Sovet İttifaqında etnik deportasiyalar İ.Stalinin rəhbərlik etdiyi dövrə düşür. İkinci dünya müharibəsi ərəfəsində başlayan etnik deportasiyalar müharibə illərində faciəli miqyas aldı və müharibədən sonra da davam etdi.
Azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistandan deportasiyası da buna sübutdur. Bu deportasiyanı tutaq ki, çeçenlərin, inquşların, balkarların və karaçaylıların Qazaxıstan və Orta Asiyaya deportasiyası ilə eyniləşdirmək olmaz, çünki söhbət onların ayrı-ayrı rezarvasiyalarda, xüsusi yaşayış məntəqələrində yaşamalarından deyil, titul etnosla qaynayıb-qarışacaqları, adi şəraitdə yaşayacaqları respublikaya köçürülmələrindən gedirdi.
Lakin ona görə deportasiya idi ki, köçürülənlərin mütləq əksəriyyətinin arzu və istəklərinə zidd olaraq həyata keçirilir, on minlərlə insanın adi, öyrəşdiyi həyat tərzini pozur, onları yeni şəraitə, yeni həyat ukladına, yeni məşğuliyyətə öyrəşməyə məcbur edirdi.
Bu təşəbbüs erməni rəhbərliyindən irəli gəlir və Moskva tərəfindən dəstəklənirdi. Ermənistan Kommunist Partiyası MK-sının birinci katibi Q.Arutinovun dəfələrlə (1945-ci ilin may, iyul, oktyabr, noyabrında) İ.Stalinə müraciətindən sonra SSRİ Nazirlər Komissarlığı Ermənistanın sovetləşməsinin 25-ci ildünümü ilə bağlı 21 noyabr 1945-ci ildə “Xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına qaytarılması məsələsi haqqında tədbirlərlə bağlı” qərar qəbul etdi.
Kütləvi repatriasiyanın keçirilməsi imkanı isə öz növbəsində Ermənistan SSR rəhbərliyinə respublikanın sərhədlərini yalnız Türkiyənin deyil, həm də qonşu Azərbaycanın əraziləri hesabına genişləndirmək üçün əlverişli bəhanə vermişdi. 1945-ci ilin sonlarında Türkiyə və Azərbaycanın əraziləri olan “əcdadların torpağına” qayıtmağın mümkünsüzlüyünü görən Ermənistan KP MK-nın birinci katibi Q.Arutinov Moskvaya şikayət məktubları göndərməyə başladı ki, yeni əraziləri düşünərək dəvət olunan repatriantları yerləşdirməyə yer və yedirtməyə heç nə yoxdur (ilkin nəzərdə tutulan 300 min repatriant erməni əvəzinə, 1946-1948-ci illərdə Sovet Ermənistanına yalnız 90 min nəfər qayıtmışdı).
Görünür, elə onda da ermənilərin reallaşmayan ümidlərini kompensasiya etmək üçün “Tarixi vətənlərini” Ermənistandakı azərbaycanlıların hüquqlarını pozmaq və alçaltmaq hesabına genişləndirmək fikri meydana çıxdı. Beləcə Ermənistandakı azərbaycanlı əhalinin Azərbaycana köçürülməsi problemi yarandı.
23 dekabr 1947-ci ildə İ.Stalinin imzası ilə SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qətnaməsi çıxdı. Bu sənədə əsasən, 100 min nəfər, o cümlədən 1948-c ildə – 10 min nəfər, 1949-cu ildə – 40 min nəfər, 19050-ci ildə – 50 min nəfər köçürülməli idi. Eyni zamanda sənəddə sovet sisteminə xas olan ikiüzlülük vardı. Orada köçürülmənin “könüllülük əsasında” aparılmasının vacibliyi göstərilsə də, “köçürmək” amiranə feil forması işlədilirdi. Beləliklə, azərbaycanlıların Ermənistandan deportasiyasının əsası qoyuldu.
