Ermənistan SSR-dən Azərbaycan türklərinin məcburi köçürülməsi İkinci dünya müharibəsi illəri və sonrakı illərdə Sovet-Türkiyə münasibətləri kontekstində rəsmi Kreml tərəfindən siyasi gündəmə çıxarılmış “erməni məsələsi” ilə qırılmaz surətdə bağlıdır.
XX əsrin 90-cı ilinin əvvəlində sovet imperiyasının süqutu ilə birgə, sərt sovet senzurası da öz siyasi ömrünü başa vurmuş oldu. Senzuranın ləğvi və cəmiyyətdə yaranmış yeni siyasi mühitlə əlaqədar olaraq arxiv fondları üzərinə qoyulmuş “məxfi qrif”lər də aradan qaldırıldı. Üzərinə qadağa qoyulmuş bir sıra mövzular, о cümlədən Azərbaycan türklərinin 1948-1953-cü illərdə tarixi etnik torpaqlarından deportasiyası problemi də tarixçi tədqiqatçıların tədqiqat predmetinə çevrildi. Aparılmış tədqiqatlar göstərir ki, İkinci dünya müharibəsindən sonrakı illərdə Ermənistan SSR-dən türk əhalisinin kütləvi deportasiyası, XX əsrin 30-40-cı illərində Sovet İttifaqında həyata keçirilmiş və bir çox xalqlara qarşı tətbiq edilmiş sovet deportasiya siyasətinin tarixi təcrübəsinin məntiqi davamı olmuşdur. Bu mənada Azərbaycan türklərinin deportasiyası problemini tədqiq edərkən, həmin illərdə SSRİ-də həyata keçirilmiş sovet deportasiya siyasəti tarixinə ötəri də olsa toxunmamaq mümkün deyil. Deportasiya latın dilində “deportatio” sözündən olub, mənası məcburi köçürülmə, qovulma, sürgün olunma deməkdir. .Əhalini deportasiya etmə və ya məcburi köçürmə onun uzun müddət məskunlaşdığı qanuni yaşayış yerlərindən zorla çıxarılması ilə müşayiət olunan, insanların kütləvi şəkildə ev-eşiyindən, doğma torpaqlarından, ölkəsindən qovulması ilə nəticələnən hərəkətlərlə xarakterizə olunur.
1917-ci ildə Rusiyada çar monarxiyasının xarabalıqları üzərində qurulmuş burjua-demokratik hökuməti devirərək silah gücünə zorla siyasi hakimiyyətə yiyələnmiş bolşeviklər siyasi leksikona “sosializm”, “kommunizm” kimi istilahlarla birgə “repressiya”, “deportasiya” istilahını da daxil etdilər. Sovet İttifaqında sosializm quruculuğu gedişi prosesində təkcə totalitar rejimə müqavimət göstərən müxtəlif qruplar, təşkilatlar, siyasi partiyalar deyil, həmçinin bütöv xalqlar belə amansız təqiblərə məruz qalmış, məhv edilmiş, repressiya və deportasiya olunmuşdur. Bu, dünya tarixində xalqların misli görünməmiş zorla köçürülməsi praktikası idi. Təxmini rəqəmlərə görə, XX əsrin 30-40 – cı illərində SSRl-də 3.226.340 nəfər deportasiya siyasətinə məruz qalmış, yaşadıqları ərazilərdən məcburi qaydada sürgün edilmişdir .
Həmin illərdə sovet deportasiya siyasətinə məruz qalmış xalqlar sırasında Azərbaycan türkləri də olmuşlar. Onlara qarşı ilk deportasiya, vaxtı ilə Cənubi Azərbaycandan gəlib Azərbaycanda məskunlaşmış cənublu soydaşlarımıza qarşı tətbiq olunmuşdu. Pasportlaşma siyasəti həyata keçirilərkən orada doğulduğunu qeyd edən vətəndaşların bir hissəsi zorla İrana sürgün edilmişdi.
1937-1938-ci illərdə İrəvan, Cəlaloğlu (Stepanavan), Gümrü (keçmiş Leninakan), Allahverdi və Ermənistanın başqa rayonlarından azərbaycanlı əhali eynilə bu cür siyasətə məruz qalaraq “iranlı” adı altında rəsmi şəkildə ölkə ərazisindən çıxarılmışdır. Bəzi mənbələrdə isə Azərbaycan türklərinin 1934-1941-ci illərdə Tbilisi ətrafından da məcburi köçürülməsi göstərilir .
