Birinci söhbət
İndoneziya dilinin mahir bilicisi, Azərbaycan Dillər Universitetinin professoru Həbib Zərbəliyev və onun artıq bir sıra uğurlara imza atmış tələbəsi Elmar İsgəndərovla danışdıq.
Fuad Babayev: Həbib müəllim, Siz Peterburq (red. – o vaxtkı Leninqrad) Universitetinin məzunusunuz. Mənə çox maraqlıdır. Neçə oldu ki, İndoneziya dilini seçdiniz?
Həbib Zərbəliyev: Əslində mən Peterburq universitetinin Şərqşünaslıq fakültəsinin ərəb bölməsinə daxil olmuşam. Amma, Peterburqa gələndən sonra məlum oldu ki, burada İndoneziya bölməsi də var.
Fuad Babayev: Bu hansı il idi?
Həbib Zərbəliyev: Bu 1976-cı il idi.
Fuad Babayev: Siz Bakıda daxil olub getmişdiniz Peterburqa?
Həbib Zərbəliyev: Bəli. Mən uşaqlıqda İndoneziya haqqında xeyli material oxumuşdum, nağıllarına bələd idim, ekzotik ölkə kimi mənim üçün maraqlı idi. Hətta, xatırlayıram ki, bizim sinfin divarında dünya xəritəsi var idi. İndiki kimi yadımdır, o xərityə baxanda nədənsə İndoneziya xüsusi mənim nəzərimə çarpırdı. Elə bil hansısa qüvvə diqqətimi ora yönəldirdi. Peterburqda öyrəndim ki, burada İndoneziya bölməsi də var. Fikirləşdim ki, bu ölkəyə məndə maraq olub və bundan başqa Azərbaycanda kifayət qədər ərəbşünas var. Ona görə düşündüm ki, mənim bir vaxtlar çox sevdiyim ölkənin dilini, mədəniyyətini öyrənmək daha faydalı olar. 20 gün ərəb dili bölməsində oxuyandan sonra İndoneziya bölməsinə keçdim.
Fuad Babayev: Elmar müəllim Siz necə seçdiniz İndoneziya dilini?
Elmar İsgəndərov: Azərbaycanda indoneziyaşünaslığın əsası Həbib müəllimin təşəbbüsü ilə 2007-ci ildə qoyulub. Mən də 2007-ci ildə daxil olmuşam. İlk buraxılış məzunuyam. Həbib müəllimin sözünə qüvvət o zaman Azərbaycanda artıq amerikaşünaslar, britaniyaşünaslar çox idi. Mən də indoneziyaşünaslığın ilk dəfə açıldığını nəzərə alaraq düşündüm ki, daha perspektivli olar. Ölkədə bu sahədə mütəxəssis azlığı var. Ona görə 2007-ci ildə bu sahəni seçdim.
Fuad Babayev: Həbib müəllim, bir dilin daşıyıcısı olaraq Sizi istər-istəməz o ölkə maqnit kimi özünə çəkir. Həm də dili öyrənmək, onun sirlərinə vaqif olmaq üçün dil mühiti mühüm rol oynayır. Şərqşünaslıqda oxuyanda, sonrakı mərhələlərdə Sizin İndoneziya ilə bağlılığınız, ora səfərləriniz və əməkdaşlığınız necə olub?
Həbib Zərbəliyev: O dövrdə SSRİ ilə İndoneziya arasında diplomatik münasibətlər demək olar ki, yox idi. Çünki, artıq 1965-ci ildə İndoneziyada dövlət çevirilişindən sonra, yəni hərbçilər hakimiyyətə gələndən sonra kommunistlərə qarşı kəskin hücumlar, həbslər başlamışdı. Buna görə də İndoneziyanın SSRİ ilə münasibətləri pozulmuşdu və birmənalı şəkildə əlaqə yox idi. Amma, yaxın dil olduğu üçün adətən, 3-cü kursda Malayziyaya 1 illik səfərlər təşkil olunurdu. Bizim dövrümüzdə elə oldu ki, xatırlayırsınızsa, Kampuçiya məsələsi çıxdı.
