Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə və Diaspor TV-nin rəhbəri Ceyhun Şakiroğlu ilə danışdıq.
Fuad Babayev: Diaspor Jurnalistləri Birliyi və Diaspor TV hansı zərurətdən yarandı? Gəlin, əvvəlcə bu barədə danışaq.
Ceyhun Şakiroğlu: Öncəliklə bizi dəvət etdiyinizə görə sizə dərin təşəkkürümü bildirirəm. Məlum olduğu kimi diaspor Azərbaycanın və Azərbaycanda düşünən insanların yaralı yeridir və çox vacib olan bir sahədir. Əlbəttə, Fuad Hüseynzadə sözün əls mənasında bu sahənin mütəxəssisidir. Məlum olduğu kimi, diaspor fəaliyyəti ilə bağlı yazılan bütün xəbərlər, məlumatlar elektron variantda və yazılı olaraq öz əksini tapırdı. Biz fikirləşdik ki, gündəlik xəbərləri öz saytımızda işıqlandıraq və həftə sonları diaspor xəbərlərinin icmalını verək. Məlum olduğu kimi, hazırda kim sözünü informasiya vasitəsilə yaxşı deyirsə, “döyüş”dən də qalib çıxır. Biz də fikirləşdik ki, diasporla bağlı, Azərbaycanı tanıdan, diaspor fəallarının, milli-mənəvi dəyərlərimizin təbliği ilə əlaqədar qısametrajlı filmlərin çəkilməsi istiqamətində bir addıma ehtiyac var. Bu nöqteyi-nəzərdən çıxış edən Diaspor TV bir il öncə fəaliyyətə başladı və imkan dairəsində diaspor fəalları ilə bağlı xeyli iş gördü. Xüsusilə milli mətbəximizin tanıdılması istiqamətində qısametrajlı filmlər üzərində işlərimizi qeyd etmək istərdim. Bizim ilk hədəfimiz diaspor təşkilatlarını maarifləndirmək, yəni onların ehtiyac duyduqları informasiyaları verməkdir.
Fuad Hüseynzadə: Mən artıq “1905.az” saytında bir neçə dəfə qonaq olmuşam. Çox sağ olun ki, bizim fəaliyyətimizə hər zaman dəstək göstərirsiniz və bizimlə əməkdaşlıq edirsiniz. Sizinlə əməkdaşlıq həqiqətən bizim fəaliyyətimizə də stimul, motivasiya verir və yeni-yeni ideyaların yaranmasına kömək olur. Diaspor Jurnalistləri Birliyi diasporla bağlı yazan jurnalistlər tərəfindən 2014-cü ildə yaradılıb. Yəni Azərbaycanda bir neçə jurnalist var ki, daimi olaraq diaspordan yazır, diaspor fəallarından müsahibələr götürür, diaspor xəbərləri yayırlar. Artıq gücləri birləşdirməyin zərurətindən çıxış edərək, biz bu təşkilatı yaratdıq. Burada iki məsələ var: əvvəla beynəlxalq jurnalistikada da jurnalistlərin ixtisaslaşması, peşəkarlaşması var. Mən bəlkə də mövzudan kənara çıxıram, amma yenə də mövzuya qayıdacağam. Bir istiqamətə toxunmaq istəyirəm. Avropa və Azərbaycanda jurnalistlərin təhsili bir az fərqlidir. Avropada ən az beş il jurnalistikada təhsil aldıqdan sonra, ayrıca olaraq hansı sahə üzrə ixtisaslaşacaqlarsa, onunla bağlı kurs keçirlər. Məsələn, jurnalist iqtisadi mövzulardan yazacaqsa, bir il də o sahəni öyrənir. Bizdə isə fərqlidir. Jurnalistlər işləyə-işləyə ixtisaslaşırlar. Deyək ki, biz də yaza-yaza diaspor jurnalistləri olmuşuq. Amma Qərbdə jurnalistikaya hazır kadr, ixtisaslı jurnalist kimi gəlirlər. Biz də dediyim kimi, işləyə-işləyə, illərdən bəri yaza-yaza diaspor jurnalistləri olaraq güclərimizi birləşdirdik. Əslində bizdə də jurnalistlərin ixtisaslaşması Azərbaycan jurnalistikasının beynəlxalq ənənəyə uyğun olaraq inkişaf etdiyini göstərir. Bu həm də ideyaların birləşdirilməsidir. Məsələn, biz ayrıca jurnalist olaraq, fərd olaraq gedib hər hansısa bir Avropa qəzetinə, Avropa təşkilatına müraciət etdikdə və yaxud yazı göndərdikdə ona etinasız yanaşa bilərlər. Amma təşkilat adından müraciət daha effektiv olur. Elə ona görə də Diaspor Jurnalistləri Birliyini yaratdıq.
