1920-ci il aprelin 28-də Azərbaycanda, noyabrın 29-da isə vaxtilə Qafqaza gəlmə etnos olan ermənilər üçün qədim türk torpaqlarında qurulmuş Ermənistanda sovet hakimiyyəti qalib gəldi. Bundan sonra Cənubi Qafqazın inzibati bölgüsü yeni siyasi-coğrafi şəkil aldı. Həmin vaxtlar bölgənin yeni xəritəsinin meydana gəlməsi ermənilərin Moskvada olan köməkçilərinin və himayəçilərinin əli ilə həyata keçirilirdi. Azərbaycan sovetləşdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin siyasi coğrafiyasında əsaslı dəyişikliklər edildi. Belə ki, Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Zəngəzur, Göyçə, Dərələyəz, Qaraqoyunlu mahalları Ermənistanın tərkibinə daxil edildi. Bölgənin siyasi xəritəsinin yenidən cızılması nəticəsində ilk olaraq 29,8 min kvadratkilometrlik ərazi Ermənistana verildi.
Bununla da ermənilərin Azərbaycan torpaqlarına olan aşkar iddiaları və öz himayədarlarına arxalanaraq kəskin hərbi müdaxiləsi o zamana qədər az rast gəldiyimiz dinc, lakin daha təhlükəli forma almağa başladı.
1930-cu il sentyabrın 9-da, Ermənistan SSR ərazisinin yeni ərazi-inzibati bölgüsünə, rayonlaşdırılmasına başlandı. Bu prosesdə məqsədyönlü şəkildə azərbaycanlıların yaşadıqları kəndlər bir-birindən ayrı salınırdı. Azərbaycanlıların mütləq əksəriyyət təşkil etdikləri bölgələr bir neçə rayona bölünərək perspektivsizləşdirildi. Ermənilərin az-çox məskunlaşdıqları bölgələrdə yaradılmış rayonların ərazisi böyüdülməyə və maddi-texniki bazası möhkəmləndirilməyə başlandı. Ermənilərin yaşayış məntəqələrini yeni ərazi inzibati vahidin (rayonun) mərkəzi təsdiq edərək, azərbaycanlıların yaşadıqları daha böyük kəndləri onlardan asılı vəziyyətə saldılar.
1935-ci il yanvarın 3-dən etibarən Ermənistan ərazisindəki türk mənşəli toponimlərin kütləvi şəkildə dəyişdirilməsinə və erməniləşdirilməsinə başlanıldı. Bu, Ermənistan SSR Ali Sovetinin qərarı ilə həyata keçirilən dövlət təşəbbüsü idi. 1991-ci ilin avqustunda Ermənistan ərazisindəki sonuncu azərbaycanlı kəndi – Mehri rayonunun Nüvədi kəndi tərk edildikdən sonra Ermənistanda artıq nə bir azərbaycanlı, nə də azərbaycanlıların yaşadığı yer qaldı. Ermənilər SSRİ-nin dağılmasınadək respublikadan başqa millətlərin nümayəndələrini qovaraq, türksüz, kürdsüz və russuz monoetnik dövlət yaratdılar. Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indiki Ermənistan dövləti üçün ərazi oldu.
SSRİ rəhbəri İ.B. Stalinin bəd əməlləri ilə bağlı olan 1930-cu illərin məlum repressiyası da Ermənistanda yerli Azərbaycan türklərinə qarşı təqib və təzyiq üçün erməni rəhbərliyinin əlində bir vasitəyə çevrildi. On minlərlə azərbaycanlı həbs edildi, sürgünə göndərildi, güllələndi və ya başqa yerlərdə sığınacaq axtarmaq məcburiyyətində qaldı. Ermənistan hakimiyyəti sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdı. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı ǝhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.
1948-ci ildən başlayaraq hiyləgər planların nəticəsi olaraq xaricdən Ermənistan SSR ərazisinə minlərlə erməni ailəsinin köçürülməsinə başlandı. Onların Ermənistana köçürülmələri, sadəcə, miqrasiya ehtiyacı ilə əlaqədar deyildi. Yeni köçürülənlərin Ermənistanda yerləşdirilməsi ilə həmin ərazilərdə yaşayan azərbaycanlılar sıxışdırıldı və əzəli yurd yerlərini tərk etməyə məcbur edildilər. Yerli əhalinin öz torpaqlarını tərk etməsi ilə paralel olaraq Azərbaycan toponimlərinin erməniləşdirilməsi də həyata keçirilirdi.
Bununla belə, ermənilər azərbaycanlıların yalnız Ermənistandan köçürülmələri ilə kifayətlənmirdilər. Belə ki, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Ermənistanda yaşayan Azərbaycan türklərinə qarşı növbəti tarixi cinayət oldu. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olundu.