Fuad Babayev: Bəli, Pol Pot, “qırmızı kxmerlər”.
Həbib Zərbəliyev: Deməli, Malayziya da Kampuçiyanın tərəfdarı olduğu üçün bu ölkə ilə də münasibətlər korlandı. Ona görə biz gedə bilmədik və mənim İndoneziyaya ilk səfərim 26 ildən sonra baş tutdu. Amma, universitetdə bizə İndoneziya dilini indoneziyalı tədris edirdi. Eyni zamanda İndoneziyada dövlət çevirilişinə qədər istər Azərbaycana, istərsə də SSRİ-nin digər respublikalarına çoxlu sayda indoneziyalılar təhsil almağa gəlirdi. Onlar adətən kommunistlərin xətti ilə gəldikləri üçün 1965-ci il dövlət çevirilişindən sonra geriyə yolları bağlandı və burada qaldılar. Bizim müəllimlərdən biri rus dilini öyrənməyə gəlmiş indoneziyalı idi. O Leninqradda dilçilik institutunda işləməklə yanaşı bizə daimi dərs deyirdi.
Fuad Babayev: Elmar müəllim, Sizin İndoneziyaya ilk səfəriniz nə vaxt olub?
Elmar İsgəndərov: 2008-ci ildə.
Fuad Babayev: Artıq 2-cu kursda oxuyanda ora getmək imkanı əldə etdiniz.
Elmar İsgəndərov: 1-ci kursun sonu idi. 3 nəfər azərbaycanlı tələbə İndoneziya Xarici İşlər nazirliyinin xətti ilə 3 ay müddətində orada oldu. İndoneziyanın 5 şəhərində bizə onların mədəniyyəti, incəsənəti və o cümlədən dili öyrədildi.
Fuad Babayev: Bu sualı mən hər ikinizə ünvanlayıram. Azərbaycan – İndoneziya, İndoneziya – Azərbaycan münasibətlərini necə dəyərləndirmək olar? Hazırda bu dilin biliciləri bu iki mədəniyyət, iki dövlət arasında rabitələrin qurulmasında hansı xidmətləri göstərirlər? Sizə ehtiyac hansı dərəcədə duyulur?
Həbib Zərbəliyev: 2010-cu ildə İndoneziya Azərbaycanda səfirliyini açdı. Ondan əvvəl 2006-cı ildə Azərbaycanın İndoneziyada səfirliyi açılmışdı. O vaxta qədər Azərbaycan ilə İndoneziya arasında müəyyən diplomatik əlaqələr, müxtəlif mədəni tədbirlər olurdu və bütün bunlar hamısı mənim vasitəmlə həyata keçirilirdi. Çünki başqa bir rəsmi kanal yox idi. Səfirliklər açılandan sonra artıq bu diplomatik kanallarla əlaqələr yaradılıb. İstər iqtisadi, istər siyasi, istərsə də mədəni sahələrdə kifayət qədər geniş əməkdaşlıq şəbəkəsi mövcuddur.
Elmar İsgəndərov: Mən də elə düşünürəm. İndoneziya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ildən başlayıb. Həbib müəllimin də qeyd etdiyi kimi səfirliklər bir qədər gec açıldı. Səfirliklərin açılmasından sonra əlaqələr daha geniş vüsət aldı.
Fuad Babayev: Azərbaycanlı obrazı İndoneziyada, indoneziyalı obrazı Azərbaycanda. Azərbaycanda İndoneziya dövləti haqqında bilgilər. Bu barədə Sizin fikrinizi öyrənmək istərdim.
Həbib Zərbəliyev: Mən Azərbaycana qayıdandan davamlı olaraq televiziya, mətbuat vasitəsilə İndoneziyanı təbliğ etmişəm. Eyni zamanda İndoneziyaya getdiyimiz 15-20 ildə təbii ki, Azərbaycanı da orada tanıtmaq istiqamətində fəaliyyət göstəririk. Son bir neçə ildə İndoneziya universitetlərinin keçirdikləri konfranslarda daim iştirak edirəm. Bu konfranslara bir qayda olaraq məni plenar məruzəçi kimi dəvət edirlər. Bundan başqa son illərdə İndoneziya universitetlərində “Azərbaycan multikulturalizmi” fənnini tədris edirəm.
