Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə ABŞ Konqresinin nümayəndələrinin qanunsuz səfərinə görə Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosiyə və Konqres üzvlərinə etiraz məktubu göndəriblər.
AZƏRTAC xəbər verir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən qovulmuş məcburi köçkün icması ABŞ Konqresinin nümayəndələri – Frank Pallone, Cudi Çu və Ceki Spierin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə görə ciddi narahatlığını və etirazını bildirib. Qeyd edilib ki, jurnalistlərin müşayiəti ilə həyata keçirilən icazəsiz səfər demokratiyaya, insan hüquqlarının təməl prinsiplərinə, sülh şəraitində birgəyaşayışa və beynəlxalq hüquqa zidd olmaqla yanaşı, həmçinin münaqişə bölgəsindəki vəziyyətə mənfi təsir göstərir və münaqişənin həllinə ümidləri azaldır. Konqres üzvü xanım Cudi Çunın səfərinin onun sülhməramlı olmaq istəyi ilə tamamilə ziddiyyət təşkil etdiyini diqqətə çatdıran icma üzvləri vurğulayıblar ki, Konqres üzvlərinin bu səfəri vaxtilə beynəlxalq müşahidəçilər tərəfindən də öz təsdiqini tapmış qırğınlar və etnik təmizləmələr yolu ilə bölgənin yerli azərbaycanlı əhalisinə qarşı vəhşiliklər törədilməsi yolu ilə Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğalını dəstəkləməyə xidmət edir. ABŞ-ın dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ətraf ərazilərdə Ermənistan silahlı birləşmələri tərəfindən mülki əhaliyə qarşı edilən vəhşilikləri qınayaraq işğalçı qüvvələrin qeyd-şərtsiz ərazilərimizdən çıxarılmasını tələb edib.
Məktubda deyilir: “Dağlıq Qarabağ bölgəsindən didərgin düşmüş 80 mindən çox azərbaycanlı icma və ətraf ərazilərdən olan 700 mindən çox məcburi köçkün son 25 ildə heç bir irəliləyiş əldə olunmayan danışıqların fonunda əziyyət çəkməkdə davam edir. Ermənistan bizi ən təməl hüquqlarımızdan olan öz evlərimizə qayıtmaq haqqımızdan, öz ailə üzvlərimizin qəbirlərini ziyarət etməkdən məhrum edir. Bunlar azmış kimi, Qarabağdakı mədəni irsimizi də yer üzündən silməyə yönəlmiş siyasət aparır, şəxsi əmlaklarımızı mənimsəməkdə davam edirlər. Bu siyasətə qarşı çıxmaq və münaqişənin sülh yolu ilə həll edilməsi perspektivini saxlamaq üçün beynəlxalq ictimaiyyət bu vəziyyətə göz yumur. Məhz bu yanaşma ABŞ-ın və onun institutlarının dəstəklədiyi qaydalara əsaslanan beynəlxalq hüququn ruhuna uyğun olan addımdır. Ancaq təəssüflər olsun ki, Konqres üzvlərinin son səfərləri bu öhdəliklər və beynəlxalq hüquqla tamamilə ziddiyyət təşkil edir.
Bütün bunlar ABŞ nümayəndələrinin sözügedən icazəsiz səfərinin niyyəti ilə bağlı əsaslı bir sual doğurur: məqsəd sülh və sabitliyin bərqərar olmasına kömək etmək idimi? Əgər məqsəd bu idisə, o zaman bu məqsəd tamamilə uğursuzdur. Qanunsuz işğala və zərərçəkmiş insanlara ayrı-seçkiliklə yanaşmanın nəticələrini “qanuniləşdirmək” cəhdləri bölgə üçün sülh və zərərçəkmiş əhali üçün firavanlıq vəd edə bilməz. Heç kim öz xoşbəxt gələcəyini başqalarının hüquqlarını pozmaq və tapdalamaq hesabına qura bilməz. Buradan doğan mənəvi öhdəlik odur ki, biz bu cür hərəkətlərə yol verməməli və yol verənləri dəstəkləməməliyik”.
Bu cür səfərlərin nə Ermənistan xalqına, nə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni icmasına kömək etmədiyini qeyd edən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri bildiriblər ki, qeyri-qanuni işğalın davam etdirilməsi Ermənistanın inkişafı üçün zəruri olan resursların tükənməsinə və eyni zamanda, Dağlıq Qarabağ bölgəsindəki erməni icmasının Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən qurulmuş qanunsuz hərbi rejimin girovuna çevrilməsinə yol açır. Ermənistanın öz daxilindəki siyasi ixtilafı nəzərə alaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərin Ermənistandakı yanlış qüvvələrə kömək etdiyini və Ermənistanın həqiqi demokratik dəyişikliklərə nail olmasına ümidləri azaltdığını demək mümkündür. Bu cür səfərlər cəmiyyətə səhv mesajlar ötürür və ayrı-seçkilik siyasətini, həmçinin hər bir humanitar və insan hüquqları prinsiplərini kobud şəkildə pozan, bir etnik qrupun digərindən üstünlüyü haqqında bədnam fərziyyələr irəli sürən insanların və siyasi qüvvələrin populyarlaşması ilə nəticələnir. Bu, nə Ermənistan, nə də ümumilikdə bölgə üçün xoş bir gələcək vəd etmir. Səfərin ABŞ-ın münaqişə ilə bağlı rəsmi mövqeyini əks etdirmədiyini və konqresmen Frank Pallone tərəfindən də etiraf edildiyi kimi, Dövlət Departamentinin Azərbaycanın işğal olunmuş ərazilərinə getməməsi barədə açıq xəbərdarlığına rəğmən baş verdiyi bizə aydındır.
“Təəssüflə qeyd edirik ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərlər ABŞ-da yaşayan erməni icmasının bəzi üzvlərini məmnun etmək məqsədinə hesablandığını düşünməyə əsas verir. Hamımız bilirik ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək ABŞ Konqresinin üzvləri kimi rəsmi vəzifələrinin bir hissəsi deyil. Belə səfərlər həmin Konqres üzvlərinin şəxsi qazanc əldə etməsinə dair əsaslı şübhələr doğurur. Ermənipərəst lobbiçilərin güclü dəstəyi və ölkəmizin işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə cəlb olunması bu cür şübhələri daha da artırır. Bir daha qeyd edirik ki, həm Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfər, həm də Azərbaycan cəmiyyətinə ayrı-seçkiliklə yanaşılması həm mənəvi, həm hüquqi, həm də siyasi baxımdan yanlış bir mesajdır. Konqres üzvlərinin edə biləcəyi ən yaxşı şey münaqişənin bütün köçkünlərin əsas insan hüquqlarını təmin edəcək, bölgənin sabitliyinə xidmət edəcək sülh yolu ilə həllinə kömək etmək üçün addımlar atmaqdır. Bu, ABŞ rəsmilərinin müsbət davranış nümunəsi və davam edən ayrı-seçkilik üzərində insan haqlarının qələbəsi olardı”, – deyə məktubda qeyd olunub.
Məktubun sonunda Azərbaycanın məcburi köçkün icmasının hər zaman sülhün bərpası, münaqişənin dinc yolla həlli və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının dinc birgəyaşayışı və inkişafı yolunda yorulmadan çalışmaqda davam etdiyi vurğulanıb. Bu istiqamətdə aparılan müsbət işləri dəstəkləyən liderlərə minnətdarlıq ifadə olunub və münaqişənin sülh yolu ilə həll olunmasına kölgə salmağa çalışanları öz fəaliyyətlərinin istiqamətlərini dəyişdirmək üçün çağırış edilib.