XX əsrin əvvəllərində Şimali Azərbaycanda vəziyyət getdikcə gərginləşir, milli ayrıseçkilik kəskin xarakter alırdı. Çar Rusiyasının xüsusi xidmət orqanlarının və hakim dairələrinin təşviqi ilə ermənilər yerli türklərə (azərbaycanlılara) qarşı terror hadisələri törədir, silahsız və günahsız kəndlərə hücum təşkil edir, insanları yalnız türk və müsəlman olduğuna görə öldürürdülər.
Əsasən 1829-cu ildə kütləvi şəkildə İrandan və Türkiyədən Azərbaycana köçürülən minlərlə erməni ailələri yerli xalqın arasında kompakt məskunlaşır və getdikcə təşkilatlanırdılar. Onlar əsasən Qarabağ, İrəvan, Zəngəzur, Gəncə ətrafı torpaqlarda yerləşdirilir və çar hökuməti tərəfindən himayə olunurdular. O zamankı Rusiya hakim dairələri Qafqazda xristian dövləti yaratmaq, bu bölgəni İran və Türkiyənin təsir dairəsindən çıxarmaq üçün dəridən qabıqdan çıxırdılar. Əsas məqsəd təbii ki, yerli əhalinin say nüfuzunu azaltmaq və onlarla böyük müsəlman dövlətləri arasında bufer ölkə yaratmaq idi. Bu dəstəyi uzun əsrlər arzulayan ermənilər isə sürətlə silahlanır və bir ideya – “türkləri bu torpaqlardan təmizləmək” uğrunda birləşirdilər.
1905-1906-cı illərdə erməni-müsəlman davası kimi tariximizə düşmüş hadisələr gəlib çatdı. Ermənilərlə yerli azərbaycanlılar arasında nifaq dərinləşdi və hər yerdə atışma səsləri eşidilməyə, hər yerdə qan izləri görünməyə başladı. Ölkənin dinc, silahsız türk-müsəlman insanı öldürülür və alçaldılırdı. Rus hakim dairələri isə bu haqsızlığa göz yumur və bir az da irəli gedərək hadisələri qızışdırır və erməniləri silahlandırırdılar.
Belə ağır məqamda ölkəmizin adlı-sanlı ziyalıları başda Əhməd bəy Ağaoğlu olmaqla bir yerə toplaşdılar. Onları ümumi maraqlar birləşdirir və bütün güclərini erməni fitnəkarlığının qarşısını almağa cəmləşdirdilər. Nəticədə “Difai” (fars dilindən tərcümədə müdafiə) adlı milli-ideoloji təşkilat yaradılır. Təşkilatın məqsədləri aydın idi: Erməni qəsbkarlığının qarşısını kəsmək, nifaqı məqsədyönülü şəkildə dərinləşdirən və bu məsələdə ermənilərin tərəfini tutan rus hakim dairələrini cəzalandırmaq, xalqın bütövlüyünü təmin etmək. Bir sözlə təşkilat əzilməkdə və məhv olmaqda olan millətimizin son anda xilaskarına çevrilməyi hədəf seçdi.
Azərbaycan xalqının böyük oğlu, görkəmli mütəffəkir, ictimai-siyasi xadim, istər Azərbaycan Xalq Cümhuriyyətinin istəsə də Türkiyə Cümhuriyyətinin qurulmasında müstəsna xidmətlər göstərmiş, adına və əsərlərinə 70 il sovet dövründə panislamist, pantürkist damğası vurulmuş mübariz ziyalımız Əhməd bəy Ağaoğlu azərbaycanlılarla ermənilər arasında gedən bu qanlı münaqişədən çıxış yolunu tapmaq üçün 1905-1906-cı illərdə Tiflisdə, Qafqaz canişini İ.İ. Vorontsov-Daşkovun yanına göndərilən doqquz nəfərlik nümayəndə heyətinin üzvlərindən biri olmuş və ermənilərlə danışıqlar zamanı Azərbaycan tərəfin ittihamçısı qismində çıxış etmişdi. Vorontsov-Daşkovla görüşdə erməni və azərbaycanlı nümayəndə heyəti barədə müfəssəl məlumat verən M.S. Ordubadi yazır: “Hökumət tərəfindən bu məclisə tam nəzarət yetirən şəxslər: Qafqaz canişini cənab Vorontsov-Daşkov, Tiflis, İrəvan, Gəncə qubernatorları, canişin həzrətlərinin müavinləri, cənab Gəray, general Malama, general Şirnikin, kargüzar Peterson cənabları. Azərbaycan tərəfinin nümayəndələri: Bakıdan cənab Əhməd bəy Ağayev, Kərbəlayı İsrafil Hacıyev, Əlimərdan bəy Topçubaşov, Tiflisdən Məhəmməd ağa Vəkilov, Doktor Qarabəyov, Gəncədən Ələkbər bəy Xasməmmədov, Ədil xan Ziyadxanov və başqaları. Erməni vəkilləri: “Mışak” qəzetəsinin müdiri Kalantar, Tiflisdən: Xatisov, Samson Arutyunov, Bakıdan: Xatisov, Muşeksyan, doktor Stepanov, Arakelyan,Taqiyanusov,TerAvanesov, arximandrit Muradyan və