Dünən işdən qayıdanda mənzilimizin qapısının dəstəyindən kiçik bir reklam vərəqəsinin asıldığını gördüm. Vərəqədə yazılanların içində maraqlı məqamlarla bağlı sizləri də məlumatlandırmaq istəyirəm.
Bu gərək ki, yenicə fəaliyyətə başlayan bir “dərsanə”nin reklam vərəqəsi idi. Və bu vərəqədə dərsanənin “abituriyent hazırlığı kursu” haqqında məlumatlar və “dərsanə”də təhsil almanın qaydaları verilib.
Məlumatlar belədir:
“avtobusla çatdırılma”;
“kəsri olmayanlar təqaüd alır”;
“dərs vəsaitlərinin elektron variant ilə tam təmin edilməsi”;
“təhsilin səviyyəsi ilə tanış olmaq məqsədilə ödənişsiz dərslər”;
“dərsanədə mobil telefondan istifadə qadağandır” və nəhayət , “qeydiyyatdan keçin 100%, 50 % və 25% güzəştlə təhsil almaq şansı verən kupon əldə edin”.
Sonuncu məlumat mənə maraqlı gəldi. Heç demə, “qeydiyyatdan keçib kupon əldə etmiş şagirdlər arasında dərs ilinin başlanğıcında nəzərdə tutulmuş güzəşti əldə etmək üçün LOTOREYA oyunu keçirilir. Barabandan adı 1-ci çıxan 100%, 2-ci çıxan 50%, 3-cü çıxan 25% güzəştlə”.
Bax belə.
Vərəqədə “kəsiri olmayanlar”ın təqaüd almaları barədə də məlumata aydınlıq gətirilir. Heç demə, “aylıq təqaüd fondu hər ay kəsiri olmayanlar arasında bölünür” müş. Hərçənd ki, “təqaüd fondu” nun həcmi barədə bir kəlmə də yazılmayıb vərəqədə. kəlmə də yazılmayıb vərəqədə. Əvəzində, “XI sinif şagirdlərinə seçdikləri ixtisas qrupuna daxil olan beş fənn üzrə hər dərs günü 5 saat” üçün aylıqödənişin 165 manat olduğu göstərilir.
“Texnikuma (kollec) hazırlıq 3 fənn üzrə aylıq100 AZN”dir, “magistraturaya hazırlıq 3 fənn üzrə aylıq100 AZN”.
Vərəqədə başqa rəqəmlər də var.
Elə buradaca” Ukrayna və Türkiyə Dövlət Universitetlərinə attestatla imtahansız tələbə qəbulu“ təşkil edilirmiş.
Bir sözlə, pis deyil.
Orta məktəbin sonuncu sinfində oxuyan yeniyetmələrimiz ayda cəmi-cümlətanı 165 manat ödəməklə ali məktəbə hazırlaşa bilərlər.
Üstəlik, kəsirləri olmasa təqaüddə almaq imkanına malikdirlər.
Hələ orasını demirəm ki, uşağın adı “baraban”dan 1-ci çıxsa pul-zad ödəmək lazım deyil.
Və bütün bu hazırlıqlar heç bir nəticə verməsə, Ukrayna və Türkiyə Dövlət Universitetlərinin canı sağ olsun.
Dərsanə “attestatla imtahansız tələbə qəbulu” da təşkil edir axı.
Çim yağdır.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 92-93)