmaz Tohidi: Son olaraq deyim ki, Azərbaycan Xalq Cümhuriyyəti liderləri Məhəmməd Əmin Rəsulzadə başda olmaqla öz boyunlarına düşən missiyanı layiqincə yerinə yetirdilər. Yəni dövləti, onun əsas fundamental strukturlarını yaratdılar. Azərbaycan xalqının taleyini heç vaxt xalq, kütlə həll etməyib. Məsələn, ermənilərdən danışanda, biz erməni xalqı, erməni milləti deyirik. Azərbaycan xalqının tarixi taleyini həmişə onun bir qrup öndə gedən ziyalısı həll edib.
Hazırladı: Mehman İbrahimov, Aydan Abaslı, 1905.az