Yüz minlərlə azərbaycanlı Ermənistanın dağlıq rayonlarından Azərbaycanın Kür-Araz ovalığına köçürüldülər. Köçürülənlərin Azərbaycanda yerləşdirilməsi ilə bağlı məsələ yerli rǝhbərliyə etibar edilmirdi. Qərarda hər şey göstərilirdi. “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərar verildi. Bu, faktiki olaraq sovet vətəndaşlarının öz hökuməti tərəfindən tarixi torpaqlarından deportasiyası idi.
Ermənilər Moskvada olan havadarlarının vasitəsilə köçkünlərin Azərbaycanın dağ bölgələrində, o cümlədən Qarabağda deyil, Aran rayonlarında yerləşdirilməsinə müvəffəq oldular. O zaman çoxları bu plana əhəmiyyət vermədi. Lakin min illər ərzində üç göl (Van, Göyçə və Urmiya) arasındakı yaylada, yüksək şaquli zonallıqda yaşamış insanların birdən-birə Azərbaycanın Aran rayonlarında yerləşdirilməsi onların yeni iqlim şərtlərinə dözməyərək ölümü ilə nəticələnirdi. Əslində, bu, azərbaycanlıların qırğınının dinc forması idi. Məhz buna görə o zaman ölənləri də erməni qırğınlarının qurbanları hesab etmək olar. Bütün bunlar uzun illər bundan əvvəl, azərbaycanlılar şübhələnmədiyi halda ermənilər və onların havadarları tərəfindən hazırlanmış hiyləgər ssenarinin əsas komponentləri idi.
Qədim türk yurdu Ermənistandan köçürülənlər bu coğrafiyanın yerli sakinləri-azərbaycanlılar idisə, Ermənistana xaricdən köçürülənlərin çoxu köhnə daşnaklar və ya onların Ayrikyan, Manuçaryan kimi davametdiriciləri, “Daşnaksütyun” partiyası MK-nın üzvünün qızı Silva Kaputikyan kimiləri idi.
Ermənilərin xaricdən köçürülmələrindən sonra onları yerləşdirmək adı altında 150 min nəfərdən çox azərbaycanlı ölkədən zorla köçürüldü. Onları heç bir təbii coğrafi amili nəzərə almadan gətirib minimum yaşayış şəraiti belə olmayan Mil-Muğan çöllərinə yerləşdirdilər. Bu tədbirlər nəticəsində Ermənistanda əhalinin say nisbəti ermənilərin xeyrinə dəyişməyə başladı. Həmin üsuldan ermənilər sonra da istifadə etdilər.
Ermənistandan azərbaycanlıların köçürülməsində aşağıdakı qaydalar tətbiq edilirdi: İlk növbədə, respublikanın paytaxtı İrəvan şəhəri və ona yaxın yaşayış məntəqələri azərbaycanlılardan təmizləndi. Sonra rayon mərkəzləri, onların ətrafındakı kənd və qəsəbələrin əhalisi köçürüldü. Bir çox rayonlarda əvvəlcə dəmir yolu xətləri və şose yolları üzərindəki yaşayış məntəqələri boşaldıldı. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verirdi. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılırdı.
1988-ci ildə Ermənistanın azərbaycanlısızlaşdırılmasının son mərhələsi başlandı. O dövrdə Azərbaycan Respublikasının əvvəllər olduğu kimi, yenə də ermənilərin bu siyasətinə qarşı proqramı yox idi. Ermənistandakı azərbaycanlılar öz taleləri ilə üz-üzə qalmışdılar. Üç gün ərzində – noyabrın 27-dən 29-dək Ermənistanın bir sıra rayonlarında, xüsusilə Quqark (Böyük Qarakilsə), Spitak (Hamamlı) və Stepanavanda (Calaloğluda) dəhşətli cinayətlər törədildi. 1988-ci il ərzində Ermənistandan 200 min nəfərdən çox azərbaycanlı qovuldu, 185 yaşayış məntəqəsi boşaldıldı, 217 azərbaycanlı bu vəhşi aksiyanın qurbanı oldu.
Təəssüf ki, 1988-ci ildə Ermənistanda baş verənlər Cənubi Qafqazda sovet hakimiyyəti qurulduqdan sonra ermənilərin 70 ilədək bir dövrdə SSRİ-dəki havadarlarının vasitəsilə azərbaycanlılara qarşı törətdiyi cinayətlərin nəinki sonuncusu olmadı, əksinə, imperiyanın dağılması ərəfəsində yenə də xarici qüvvələrə arxalanan Ermənistan üçün bu dəfə Azərbaycan Respublikasının ərazisinə təcavüz və azərbaycanlılara qarşı daha dəhşətli cinayətlər törətməsi üçün bir başlanğıc oldu.
21.02.2023, Rauf Hacıyev, AZƏRTAC