Fuad Babayev: İndoneziyanın hansı universitetdə?
Həbib Zərbəliyev: İndoneziyanın Oksfordu adlanan Qacah Mada Universitetində rəsmi olaraq ildə 1 semestr “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. İndoneziya multikultural ölkədir. Burada çoxsaylı etnoslar mövcuddur. Ona görə bu sahə onlar üçün maraqlı idi.
Fuad Babayev: Həbib müəllim Azərbaycan elmini İndoneziyada təmsil edir. Bəs Elmar müəllim, Sizin dövrünüzdə tələbələr mühitində vəziyyət necə idi? Azərbaycanla bağlı informasiyanın mövcudluğu hiss olunurmu?
Elmar İsgəndərov: Mən 2012-ci ildə İndoneziyaya magistratura təhsili almağa getdim. İndoneziya Təhsil nazirliyinin təqaüd proqramını qazandım. İndoneziyanın Pacacaran dövlət universitetində siyasi elmlər və beynəlxalq münasibətlər üzrə magistr təhsilini aldım. 2013-cü ildə İndoneziya Təhsil nazirliyinin təşəbbüsü ilə İndoneziyada universitetlərində təhsil alan bütün xarici tələbələr arasında beynəlxalq debat yarışları keçirildi. Mən həmin yarışlarda qalib oldum və Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti seçildim. Bundan sonra həmin təşkilatın fəaliyyətini daha çox Azərbaycanın da təbliğatına yönəltməyə çalışdım. 2014-cü və 2015-ci illərdə “İstiqlal” məscidində (red. – dünyanın 3-cü ən böyük məscidi) “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının anım mərasimi keçirildi. Bu tədbirlərdə mən Xocalı soyqırımı və Ermənistanın Azərbaycana təcavüzü haqqında çıxış etdim. İndoneziyanın Parlament sədri ilə görüşümüzdə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verdim. Bütün bunlar Azərbaycan və İndoneziya mediasında işıqlandırıldı.
Fuad Babayev: Siz İndoneziya dilini həyatınızın ikinci dili kimi seçərkən düşündüyünüz perspektivlər özünü doğruldubmu?
Həbib Zərbəliyev: Mən Sizə deyim ki, həyatımdan çox razıyam və düşündüklərimin hamısı artıqlaması ilə həyata keçib. Azərbaycanda bu məktəbi (red. – İndoneziyaşünaslıq) yaratdım. İndoneziyada demək olar ki, məni tanımayan yoxdur. Mən şəxsən Prezidentin sərəncamı ilə İndoneziyanın 2 ordenini almışam. İndoneziyanın bütün mötəbər tədbirlərinə dəvət olunuram. Ölkə Prezidentinin, nazirlərin, parlamentin sədrinin görüşlərini tərcümə edirəm. Tədricən Elmar da o səviyyəli tərcümələrə çıxır.
Elmar İsgəndərov: Məncə də bu sahənin perspektivləri böyükdür. Həbib müəllim qeyd etdiyi kimi tərcümə sahəsində də fəaliyyət göstərirəm. Statistikaya əsasən İndoneziya 2050-ci ilə kimi inkişaf tempinə görə dünyada 4-cü (red. – Çin, Hindistan və ABŞ-dan sonra) yerə çıxacaq. İndoneziya “Böyük 20-lik” ölkəsidir, inkişaf tempinə görə həm islam dövlətləri arasında, həm də öz regionunda birinci yerdədir. Əhalisinin sayına görə dünyada 4-cü yeri tutur. Böyük bazara sahibdir. Bu da oradakı biznes imkanlarının böyüklüyündən xəbər verir. Düşünürəm ki, Azərbaycanda Çin dilinə maraq böyük olduğu kimi getdikcə İndoneziya dilinə də maraq artacaq.
Fuad Babayev: Siz düşünürsünüz ki, İndoneziya dilini deyil, başqa bir xarici dili seçsəydiniz bu nailiyyətləri əldə etməyiniz çətin olardı?