başqaları”. Bütün sülhsevər çıxışlarına və təkliflərinə baxmayaraq qarşı tərəfin və müşahidə edən tərəfin buna bir o qədər əhəmiyyət vermədiyini və inadkar davranışları ilə fərqləndiyini görən Ə. Ağaoğlu ermənilərə və çar məmurlarına elə oradaca xəbərdarlıq etməkdən çəkinmir. O deyir: “Biz müsəlmanlar bu halətə davam etməyəcəyik və aşkar deyirik ki, hərgah işlər belə gedərsə, nə qədər Qafqazda belə terror dəstələri hökm edərsə, asayiş və təhlükəsizlik bərpa olunmayacaqdır. Biz sülh xatiri üçün məclisin diqqətini bu nöqtəyə cəlb edir və deyirik ki, Qafqazda olan mənsəb sahibləri və hakimlərin çoxu erməni terrorundan qorxub ədalət ilə, insaf ilə iş görmürlər”. Bu fikirlərini davam etdirərək Ə. Ağaoğlu Vorontsov-Daşkov qarşısında artıq tələb xarakterini alan məsələlər qoydu: “İndi ki belədir, indi ki, bir müsəlləh partiya on beş ildən bəridir təşkil olunub və hökumət adamları bunu bilib də nəinki əlac etməyir, bəlkə onlarla həməqidədirlər, bizim istər hökumətdən, istərsə də ermənilərdən belə bir partiyanın aradan götürülməyini təmənna etməyimiz faydasızdır. Biz ancaq özümüz öz əlacımızı etməliyik. Bizim də gərək mükəmməl və müsəlləh partiyalarımız olsun. Bir hökumət ki, bir tərəfdən belə işlərə dözür, gərək o biri tərəfdən də dözə…”
Qurultay bitdikdən sonra bəlkə də vəziyyətin düzələcəyinə az da olsa ümid edən ziyalılarımızın ümidi növbəti dəfə puç oldu. Çünki 1906-cı ilin qış, yaz və yayında daşnaklar Şuşada və bütün Qarabağda, Naxçıvan və İrəvanda azərbaycanlılara qarşı qırğınlara başladılar. Dinc azərbaycanlı əhaliyə növbəti dəfə divan tutuldu. Belə məqamda milli ziyalılarımızın erməni terroruna qarşı anti-terror güc strukturunu yaratmalarından başqa çarələri qalmadı.“Difai”nin fəal üzvlərindən biri, sonralar AXC-nin milli təhlükəsizlik naziri olmuş N.Şeyxzamanlı öz xatirələrində yazır: “Əhməd bəy Ağayev Gəncəyə gəldi və Cümə məscidində camaatla görüşdü. Camaat ağzına qədər dolu idi və mən də orada idim. Əhməd bəyi ilk dəfə görürdüm. Ağaoğlu minbərin ikinci pilləkəninə çıxaraq, xalqa müraciət etməyə başladı: “Möhtərəm gəncəlilər, türklərlə ermənilər arasında baş verən son hadisə hamımızı pərişan etdi. Nə müsəlmanlıq, nə də insanlıq belə vəhşi hərəkətə razı ola bilməz. Bu hadisə nədən oldu, nə üçün oldu, səbəbkarı kimdir deyə tədqiq və müzakirəyə başlasaq, heç bir nəticə əldə edə bilmərik.Türklər və ermənilər olub keçənləri unutmalıdırlar. Onlar bilməlidirlər ki, yer üzündə Allahın yaratdığı nə qədər vəhşi və yırtıcı heyvan varsa, başqa heyvanları parçalasa da öz həmcinslərinə toxunmurlar. Nə qədər ağır olsa da, bildirməliyik ki, vəhşi heyvanların etmədiklərini insanlar edir. Çar üsul-idarəsindən əsrlərlə əvvəl Qafqazda türklərlə ermənilərin dost və yaxşı qonşuluq münasibətində yaşadığını unutmaq olmaz. Tarixdə bu naqis hadisəyə oxşar heç bir hadisə qeydə alınmamışdır”. O vaxt gizli təşkilatımız ilhamını bir neçə məşhur millətpərvərlərimizdən alırdı. Bunların başında Ələkbər bəy Rəfıbəyli, Ələkbər və Ələsgər Xasməmmədli qardaşları, Nəsib bəy Yusifbəyli, doktor Həsən Ağaoğlu dururdu. Onlar camedəki bu görüşdən sonra Əhməd bəy Ağaoğlunu axşam yeməyinə dəvət edərək, onunla geniş söhbət edirlər. Azərbaycan xalqının gələcəyi qaranlıq olduğu və irəlidə rusların ermənilərin əli ilə bir pislik edə biləcəklərini nəzərə alaraq, xalqı yenidən təşkilatlandırmaq lazım idi. Bu təşkilatlanma vasitəsilə rus hökuməti ilə mübarizə etmək və ruslara anlatmaq gərək idi ki, biz asanlıqla istismara başəyməyəcəyik. Rusların gözünü qorxutmaq üçün bir gizli təşkilat komitəsi qurmaq, gizli firqəni «Difai» firqəsi deyə adlandırmaq qərara alınır. Az keçmədən «Difai» firqəsinə möhür hazırlanır.
