…Erməni millətçiləri üçün Ermənistanda ən münbit rayonlarda yaşayan 200 mindən artıq azərbaycanlıları oradan çıxarmaq Qarabağ məsələsini həll etmək qədər vacib idi. 1988-ci ildə isə respublika rəhbərliyi azərbaycanlıların təhlükəsizliyinin qorunmasına təminat verməməklə, onlar arasında vahimə və qorxu yaradaraq Ermənistandan deportasiya edilməsinə başlayır.
Ayrı-ayrı rayon rəhbərləri azərbaycanlılara qarşı iqtisadi təzyiq üsullarından istifadə edərək kəndlərə çörək, ərzaq və gündəlik tələbat mallarının verilməsini məhdudlaşdırırlar. Ərzaq üçün şəhərlərə və rayon mərkəzlərinə getməyə məcbur olan azərbaycanlılar təhqir edilir, döyülür və qarət edilirlər. İş o yerə çatır ki, mart ayında Gürcüstanın Boqdanovka və Axılkələk rayonlarında yaşayan ermənilər Amasiya rayonunun kəndlərinə dəfələrlə silahlı basqınlar edirlər. Moskva azərbaycanlıların kompakt yaşadıqları rayonlara daxili xidmət qoşunlarının bölmələrini yerləşdirməyə məcbur olur. Hadisələrin sonrakı inkişafı göstərdi ki, bu bölmələrə yalnız qırğınları müşahidə etmək səlahiyyəti verilibmiş. Hadisələrin bu cür inkişafının gözlənilməz, fəlakətli nəticələrə gətirib çıxaracağı hiss edilirdi. 1988-ci il martın 25-də “Qarabağ” komitəsinin fəaliyyəti Ermənistan SSR Konstitusiyasına və mövcud qanunvericiyə zidd olduğuna görə respublikanın Ali Soveti həmin komitəni qeyri-qanuni hesab edərək fəaliyyətinin dayandırılması haqqında qərar çıxarır. Azərbaycan SSR Ali Soveti də öz növbəsində “Qrunk” təşkilatının fəaliyyətini dayandırılması haqqında və onun təşkilatçılarının cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qərar qəbul edir. Lakin hər iki qərar sonralar kağız üzərində qalır.
Ermənistan SSR Ali Sovetinin, Nazirlər Sovetinin və KP MK-nın orqanı olan “Kommunist” qəzeti “Fəlakət anı, məsuliyyət anı” məqaləsində həmin dövrü belə səciyyələndirirdi: “Meydana siyasi avantüristlər çıxmışlar. Onlar öz məqsədlərinə çatmaq üçün heç nəyin qarşısında dayanmırlar. Bu məqsədlər yaxşı məlumdur: onlar acgözlüklə hakimiyyətə can atırlar, xalqı milli faciə ilə nəticələnə biləcək son həddə sürükləyirlər”.
1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Sovetinin sessiyası DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edərək SSRİ Ali Sovetinə müraciət etdi ki, buna razılıq versin. Azərbaycan SSR Ali Soveti iyunun 17-də bu qanunsuz tələbi rədd etdikdən sonra Ermənistandakı azərbaycanlıların vəziyyəti daha da ağırlaşır.
İyunun 17-20-də İrəvanda teatr meydanında qeyzlənmiş erməni dəstələri avtobuslarla azərbaycanlılar yaşayan Masis rayonunun mərkəzinə və Zəngilər, Zəhmət, Dəmirçi, Dostluq, Nizami, Sarvanlar kəndlərinə basqınlar etdilər. Müdafiəsiz on mindən çox azərbaycanlılar Sovet-Türkiyə sərhədinə toplaşmış, orada gecələməyə məcbur olmuşdular. Həmin günlər 20-dən çox azərbaycanlı yaralanmışdı. Rayon mərkəzi Masis qəsəbəsindən 3 mindən çox azərbaycanlı evlərindən çıxarıldı. Bütün bu iğtişaşlar zamanı SSRİ Daxili İşlər Nazirliyinin rayonda olan qüvvələri yalnız müşahidəçi rolunu oynayırdılar.
