“Tarix təkrar olunur” deyirlər. Unudulduqca tarixin təkrar olunma ehtimalı isə daha da artır. Zaman-zaman tarixinin ən müxtəlif dövrlərində bu kəlamı sınaqdan keçirən Azərbaycanda çox da uzaq olmayan soyqırım tariximizin unudulmaması üçün ilk növbədə gələcəyimiz olan uşaqlardan başlamaq lazımdır.
Soyqırım tarixi ilə tanışlığın nə zamandan başlandığını öyrənmək üçün 1905.az olaraq kiçik bir araşdırma apardıq. Tarixi daha yaxından və daha dəqiq öyrənmək üçün təhsilin dəyərini qiymətləndirdiyimizdən orta məktəb dərsliklərində uşaqlara soyqırımla bağlı nələr öyrədildiyini aydınlaşdırmağa çalışdıq.
Nəzərə alaq ki, Azərbaycan təhsil sistemində artıq bir neçə ildir ki, milli kurrikulum tətbiq olunur, o zaman şagirdlərə tarixi həqiqətlərin də daha fərqli, anlaşılan, yaddaqalan formada təqdimatı vacibdir. Buna görə də budəfəki araşdırma milli kurrikulumun tətbiq edildiyi 1-5-ci siniflərin dərsliklərini əhatə etdi.
1-ci siniflərdə şagirdlərin tədris həyatına ilk addım atmasının onlarda yarada biləcəyi psixolioji, fiziki, zehni çətinliyi nəzərə alaraq bu siniflər üçün “Həyat bilgisi” dərsliyinə soyqırımla bağlı materialin daxil edilməməsini anlamaq mümkündür.
2-ci sinif şagirdlərinə soyqırımla bağlı nələrin öyrədildiyini bilmək üçün həmin siniflər üçün nəzərdə tutulan “Həyat bilgisi” dərsliyini araşdırdıq. Dərsliyin “Biz vətəndaşıq” bölməsindəki “Vətən anadır”, “Dövlətimiz” kimi mövzularında soyqırımla bağlı məlumat axtarsaq da tapa bilmədik.
3-cü sinfin “Həyat bilgisi” dərsliyində axtarışı davam etdirdik. Dərsliyin “”Azərbaycan-yurdum mənim” bölməsində 1905, 1918-ci il soyqırımları, Xocalıda törədilən qətliamla bağlı məlumatların şagirdlərə necə çatdırıldığını öyrənmək üçün bölümdə yer alan bütün mövzulara diqqət yetirdik. Ancaq yenə də soyqırımla bağlı ətraflı məlumata rast gəlmədik. Yalnız bölmənin 22-ci mövzusu olan “Azərbaycan ordusu” mövzusunun sonunda 1918-ci il soyqırımı ilə bağlı məlumat yer almışdı. Amma… necə? Mövzu başa çatdıqdan sonra “Bilirsinizmi?” başlığı altında 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımla bağlı cəmi 2 cümlə verilib: “1918-ci ildə erməni quldur dəstələri təkcə Bakı şəhərində 12 mindən çox insan öldürmüşdülər. Şamaxı və Quba qəzalarında 180 kənd dağıdılmışdı”. Vəssalam. 1905-ci il soyqırımı tamamilə unudulub, 1992-ci il 26 fevral Xocali soyqımı xatırlanmayıb, 1918-ci ildə törədilən soyqırımın ancaq 12 min qurbanı yad edilib. Üstəlik soyqırım barədə onsuz da tam olmayan məlumat şagirdlərə müraciətlə “Bilrisinizmi?” deyə soruşulur. Yəqin ki, dərslik müəllifləri 1 və 2-ci siniflərdə soyqırım haqqında şagirdlərə dərslikdən kənar məlumat verəcək müəllimlərin olacağına güvəniblər.