Tanınmış ictimai-siyasi xadim, professor Vilayət Quliyev özünün “Son illərin yazıları” əsərində Əhməd bəy Ağaoğlu barədə bəhs edərkən yazır: “1905-ci ilə qədər daha çox “söz adamı” kimi tanınan Əhməd bəy Ağaoğlu “zamanın dəyişdiyini”, ermənilərin xəbis niyyətlərini artıq siyasi təşkilatlar və silahlı dəstələr vasitəsilə həyata keçirdiklərini görərək, adekvat qərar qəbul etdi. Qılıncla gələn qılıncdan ölməli idi. Quldurla onun öz dilində danışmaq lazımdır. Xalqı təşkil etmək, silahlandırmaq, ona şərəf və namusunu, evini və yurdunu əldə silah, qorumağı öyrətmək lazım idi. Bu işlərin öhdəsindən yalnız qəzetlərdə məqalələr yazmaqla gəlmək mümkün deyildi. Mütləq siyasi qurumlar yaratmaq, xalqı onların ətrafında toplamaq, birliyə nail olmaq tələb edilirdi.
Beləliklə, Azərbaycan xalqının sözün həqiqi mənasında mənəviyyat sarıdan alçalmasının, fiziki cəhətdən məhv olunmasının qarşısını almaq üçün “Difai” adlı etno-siyasi müdafiə təşkilatı yaradılaraq, mübarizə proqramı qəbul edildi. “Difai”nin 1912-ci il 16 mart tarixində Qafqaz canişinliyinin arxivindən tapılmış və hal-hazırda Bakıda yerləşən arxivdə mühafizə edilməkdə olan Bəyannaməsində yazılır: “Mütəşşəkil hərbi qüvvəyə malik, eyni zamanda, yəni silahlarla, hətta toplarla təchiz edilmiş Daşnak partiyası, bir tərəfdən silah gücünə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökümətini özünə tabe edib ən ümdə məqsədinə nail olmağa çalışır. Onların əsas məqsədləri Qafqazda yaşayan bütün müsəlmanları qırdıqdan sonra onların torpaqlarını işğal etməkdir. Ermənilər məqsədlərinə nail olduqdan sonra fikirləri Qafqazda erməni xalqı üçün milli, müstəqil bir dövlət yaratmaqdır. Bizim partiyanın əsas məqsədi Qafqazda yaşayan bütün xalqlar arasında səmimi qardaşlıq və birlik yaratmaqdır. Hərgah Daşnak partiyası namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətlərinin həqiqi proqramını aşkar söylərsə, əgər bu proqram Qafqazda yaşayan bütün millətlərin azadlıq və müstəqilliyinə xələl gətirmirsə, o zaman biz öz birlik əlimizi həmişə ona uzatmağa hazırıq. Əksinə, əvvəllər olduğu kimi, müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz bir qanlı səhnə halına düşər. Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxlik qurmasına yol vermərik”.
Bəyannamədən də göründüyü kimi, bu təşkilat erməni terrorunun qarşısını almaq, bu iki xalqın arasında sülhü təmin etmək, lakin eyni zamanda müdafiə barədə də düşünmək və istənilən düşmən qarşısında aciz qalmamağı əsas prinsip hesab edirmiş. Belə ağır yükü üzərinə götürən xalqımızın böyük ziyalıları və milli ruhlu bəyləri Əhməd bəy Ağaoğlu, Ələkbər bəy Rəfibəyli, Xəlil bəy Xasməmmədov, doktor Həsən bəy Ağayev, Şeyxülislam Molla Məhəmməd Pişnamazzadə, Kərim bəy Mehmandarov, Mirzə Məhəmməd Axundzadə, Mirzə Cavad, İdris Axundzadəylə birlikdə təşkilat çevik fəaliyyətə başlamağa qərar verir.