Faktlardan göründüyü kimi, XX əsrin 30-40-cı illərində Azərbaycan türkləri qismən də olsa, sovet deportasiya siyasətinə məruz qalmışlar. Göstərilən mənbələrdə deportasiya siyasətinə məruz qalmış azərbaycanlı əhalinin sayı barədə məlumat verilmir.
Azərbaycan türklərinin həmin illərdə genişmiqyaslı deportasiya siyasətinə məruz qalmaması üç əsas səbəblə izah edilir. Bunlar 30-40-cı illərdə Azərbaycan türklərinin qismən deportasiyaya məruz qalması; ikincisi, Sovet İttifaqının İran siyasəti və Azərbaycan SSR-in bu siyasətdə mühüm rol oynaması; üçüncüsü, Türkiyənin İkinci dünya müharibəsinə qoşulması ilə bağlıdır.
Bəzi müəlliflər isə belə bir mülahizə ilə çıxış edirlər ki, Azərbaycan türkləri müharibə illərində ona görə köçürülmədilər ki, onların köçürülməsi Türkiyəni qıcıqlandıra bilər və onu faşist Almaniyasının müttəfiqi kimi Almaniya tərəfindən Sovet İttifaqına qarşı müharibəyə sövq edə bilərdi. Bu mülahizənin heç bir elmi əsası yoxdur. Belə bir sual etmək olar. Türkiyə türkləri ilə eyni soydan olan Krım türkləri öz tarixi ərazilərindən sürgün olundu. Türkiyə müharibəyə qoşuldumu? Xeyr! 1944-cü ildə Axıska türkləri Gürcüstanın Türkiyə Respublikası ilə həmsərhəd olan Axalkələk, Aspindzə, Boqdanovka və başqa rayonlarından zorla Orta Asiya respublikalarına köçürüldülər. Türkiyə müharibəyə qoşuldumu?! Əlbəttə ki, yox! Halbuki, onların tarixi ərazilərindən köçürülməsi birbaşa Türkiyə ilə əlaqələndirilir, “dövlət sərhədlərinin təhlükəsizliyi” adı altında həyata keçirilirdi. Həmin illərdə Krım türkləri, Axıska türkləri kimi Azərbaycan türklərinin də Sovet İttifaqının Türkiyə ilə həmsərhəd rayonlarından məcburi deportasiyası həyata keçirilə bilərdi. Bəs nə üçün köçürülmədilər? Nə idi səbəb? Əvvəla, biz bir məsələdə tədqiqatçı L. Həsənova ilə razıyıq ki, onların köçürülməməsində Sovet İttifaqının İran siyasəti və Azərbaycan SSR-in bu siyasətdə mühüm rol oynaması idi.
Azərbaycan türklərinin həmin illərdə tarixi etnik torpaqlarından, xüsusən də Türkiyə ilə həmsərhəd ərazilərdənköçürülməsi SSRİ-nin İran siyasətinə və bu siyasətdə mühüm rol oynayan Azərbaycan SSR-in iştirakına böyük zərbə ola bilərdi. Məhz bu amilə görə sovet hökuməti belə bir addımı atmadı. Göründüyü kimi, XX əsrin 30-40-cı illərində Azərbaycan türklərinin kütləvi deportasiyası üçün nə bir səbəb, nə də ki, şərait var idi. Səbəb olmayan yerdə isə nəticə də ola bilməzdi.
XX əsrin 30-40-cı illərində sovet deportasiya siyasətinə məruz qalmış xalqlar, millətlər əsassız, səbəbsiz köçürülmürdülər. Onların tarixi torpaqlarından məcburi köçürülməsinin һər birinin ayrı-ayrılıqda konkret səbəbləri var idi. Həmin xalqların məcburi köçürülməsi də rəsmi dövlət qərarlarında əsassız da olsa, müəyyən səbəblərlə izah olunurdu. İkinci dünya müharibəsindən sonrakı illərdə isə Azərbaycan türklərinin köçürülməsi üçün şərait də var idi, nəticəni doğuran səbəblər də.
Sovet deportasiya tarixinin ən mühüm məsələlərindən biri də onu doğuran səbəblərdir. Moskvada nəşr edilən “Voprosı istorii” jurnalında açılan “dəyirmi masa”da əsasən, sovet xalqlarına qarşı tətbiq olunmuş deportasiya siyasətinin yaranması və onu doğuran səbəblər haqqında istər tarixçi, istərsə də dilçi alimlərin açdığı müzakirələr xüsusilə diqqəti cəlb edir. Belə ki, sovet xalqlarına qarşı həyata keçirilmiş deportasiyaları doğuran səbəblər barədə müxtəlif fikirlər söyləyirlər. Onların bu barədə fikirləri ayrı-aynlıqda həqiqətə yaxın və inandırıcı görünsə də, ümumilikdə deportasiyanı doğuran səbəblər barədə bu alimlər arasında vahid, yekdil fikir yoxdur.
