İkinci söhbət
(Birinci söhbəti buradan oxuya bilərsiniz)
Alman dili mütəxəssisi, şair-tərcüməçi Yusuf Savalan və alman dili tərcüməçisi Gülşən Bəşirova ilə danışdıq.
Fuad Babayev: Yusif müəllim, alman dilini seçmək istəyən, onu öyrənmək istəyən insanlara Siz öz şəxsi təcrübənizdən nəyi tövsiyə edərdiniz? Necə oldu ki, bu dili seçdiniz?
Yusif Savalan: İlk olaraq onu deyim ki, alman dilinə mənim lap uşaqlıqdan marağım var idi. Atam deyərdi ki, alman dili çox gözəl dildir. Mən 8-ci sinfə qədər Xocalıda oxumuşam. Təsadüf elə gətirdi ki, 8-ci sinifdə bizim sinfə bir alman dili müəllimi gəldi və bizə 1 il alman dili dərsi keçdi. Xocalı-Gədəbəy mədəniyyət abidələrinin, 4 min illik tarixə malik kurqanların olduğu Xocalıda Sovet dövründə məktəb 8 illik idi. Mən orta təhsilimi Xankəndində davam etdirdim və orada da alman dili dərsi keçdim. Sonra əsgərlikdə Tallində oldum və orada alman dilinə marağım daha da artdı. Orada alman dilində qəzet, jurnal almaq imkanım var idi. Əsgərlikdən gəldikdən sonra Dillər Universitetinin hazırlığında oxudum və Universitetə daxil oldum. Sonradan alman ədəbiyyatı ilə maraqlandım, tələbəlikdən tərcümələrə başladım.
Fuad Babayev: Gülşən xanım, Sizdə alman dilinə maraq necə yarandı?
Gülşən Bəşirova: Mən ümumiyyətlə xarici dil öyrənməyə həmişə maraqlı olmuşam. Mən o vaxt Yasamal rayonundakı 176 saylı alman dili təmayüllü məktəbdə oxuyurdum. Biz 2-ci sinifdən alman dili keçirdik. İndi 1-ci sinifdən uşaqlar ingilis dili keçirlər. O dövrdə xarici dilin tədrisi 5-ci sinifdən başlayırdılar, amma biz təmayüllü məktəb olduğumuz üçün 2 ci sinifdən başlamışdıq və alman dilini Moskvadan gələn kitablarla keçirdik.
Fuad Babayev: Məktəb rus məktəbi idi?
Gülşən Bəşirova: Xeyr, Azərbaycan məktəbi idi. Sadəcə təmayüllü olduğu üçün bizə Moskvadan xüsusi kitablar, dərs vəsaiti gəlirdi. O kitabları tam başa düşmək, tapşırıqları yerinə yetirmək, mətnləri başa düşmək üçün biz alman dili ilə yanaşı avtomatik olaraq rus dilini də öyrənirdik. Əslində mənim arzum tərcüməçilik olmayıb. Mən həmişə jurnalist olmaq istəmişəm. Sadəcə o vaxt 90-cı illərdə Çingiz Mustafayev, Salatın Əsgərova kimi şəhid jurnalistlərimizdən sonra anam çox qorxuya düşmüşdü və o məni bu fikirdən daşındırdı. Mən də artıq məktəbi bitirirdim və seçim etməli idim. Alman dilini sevməyimdə müəlliməm Rəhilə xanımın da müstəsana rolu olub. Məktıbi bitirdikdən sonra sənədlərimi alman dilinə verdim və qəbul olundum.
Fuad Babayev: Bu dəqiqə Azərbaycanda alman dilini bilmək hansı üstünlükləri verir? Yəni aydın məsələdir ki hər bir dil əlavə bir imkandır. Tutaq ki, hər hansı bir ekzotik dili bilən insan da ondan faydalana bilər. Alman dilini mükəmməl bilməyin hansı faydası var?
Yusif Savalan: Biz Sovetlər dövründə yaşayırdıq, o vaxt Almaniya Demokratik Respublikası var idi. Biz çalışırdıq dili yaxşı öyrənək ki, oradan gələn qonaqlarla, tələbələrlə ünsiyyət qura bilək. İndi dünya daha qloballaşıb. Alman dilini bilməyin üstün cəhəti odur ki dünyanın 4-5 ölkəsində, hətta, Çexiyada, İsveçrədə, Belçikada, Fransanın Almaniya ilə sərhədinə yaxın olan ərazisində, Strasburqda alman dilində danışsan səni tam anlayarlar. Alman dilini biz həm də ona görə öyrənirdik ki, bu dil Hötenin, Şillerin, Haynenin, Kantın dilidir. Alman dilini bilən adam ingilis dilini daha yaxşı öyrənər, çünkü ingilis dili alman dili əsasında qurulub. 100 il bundan əvvələ qayıtsaq sözlərin 30 faizi alman dilindən keçib ingilis dilinə. Son 30-40 il ərzində isə əkisnə texnologiyanın inkişafı nəticəsində tutaq ki, 30-40 min ingilis sözü alman dilinə keçib. Azərbaycanın Almaniya və Avstriya ilə əlaqələri çox möhkəmdir.
