“1905.az” Diskussiya Klubunda bu dəfə Qubadlı, Kəlbəcər, Laçın, Cəbrayıl və Zəngilan Tarix-Diyarşünaslıq muzeylərindən danışdıq… Qonaqlarımız Vaqif Babayev (Qubadlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru), Asif Ağayev (Kəlbəcər rayon Tarix-Diyarşünaslıq Muzeyinin fond mudiri), Türkanə Nuriyeva (Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru), Tariyel Abbaslı (Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru) və Ofelya Almuradova (Zəngilan rayon Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi) idi.
Fuad Babayev: Qubadlı, Kəlbəcər, Laçın, Cəbrayıldan yüz kilometrlərlə uzaqda həmin bölgələrin tarix-diyarşünaslıq muzeylərini yaşatmağın, ayaqda saxlamağın hansı problemləri var?
Tariyel Abbaslı: Ümumiyyətlə, muzeyləri yaşatmağın özü problemdir. Muzeyi yaşatmaq üçün gərək onun fanatı olasan, eksponatları ilə yaşayasan. Əks təqdirdə hətta Bakıda deyil, öz bölgəndə olsan da, onu yaşatmaq yenə problem olacaq. Çünki bu saat ölkədə məncə, sosial cəhətdən ən az müdafiə olunan insanlar muzey işçiləridir. Məcburi köçkün rayonlarının daha bir problemi ondadır ki, onların ekspozisiyaları, işləmələri üçün yerləri yoxdur. Mən 35 ildir ki, Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoruyam. 37 ildir muzey yaranıb və onun 35 ilini mən direktoram. Daha doğrusu, 5 il baş mühafiz olmuşam, 30 ildir ki, direktoram. Bizim 19 minə qədər eksponatımız var idi. Cəbrayıl işğal olunanda mən demək olar ki, həmin eksponatların hamısını çıxarıb gətirdim Bakıya. Bu gün Cəbrayıl muzeyinin 18 min eksponatı var. Bunun təxminən 1800-ünü burada toplamışıq. Cəbrayıldan 17 min eksponat gətirmişdim. Mən ev-eşiyimi qoyub, muzeyi çıxarıb gətirmişəm. Çünki mən gəlib Bakıda ev, ev əşyaları tapa bilərdim, amma orada elə eksponatlar var idi ki, onları başqa bir yerdən tapmaq mümkün deyildi. 120-dən çox xalça, palaz, kilim, 100-ə qədər qızıl, gümüş xəncər, kəmər, sinəbənd, baş bəzəyi, qadın bəzək əşyaları gətirmişəm.
Fuad Babayev: Amma indi ekspozisiya üçün yeriniz yoxdur?
Tariyel Abbaslı: Vaxtilə bizə dördüncü mərtəbədə 100 kvadrat metrdən böyük bir otaq ayrılmışdı. 1996-1997-ci illərdə orada Muzey Mərkəzi yaradıldı və otaqları da bizdən alıb onlara verdilər. Dedilər ki, Cəbrayıl muzeyinə yer verəcəklər. İndiyə kimi də yerimiz yoxdur. “İstiqlal” muzeyində “İşğaldan azad edilmiş sərvət” ekspozisiyası üçün yer ayrıldı. Burada nümayiş edilənlər yalnız Cəbrayılın olmasa da, əsasən bizim eksponatlardır. Amma heç olmasa gələnlər oranı görürlər. Eksponatlarımızın sayı, ziyarətçilərimizin sayı bizə II dərəcə verilməsinə şərait yaratdı. Halbuki əvvəllər Cəbrayıl muzeyi IV dərəcədə idi. Lakin əmək haqqımız yenə də ən aşağı IV dərəcə üzrə verilir. Amma dediyim kimi bizim əsas problemimiz yerin olmamasıdır. Başqa muzeylərin əməkdaşları hər gün işə getsələr də, biz həftədə yalnız bir gün, o da “İstiqlal” muzeyində istirahət günü olanda işə gedirik. Bununla belə, çox böyük tədbirlər keçiririk.
Fuad Babayev: Ofeliya xanım, Sizin muzeyin əsas problemi nədir?
Ofeliya Almuradova: Yer məsələsi ilə bağlı bizdə bir qədər vəziyyət yaxşıdır. Bizim muzey Abşeron rayonu Masazır qəsəbəsindəki Zəngilan şəhərciyində, məktəbdə yerləşir. Biz rayonu tərk edəndə muzeyin eksponatlarını çıxara bilməmişik, ona görə də eksponatları burada toplamağa başlamışıq. Eksponatlarımız bir az zəifdir.
Fuad Babayev: Yəni Cəbrayıl muzeyində Tariyel müəllimin fədakarlığı sayəsində ən azı eksponat qıtlığı yoxdur. Əksinə, bura gələndən sonra da eksponatlar zənginləşdirilib. Amma Sizdə bu baxımdan vəziyyət fərqlidir.
Ofeliya Almuradova: Bəli, biz eksponatlarımızı çıxara bilməmişik. İşçilərimizin yaxından iştirakı ilə bura gətirilib çıxarılan əşyalardan nələrisə toplamışıq.