“Difai”nin mübarizə meyarlarında əsas diqqəti cəlb edən müddəalardan biri də bu təşkilatın Azərbaycan xalqının mənəvi birliyinə nail olmaq istəyi və bu birlikdən yaranan gücdən düşmən qüvvələrə qarşı istifadə etmək cəhdi idi. Həmin dövrdə milli təəsübkeşliyə əsasən dini tərəfdən baxıldığı və xalqın dini hisləri mühafizəkar olduğu üçün niyə də bu mühafizəkarlıqdan mütəşşəkil istifadə edilməməliydi. Məhz buna görə də, Azərbaycanın demək olar ki, bütün qəzalarında fəaliyyət göstərən bu təşkilat tezliklə sayı minlərlə ölçülən ciddi güc təmayüllü milli partiyaya çevrildi. Möhüründə tiyəsi yuxarı olan iki çarpaz qılınc və aypara təsvir olunan təşkilatın mübarizəsində xalqın gücündən qaynaqlanmaq və burada mənəvi birlikdən yararlanmaq əsas götürülürdü. Məsələn bildiyimiz kimi, aypara İslam xalqları tarixində xüsusi əhəmiyyətə malik bir rəmz qəbul olunduğu və ay ulduzun xristianların xaçına qarşı bir ideoloji simgə hesab olunduğu üçün “Difai” də öz möhüründə bundan istifadə etmiş və bununla mübarizənin müsəlmanların haqq mübarizəsi olduğuna diqqət çəkmişdir.
Lakin “Difai” digər xristanlara qarşı deyil məhz erməni qəsbkarlığına və qarətçiliyinə qarşı müsəlmanların duruş gətirməsini təmin etmək üçün yaradıldı. Ermənilərin terror hücumlarına qarşı birləşmək cəhdlərini panislamizm kimi qələmə verənlər kifayət qədər idi. Bu cür hədyanlar söyləyən və müsəlmanları panislamizmə yuvarlanmaqda ittiham edən və bununla öz dəhşətli cinayətlərini ört-basdır etməyə cəhd göstərən ermənilərə ən doğru cavabı həmin illərdə Rusiya İmperiyasının Osmanlı Türkiyəsindəki konsulu olmuş V.Mayevski vermişdir: “Doğrudan da, fərz edək ki, Qafqazda panislamizm ideyaları güclü inkişaf etmişdir. Lakin onda hec cür başa düşmək olmur ki, nə üçün tatarların bu ideyaları yalnız və yalnız ermənilərə qarşı savaş və qarətlərdə təzahür edir, Qafqazın digər xalqlarını kənarda qoyur? Belə olan təqdirdə ən çox əziyyət çəkən rus elementi olmalı idi, panislamizm ideyaları ilk növbədə bu elementə qarşı mübarizə aparmalıdır. Lakin həqiqətdə buna oxşar heç bir şey aşkar etmək olmamışdır. Nə üçün tatarlar gürcülərə toxunmamışlar?… və nə üçün panislamizmin qurbanları yalnız və yalnız ermənilər olmuşlar?…” Problemlə bağlı əsaslandırılmış suallar qoyan konsul əlbəttə ki, ermənilərin hücumlarından qorunmaq üçün yerli müsəlman əhalinin təşkilatlanmaq cəhdini panislamizm kimi qələmə verən erməni siyasət alverçilərinə haqlı olaraq hiddətini və etirazını bildirir.” Mayevskinin elə təkcə bu qeydləri “Difai” nin yaranma səbəblərinin bir cavabı kimi qiymətləndirilməlidir.
“Difai”nin bir sıra komitələri yaranmışdı. Xalqımızı mənəvi uçuruma deyil, mənəvi birliyə səsləyən təşkilatın ən fəal və çoxsaylı üzvlərindən ibarət komitələrindən biri də Gəncə komitəsi idi. Komitəyə Gəncə kişi gimnaziyasının hüquq müəllimi axund Məhəmməd Pişnamazzadə rəhbərlik edirdi. Baxın əsas hərəkat mərkəzi Gəncə və əsas rəhbərlik edən şəxs din xadimi idi. Səbəb təbii ki, din amilindən faydalanmaq və ermənilərin terror hücumlarına qarşı yerli müsəlmanların birliyini təşkil etmək və burada onların mübarizəsində dinin Vətəni qorumaq barədə qarşıya qoyduğu vəzifələri xalqa bir növ xatırlatmaq hədəf kimi götürülürdü. Bu baxımdan axundun bura təyin olunması həm də uğurlu bir ictimai nümunə də sayıla bilərdi. M.Pişnamazzadənin əsas silahdaşları isə digər komitə üzvləri Ə. Rəfibəyli, H. Usubbəyov, Ə. Xasməmmədov, M.Ə. Rəfiyev, M. Qazıyev, Molla İsmayılzadə, Q. M. Həmzəyev və başqaları idilər.Tiflis Quberniya Jandarm İdarəsinin rəisi podpolkovnik Başinskinin partiyanın üzvləri haqqında 31 oktyabr 1909-cu il tarixli məruzəsində Pişnamazzadə haqqında ətraflı məlumat verilir. Məruzədən aydın olur ki, “Difai”partiyasının Yelizavetpol komitəsinin sədri Axund Molla Məhəmməd Pişnamazzadə (1853-1937) olmuşdur. O, ruhani rütbəsini 1883-cu ildə Tiflisdə almışdır. 1892-ci ildə Gəncə Cümə məscidinin baş qazisi təyin edilmişdir. 1900-cü ildə Pişnamazzadə İranın və Turkiyənin xeyrinə təbliğatda ittiham edilərək Türküstana sürgün olunmuşdur. 