“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində mayın 3-də keçiriləcək qondarma “parlament seçkiləri”ni pisləyən bəyanat yayıb.
Bəyanatda deyilir: “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyan edir ki, bu “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyasını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur və Dağlıq Qarabağda tarixən yaşamış azərbaycanlıların seçki hüquqlarını nəzərə almır”. Qeyd edilir ki, bütün Azərbaycan xalqının, o cümlədən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin kəskin etirazına səbəb olmuş bu hadisə ictimai birliyin idarə heyətinin iclasında müzakirə olunub və qətiyyətlə pislənib.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan qovulmuş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından, bölgənin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin olunmasından sonra keçirilə bilər.
Bəyanatda vurğulanır ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində, eləcə də Təhlükəsizlik Şurası sədrinin qəbul etdiyi 7 bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin zəbt etdikləri Azərbaycan ərazilərindən dərhal çıxması tələb olunsa da, Minsk qrupunun göstərdiyi səylər Ermənistanın açıq-aşkar qeyri-konstruktiv mövqeyi ucbatından heç bir nəticə verməyib.
Ermənistan beynəlxalq hüququn normalarına, BMT-nin Nizamnaməsinə zidd olaraq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarlarına əhəmiyyət verməyərək artıq neçənci dəfədir ki, Azərbaycanın işğal altındakı ərazilərində qondarma “seçkilər” təşkil edir. Rəsmi Yerevan öz qanunsuz hərəkətləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarına, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq mühiti yaratmaq təşəbbüslərinə və icmalar arasındakı dialoq imkanlarına köklü zərbə vurur.
Bütün dünyaya bəllidir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış separatçı rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş cinayətkar qurumdur. Məhz buna görə beynəlxalq təşkilatlar və dünya ölkələri də Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə Dağlıq Qarabağda əvvəllər keçirdiyi bu cür qondarma “seckilər”i heç vaxt tanımayıb. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ümidvar olduğunu bildirir ki, beynəlxalq birlik Ermənistanın qeyri-konstruktiv hərəkətlərini bir daha kəskin şəkildə qınanılacaq, bu ölkənin işğalçı siyasətinə son qoyulması üçün təsirli tədbirlər görüləcək.
Bəyanatda ictimai birliyin belə bir mövqeyi də əksini tapır: Münaqişənin tezliklə həlli üçün ilk növbədə işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən məcburən köçkün düşmüş 75 mindən çox azərbaycanlı əhalinin öz doğma torpaqlarına geri qayıtması zəruridir. Bölgənin erməni və azərbaycanlı icmaları arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin formalaşdırılması, görüşlərin keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə öz müsbət töhfəsini verə bilər.
“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi qondarma “parlament seçkiləri”nin keçirilməsinə etirazını bildirərək qeyd edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında həllinin vacibliyi göstərilir. Güc tətbiqi ilə ərazi ələ keçirilməsi və həmin ərazilərdə xalqların öz müqəddəratını təyin etmək hüququ adı altında hakimiyyətin qanuniləşdirilməsi beynəlxalq hüququn prinsiplərinə ziddir. Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayana və münaqişə ədalətli həll edilməyənə qədər regionda uzunmüddətli sülhün və əməkdaşlığın bərqərar olması mümkün deyil.
Bəyanatda belə bir ifadə olunur ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında ədalətli həllini tapacaq, azərbaycanlı əhali öz doğma torpaqlarına qayıdacaq və bölgənin iki icması arasında dinc yaşayış təmin olunacaq.
2 may, AZƏRTAC