Diaspor TV ilə bağlı da bir şey deyim. Diaspor Jurnalistləri Birliyinin bəlkə də üç il, beş il bundan əvvəl yaranması, bəlkə də önəmli olmaya bilər. Amma Diaspor TV-nin bir il bundan əvvəl yaranması əslində çox gecikib. Əslində Diaspor TV ölkəmiz müstəqil olduqdan sonra yaranmalı idi. Bir az gecikmiş ideyadır. Amma yenə də yaxşı ki, bu televiziya var. Mən istərdim ki, bu televiziya tək internet televiziyası məkanında yox, efir məkanında da olsun. Çünki dünyaya təsir etmək yollarından biri də ən sürətli, ən böyük auditoriya yığmağa qadir olan efirdir, televiziyadır. Həm də Diaspor TV-nin yaranması dünya azərbaycanlılarının bir efirdə, bir ekranda cəmləşməsi deməkdir.
Fuad Babayev: İkinci sualda istərdim problemlərə keçək. Ceyhun müəllim, Fuad müəllim qeyd etdi ki, Diaspor TV gecikmiş ideyadır. Diaspor TV bir idir yaranıb. Diaspor TV-nin problemləri hansılardır? Televiziyanı yaradanda hiss etdinizmi ki, buna böyük bir tələbat var? Problemlər çözülməyə başladı? Maddi-texniki baza, ofis, əməkdaşlar və s. barəsində fikirlərinizi bilmək istərdik.
Ceyhun Şakiroğlu: Fuad müəllim çox önəmli bir məsələni vurğuladı. Bəli, mən də o fikirlə tamamilə razıyam ki, Diaspor TV müstəqillik əldə olunandan dərhal sonra yaranmalı idi. Çünki Azərbaycan diasporu uzun illər boyu formalaşıb. Ölkədən kənarda yaşayan soydaşlarımız, onların qurduqları təşkilatlar var. Mən Amerikada fəaliyyət göstərən Tomris xanımın rəhbərlik etdiyi təşkilatı misal gətirə bilərəm. Belə fəaliyyətlər var. O nöqteyi-nəzərdən bu doğrudan da gecikmiş hadisədir. Əslində bu televiziyanı yaratmağa biz 2017-ci ildən əvvəl də cəhd göstərmişdik. Amma üzülərək ifadə etməyə məcburam ki, qaynaq baxımından böyük sıxıntı yaşadıq. Maddi-texniki bazasının yaradılması ilə bağlı çox böyük sıxıntılarımız vardı və hələ bu gün də biz o sıxıntını yaşayırıq. Hətta ofis ayrılması ilə əlaqədar bir neçə iş adamına müraciət etdik, diasporun Vətən, millət işi olduğunu, maddi-texniki bazaya ehtiyacımız olduğunu vurğuladıq. Çox təəssüflər olsun ki, istənilən səviyyədə dəstək görmədik. Biz də öz imkanlarımızla Diaspor TV-ni açdıq. İcarə haqqı almayan bir iş adamı var, ona təşəkkürümü bildirirəm, adının hallanmasını istəmir. O, Diaspor TV-nin fəaliyyəti üçün ofisi bizə icarə haqqı almadan verdi. Bu gün Diaspor TV-nin sözün həqiqi mənasında böyük problemləri var. Məlum olduğu kimi, auditoriyası çox zəif olan bir sahədir.
Fuad Babayev: Bir qədər əvvəl Siz Fuad müəllimlə razılaşdınız ki, Diaspor TV-nin açılması bir qədər gecikib. Bu televiziyanın açılması gecikibsə, auditoriyası geniş olmalı deyildimi?