1906-cı ildə Gəncənin baş qazisi seçilmişdir. (6, 289-290) Polis məlumatlarında Pişnamazzadəni bir şəxsiyyət kimi səciyyələndirən maraqlı məlumatlar qalmışdır. Məsələn, 1912-ci ilin fevral ayında tərtib edilmiş belə məlumatların birində yazılmışdır: “Müsəlman aləmində o, əsas və görkəmli ictimai xadimlərdən biri hesab edilir. O, Qafqaz diyarı hüdudlarında müsəlman üsuli-cədid məktəblərinin, kitabxana-qiraətxanaların və müxtəlif xeyriyyə cəmiyyətlərinin yaradılmasının təşəbbüsçüsüdür. Öz əsərlərində, məqalələrində və ictimai yerlərdə söylədiyi nitqlərində o, müsəlmanları birləşməyə və milli tayfa davalarına son qoymağa çağırırdı. Pişnamazzadə öz baxışlarına görə mütərəqqi müsəlman və eyni zamanda yüksək dərəcədə dindar, ciddi adamdır, müsəlman ruhaniləri arasında və cəmiyyətdə görkəmli mövqeyinə müvafiq olaraq qapalı, sadə və ayıq-sayıq həyat tərzi keçirir. Heç bir əyləncə yerinə getmir, kübar dairələrdə dolaşmır. Bac-xərac və rüşvət almaqla məşğul olmur, çünki bunlar onun xalq xadimi və idealist əqidələrinə ziddir və ümumiyyətlə onun xarakterinə yabancıdır”. (7,110)
Bir neçə ildən sonra “Difai”nin əsas simalarından biri hesab olunan axund Pişnamazzadə rus imperatoru tərəfindən rəsmən Qafqaz musəlmanları şiə ruhani idarəsinin şeyxulislamı vəzifəsinə təyin edilir. Bu, axundun Yelizavetpol (Gəncə) quberniyasında böyük nüfuz sahibi olmasına dəlalət edirdi.
1905-ci ilin iyun ayından Əhməd bəy Ağayev “Həyat” qəzetini nəşr edir. O, “Həyat”ın birinci nömrəsində dərc edilmiş proqram xarakterli məqalədə yazırdı: “Əgər biz irəli getmək istəyiriksə və həyat qüvvəsinə malik olan millət olmaq istəyiriksə, ilk növbədə müsəlman olaraq qalmalıyıq. Bizim irəliyə doğru hərəkətimiz, həyat şəraitimizi yaxşılatmaq səylərimiz İslam qanunları ilə birləşdikdə uğurlu ola bilər”. Təsadüfi deyil ki, senzur komitəsinin yüksək vəzifəli məmurları qəzeti və onun redaktorunu “panislamist ideyalarının qızğın tərəfdarı”, “bütün müsəlmanların xəlifəsi kimi ad çıxarmış Türkiyə Sultanının nüfuzunu və qüdrətini artırmaq tərəfdarı” kimi qələmə vermişdilər. Digər tərəfdən “Həyat” qatı panislamizmdə təqsirləndirilir, bildirilirdi ki, bu mətbu orqanda ermənilər əleyhinə aparılan təbliğat nəticəsində Qafqazda müsəlman fanatizmi şiddətlənəcək, erməni fobiyası güclənəcəkdir. Xüsusi vurğulanırdı ki, “İslamın saflığı və toxunulmazlığı” ideyalarını təbliğ edən Ağayev çarizmə və ruslara qarşı barışmaz mövqe tutur.
Göründüyü kimi, bu mübarizənin əsas mahiyyətində milli və dini xətt seçilir və regionun türk-müsəlman əhalisinin mənəvi həmrəyliyini canlandırmaqla erməni terror hücumlarına qarşı mütəşşəkil mübarizə əsas götürülürdü.
“Difai”nin Daşnaksütyunun mürtəce fəaliyyətindən fərqi o idi ki, təşkilat ilk növbədə hücuma məruz qalan və hüquqları tapdalanan yerli müsəlman əhalinin birlik-həmrəylik arzularının ifadəsindən yaranmış, müdafiəni başlıca şərt kimi qəbul etmiş və erməni-azərbaycanlı münaqişəsini alovlandıran və bu münaqişədə birtərəfli mövqe nümayiş etdirən bir sıra çar məmurlarını cəzalandırmağı hədəf götürmüşdür. Hətta həmin dövrdə mövcud olmuş partiyaların coxundan fərqli olaraq, “Difai” partiyası xalq kütlələrinin içərilərinə nüfuz etməyə, xalqın ən fəal elementlərini öz sıralarına cəlb etməyə, öz fəaliyyəti ilə bütün Yelizavetpol quberniyasını, qismən də Bakı və İrəvan quberniyalarını əhatə etməyə müvəffəq olmuşdur. Professor Eldar Əzizov yazır ki, Yelizavetpol qubernatoru etiraf etməyə məcbur olmuşdur ki, partiya ağıllı, ehtiyatlı, ardıcıl, namuslu və səmimi insanların əlindədir, onun Mərkəzi Komitəsinə Əhməd bəy Ağayev rəhbərlik edir. Yenə də həmin qubernatorun sözlərinə görə, partiya qısa müddətdə böyuk nüfuz və şöhrət qazanmışdır, əhali ona etibar edir və onun üzvlərini hökumətdən səylə gizlədir. (9,118)
Bu baxımdan təşkilat ədalətli mühakiməni bacarmayan çar üsul-idarəsinin əvəzinə ədalətli cəza üsulları ilə günahkarları cəzalandırmaq və xalqımızın həmin dövrdə düçar olduğu fiziki və mənəvi fəlakətdən çıxış yolu axtarmağa çalışırdı.