T.Y.Krasovitskaya “Sovet İttifaqı 20-ci illərdə” mövzusunda keçirilən “dəyirmi masa”da deportasiyaların əsas səbəbi kimi, onu Sovet İttifaqında “yekcins dil mühitinin” yaradılması zərurəti ilə izah edir və nümunə olaraq deportasiyaya məruz qalmış xalqlar sırasında türkdilli xalqların çoxluq təşkil etdiyini əsaslandırmağa çalışır.
V.M.Alpatov “Voprosı istorii” jurnalının redaksiyasına göndərdiyi “K istorii Sovetskoqo yazıkoznaniya: Marr i Stalin” adlı məktub – məqaləsində T.Y.Krasovitskayanın mülahizələrini qeyri-dəqiq, əsaslandırılmamış səhv fikir olduğunu vurğulayır və alternativ mülahizə ilə çıxış edir.O, belə hesab edir ki, xalqların deportasiya olunmasında İ. Stalinin hələ Qafqazda olarkən burada yaşayan xalqlara olan simpatiyası və antipatiyası müəyyən rol oynamışdır.
Tədqiqatçı N. F. Buqay isə V. M. Alpatovun bu mülahizəsinin həqiqətə daha çox yaxın olduğunu bildirərək, bu səbəbə də başqalarının sırasında baxmağı təklif edir. O, əldə olunan sənədlərə əsasən, belə bir mülahizə yürüdür ki, 1930-1940-cı illərdə Sovet İttifaqında bütöv xalqların məcburi köçürülməsinin əsas səbəbi bunlardır: Birincisi, сəzalandırma – bu intiqam ilk növbədə, işğal zamanı bu xalqların ayrı – ayrı şəxslərinə və qruplarına görə edilirdi; ikincisi, köçürmədə mümkün olan xəyanətə görə preventiv tədbir kimi istifadə edilirdi.
Onun fikrincə, bütün bu tədbirlər əslində gözlənilən müharibələrdə həmin millətlərdən olanların xaricdə yaşayan soydaşları ilə bir olduğuna görə edilirdi.
Tədqiqatçı – alim L. Həsənova isə belə hesab edir ki, deportasiyanın həm ümumi, həm də konkret hal üçün xüsusi səbəbləri var. Ona görə də onların birgə nəzərdən keçirilməsinin əhəmiyyəti qeyd olunmalıdır. L. Həsənova ilk dəfə olaraq sovet deportasiya siyasətinin əlamətlərini üzə çıxarmış, onu Azərbaycan türklərinin Ermənistandan deportasiyası ilə müqayisə etmişdir. Aydın olmuşdur ki, azərbaycanlıların köçürülməsi sovet deportasiya siyasətindən kənarda tədqiq oluna bilməz.
On illiklər ərzində Azərbaycan türklərinin deportasiyası problemi məlum səbəblər üzündən öyrənilməmişdir. Bu faciə barədə əsl həqiqətlər ilk dəfə tarixçi-alim A. Paşayevin arxiv materialları əsasında yazmış olduğu “Respublika”, “Vətən səsi” qəzetlərində gedən silsilə yazılarında və “Köçürülmə” kitabında öz əksini tapmışdır [5, s. 37].
Azərbaycan türklərinin deportasiyası probleminin istiqamətində çoxlu elmi, publisistik və memuar ədəbiyyatlar meydana çıxsa da, A. Paşayevin, B. Nəcəfovun, L. Həsənovanın bu sahədə apardıqları tədqiqat işləri öz əhəmiyyəti və elmiliyi ilə seçilir.
Lakin bununla belə, onu qeyd edək ki, işıq üzü görmüş tədqiqat yönlü işlərin Azərbaycan tarixşünaslığında bu problemlə bağlı mövcud boşluğu aradan qaldırmaqda əhəmiyyəti nə qədər böyük olsa da, problemin araşdırılması ilə bağlı bir çox qaranlıq məsələlər qalmaqdadır. İkinci dünya müharibəsindən sonrakı illərdə Azərbaycan türklərinin 1948-1953-cü illərdə tarixi-etnik torpaqlarından deportasiyasını doğuran şərait və səbəblər hə1ə də üzə çıxarılmamış, bu da problemin yetərincə araşdırılmasında tarixşünaslıq elmimizdə bir boşluq yaratmışdır. Məhz bu boşluqdan irəli gələn müxtəlif fikir və mülahizələr ortaya çıxmışdır.