Fuad Babayev: Gülşən xanım, Siz hazırda məşğul olduğunuz işlərdə alman dilini biliyinizdən istifadə edirsiniz?
Gülşən Bəşirova: Mənim hazırkı işim bilavasitə tərcüməçiliklə əlaqədar deyil. Amma bu dili, sənətimi atmıram. İstər şifahi, istərsə də yazılı tərcümə ilə məşğul oluram. Bu mənim üçün həm əlavə qazanc mənbəyi, həm də alman dili biliyimi təkmilləşdirmə imkanıdır. Hazırkı işimdə alman dilindən və ingilis dilindən tam şəkildə istifadə edirəm. Bu yaxınlarda işlə əlaqədar Almaniyaya səfərim var. Yusif müəllimin qeyd etdiyi kimi iqtisadi sahədə bizim Almaniya və Avstriya ilə əlaqələrimiz çox genişdir. Biz əməkdaşlıq etdiyimiz şirkətlərlə birbaşa onların öz dilində yazışanda, danışanda onun effekti tamam başqa cür olur.
Fuad Babayev: Azərbaycanda alman dilinin öyrənilməsi, tədrisi, məktəbi haqqında nə demək olar?
Yusif Savalan: Demək olar ki, əvvəllər Bakıda, Sumqayıtda, Gəncədə, əlbəttə ki, daha çox rayonlarımızda ümumi təhsil məktəblərində alman dili daha çox tədris edilirdi. Son zamanlar bu tendensiya bir az azalıb. Azərbaycan məktəblərində daha çox perspektivli sahə kimi ingilis dilinə üstünlük verilir.
Fuad Babayev: Alman-Azərbaycan ədəbi əlaqələrini öyrənilirmi, alman dili ilə bağlı elmi işlər, dissertasiyasiyalar yazılırmı? Azərbaycanda vaxtilə bura köçürülmüş alman kökənli insanlar da çox olub. Azərbaycanda vaxtilə güclü ərəb dili məktəbi var idi, ona bənzər alman dili məktəbi varmı bizdə?
Yusif Savalan: Sözün düzü ona bənzər məktəb ancaq Dillər Universitetini göstərmək olar. Orada həm tərcümə fakültəsi var. Bizim yetirmələrimiz səfirliklərdə, tərcümə mərkəzlərində çalışırlar. Bizim Universitetdə tərcümə 1985-ci ildə yenidən açıldı, 1986-1987-ci illərdə daha da qüvvətləndi və ingilis-alman-fransız tərcüməsi ayrılaraq hərəsi ayrı-ayrı tərcümə kafedraları oldu. Gənclər indi alman dilinə daha çox meyl edirlər, bu məni çox sevindirir. Elmi işlərlə bağlı Almaniyaya gedirlər. Artıq bir çox gənclər fəlsəfə doktoru, elmlər doktoru adına layiq görülüb.
Fuad Babayev: Yəni o elmi dərəcələr alman dilinin öyrənilməsi və tədqiqi ilə bağlıdır?
Yusif Savalan: Bəli, əsasən dilin tədrisi, metodikası, qrammatikası, lüğəti ilə bağlı müdafiə edən çoxdur. Yəni bizdə də hərtərəfli öyrədilir. Tərcümədə isə yazılı, şifahi və ardıcıl tərcümə tədris olunur. İngilis dilində sinxron tərcümə öyrədilir, alman dilində isə hələ sinxron tərcümə yoxdur.
Fuad Babayev: Almaniyaya gedib təhsil almaq əlbəttə ki, müəyyən perspektivlər vəd edir. Gülşən xanım, bizim gənclərin Almaniyada təhsili ilə bağlı nə demək olar?
Gülşən Bəşirova: Almaniyada təhsillə bağlı bizim gənclərin hazırda həttən artıq çox şansları var. Bizim oxuduğumuz dövrdə, yəni 90-cı illərin sonunda Alman Akademik Mübadilə Xidməti (DAAD) xidməti var idi və biz ancaq ondan yararlana bilirdik.
Fuad Babayev: Bəs GTZ (red – Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti)?
Gülşən Bəşirova: Bəli, hazırda GTZ də var. Sadəcə təhsil baxımından GTZ –nin elə böyük rolu yoxdur, o daha çox iqtisadi əlaqələrlə bağlıdır. Lakin indi Almaniya dövlətinin özünün təklif etdiyi o qədər təqaüd və proqramlar var ki, istənilən sahədə oxuyan və alman dilini bilən tələbələr və yaxud ali təhsili başa vurmuş şəxslər gedib orada təhsillərini davam etdirə bilərlər. Bakalavr, maqistratura, aspirantura və doktoranturada təhsillərini, xüsusən də tibb sahəsində davam etdirməyə hazırda böyük maraq var.