Tariyel Abbaslı: Rayonun rəhbərliyindən də çox şey asılıdır. Muzeyə qayğı lazımdır. Zəngilan rayon İcra Hakimiyyətinin başçısı özü mənə dedi ki, imkanlı şəxslərə xalçalar aldırıblar. Rayonun imkanlı insanlarına rayon muzeyinə nələrisə alıb, hədiyyə etmək tövsiyə olunub. Beləcə eksponatın altında da həmin şəxsin adı yazılacaq və onlar da bu eksponatla tarixdə qalacaqlar. Bu muzeyə qayğıdır.
Fuad Babayev: Əliş Quliyev adına 2 saylı texniki-peşə liseyində yerləşən Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Türkanə xanımı dinləyək. Sizin problemləriniz nədir?
Türkanə Nuriyeva: Bizim muzeyimiz 1993-cü ildən fəaliyyətini Bakı şəhərində bərpa edib. Qeyd etdiyiniz texniki-peşə liseyində bir otaqla təmin olunmuşuq. Tariyel müəllimin qeyd etdiyi kimi, bizim də ən böyük problemimiz yer problemidir.
Fuad Babayev: Nümayiş etdirə biləcəyiniz yetərincə eksponatınız varmı?
Türkanə Nuriyeva: Təəssüf ki, bizim də 10 mindən artıq eksponatımız işğal bölgəsində qalıb. Hazırda ekspozisiyada olan eksponatların hamısı muzey kollektivi və yerli camaatın səyi ilə toplanıb. 1000-ə yaxın eksponatımız var və onların içərisində çox qiymətliləri də var. Digər problemimiz isə ondan ibarətdir ki, Laçın rayonunun bütün icra strukturları Ağcabədi rayonundakı Taxtakörpü qəsəbəsində yerləşir. Bizə də orada yer ayırmağa hazırdılar, lakin işçilərimizin hamısı Bakı şəhərində yaşayır. Bu baxımdan bizim orada gedib, işləməyimiz çətin məsələdir.
Tariyel Abbaslı: Regional mədəniyyət və turizm şöbələrinin yaradılması da yeni problemlər meydana çıxardı. Baxın, mən Biləsuvara necə gedim? Bizim icra başçımız da deyir ki, klubun birini verim, eksponatları daşı gətir bura. Mən eksponatları apardım Biləsuvara, bəs gecənin birində gəlib onları oğurlasalar nə olacaq? Hamı bilir ki, Cəbrayıl muzeyində qiymətli eksponatlar var. Ona görə də dedim ki, gətirə bilmərəm.
Fuad Babayev: Vaqif müəllim, Sizi dinləyək.
Vaqif Babayev: Bilirsiniz, məcburi köçkün olmağın özü elə böyük bir problemdir. Ötən 23 il ərzində biz həm özmüz yaşamışıq, həm də muzeyi təşkil etməyə çalışmışıq.
Fuad Babayev: Siz eksponatları çıxara bilmisinizmi?
Vaqif Babayev: Azərbaycanda 22 muzeyin eksponatları işğal bölgəsində qalıb. Yalnız Cəbrayıl və Füzuli rayonlarındakı muzeylərin eksponatları xilas edilib. Vaxtilə imkan verilməyib həmin muzeylərin çıxarılmasına. Hazırda bizim muzeyin yerləşdiyi yer pis deyil, Sumqayıtda, Qubadlı rayon İcra Hakimiyyəti binasının üçüncü mərtəbəsində yerləşirik. Təqribən 300 kvadrat metrdən artıq yerimiz var. Müəyyən qədər eksponat da toplamışıq. Amma eksponatların sayı hələ azdır. Xalçalar, gümüş kəmərlər və digər bahalı əşyaları toplamaqda xüsusilə çətinlik çəkirik. Çünki onlar bu dəqiqə heç yerdə yoxdur.
Fuad Babayev: Muzeyin fondlarını zənginləşdirmək üçün vəsait ayrılmır?
Vaqif Babayev: Vəsait dövlət tərəfindən ayrılmalıdır. Topladığımız minə qədər eksponat yalnız muzey işçiləri tərəfindən toplanıb. Dəfələrlə məsələ qaldırılsa da, muzeyə vəsait ayrılmır. Vəsaitimiz olsa, satın alınıb, xaricə daşınan qiymətli eksponatları alıb elə özümüzdə saxlayarıq. Binalardan danışdıq, hələ heç bir qaçqın muzeyinə tikilib, bina verilməyib. Hamısı haradasa uyğunlaşdırılmış şəraitdə fəaliyyət göstərir.
Fuad Babayev: Əlbəttə, muzey binasının eksponatların saxlanma şəraitinə uyğun temperaturdan tutmuş, hər bir şəraiti olmalıdır.
Vaqif Babayev: Bəli. Məcburi köçkün rayonları üçün nə qədər məktəb tikilib. Bir muzey tikmək bu qədərmi problemdir?