Ceyhun Şakiroğlu: Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, ölkə rəhbərinin diasporla bağlı, xaricdə yaşayan azərbaycanlılarla bağlı verdiyi sərəncamlar göstərir ki, Azərbaycan dövləti diasporun fəaliyyətinin güclənməsinə maraqları böyükdür və bunlar birmənalı dövlətin siyasəti kimi qəbu olunur. Bu istiqamətdə məqsədyönlü addımlar atılır. Mən hətta irad belə bildirirəm. Bu günə qədər ölkə daxilində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları bu işi niyə bu qədər gecikdiriblər. Bu sual məni düşündürür.
Fuad Babayev: Diaspor adlı televiziya kanalı olmasa da, ötən illər ərzində bu mövzu Kütləvi İnformasiya Vasitələri tərəfindən yetərincə işıqlandırılıb.
Ceyhun Şakiroğlu: Mən sizinlə tamamilə razıyam. Deyək ki, saytlara baxanda görürük ki, diasporla bağlı yazılar var. Amma bizim əsas məqsədimiz nədən ibarətdir? Sırf diasporla bağlı məsələləri işıqlandırmaq. Başımıza gələn faciələrimizlə bağlı bütün dillərdə qısametrajlı filmlər çəkilib dünyada olan diaspor təşkilatlarımıza göndərilibmi? Bu böyük bir problemdir. Diaspor xəbərlərini altyazı ilə ingilis dilində, imkan olarsa başqa dillərdə də yaymaq istəyirik.
Fuad Babayev: Diaspor TV vaxtilə müəyyənləşdirdiyiniz hədəflərə çatmaqda çətinlik çəkir?
Ceyhun Şakiroğlu: Televiziya yaradılarkən qarşımıza qoyduğumuz fəaliyyət planını demək olar ki, yerinə yetirə bilmirik. Bu da nə ilə bağlıdır? Bu işin maddi-texniki bazası ilə bağlıdır, vəsaitin olmaması ilə bağlıdır. Və biz fikirləşirik ki, öz imkanlarımızla davam etdirək, daha sonra bunu layihə formasında dövlətə təqdim edək. Buradan bir dəstək alaq. Çünki bu Vətən, millət işidir. Burada şəxsi işdən söhbət gedə bilməz. Hal-hazırda biz o deyilən problemləri ortadan qaldıra bilməmişik, tam tərsinə, o sıxıntılar, o problemlər hələ də öz aktuallığını qoruyur.
Fuad Babayev: Fuad müəllim, TV ideyası nə əcəb sizin ağlınıza gəlməyib?
Fuad Hüseynzadə: Əslində bizim təşkilatın nizamnaməsində gələcəkdə diasporla bağlı televiziya yaradılması var.
Amma yenə də fərqi yoxdur Ceyhun müəllim yaratdı, biz yaratdıq, kim yaratsa da əsas odur ki, var. Həqiqətən televiziyanın yaradılması Azərbaycan diasporunun xaricə çıxması üçün, xaricə səsinin yayılmasında böyük bir rolu var.
Fuad Babayev: İndi də planlardan danışaq.
Ceyhun Şakiroğlu: Bizim qarşımızda çox çətin bir yol var. Mən onu başa düşürəm. Şəxsi imkanlarla bu iş hara qədər gedəcək? Deyə bilmərəm. Amma hədəfdə yüksək səviyyədə diaspor təşkilatlarımızın fəaliyyətlərini işıqlandırmaq və Azərbaycanda dahilərimizin, tanınmış insanlarımız haqqında bilgiləri görüntülü bir şəkildə dünyaya çatdırmaq. Disspor təşkilatlarımızın işlərini necə deyərlər onların çalışdığı ölkələrdə işıqlandırmaq haqqınd ada düşünürük. Hələlik, maddi-texniki bazamız bu işləri gerçəkləşdirməyə imkan vermir.
Fuad Hüseynzadə: Bizim hədəflərimiz təbliğatdır, təbliğatı gücləndirməkdir və yeni layihələrdir. Elə bu yaxınlarda biz bir layihəmizin anonsunu yaydıq. Brendləşdirmə yəni Azərbaycan brendi, insan faktorunu önə çəkmək. Dünyada qeyri-adi istedadı ilə, ixtiraları ilə tanına azərbaycanlıları dünyaya tanıtmaq, Azərbaycan məhsulunu yox, Azərbaycan insanını dünyaya çıxarmaq. Biz bu layihəyə star vermişik. Artıq anonsu gedib. Və xarici mətbuatda Azərbaycan haqqında yazıların yazılması işini genişləndirmək.
Hazırladı: Aydan Abbaslı, 1905.az