Həbib Zərbəliyev: Məni Hollandiyaya da aparıb çıxaran İndoneziya dili olub. Mən İndoneziyaşünaslığın mərkəzi sayılan Leyden universitetində xeyli müddət elmi tədqiqatla məşğul olmuşam. Əgər mən ərəb dilini seçsəydim ola bilsin ki, bunlardan kənarda qalardım. Çünki, ərəbşünaslar kifayət qədərdir.
Fuad Babayev: Yəni Sizin uğurlar hansısa sahədə rəqabətin az olması ilə bağlı deyil ki?
Həbib Zərbəliyev: Müəyyən mənada, əlbəttə rəqabətlə də bağlıdır. Amma, rəqabət olmasa da, biz bu səviyyəyə gəlib çıxmasaydıq, nailiyyət əldə edə bilməzdik.
Təmkin Məmmədli: Azərbaycan Dillər Universitetinin İndoneziyaşünaslıq bölməsinə ildə neçə tələbə qəbul olur və onların öz ixtisası üzrə iş tapmaq imkanı varmı?
Həbib Zərbəliyev: Biz hər il 10 nəfər tələbə qəbul edirik. Onlar əsasən şirkətlərdə, İndoneziyanın Bakıdakı, Azərbaycanın Cakartadakı səfirliklərində özlərinə iş tapa bilirlər.
Fuad Babayev: Sizin hər il 10 tələbəniz məzun olur. Yəni təlabat var?
Həbib Zərbəliyev: Hələ ki, var. Hesab edirəm ki, gələcəkdə də onlar işsiz qalmayacaq.
Fuad Babayev: İndoneziyanın iqliminə, mühitinə adaptasiya ilə bağlı fikrinizi bilmək maraqlı olardı.
Həbib Zərbəliyev: Adət-ənənələrimizdə də yaxınlıq var, islam ölkəsidir, iqlim də kifayət qədər yaxındır. Amma, istənilən halda Azərbaycanın ab-havasını verə bilməz. Cavan olanda, əlbəttə o qədər hiss olunmur, amma yaşa dolduqca orada çox qalmaq istəmirəm.
Fuad Babayev: İndoneziya dili məktəbimiz yaranıb və fəaliyyətdədir. Bu fərəhləndirici haldır.
Həbib Zərbəliyev: Bir nüansı da qeyd edim. Bu məktəbi 2007-ci ildən daha əvvəl də açmaq olardı. Amma, o vaxt mən tək idim. Ona görə 2002-ci ildə böyük qızımı İndoneziyaya oxumağa göndərdim. 2007-ci ildə təhsilini başa vurandan dərhal sonra ikimiz birlikdə bu məktəbi açdıq. İndi o biri qızım da İndoneziyada magistraturada oxuyur.
Təmkin Məmmədli: İndoneziya beynəlxalq təşkilatlarda daim Azərbaycanı dəstəkləyir. Bu məlum faktdır. İndoneziyada ermənilər yaşayırmı, onların diasporu varmı?
Həbib Zərbəliyev: İndoneziyada demək olar ki, köklü şəkildə yaşayan erməni yoxdur. Bunun da səbəbi var. XIX əsrin əvvəllərində Gülüstan sülh müqaviləsindən sonra bir neçə erməni ailəsi İrandan Hindistana, Qucarata köçürlər. Orada da qərar tuta bilməyib İndoneziyaya gəlirlər. O dövrdə İndoneziyada ermənilər bir qədər çoxalırlar, orada bir kənd əmələ gəlir, özlərinə kilsə yaradırlar. O dövrdə İndoneziyanı holland qubernatorlar idarə edirdi. Ermənilər özlərindən çox müştəbeh olduqlarına görə Yan Petersen adlı qubernatoru ermənilərlə çox sərt davranır. Ermənilər iqtisadi rıçaqları əllərinə keçirə bildikləri yerlərdə məskunlaşırlar. İqtisadi sahə çinlilərin əllərində olduğu üçün ermənilər İndoneziyada qərar tuta bilmədilər.
Hazırladı: Təmkin Məmmədli, 1905.az