10 mart 1948-ci ildə SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi tədbirləri haqqında” yeni qərarı çıxdı. Bu qərardan sonra əhalinin köçürülməsi təşkil olunmuş xarakter aldı.
Sənədlər göstərir ki, azərbaycanlı köçkünlər üçün əcdadlarının yaşadıqları doğma torpaqdan ayrılmaq əsil faciəyə dönmüşdü. Ermənistan SSR daxili işlər naziri general-mayor Qriqoryanın 3 may 1948-ci il tarixli “Ermənistanın azərbaycanlı əhalisinin Azərbaycan SSR-ə köçürülməsi ilə əlaqədar əhval-ruhiyyələri haqqında” adlı tam məxfi məruzəsində qeyd edilir: “Bizim tərəfimizdən azərbaycanlıların yeni yaşayış yerlərinə köçmək istəməmələri haqqında söhbət etmələri, onların bəzilərinin qəbiristanlıqlara gedərək doğmalarının məzarlarında ağlamaları və köçürülməmələri üçün dua etmələri ilə bağlı çoxsaylı faktlar aşkar edilib”.
Respublika köçürmə idarəsinin Azərbaycan SSR Nazirlər Sovetinə göndərdiyi məlumatlarında köçkünlərin ağır yaşayış, mədəni-məişət şərtləri ilə bağlı şikayətlərinə rast gəlmək olar. Məsələn, 1948-ci ilin avqustunda 131 ailə (570 nəfər) DQMV-nin Martuni rayonuna köçürülüb. Lakin muxtar vilayətdə onları əlbəttə ki, bağırlarına basmayıblar və son dərəcə ağır vəziyyətlə qarşılaşıblar.
Vilayət rəhbərliyi siqnallara və ağır məişət şəraitində yaşayan köçkünlərin şikayətlərinə məhəl qoymayıblar. Rayon təşkilatları köçkünlərin müavinət, cəbhəçilərin təqaüd, çoxuşaqlı anaların müvafiq vəsait almalarını təmin etməyiblər. Məktəb işi və köçkünlərə mədəni xidmət göstərilməsi pis həll olunub.
Nəticədə 1949-cu ildə daxili köçürülmə bəhanəsi ilə 132 təsərrüfat, 529 nəfər azərbaycanlı DQMV-dən Xanlar rayonuna köçürülüb. Beləliklə, azərbaycanlılar DQMV-nin sərhədlərindən kənara köçürülüblər, halbuki Azərbaycan SSR Nazirlər Soveti Köçürmə idarəsi rəsinin məruzə qeydində həmin əhalinin DQMV-nin Kür-Araz ovalığına daxil olan Mardakert rayonuna köçürülməsi nəzərdə tutulurdu…
Bunula belə, nəzərdə tutulan planı müəyyən edilmiş vaxtda həyata keçirmək mümkün olmadı. 5 iyul 1948-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədri T.Quliyev SSRİ Nazirlər Soveti sədrinin müavini V.Molotova ünvanladığı məktubda Kür-Araz ovalığına köçürülmüş azərbaycanlı əhalinin bir hissəsinin yaşayış yerlərinin çatışmamazlığına görə başqa rayonlarda yerləşdirilməsinə icazə istəyirdi. Lakin Azərbaycan rəhbərliyinin xahişlərinə baxmayaraq, heç bir dəyişiklik edilmədi.
Bununla belə, köçürülmə planı yalnız 1948-1949-cu illərdə deyil, 1950-ci ildə də yerinə yetirilmədi. Həyat öz təshihlərini etdi. Və belə bir şəraitdə əhalinin əks istiqamətdə axını başladı. 1954-cü ildə artıq Ermənistana, öz daimi yaşayış yerlərinə 1500 təsərrüfat qayıtdı.
http://maxpark.com saytındakı material əsasında hazırlanıb