1915-ci il qondarma erməni soyqrımı ilə bağlı diskussiyalar bir çox xarici ölkələrin siyasi, ictimai və elmi dairələrində artıq çoxdandır ki, siyasi alver predmetinə çevrilib. Səriştəsiz, tarixi faktları təhrif edən müəlliflər tərəfindən yazılan əksər nəşrlər müxtəlif maraqlara xidmət edir.
Təəssüflə vurğulamaq lazımdır ki, əksər hallarda orta məktəb dərsliklərində bu kimi hallara rast gəlinir. Erməniləri günahsız, məzlum xalq kimi tərənnüm edən həmin dərsliklərdə tarixə yalnız ermənilərin baxışından qimət verilir.
Məlumdur ki, orta məktəbin tarix dərsliyi hadisələrin siyasi cəhətdən dərk edilməsinin özülünü qoyur. Burada səhvə yol verilməsi çox təhlükəlidir. Bir səhv məktəblinin həmin xalq haqqında fikirlərinin uşaqlıqdan yanlış formalaşması ilə nəticələnə bilər. Orta məktəb şagirdləri qondarma “erməni soyqırımı”nı elə məktəbdəcə tarixi fakt kimi qəbul edərək peşəkar həyatlarına başlayırlar. Onların bəzilərinin türklərin ermənilərə qarşı soyqırımı törətdikləri inamı ilə gələcəkdə böyük siyasətə qoşulmaları da istisna edilə bilməz.
Apardığımız araşdırma nəticəsində öyrəndik ki, ötən ildən etibarən Fransada tarix və coğrafiyadan orta məktəb dərsliklərində, 1915-ci ildə baş vermiş hadisələri “soyqırım” kimi xarakterizə edən bölmələr yer alıb. Aprel ayında İrəvanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının beynəlxalq məsələlər komitəsinin sədri Ed Roys fəxrlə bildirdi ki, “tarixin təhrif olunmaması üçün” ABŞ-da dərsliklərdə (xüsusilə Kaliforniya ştatının orta məktəb dərsliklərində) ayrıca “erməni soyqırımı” bölümü var. Hətta ənənəvi olaraq türk diasporunun güclü sayıldığı Almaniyanın Brandenburq torpağında da dərsliklərdə erməni soyqırımı ifadəsi gedir. İsrailin ümumtəhsil məktəblərinin tarix dərsliklərinə erməni soyqırımı haqqında məlumatlar (düzdür, daha çox “böyük faciə” və “qırğın” kimi) daxil edilib. 2012-ci ildə Ukraynada ali məktəblərin humanitar fakültələri üçün nəzərdə tutulan “XX əsrdə soyqırım və mülki əhalinin kütləvi qırdırılması siyasəti” adlı dərslikdə Osmanlı imperiyasında 1915-ci ildə baş verən hadisələr soyqırım adlandırılır və bu hadisələr ətraflı şərh olunur.
Rusiyada orta və ali məktəblərin tarix dərsliklərində isə Dağlıq Qarabağ problemi birtərəfli araşdırırlır, Bakıda və Sumqayıtda guya erməni qətliamlarının olduğu bildirilsə də, Xocalı soyqırımından, Azərbaycan ərazilərinin işğalından bir kəlmə də danışılmır.
Bəs Azərbaycan orta məktəblərinin tarix dərsliklərində vəziyyət necədir? 1905.az olaraq bir müddət öncə, ibtidai sinif dərsliklərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı məsələsinin lazımi qədər açılmadığını bildirmişdik. Yuxarı siniflərdə də vəziyyət o qədər də fərqli deyil. Bəzi tarixi hadisələrə yetərincə diqqət yetirilmədiyi halda, digərlərində faktlar çox şişirdilir. Bu xüsusilə 10-cu sinfin “Azərbaycan tarixi” dərsliyinə şamil edilə bilər. Hətta Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun rəhbərliyi səviyyəsində də vəziyyətin ürəkaçan olmaması dilə gətirilib. Yeri gəlmişkən, Tarix İnstitutunun 2008-ci ildə nəşr etdirdiyi yeddi cildlik “Azərbaycan tarixi”ində də 1905-ci il soyqırımı haqqında səthi məlumat verilir.
Gündüz Nəsibov
1905.az
P.S. Bir qrup erməni tarixçisi gənc azərbaycanlılar üçün məktəb dərslikləri tipli nəşrlərin hazırlanmasına başlayıb. Necə deyərlər, təbiət boşluğu sevmir. Yaratdığımız boşluqlarda fürsətcil ermənilərlə rastlaşacağımıza əmin ola bilərsiniz.