Sovet tarixinin ən utancverici acı həqiqətlərindən biri xalqların diskriminasiyasına xidmət göstərən deportasiya siyasəti olmuşdur.
Sovet dövləti özünün siyasi maraqlarına uyğun olaraq arzuolunmaz xalqları əzmək, zülm etmək, köçürmək üçün legitim mexanizm kimi çıxardığı qərarlardan zülm aləti kimi istifadə etməklə, xalqların deportasiyasını həyata keçirmişdir. Birbaşa sovet ideologiyasına xidmət göstərən, daha çox müsəlman xalqların milli-mədəni identikliyinin məhv edilməsinə yönələn, əvəzində sovet identikliyi yaratmağa xidmət göstərən bu siyasət, xalqların deportasiyasını kütləvi hala çevirmiş, deportasiya zamanı sistemə aid hüquqi səlahiyyətlərin nəzarətdən çıxmasına və onun inzibati prosesdən daha çox cinayət hadisəsi kimi dəyərləndirilməsinə yol açmışdır. Bütün bunlar birbaşa sovet dövlətinin xalqların deportasiyası siyasətinin mahiyyətinin açılmasına kömək edir. Bu siyasət sovet dövlətinin öz maraqları naminə apardığı milli siyasətin naqisliyinin, insanlığa zidd mahiyyətinin kuliminasiya nöqtəsi olmuşdur. Xalqların deportasiyası sovet rəhbərliyi üçün anormal hadisə sayılmırdı. Əksinə, sistem, məqsədyönlü şəkildə həyata keçirdiyi xalqların deportasiyasının ekspansiv səlahiyyətlərindən dövlətin təhlükəsizliyini təmin etmək prinsipini əldə rəhbər tutaraq, dövlət təhlükəsizliyinin komponenti kimi sovet hüququna əsaslanaraq istifadə edirdi. Bütöv xalqlar “sovet dövlətinin varlığı üçün təhlükə” adı altında məcburi qaydada sovet konstitusiyasına zidd olaraq köçürülürdü.
Adətən xalqların deportasiyası müharibələrlə əlaqələndirilir. Lakin problemin müharibələrlə əlaqələndirilməsi onun mahiyyətinin hərtərəfli şəkildə açılmasına imkan vermir. Çünki xalqların de-portasiyası müharibələrə qədər də mövcud olmuşdur. Məsələn, müasir dövrdə ABŞ-da, Qərbi Avropa dövlətlərində yaşayan, lakin vətəndaşlığı olmayan minlərlə insan, istənilən vaxt praktiki olaraq deportasiya təhlükəsi ilə üzləşə bilir. Buna nümunə olaraq son illərdə milyonlarla insanın bu ölkələrdən deportasiya edilməsini göstərmək olar. Xalqların deportasiyası qloballaşan, lakin eyni zamanda ksenofob, irqçi dünyada – ümumilikdə cəmiyyətin yüksək səviyyədə özünü ideallaşdıra və özünü müdafiəsini təşkil edə bilməsi, eyni zamanda sosial nəzarət funksiyasını reallaşdırmasına istiqamətlənmiş dövlətin istifadə etdiyi bir növ hüquqi alət, təhlükəli siyasətidir. Özünün “Xalqların deportasiyası: Amerika tarixində autsayderlər” əsərində ABŞ hüquqşünas alimi Daniel Kanstroom deportasiya anlayışının predmetini, onun mahiyyətinin dərinliyini və genişliyini təhlil edir. O, deportasiya tarixində bu qanunun dar mənada yalnız vətəndaşlığı olmayan xaricilərə deyil, eləcə də geniş şəkildə arzuolunmaz yerli xalqlara və milli azlıqlara, etnik qruplara da aid edildiyini göstərir. O, bunu Amerika tarixinin ən acı səhifələrindən biri kimi yerli amerikalıların – hinduların öz doğma vətənlərindən qovulmasından tutmuş, XX əsrin birinci yarısında, qırmızı təhlükə (Red Scare) dövründə ideoloji dissidentlərin təqib edilməsinə qədər mövcud olan deportasiya qanunu ilə izah edir. D.Kanstroom deportasiyanın olduqca qədim köklərə malik olduğunu, “sərhəd nəzarətindən xeyli əvvəllər olmuş, indi və daima mövcud olacaq” anlayış kimi dəyərləndirir. Müəllifə görə “deportasiya” anlayışı, eyni zamanda mənsubiyyət, təmizləmə anlamını versə də, baş verən hər şeyin günahkarı kimi “qeyri-qanuni xarici” ifadəsi ilə də uzlaşır. O, deportasiyanın irqi, dini, milli, ideoloji diskriminasiya mahiyyəti daşıdığını qeyd edir və göstərir ki, dövlət deportasiya haqqında qanundan xüsusilə arzu olunmaz şəxslərə qarşı sosial nəzarət forması kimi istifadə etsə də, bu əsasən sərhədlərə nəzarətlə bağlı hadisədir. Təbii ki, deportasiyaların siyasi mahiyyət kəsb etməsi və əsasən sərhədlərə nəzarət funksiyası daşıması fikri təkzib olunmazdır.
Ziba Ağayeva
AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi,
fəlsəfə üzrə elmlər doktoru, dosent