Bu axtarışın sonu şübhəsiz ki, konkret addımlarsız qalmadı. Tezliklə “Difai” xalqının düşmənlərini ehtiyatla aradan götürməyə başladı.
Təşkilatın yarandığı gündən etibarən törətdiyi ən iri siyasi terror aktı şübhəsiz ki, general-qubernator Qoloşşapovun və onun dəftərxana müdiri Kleşşinskinin öldürülməsi olmuşdur. Tiflis Quberniya Jandarm İdarəsinin rəisi Başinskinin 21 oktyabr 1909-cu il tarixli məruzəsindən göründüyü kimi Qoloşşapovdan narazılığa səbəb 1905-1906-cı illərin erməni-azərbaycanlı münaqişələri dövründə onun müsəlmanlara zidd hərəkətləri ilə əlaqədar olmuşdur. Başinski yazır: “1906–cı il avqust ayında Bakıdan Şuşaya gələn Əhməd bəyAğayevin orada çağırdığı yığıncağın iştirakçıları siyasi xarakterli, odlu-alovlu nitqlər söyləmiş, müsəlmanları hökumətə və hakimiyyət orqanlarına qarşı çıxmağa çağırmışdılar. Ağayev, doktor Kərim bəy Mehmandarova başqaları deyirdilər ki, müsəlmanlar rus hökumətinə hələ də sadiqdirlər, hökumətin həmin sədaqətə cavabı isə bu olmuşdur ki, general Qoloşşapov erməni hampaları ilə əlbir olaraq tatarlara qarşı çıxmış, onların evlərini dağıtmış, minlərlə müsəlman ac-yalavac qalmışdır və s.Yığıncaqda general Qoloşşapovun hərəkətlərindən narazılıq və tam anlaşılmazlıq ifadə edilməsi və canişindən onun geri çağırılması barədə xahiş olunması məsələsi qoyulmuşdur. Bundan az sonra Şuşada Qoloşşapova qarşı çağırışlar səsləndi”.(10,130-131) Beləcə generala edilən xəbərdarlıqlar öz bəhrəsini vermədiyi üçün onun üçün ağır sonluqla nəticələndi. Qoloşapov öldürüldü. Bundan sonra onun əsas köməkçisi, sabiq dəftərxana mudiri Kleşşinski hədəfə alınır. Onu ölüm cəzasına Şuşa komitəsi məhkum etmiş, antiterror aktının icrası isə Pişnamazzadənin başcılıq etdiyi Yelizavetpol komitəsinə həvalə edilmişdir.
Bu əməliyyatlardan sonra “Difai” bir necə qəzet redaksiyasına özünün möhürü ilə proklamasiyalar göndərmiş və N. Şeyxzamanlının qeyd etdiyi kimi bu iki qətl hadisəsi Rusiya hökumətini sarsıtmış və “onu daha ağıllı olmağa məcbur etmişdir. Çoxsaylı axtarışlara və hətta “Difai” partiyasının üzvlərindən heç olmasa bir nəfərini hökumətə təslim edəcək şəxsə 50000 manat qızıl pul məbləğində mükafat ayrılmasına baxmayaraq o vaxt “Difai” partiyasının üzvlərini tapmaq mümkün olmamışdır. Bu həmdə ona görə çətin idi ki, “Difai”nin üzvləri arasında çar hakimiyyəti orqanlarında işləyənlər də vardı. Onlardan biri polisdə katib və tərcüməçi vəzifəsində işləmiş Sədrəddin adlı şəxs idi. Məhz onun sayəsində məlumat alınmışdır ki, Molla Hadı oğlu adlı bir şəxs tez-tez polisə gəlir. Aparılmış təhqiqat nəticəsində müəyyən edilmişdir ki, Molla Hadı polisin xəbərçisi olmuşdur. Bundan sonra partiya bir müddət oz fəaliyyətini dayandırmağa məcbur olmuş, Molla Hadı isə ölüm cəzasına məhkum edilmişdir. (11,17) Anti-terror məqsədli əməliyyatlardan biri də 1906-cı ilin dekabr ayında Naxçıvan qəzasının keçmiş rəisi podpolkovnik Engelin “difai”çilər tərəfindən öldürülməsidir. 1906-cı ildə Naxçıvanda erməni-azərbaycanlı münaqişələri zamanı Engel Azərbaycan kəndlərinin talan olunmasında şəxsən iştirak etmişdir. Bu barədə hətta böyük yazıçımız M.S. Ordubadi də yazır. O, qeyd edir ki, “polismeyster Engil könüllü döyüşən cavanları qan tökməyə və quldurluğa təşviq edirdi”. (12,20)
