D.A.Vanyukov və S.P.Veselovskinin həmmüəllifliyi ilə yazılan “Tanınmamış dövlətlər (Nepriznannıe qosudarstva)” kitabı Moskvada 2011-ci ildə “Knijnıy klub Kniqovek” nəşriyyatında “Peredel mira” seriyasından nəşr edilib.
Məlumdur ki, “tanınmamış dövlətlər” deyildikdə özünü suveren dövlət elan etmiş və rəsmi adı, dövlət atributları, əhalisi, idarəetmə sistemi, ərazisinə nəzarət edə bilən, konstitusiyaya malik olan, lakin BMT üzvü olan ölkələr tərəfindən diplomatik cəhətdən tanınmayan regionlar nəzərdə tutulur. Lakin adını çəkdiyimiz kitabın müəllifləri “tanınmamış dövlətlər” məfhumunu şərh etmədən Gürcüstan, Azərbaycan, Belçika, Fransa, ABŞ, İspaniya, Böyük Britaniya, Hindistan və bir çox başqa ölkələrdə “tanınmamış dövlətlər” axtarışına çıxırlar.
Elə bunun nəticəsidir ki, kitaba daxil edilən “tanınmamış dövlətlər”in əksəriyyəti müəlliflərin fantaziyasının məhsuludur. Müəlliflərin xüsusilə Azərbaycan ərazisində “Dağlıq Qarabağ Respublikası” ilə yanaşı, Ləzgistan və Talışıstan kimi “tanınmamış dövlətlər” “tapmaları” xüsusilə düşündürücüdür.
Dağlıq Qarabağın az qala 200 il ərzində “Böyük Ermənistan”ın tərkibində olduğunu iddia edən müəlliflər yarımmüstəqil 5 məlikliyi də erməni dövlətçiliyinin son qalığı elan etməkdən çəkinməmişlər. Tarixçilər yaxşı bilirlər ki, bu 5 məliklik Ermənistan deyil, Qafqaz Albaniyası dövlətçiliyinin qalıqlarıdır. Sovet dövründə Dağlıq Qarabağın azərbaycanlılarla məskunlaşdırılması, ermənilərin isə bu ərazidən köçüb getməyə sövq etdirilməsinin vurğulanması D.A.Vanyukov və S.P.Veselovskinin ya tarixdən bixəbərlilikləri, ya da faktları növbəti dəfə özləri bildikləri tərzdə şərh etmək cəhdləridir. Yaxud Dağlıq Qarabağın “suverenliyinin” yalnız Ermənistan tərəfindən tanındığını qeyd etmələri müəlliflərin bu problematikadan xəbərsiz olmalarının daha bir sübutudur. Ermənistan da daxil olmaqla heç bir ölkə Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır.
Dağlıq Qarabağ ərazisinin 1813-cü ildə Qarabağ xanlığının tərkib hissəsi kimi Rusiyanın tərkibinə daxil olmasının üstündən sükutla keçən müəlliflər Azərbaycan ərazisində daha bir “tanınmamış dövlət” kimi Talışıstanı “tapırlar” və ona ərazi kimi Talış xanlığının ərazisini “ayırırlar”. Əlikram Hümmətovun bədnam fəaliyyətinə böyük yer ayıran müəlliflər, onun bölgədə böyük nüfuza malik olduğunu bildirirlər. Lakin elə növbəti abzasda bölgə əhalisinin tələbi ilə kabinetini qoyub qaçdığını qeyd etməklə özləri-özlərini ifşa edirlər.
Ləzgistanı da tanınmamış dövlətlər sırasına daxil edən D.A.Vanyukov və S.P.Veselovski burada da faktları kobudluqla təhrif edirlər. Kitabda “Ləzgi məscidi” adının guya “XII əsr məscidi” adı ilə əvəz olunması ləzgilərin mədəni irsinin dağıdılması kimi qələmə verilir. Halbuki tarixən “Aşur məscidi” kimi məşhur olan və onu inşa edənin adını daşıyan bu məscid XIX əsrdə Bakıda çalışan dağıstanlı fəhlələrin burada ibadət etmələrinə görə xalq arasında elə indi də “Ləzgi məscidi” kimi tanınır. Daha bir kobud təhrif isə Qarabağ müharibəsi zamanı azərbaycanlıların deyil, guya ləzgilərin qəsdən ön cəbhəyə göndərilmələrinin qeyd olunmasıdır. Ləzgilərin yaşadıqları ərazilərdə Rusiya Federasiyası tərkibində dövlət qurmaq istəklərindən bəhs edəndə isə müəlliflərin əsil məqsədləri məlum olur.
Nədənsə bütün dünyada tanınmamış dövlətlər “tapan” kitabın müəllifləri bu problemdən ən çox əziyyət çəkən Rusiyanın “tanınmamış dövlətlər”inə bir sətir də ayırmayıblar.
Hazırladı: Gündüz Nəsibov
1905.az
02 avqust 2016-cı il