1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət heyətinin iclası DQMV-i haqqında məsələni müzakirə edərək respublikalar arasında sərhədlərin dəyişdirilməsi yolverilməz hesab edildikdən sonra, erməni millətçiləri azərbaycanlıların Ermənistan ərazisindən çıxarılması üçün hər yerdə mitinqlər təşkil etməyə başladılar. Ermənistan EA-nın müxbir üzvü, “Qarabağ” hərəkatının liderlərindən biri Rafael Kazaryan 1988-ci il noyabrın 4-də İrəvanda keçirilən mitinqdə demişdi: “Dəstələrin köməyi ilə emiqrasiyanı təmin etmək lazımdır. Bizə bütün onilliklər ərzində ilk dəfə Ermənistanı təmizləmək imkanı verilmişdir. Mən bunu bu on aylıq mübarizəmizin ən böyük nailiyyəti hesab edirəm». İrəvanda rusca çıxan “Kommunist” qəzeti “Fəlakət anı, məsuliyyət anı” məqaləsində etiraf etməyə məcbur olmuşdu:” Komitənin (“Qarabağ”) yerli özəklərinin təşəbbüsü ilə rayon və kəndlərdə mitinqlər təşkil edilərək azərbaycanlılardan öz evlərini tərk etmələri tələbləri irəli sürülürdü. Ən həyəcanlandırıcı hal odur ki, “Qarabağ” komitəsinin hazırladığı siyasi münaqişələrə hətta uşaqları da cəlb edirdilər. Təsəvvür edin ki, Amasiya rayonunun mərkəzində rayon xalq nəzarəti komitəsi sədrinin oğlunun rəhbərliyi ilə 30 məktəbli nümayiş keçirir və azərbaycanlıların işdən qovulmasını tələb edirdilər”. Amasiyanın beynəlmiləl məktəbinin erməni şagirdlərinin tələbi ilə dərhal məktəbin Azərbaycan bölməsi bağlanmışdı. Bir həftə ərzində, 1988-ci il dekabrın birinədək rəhbər vəzifələrdə işləyən azərbaycanlıların əksəriyyəti işdən azad edilmişdilər.
Şagirdlərin milli münaqişəyə cəlb edilməsinə gəldikdə isə qeyd etmək lazımdır ki, hər bir erməni ailəsində deyilirdi ki, türklər onların qatı düşmənləridir və buna görə də fürsət düşən kimi onlardan qisas almaq lazımdır. 1988-ci il noyabrın ortalarında Azərbaycana 80 mindən artıq qaçqın pənah gətirmişdi. Noyabrın 17-də Bakıda “Azadlıq” meydanında keçirilən mitinq zamanı Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət verilməsi tələbi ilə qətnamə qəbul edilmişdi. Ermənistan televiziyası həmin gün mitinqdən reportajlar göstərərək, qətnamənin tələblərini dəfələrlə efirdə səsləndirmişdi.
Bu tələblərdən narahat olan Ermənistan rəhbərliyi Ali Sovet sessiyasının noyabrın 22-də keçirildiyi Opera teatrının binasına mitinq iştirakçılarının hücumundan sonra sessiyasının gedişini dayandıraraq, onların tələbi ilə deputatları, rayon rəhbərliyini yerlərdə “qayda-qanun bərpa etməyə” göndərdilər. Əslində isə onlara tapşırıq verilmişdi ki, bir həftə ərzində, yəni noyabrın 28-dək Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyasını həyata keçirsinlər.
Bu haqda yuxarıda qeyd edilən “Fəlakət anı, məsuliyyət anı” məqaləsində yazılır: “Qarabağ” komitəsi avantüristlərinin çağırışına millətçilik azarına tutulmuş bir sıra partiya-sovet işçiləri də qoşulmuşlar. Ayrı-ayrı rayonlarda millətlərarası qırğına sürükləyən coşmuş ehtirasları cilovlamaq, vətəndaşları müdafiə etmək, təxribatçıları ifşa etmək əvəzinə, onlar adamların (yəni azərbaycanlıların-müəlliflər) kütləvi surətdə çıxarılmasına fitva verdilər. Bu cür “missiya” ilə bəzi “xadimlər” Kirovakanda, Stepanavanda, Artaşatda evləri bir-bir gəzirdilər.” Əlbəttə, azərbaycanlılar yaşayan bütün rayonların vəziyyəti belə idi. Deportasiya aksiyasını müəyyən olunmuş müddətdə başa çatdırmaq üçün Kalinin, Spitak, Quqark, Noyemberyan, Krasnoselo, Vardenis, Yağeqnadzor, Əzizbəyov, Ararat, Masis, Sisyan və Meğri rayonlarının rəhbərləri xüsusilə canfəşanlıq göstərirdilər.
Ermənistanı 1988-ci ildə tərk edərək və Xanlar rayonuna pənah gətirmiş, milliyətcə rus olan L. V. Tolstyak Azərbaycan Qaçqınlar Cəmiyyətində yazdığı öz izahatında göstərmişdi ki, noyabrın 27-də Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini (daha sonralar Ermənistan KP MK-nın birinci katibi) V. Movsesyan Vardenis rayonunun Zod kəndinə gəlib əhalinin kəndi tərk etməsi üçün üç gün vaxt verildiyini bəyan etdi və əlavə etdi ki, bu müddətdə kəndi tərk etməsələr, onların təhlükəsizliyinə təminat verilməyəcək. Deportasiyanı sürətləndirmək üçün elektrik xəttini kəsdilər, ərzaq verilməsini dayandırdılar, dağ yolları ilə rayonu tərk edən azərbaycanlıların köçünü tez-tez atəşə tutdular. Bu cür izahatlar yüzlərcədir.
