Dağıstanda nə baş verir?
Dağıstanda görünməmiş hadisələr baş verməkdədir. Həbs dalğası respublikanın az qala bütün ali rəhbərliyini əhatə edir. Moskva ilk dəfə olaraq sanki sarsılmaz görünən status-kvonu pozmaq qərarına gəlib. Yaranmış şərait başqa çıxış yolu qoymayıb: vəziyyəti kosmetik tədbirlərlə düzəltmək cəhdləri effekt verməyib, respublikada yaranmış mövcud şəraitlə isə Kreml artıq barışmaz istəmir. Respublikanın baş naziri Əbdusəməd Qafarov, baş nazirin müavinləri Şamil İsayev, Rayudin Yusufov, keçmiş təhsil naziri Şahabas Şahov həbs edilib, Dağıstan hökuməti istefaya göndərilib. Daha öncə Mahaç-Qalanın meri Musa Musayev və şəhərin baş memarı Məhəmmədrəsul Qitinov həbs edilmişdi. Amma hadisələrin gedişi göstərir ki, bu hələ son həbslər deyil (expert.ru).
“1905.az” portalı hələ oktyabr ayında Vladimir Vasilyev Dağıstan rəhbəri təyin ediləndə politoloq Tofiq Abbasovla müsahibədə bu məsələni müzakirə etmişdi. Politoloq Vasilyevin təyinatını belə xarakterizə etmişdi: “İlk növbədə bu təyinat Dağıstanda vəziyyətin çox gərgin və mürəkkəb olmasından xəbər verir. Rusiya rəhbərliyi – konkret Putin, Medvedev, Dumanın spikeri və başqaları Şimali Qafqazdan, xüsusilə Dağıstandan danışanda həmişə vurğulayırlar ki, orada korrupsiya tüğyan edir, klan sistemi var və s…
…Mənə elə gəlir ki, indi əsas məsələ Dağıstanda vəziyyəti cilovlamaqdır və Vasilyevin də təhlükəsizlik məsələləri ilə bağlı öz konsepsiyası var. Hər halda uzun müddət Rusiya Dövlət Dumasında təhlükəsizlik məsələləri komissiyasının üzvü və sədri olub. Bu baxımdan nisbətən neytral seçim edilib. Vasilyev sözsüz ki, keçid fiqurudur. Məncə, onun əsas vəzifəsi ondan ibarətdir ki, monitorinqi dərindən aparsın, qüvvələr nisbəti ilə bağlı öz müşahidələrinə rəhbərliklə bölüşsün”.
Son hadisələrdən sonra Tofiq Abbasovun baş verənlərə münasibətini bir daha öyrəndik: “Görünən odur ki, Moskva Dağıstanla şaquli xəttin bərpa olunmsını özü üçün məqsəd kimi müəyyən edib. Yerli hakimiyyəti də elə bu istiqamətdə formalaşdırır. Çünki Dağıstanda təmsil olunan xalqların ağsaqqallarının, dini liderlərinin, iş adamlarının qeyri-rəsmi strukturları yaranmışdı. Onlar yerlərdə idarəetməni öz üzərlərinə götürmüşdülər. Bir çox hallarda yerlərdəki dövlət məmurları vətəndaşların sorğularına, şikayətlərinə tutarlı cavab verə bilmirdilər. Mərkəzdən göndərilən təlimatlar, direktivlər də havada qalırdı. Bəlli olan o idi ki, faktiki olaraq yerli hakimiyyət formal funksiya daşıyırdı. Onların rəsmi funksiyalarını qeyri-rəsmi liderlər, qeyri-rəsmi nümayəndələr, yerlərdə təşəkkül tapmış “camaat”lar icra edirdilər. Nəzərə alaq ki, Dağıstan sərhədyanı bölgədir. Bölgə Çeçenistanla, Gürcüstandakı Pankisi dərəsindən açılmış dəhlizlərlə çağırılmamış avtoritetlərlə bağlı idi. Moskva qərara gəldi ki, bu respublikadakı vəziyyəti nəzarətə götürsün, bədnam mənada özünü tanıtmış adamları kənarlaşdırsın. Biz bəzi respublika rəhbərlərinin bircə gün içərisində vəzifədən azad edilməsinin və Moskvaya aparılmalarının şahidi olduq. Bu, ondan xəbər verir ki, Moskva Dağıstanda qətiyyətli dəyişikliklərə qərar verib”. Politoloq 4 ay əvvəl söylədiyi kimi, yenə də Vasilyevin müvəqqəti səlahiyyət sahibi olduğunu vurğuladı: Vasilyevin güc strukturlarının nümayəndəsi kimi, xüsusi səlahiyyətləri var. Məlumdur ki, Dağıstana da eksklüziv funksiyaları yerinə yetirmək üçün göndərilib. Şərq əsilli olduğuna görə (atası qazaxdır – T.A.) Moskva seçimi onun üzərində saxlayıb, amma zənnimcə, müvəqqəti adamdır. Onun həyata keçirdiyi tədbirlər, təmizləmə işləri Dağıstan cəmiyyətinin əsas gözləntilərini, istəklərini ifadə edir. Bu tədbir nə dərəcədə davamlı olacaq, hansı aksiyaları əhatə edəcəyini zaman göstərəcək. Lakin düşünürəm ki, Dağıstanda 20 ildən artıq oturuşmuş model o qədər də zəif deyildi, ona görə də müqavimət göstəriləcəyini də istisna etmirəm. Dağıstanda silah-sursat çoxdur, mahallarda özlərini nüfuzlu sayan insanların hamısının evləri bir növ qala kimidir. Kimdənsə müdafiə olunmaq lazım gəldiyi təqdirdə, onlar evdən bayıra çıxmadan özlərini qorumağa çalışacaqlar”.
Politoloq Zaur Məmmədov isə Rusiyanın şimalında baş verənləri belə səciyyələndirdi: “Dağıstanda son zamanlar baş verənlər qoyulmuş ssenarinin davamıdır. Dağıstanın indiki başçısı Vasilyev qarşısında Moskva tərəfindən təlimatlar qoyulub. Bu, Dağıstanı orada olan yerli siyasi, iqtisadi klanlardan təmizləmək, Rusiya ilə Azərbaycan sərhədində Dağıstana aidiyyatı olmayan siyasi elita formalaşdırmaqdır. Dağıstan çox vacib regiondur. Bu həm Rusiyanın Qafqaza qapısı, həm də ekstremistlərin yayıldığı ərazidir və hər an, Rusiyada vəziyyət pisləşən kimi, onların ayağa qalxmalarına gətirib çıxara bilər. Bütün bunları nəzərə alan Moskva orada təmamilə yeni muxtar respublika qurulması istiqamətində işlər aparır”.
Hazırladı: Gündüz Nəsibov,
1905.az