Kəndimizin məscidi…
Yarıuçuq, dağılmış…
Kəndimizin məscidi,
Sənin ömrün nağılmış.
Bu misralar jurnalist Fuad Babayevin “Kəndimizin məscidi” şeirindəndir. O, Quba rayonunun Xanəgah kəndindəki məscidin faciəli durumu ilə bağlı şeir yazmaqla kifayətlənməyib. Milli.Az xəbər verir ki, jurnalist bir müddət bundan əvvəl tarixi-dini abidənin şəkillərini çəkib və sosial şəbəkədə paylaşıb.
Milli.Az-a açıqlamasında isə məscidin hazırki vəziyyəti barədə məlumat verən F.Babayev tarixi dini abidəyə laqeyd münasibətdən ürək yanğısı ilə danışıb:
“İlin-günün bu vaxtında abidənin belə acınacaqlı durumda olması ən laqeyd insanı belə məyus etməyə bilməz. “Abidələri Müdafiə Təşkilatı” İctimai Birliyinin rəhbəri Faiq İsmayilov azpress.az saytında dərc edilmiş yazısında qeyd edib ki, abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə Mədəniyyət Nazirliyində yerli əhəmiyyətli abidə kimi (№4660) qeydə alınıb. Elə həmin yazısında ekspert abidənin ümumi görünüşünün, bu tarixi memarlıq nümunəsinin təhlükəli vəziyyətdə olduğundan xəbər verməsini vurğulayıb. Və abidənin unikal formasını, nadir memarlıq quruluşunu, tarixi əhəmiyyətini və əhali üçün xüsusi önəmini nəzərə alaraq, abidənin uçulmasının qarşısını almaq üçün, bərpa edilənə qədər tikilinin təcili konservasiya olunmasının vacibliyinı önə çəkib. Qeyd edib ki, bu barədə yerli icra strukturları, Mədəniyyət Nazirliyi, Azərbərpa Layihə İnstitutu qərar qəbul etməlidir”.
Qeyd edək ki, bu məscid XVIII əsrdə tikilib. Sovet dövründə isə məscidin binasından anbar kimi istifadə edilib. Kənd camaatı bir neçə dəfə əllərindən gələn qədər məscidi təmir etməyə çalışıb, amma tarixi abidə davamlı yağış və küləyin qarşısında tab gətirə bilməyib. Artıq məscid sıradan çıxıb və dağılıb. Tarixi abidə kimi qeydə alındığı üçün kənd camaatının onu özbaşına təmir etməyə ixtiyarları yoxdur.
Abidənin inşasında yerli qəlpəli pud daşlardan və əhəng məhlulundan, apsirlərin quruluşunda isə bişmiş kərpicdən və adi pud daşlardan istifadə edilib. Qalınlığı 60-80 sm arasında dəyişən divarların quruluşu özünəməxsusluğu ilə diqqət çəkir. Məscidin tavanının tikintisində taxtadan istifadə edilib, abidənin üzəri kirəmitlə örtülüb. Məscidin yeganə minarəsi tavanın mərkəzi hissəsində quraşdırılıb. Məscidin ümumi vəziyyəti nəzərdən keçirilərkən onun əzəli formasında olmadığı görünür. Belə ki, abidə keçən əsrin əvvəllərində ya yenidən qurulub, ya da təmir edilib. Çünki divarlarda başqa bir islam dövrü tikintisinə məxsus daşlara rast gəlmək olur.
Xanəgah məscidinin unikallığını, nadir memarlıq quruluşunu, tarixi əhəmiyyətini və əhali üçün xüsusi önəmini nəzərə alaraq, milli sərvətimiz olan bu abidənin tam uçulmasının qarşısı alınmalı, bərpa edilməsi üçün tədbirlər görülməlidir.
Zərif Nisə
Milli.Az