Fuad Babayev: Vaqif müəllim, Türkanə xanım dedi ki, onlara yer verə bilərlər, lakin Taxtakörpüdə. Muzey əməkdaşları isə Bakıda yaşayırlar. Ola bilsin ki, orada muzey binası da tikməyə hazırdılar.
Vaqif Babayev: Biz 23 ildir məcburi köçkünük. Amma bu illər ərzində muzeyə qayğı göstərilməyib.
Fuad Babayev: Asif müəllim, Kəlbəcər muzeyinin hansı qayğıları var?
Asif Ağayev: Kəlbəcər muzeyi böyük muzeylərdən biri olub. 16 min eksponatı olub. Lakin bir dənə də eksponat gətirilməyib. Öz gücümüzə 6 min eksponat toplamışıq. 5 otağımız var. Mehdiabaddakı məcburi köçkün şəhərciyindədir. Müəyyən şəxslər söz veriblər ki, təmir edəcəklər və indi muzey təmirə bağlanıb.
Fuad Babayev: Deməli, işğal altındakı rayonlarımızdakı muzeylərin mütləq əksəriyyətinin eksponatları orada qalıb. Və nə qədər acı da olsa etiraf etməliyik ki, həmin muzeylərin eksponatları düşmən tərəfindən çoxdan yağmalanıb. Sovet dövründə bu muzeylərin eksponatları ilə bağlı kataloq, yaxud soraqça çap olunubmu? Həmin eksponatlar hansısa bir sərgidə, auksionda “zühur” etsə, əlimizdə onun bizə məxsus olması ilə bağlı sənəd varmı?
Tariyel Abbaslı: Hər bir muzeyin baş inventar kitabı olur. Orada eksponatların hamısının təsviri var. Bu sənədlər əsasdır. Bir də onların qəbul edilmələri ilə bağlı aktlar olur.
Ofeliya Almuradova: Bizimkilər burda yaranıb, kitab da burada tərtib olunub.
Vaqif Babayev: Bizim kitabımız da oradan gəlməyib.
Tariyel Abbaslı: Biz kitabı da gətirmişik. Amma muzeydəki ağır və qabaritli əşyaları – qədim qəbirüstü abidələri, kənd təsərrüfatı alətlərini, daş heykəlləri gətirə bilməmişik. Təxminən 1500-ə yaxın eksponatımız Cəbrayılda qalıb.
Fuad Babayev: Bəs mətbəə üsulu ilə katoloqlar çıxıbmı?
Vaqif Babayev: Rayonun tarixi ilə bağlı kitab nəşr olunub, amma sırf muzeylə bağlı olmayıb.
Türkanə Nuriyeva: Bizdə də belə bir kataloq yoxdur.
Fuad Babayev: Muzeylərin ziyarətçi sayı ilə bağlı hansı göstərici norma sayılır?
Türkanə Nuriyeva: Xüsusi bir norma yoxdur, nə qədər çox adam gəlsə, bir o qədər baş ucalığıdır.
Ofeliya Almuradova: Bizim muzeyimizə daha çox xaricilər gəlirlər.
Tariyel Abbaslı: Bizim insanlarımız muzeyə gəlmirlər. Heç Cəbrayılda olanda gəlmirdilər. Məktəblər, digər təsərrüfat subyektləri ilə müqavilə bağlayır, onlardan xahiş edirdik ki, muzeyə gəlsinlər.
Fuad Babayev: Amma nə qədər cəbrayıllı, kəlbəcərli, laçınlı, qubadlılı, zəngilanlı valideyn var ki, uşağında, qonağında öz doğulduğu bölgə ilə bağlı təəssürat yaratmaq üçün onları muzeyə gətirmək istəyi ola bilər.
Vaqif Babayev: Qubadlı məktəblilərinin demək olar ki, hamısı muzeyə gəlir. İdarə, təşkilat, müəssisələrin də əməkdaşlarının hamısını muzeyə gətirmişik. Ancaq bütün bunlar icra hakimiyyətinin xəttilə olub. İcra hakimiyyəti demədən, heç kəs gəlmir. Öz istəyi ilə gələnlər çox azdır.
Fuad Babayev: İnsanların diqqətini cəlb etmək üçün başqa məkanlarda sərgilər keçirməyə çalışmısınızmı?
Türkanə Nuriyeva: Biz elə səyyar sərgilər keçirmişik. Nazirliyin xətti ilə Masazırda dolma, çörək müsabiqələri, sərgilər keçirilib. Eksponatlarımızı Taxtakörpüyə aparmışıq.
Tariyel Abbaslı: Bilirsiniz, bunun müəyyən çətinlikləri var. Bir sərgi keçirmək üçün mən “İstiqlal” muzeyinin rəhbərliyinə, o, nazir müavininə məktub yazmalıdır. Nazir müavini nazirə müraciət etməli, nazir icazə verəcəyi təqdirdə eksponatları çıxarıb, harasa aparmaq mümkündür.
Hazırladı: Gündüz Nəsibov, 1905.az
Material ilk dəfə 13 mart 2017-ci ildə dərc olunub