İkinci dünya müharibəsindən sonra, xüsusilə də “soyuq müharibə” dövründə Moskva xaricdən müxtəlif millətlərin nümayəndələrinin yaşamaq üçün ölkəyə gəlməsinə önəm verir, bu prosesdən guya sosializm sisteminin üstünlüyünün təbliğ olunması üçün istifadə edirdi.
Ermənilər bu məqamdan istifadə edərək guya xaricdən çoxlu sayda erməninin Ermənistana gəlmək istəməsi və onların yerləşdirilməsi üçün ərazilərin kifayət etməməsi və bunun üçün də oradan azərbaycanlıların çıxarılıb Azərbaycana göndərilməsinin zəruriliyi haqda Moskva rəhbərliyi qarşısında məsələ qaldırdılar. Moskva dərhal bu plana razılaşdı və 1947- 1953-cü illər ərzində 150 mindən artıq azərbaycanlı əsrlərlə yaşadıqları yurdlarından deportasiya edildilər. Deportasiya edilən azərbaycanlıların yerinə xaricdən 90 mindən artıq erməni köçürüldü.
Bununla “Ermənistan” deyilən ərazilərdə ermənilərin sayının əsasən kənardan köçürülmə ilə artırılması ənənəsi davam etdirilirdi. Köçürülən ermənilərin əksəriyyəti şəhərlərdə məskunlaşdılar, azərbaycanlıların zorla çıxarıldığı kəndlərin isə xeyli hissəsi boş qaldı. Əsas məqsəd xaricdən gələn ermənilər üçün yer hazırlamaq deyil, azərbaycanlıları oradan çıxarmaq idi. Bu proses Sovet imperiyası dövründə müxtəlif adlar altında davam etdirilmişdir.
Ermənilər paralel şəkildə “Ermənistan” deyilən ərazilərdən azərbaycanlıları çıxarır və Dağlıq Qarabağla bağlı əsassız idialarını reallaşdırmağa çalışırdılar. 1960-cı illərin əvvəllərində Sovet imperiyası və Türkiyə arasında münasibətlər kəskinləşdi, Moskva geniş antitürk təbliğat kampaniyasına başladı. Ermənilər bu vəziyyətdən istifadə edərək qondarma “erməni genosidi” məsələsini ortaya atdılar və Dağlıq Qarabağa yenidən iddia irəli sürdülər.
O vaxt Kreml rəhbərliyinə daxil olan mahir intriqa ustası A.Mikoyan həmtayfalarına xidmət göstərmək məqsədilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqda məsələ qaldırdı. Sovet rəhbərliyi bu təklifin imperiya üçün təhlükə yaradacağından, digər yerlərdə də ərazi məsələlərinin ortaya çıxacağından ehtiyat edərək A.Mikoyana rədd cavabı verdi. Kreml rəhbəri N.Xruşşov ermənilərin məkrli niyyətlərinə işarə vuraraq, əgər Dağlıq Qarabağ erməniləri Ermənistana qovuşmaq istəyirlərsə, “mən onlara dərhal 12 min yük maşını ayırmağa hazıram”, – demişdi. Ermənilər 1965-ci ildə 45 min nəfərin imzaladığı müraciəti Moskvaya göndərərək yenə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş etdilər. Həmin ərəfədə emissarlar İrəvandan Xankəndinə gələrək təbliğat aparır, imza toplamağa cəhd edirdilər. Emissarların bütün səylərinə baxmayaraq Qarabağ ermənilərinin əksəriyyəti imza verməkdən imtina etdilər. Moskvaya göndərilən imzalar əsasən Ermənistan deyilən ərazilərdə yaşayan ermənilərə məxsus idi. Moskva rəhbərliyi bu müraciətə heç bir reaksiya vermədi. Ermənilər eyni zamanda Dağlıq Qarabağda milli zəmində qarşıdurma törətməyə cəhd göstərdilər. Ermənilərin Dağlıq Qarabağ iddialarından fərqli olaraq qondarma “erməni genosidi” kampaniyası sovet rəhbərliyi tərəfindən dəstəkləndi. Ermənilər ilk dəfə bu tarixi Sovet imperiyasının müxtəlif yerlərində, o cümlədən İrəvanda geniş şəkildə qeyd etdilər.
Bu gün də davam etdirilən “genosid kampaniyası”nın başlanğıcı məhz 1965-ci ildə uydurma hadisələrin 50 illiyi münasibəti ilə Moskva rəhbərliyi tərəfindən qoyuldu. Düzdür, Moskva bu məsələyə o dövrdə bir qədər şübhə ilə yanaşırdı. Bəlkə də ermənilərin bu çürük ideyanı bu qədər dartıb uzadacaqları Sovet rəhbərliyinin heç ağlına da gəlmirdi.
08.06.2016
Erməni iddialarının “sovet dövrü” (Bakı, 2009) kitabından