1907-ci iliyulun 11-də Yevlax stansiyasında jandarm Jukov öldürüldü. O, həmin dövrdə sanballı mükafat müqabilində silah daşınmasına və silah alverinə şərait yaradır, silah daşıyanların şəxsiyyətini müəyyən edir və onların barəsində müdiriyyətə məlumat verirdi. Bu aksiyaların məqsədi Azərbaycanın şəhər və kəndlərinə təcavüzkar hücumları dəstəkləmək, yerli etnosu öz tarixi torpaqlarından sıxışdırıb çıxarmaq idi. Bundan əlavə,“Difai”nin öz xalqına xəyanətdə, müsəlmanlara zərər vuran hərəkətlərdə ittiham etdiyi şəxslər də onun qurbanları olurdu. Partiyanın proqramına uyğun olaraq, özlərini müsəlmanların rəhbərləri hesab edən, əslində isə xalqın məhvi üçün çalışan ağaların aqibəti ağır olacaqdır. Partiyanın qılıncı daim onların cinayətkar başları üzərində asılacaq və onların bütün əməllərinə görə amansızcasına qisas alınacaqdır”.“Difai”nin Şuşa komitəsinin qərarı ilə 1907-ci il mayın 1-dən 2-nə keçən gecə Şuşa şəhər sakinləri Muxtar Kərbəlayı Cabbar oğlu və onun oğlu Rəhim Muxtar oğlu qətlə yetirilmişdir. Onlar ermənilərin xeyrinə casusluqda ittiham edilirdi. Tiflis Quberniya Jandarm İdarəsinin rəisinin Yelizavetpol quberniyasındakı köməkçisinin 14 dekabr 1903-cu il tarixli məlumatında bildirilir: “Muxtar Cabbar oğlu çox pis ad çıxarmışdır və həm Şuşa şəhərinin, həm də qəzanın bütün xadimləri onu “əclaf Muxtar” kimi tanıyırlar”. (13,284)
Bütün anti-terror aktlarında “difai”çilər bəyanatla çıxış edir, məsuliyyəti öz üzərlərinə götürürdülər. Mətbuata ötürülən bu bəyanatlarda bu qətllərin səbəbi izah edilir və şübhəsizi ki, müsəlman-türk əhaliyə qarşı məqsədyönlü şəkildə siyasət aparanların hamısı eyni aqibətlə hədələnirdi. Məsələ burasındadır ki, bu anti-terror fəaliyyətdən sonra xalqımıza qarşı regionda qırğın və talanlar xeyli səngimişdir. Yəni təşkilat bir növ missiyasını başa vurmuşdur.
1908-ci ilə qədər “Difai”nin fəaliyyəti o qədər geniş miqyas almışdır ki, Azərbaycan qəzalarında çar hakimiyyəti orqanlarının mövcudluğuna təhlükə yaranmışdır. Partiya üzvlərinə qarşı repressiyalar başlanmışdı. Qafqaz canişini özünün 4 mart 1908-ci il tarixli fərmanı ilə “Difai” partiyasının ləğv edilməsi barədə tapşırıq vermişdir. Yelizavetpol general-qubernatoru Q.Kovalyov cavab məktubunda yazmışdır ki, cari ilin mart ayında bu partiya tamamilə ləğv ediləcəkdir. Lakin bu planların həyata keçirilməsi üçün qubernator ilk növbədə partiyanın Bakıdakı mərkəzi komitəsinin ləğv olunmasını təklif edirdi, çünki təkcə ona etibar edilmiş Yelizavetpol quberniyasında partiya qismən ləğv ediləcəyi halda Bakıdakı mərkəzi komitə partiyanın öz funksiyalarına xitam vermiş bölmələrini bərpa etməyə çalışacaqdır. Buna görə də qubernator “Difai” partiyasının mövcudluğuna birdəfəlik xitam vermək məqsədilə başda mərkəzi komitənin sədri Əhməd bəy Ağayev olmaqla Mərkəzi Komitənin heyətini Zaqafqaziya diyarı hüdudlarından çıxarmaq üçün icazə istəyirdi.(14,139) Beləcə Qafqaz canişininin 1908-ci il 4 mart tarixli fərmanı ilə partiya ləğv edildi. Repressiyalara məruz qalan əsasən Ə.Ağayev oldu. Ə. Ağaoğlunun təsisçisi olduğu qəzetlər bağlandı, özü isə təqiblərdən güclə qurtularaq Türkiyəyə mühacirət etdi. Digər “difai”çilərin əksəriyyəti isə həbs olundular. Məlum məsələdir ki, onun getməsi ilə təşkilatın fəaliyyətində də tənəzzül başladı. Repressiyalar faktiki olaraq partiyanın əsas simalarının getməsi ilə nəticələndiyindən onu əvvəlki görkəminə qaytarmaq mümkün olmadı. Lakin 1917-ci ilə qədər partiya passiv də olsa öz fəaliyyətini sürdürürdü. Xüsusilə həmin dövrdə görkəmli ziyalılarımızın irəli atılması və Azərbaycanın taleyüklü