Yenə yuxarıda adı çəkilən “Fəlakət anı, məsuliyyət anı” məqaləsinə müraciət edək: ”Noyabrın 26-da “Qarabağ” hərəkatı fəallarının təhrikçi çıxışlarından qızışmış 500 nəfər Kirovakan sakini Şaumyan kəndinə doğru hərəkət etdi. Vuruşma iki gün davam etdi, silahlı atışma oldu. Ölənlər var. Kuybışev kəndində də qırğınlar törədildi, orada da tələfat var. Hərəkatın fəallarının köməyi ilə yaradılmış “özünümüdafiə dəstələri” yollarda qoyduqları postlarda azğınlıqlar törədirdilər. Azərbaycanlı kəndlərinə ərzaq köməyi göstərən ermənilər döyülürdülər.”
Ermənistan mətbuatı Şaumyan (əvvəlki adı Vartanlı) qırğınları haqqında yalnız “atışma olmuşdur, tələfat var” sözlərini qeyd etməklə kifayətlənmişdir. Şaumyan (Vartanlı) kəndi Kirovakan şəhərinə bitişik olmasına baxmayaraq, inzibati-ərazi bölgüsünə görə Quqark rayonuna daxil idi. Şaumyan (Vartanlı) faciəsi öz ssenarisinə görə 1918-1920-ci illərdə Gümrü-Qarakilsə bölgələrindəki silahsız azərbaycanlılar yaşayan kəndlərə erməni quldurlarının hücumları zamanı törədilən vəhşiliklərin təkrarı idi.
Ermənilər bir əsrdə Vartanlı kəndində iki dəfə azərbaycanlılara qarşı soyqırım törətmişlər. Onlar “adımı sənə qoyaram, səni də yana-yana” prinsipi ilə Azərbaycan xalqını vəhşi kimi qələmə verməklə, ictimai rəy yaratmağa çalışmışlar. Vartanlı qırğınlarının üstündən sükutla keçib, onu ört-basdır etməklə yanaşı, özlərinin törətdikləri Sumqayıt qırğınlarına siyasi qiymət verilməsini tələb etmək məhz ermənilərə məxsus həyasızlıq idi…
Moskvanın ermənilərə arxa durması nəticəsində 1988-89-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məskənləri boşaldıldı. Ermənistanın Mehri rayonunda qalmış axırıncı azərbaycanlı kəndi – Nüvədi kəndi (bu kənd 18. 02. 1929-cu ildə Zaqfederasiyanın qərarı ilə Zəngilan rayonundan qoparılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilmişdi) 1991-ci il avqustun 8-də boşaldıldı. Ümumiyyətlə, Ermənistanın 22 kənd, rayonundan və 6 şəhərindən 200 mindən artıq azərbaycanlılar tarixi-etnik torpaqlarından vəhşicəsinə qovuldular.
Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi respublika ərazisinin (29, 8 min kv. km.) 25 faizini, yaxud təqribən 7,5 min kv. km. təşkil edirdi. Bu isə keçmiş DQMV-nin ərazisindən (4,4 min kv. km.) təqribən 3 min kv. km. artıqdır.
Ermənistan rəhbərliyi azərbaycanlıların təmizlənməsi aksiyasını başa çatdırdıqdan sonra, onların yaşadıqları kəndlərin adlarının dəyişdirməyə başlamışdır. Ermənistan Respublikası Ali Sovetinin 9 aprel 1991 – ci il tarixli fərmanı ilə 90 türk mənşəli məskənlərinin adları dəyişdirilmişdir. Bu, Ermənistanda 1920-1988-ci illər ərzində aparılan addəyişmə əməliyyatının davamı hesab edilir. Təkcə 1920-ci ildən 1988-ci ilin avqustuna qədər Ermənistanda 517 azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilmişdir.
Ümumiyyətlə, son 200 ildə indiki Ermənistan ərazisində iki mindən artıq azəri türk yaşayış məskənləri müxtəlif yollarla (rəsmi köçürmələrlə, silah gücünə qovmaqla, soyqırım törədərək kəndləri yandırıb xaraba qoymaqla) siyahıdan silinmiş, tarixi Azərbaycan torpaqlarında monoetik Ermənistan dövləti yaradılmışdır.
Vaqif Arzumanlı, Nazim Mustafa. Tarixin qara səhifələri. Bakı, 1998