Keçən ilin 27 dekabrında Atamı, bu ilin 25 dekabrında Dostumu itirdim.
İlyas Babayevə 2018-ci ili qarşılamaq qismət olmadı.
Gündüz Nəsibov 2019-cu ili görməyəcək…
Sabah Bakıda İlyas müəllimin il mərasimi olacaq, Qazaxda, Aslanbəylidə Gündüz müəllimin üç mərasimi. Dünənsə birinci “İlyas Babayev (1935-2017) xatirələrdə” kitabı işıq üzü gördü. Və bu kitabın məsul redaktoru Dostum və Həmkarım Gündüz Nəsibovdur.
Kitabda Gündüz müəllimin hazırladığı iki yazı yer alıb. Bu yazılardan biri atamın vəfatından azca əvvəl çıxmış kitabının təqdimat mərasiminə həsr edilib. Biz redaksiyamızda “1905.az kitabı” seriyasından çıxmış“Numizmatika haqqında məqalələr toplusu”kitabını tarix elmləri doktoru, professor Əli Rəcəblinin, professor Kamil İbrahimovun, tarix üzrə fəlsəfə doktorları Qənirə xanım Pirquliyevanın, Akif Quliyevin, Aygün xanım Məmmədovanın, qardaşım, Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Faiq Babayevin və Gündüz Nəsibovun iştirakı ilə keçirilən toplantıda təqdim etmişdik. Həmin toplantıdan bəhs edən yazıda Gündüz müəllimin dediyi sözlər də var:“Mən də İlyas müəllimlə söhbətləşmə şərəfinə layiq görülənlərdənəm. Çox xoşbəxtəm ki, iki dəfə İlyas müəllimdən “1905.az” saytı üçün müsahibə götürmüşəm – Qəbələ və Şəmkir arxeoloji ekspedisiyalarının fəaliyyəti ilə bağlı. Hər iki müsahibə “Atamın sağlığında” kitabına düşüb və bununla çox fəxr edirəm.”
“Atamın sağlığında” toplusunun da məsul redaktoru idi Gündüz müəllim…
Hər iki kitab qarşımdadır.
Və mən fəxr edirəm ki, hər iki kitabda əziz Dostum Gündüz müəllimin adı və soyadı var.
Çox şadam ki, mən Gündüz müəllimlə bir yerdə işləmişəm.
Və onu bu həyatda bir daha görə bilməyəcəyim çox ağır gəlir mənə…
O qədər ağırdı ki, hələlik sözlə ifadə etmək çətindi.
Bəlkə elə indi, başqa, tamam fərqli, dərk etməyə çətinlik çəkdiyimiz koordinat sistemində Atam İlyas müəllim Dostum Gündüz müəllimlə söhbətləşir?
Bəlkə bu söhbət mənim o istiqamətə yönlənəcəyim ana qədər davam edəcək?
Bəlkə Gündüz müəllim qonşu otaqdakı stolunun üstündəki kağızları da görür, yuxarıda haqqında söhbət açdığım təqdimat mərasiminin keçirildiyi iclas salonunda önünə qərənfillər düzülmüş fotosunu da?
Mən Onu görürəm.