İbtidai təhsil pilləsinin son sinfi olan 4-cü sinfin “Həyat bilgisi” dərsliyində soyqırımla bağlı məlumat tapmaq cəhdimiz boşa çıxdı. Dərsliyin “Sənin hüququn” bölməsində dövlətçiliklə bağlı mövzulara yer verildiyindən öncə soyqırımla bağlı məlumatları məhz həmin bölmədə axtardıq. Amma məlum oldu ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımla bağlı həmin bölmədə heç bir məlumat yoxdur. Dərsliyin “Dövlət orqanları” mövzusunda azərbaycanlıların qaçqın və məcburi köçkün düşməsi ilə bağlı qısa məlumat yer alıb. Ancaq bu məlumat da dövlət orqanlarının, bu halda konkret olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin yaradılması ilə əlaqələndirilib: “1988-ci ildə Ermənistan Respubikasında öz dədə-baba torpaqlarında yaşayan azərbaycanlıların həyatı təhlükə altına düşdü və onlar xilas üçün qaçıb Azərbaycana pənah gətirdilər. Sonra, yəni 90-cı illərin əvvəlində Qarabağın dağlıq hissəsində və ətraf rayonlarda yaşayan azərbaycanlı əhali də ölkənin digər ərazilərinə köçməyə məcbur oldu. Beləliklə, Azərbaycanın ərazusində qaçqın və məcburi köçkünlərin sayı 1 milyona çatdı. Bu insanların ölkə ərazisində yerləşdirilməsi, onlara yardım göstərilməsi üçün Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi yaradıldı”. Dərslik müəllifləri ölkəmizdə hazırda 1 milyondan artıq qaçqın və məcburi köçkünün düşdüyü vəziyyətin tarixi kökləri, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım, ən azından yaxın tariximiz olan Xocalı soyqırımı haqqında bir cümləlik məlumata belə yer verməyiblər.
“Cəmiyyətin qlobal problemləri” bölməsində, yəni dərsliyin sonuncu iki mövzusundan biri olan “Müharibə və sülh” mövzusunda nəhayət ki, Azərbaycan tarixinin ən qanlı səhifələrindən olan və 1905, 1918, 1992-ci illərdə təkrarlanan soyqırımla bağlı məlumatlara rast gələcəyimiz ümidi də doğrulmadı. Mövzuda şagirdlərə 1-ci və 2-ci dünya müharibələri, müharibələrin baş vermə səbəbləri, nəticələri barədə məlumatlar verilir. Yalnız mövzunun sonunda bəzi ölkələrin istəmədən müharibəyə cəlb olunduğu bildirilir və misal üçün Qarabag müharibəsindən cəmi bir neçə cümlə bəhs olunur: “Bu müharibədə Azərbaycan torpaqlarının 20 faizindən çoxu Ermənistan tərəfindən işğal olunmuşdur. Müharibədə 20 mindən çox Azərbaycan vətəndaşı həlak olmuşdur”. Azərbaycanın cəlb olunduğu və 20 ildən artıq məruz qaldığı təcavüz, azərbaycanlıların məruz qaldığı soyqırım, dəhşətli işgəncə, topraq itkisi ilə bağlı cəmi 2 cümlə. Sizcə ibtidai təhsilin son pilləsini başa vurub orta təhsil pilləsinə, yəni təhsilin tamamilə yeni mərhələsinə qədəm qoyan şagird üçün bu məlumat yetərlidirmi?
İbtidai siniflərdən fərqli olaraq 5-ci sinfin “Tarix” dərsliyində mart soyqırımına ayrıca mövzu həsr edilib. Soyqırımın mahiyyətinin şagirdlərə sadə dillə izah edildiyi mövzuda çatışmayan cəhət mart soyqırımı haqqında statistik məlumatların az verilməsidir. Burada da martın 30-dan aprelin 2-nə qədər Bakıda 12 mindən çox günahsız müsəlmanın qətlə yetirildiyi bildirilir. Ancaq məlum olduğu kimi, mart soyqrımı təkcə Bakıda törədilməyib, Quba, Şamaxı, Lənkəran, Salyan, Hacıqabul və digər bölgələri də əhatə edib. Qubada aşkarlanan soyqırım məzarlığı barədə hekayə formasında təqdim edilən mətndə də, digər bölgələrdə ermənilərin həyata keçirdiyi soyqırımla bağlı bir cümləlik informasiyada da statistik məlumatlara yer verilməyib. Beləliklə soyqırım haqqında məktəb həyatında ilk dəfə dolğun informasiya almaq imkanı əldə edən şagirdlər Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olması, Şamaxının 58 kəndinin Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdılması, 8 minə yaxın insanın öldürülməsi, bunun da 1653 nəfərinin qadın, 965-nin isə uşaqlar olması barədə tarixi həqiqətlərdən məhrum qalıblar. Yaxşı haldır ki, dərslikdə Xocalı soyqırımına da ayrıca mövzu həsr edilib.
Beləliklə, 1905.az olaraq soyqırım tarixinin gənc nəslə çatdırılması istiqamətində apardığımız araşdırmanı yekunlaşdırdıq. Amma bu son deyil…
Elnarə Əlosmanqızı
Xüsusi olaraq 1905.az üçün