Azərbaycan türklərinin 1948-1953-cü illərdə Ermənistan SSR-dən deportasiyasının səbəbləri barədə də müxtəlif fikirlər mövcuddur. A. Paşayev məcburi köçürülmənin əsas səbəbini Kremlin siyasi dairələrində özlərinə kök salmış erməni lobbisinin fəaliyyəti ilə əlaqələndirir.
Tarix elmləri doktoru B. Nəcəfov isə Azərbaycan türklərinin deportasiyasının “Daşnaksütyun” partiyasının xüsusi ssenarisi və onun birbaşa Kremlə göstərişi əsasında həyata keçirildiyini qeyd edir. Onun irəli sürdüyü mülahizə kökündən yanlışdır və yeri gəldikcə bu məsələуə toxunacağıq.
Erməni tarixçilərinə gəlincə isə onlar Ermənistandan Azərbaycan türklərinin deportasiyasının əsas Azərbaycan K(b)P MK-nın birinci katibi M.C.Bağırovun İ.V.Stalinə ünvanladığı xahiş məktubunda görürlər. Onlar belə hesab edirlər ki, azərbaycanlıların köçürülməsi iqtisadi səbəblə bağlı olmuş, onlar Kür-Araz ovalığının inkişaf etdirilməsi üçün köçürülmüşlər. Bu isə növbəti erməni uydurmasıdır və həqiqətdən çox uzaqdır.
Tarixi saxtalaşdıran erməni tarixçilərinə belə sual etmək olar?! Əgər köçürülmə iqtisadi səbəblə bağlı idisə, nə üçün köçürülmə ilə bağlı ən mühüm qərar və sərəncamlar “məxfi qrifi” altında aparılır və ictimaiyyətdən gizli saxlanılırdı? Məcburi köçürülmə əgər siyasi səbəblə bağlı deyildisə, nə üçün о dövrün istər mərkəzi, istərsə də yerli qəzetləri öz səhifələrində bu barədə bir kəlmə olsa da iz buraxmamışdır?
Fikrimizcə, Ermənistan SSR-dən Azərbaycan türklərinin məcburi köçürülməsi İkinci dünya müharibəsi illəri və sonrakı illərdə Sovet-Türkiyə münasibətləri kontekstində rəsmi Kreml tərəfindən siyasi gündəmə çıxarılmış “erməni məsələsi” ilə qırılmaz surətdə bağlıdır. Sovet İttifaqının Türkiyəyə qarşı ərazi tələbləri, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Azərbaycan türklərinin tarixi-etnik torpaqlarından kütləvi deportasiyası bir-biri ilə sıx bağlı məsələlər olduğundan, onların kompleks şəkildə tədqiqini məqsədəuyğun hesab edirik.
SSRİ NS-nin “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 1947-ci il 23 dekabr tarixli qərarından öncəki illərdə ölkə daxili və ölkə xaricində baş vermiş siyasi hadisələrin və proseslərin öyrənilməsi və tədqiq edilməsi 1948-1953-cü illərdə soydaşlarımıza qarşı həyata keçirilmiş deportasiyanın hansı siyasətdən irəli gəlməsi və onun səbəbləri barədə əsl həqiqətlərin üzə çıxarılmasına imkan verir.
Azərbaycan türklərinin köçürülməsi səbəbləri bunlardır:
– birincisi, cənub sərhədlərin təhlükəsizliyi;
– ikincisi, ermənilərdən ibarət etibarlı sərhəd zolağının möhkəmləndirilməsi;
– üçüncüsü, Türkiyə ilə ola biləcək müharibə ehtimalı və Azərbaycan türklərinə etibar edilməsi;
– dördüncü, sovet tələbləri ciddiliyinin nümayişi;
– beşincisi, Türkiyə əleyhinə siyasətdə ermənilərin iştirakı müqabilində onlara verilmiş vədin qismən
yerinə yetirilməsi;
– altıncısı, Cənubi Qafqazda türk nüfuzunun zəiflədilməsi.
Əsəd QURBANLI,
“Dircəliş XX əsr” – №82-83.-2004-2005.- S.135-140