məsələlərinin həllində göstərdikləri qətiyyət “Difai”nin xalqımıza olan ümidlərini yenidən canlandırdı. Bu ümidlər xüsusilə Rusiya fevral inqilabından sonra reallığa çevrilməyə başladı. Azərbaycan Milli Ensiklopediyasında bu barədə yazılır: “Azərbaycanda inqilabın ilk ayları müxtəlif siyasi cərəyanların, partiyaların, sosial təbəqələrin, Müvəqqəti hökumətə etimad göstərməsi və onu müdafiə etməsi ilə səciyyələndi. Bu dövrdə bolşevik, menşevik, eser partiyalarının komitələri leqal fəaliyyətlərini bərpa etdilər. Fevral inqilabının qələbəsindən sonra, “Müsavat” partiyası geniş siyasi-təşkilati fəaliyyətə başladı. Artıq 1917–ci ilin payızında “Müsavat” Azərbaycanda milli-demokratik hərəkata başçılıq edən, sinfi və sosial mövqeyindən asılı olmayaraq cəmiyyətin müxtəlif təbəqələrini öz arxasınca aparan güclü siyasi partiyaya çevrildi.”(15,289)
Beləliklə, “Difai”nin fəaliyyətinə xitam verilməsinin dəqiq tarixi barədə tarixşünaslıqda vahid fikir olmasa da M.B.Məmmədzadə və H.Baykara qeyd edirlər ki, “Difai” partiyası öz mövcudluğuna 1908-ci ildə xitam vermişdir. X.Məmmədov isə belə hesab edir ki, partiya öz fəaliyyətini 1909-cu ildə dayandırmışdır. “Difai”çilərin çoxu sonradan 1911-ciildə yaradılmış Müsavat partiyasına daxil olmuşlar. Lakin “Açıq söz” qəzetinin 13 oktyabr 1917-ci il tarixli nömrəsində belə bir məlumat verilmişdi ki, Azərbaycan siyasi partiyalarının Gəncədə keçirilmiş müşavirəsində “Nicat” və “Difai” partiyalarının üzvləri “Müsavat” sıralarına daxil olmuşlar, çünki bu partiyaların proqramları oxşardır.” (16,307) Deməli təşkilat hələ 1917-ci ilə qədər fəaliyyətini sürdürmüş və proseslərdə iştirak etmişdir. Sonda isə həmin dövrdə ən böyük siyasi partiya hesab olunan “Müsavat”la birləşmişdir.
“Müsavat”ın və ora rəhbərlik edən Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Mirzə Bala Məmmədzadə və xalqın digər sayılmış-seçilmiş ziyalılarının sərf etdikləri gərgin əmək nəticəsində 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması prosesi başa çatmış və Şərqdə ilk demokratik respublika qurulmuşdur. İstiqlaliyyət bəyannaməsi elan olunduqdan az müddət sonra hökumət kabineti yaradılmış və hökumətə Fətəli Xan Xoyski ilk baş nazirimiz kimi rəhbərlik etmişdir. Daha sonra Azərbaycan Milli Şurasının qərarı ilə parlament təsis edildi və onun ilk sədri Əlimərdan bəy Topçubaşov seçildi. Bundan sonra parlamentdə ən böyük fraksiya kimi “Müsavat”çılar çoxluq təşkil edirlər. Şübhəsiz ki, “Difai” partiyasının keçmiş üzvləri də “Müsavat” partiyası tərkibində Azərbaycan dövlətinin qurulmasına öz töhfələrini verirlər.
Beləliklə, ermənilərin və bir sıra çar məmurlarının azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə siyasətini dayandırmaq və xalqımıza qarşı tuşlanmış terror aktlarına anti-terror tədbirlərlə cavab verməyi məqsəd qoymuş “Difai” təşkilatının gördüyü təxirəsalınmaz və qətiyyətli addımları nəticəsində ölkəmizdə erməni məkrinin qarşısı bir müddət alındı. Təşkilatın qarşıya qoyduğu missiyanın əsas uğurlarından biri o idi ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranır və bu prosesdə keçmiş “Difai”çilər fəal şəkildə iştirak edirlər. “Difai” təşkilatının bir milli-mənəvi və siyasi hərəkat olaraq ortaya atılması nəticəsində azərbaycanlıların mübariz xalq olduğu, heç zaman təslim olmayacağı əminliyi həm erməni quldurlarına həm də işğalçı çar Rusiyasına bir daha agah oldu.
A.Turan
“Xalq qəzeti”, 28.11.2014