Fuad Babayev: Bu həvəs nədən qaynaqlanır?
Gülşən Bəşirova: Bilirsiniz ki, Almaniya texniki sahələrdə, xüsusilə də tibb sahəsində inkişaf etmiş bir dövlətdir və bizim tələbələrimiz bundan istifadə edirlər. Son illərdə alman dili kursları geniş yayılıb. Bu kurslarda alman dilini öyrənib, beynəlxalq səviyyəli sertifikat alandan sonra Almaniayaya təhsillərini davam etdirməyə və yaxud praktika keçməyə gedirlər.
Yusif Savalan: Almaniyanın cəlbedici olmağı həm də onun dilinə, ədəbiyyatına və mədəniyyətinə olan maraqla bağlıdır.
Fuad Babayev: Biz 27 ildir müstəqilik və bu qədər alman dili bilən insanımız var. Azərbaycanda fəlsəfənin də müəyyən ənənələri olub. Amma, tutaq ki, Kantın, Hegelin, Şillerin, Fixtenin, Haydegger kimi alman filosoflarının əsərləri birbaşa azərbaycan dilinə tərcümə edilibmi?
Yusif Savalan: Mən az görmüşəm, bir-iki dəfə olub. Nitşenin “Zərdüşt belə söylədi” əsəri almancadan tərcümə edilib. Bədii tərcümə edən yoxdur, çünkü fəlsəfəni dərindən bilmək lazımdır. Almaniyada fəlsəfə oxuyan bizim istedadlı gənclər var, onlar tərcümə edə bilərlər.
Fuad Babayev: Berlin divarını vaxtilə uçurdular, amma Avropada bir çox öləkələr öz aralarında yeni divar çəkir. Biz elə bilirdik ki, daha divarlar olmayacaq.
Yusif Savalan: Məni bir dəfə İsrail-Alman dostluğu cəmiyyəti bir görüşə dəvət etmişdilər. Fələstinlilər də olduğu o görüşdə mən alman dilində yazdığım “Divar” şeirini oxudum. Orada bir alman qadın mənə yaxınlaşıb həmin şeiri istədi. Bu şeiri Alman-İsrail dostluq cəmiyyətinin jurnalında çap etmək istəyirdi. 1-2 aydan şeir sonra həmin jurnalda çap edildi. İsraildə divar çəkilirdi, mən bu şeiri ona qarşı yazmışdım. Berlin divarı da mənim üçün yaxşı divar deyil, Araz çayı da mənim üçün yaxşı divar deyil, mən Kreml divarının da əleyhinəyəm. Şeirdə onu da göstərmişəm ki, divarın arxasında bilinmir səni hansı təhlükə gözləyir.
Fuad Babayev: Alman dilini bilən nə qədər mütəxəssisə ehtiyac var? Bəlkə bu sahədə hansısa ixtisaslaşma (tibbi, fəəsəfi və s.) qaçılmazdır. Bu sahənin mütəxəssisləri kimi seçim qarşısında olan gənclərə nə tövsiyə edə bilərsiniz?
Yusif Savalan: Mən onu tövsiyə edərdim ki, xaricdə olan gənclərimiz diaspora qoşulsunlar, bizi təbliğ etsinlər, tədbirlərdə iştirak etsinlər, passiv qalmasınlar. Xaricdə təhsil alan tələbələrimiz peşəkar mütəxəssis kimi Vətənə qayıtsınlar
Fuad Babayev: Buyurun Gülşən xanım, Siz nə tövsiyə edərdiniz?
Gülşən Bəşirova: Yusif müəllimin diasporla bağlı dediyi sözlərə əlavə etmək istəyirəm. Mən bir il Almaniyada oxumuşam. O bir il ərzində getmədiyimiz şəhər və tədbir qalmamışdı. Hətta biz Universitet radiosunda həftədə bir dəfə Azərbaycan haqqında alman dilində veriliş hazırlayırdıq.
Yusif Savalan: Sevindirici bir faktı qeyd etmək istəyirəm. Artıq Alman fakülətsinə daxil olan tələbələrin sayı artır, başqa universitetlərdən ingilis dilindən alman dilinə gələn tələbələrimiz var. Bütün bunlar alman dilinə artan marağın göstəricisidir. Hər dəfə 4 cü kursda yeni bir tələbə kəşf edirik ki, bu tələbə tərcüməçi ola bilər. Türkiyədəki kimi mən təklif etmişəm ki 3-cü kursdan artıq yazılı və şifahi tərcümə qrupları ayrı olsun.
Gülşən Bəşirova: Bununla əlaqədar mən də öz fikrimi bildirmək istərdim. Baxmayaraq ki, maraq çoxdur, tələbə çox qəbul olur, bizim tərcüməçi məktəbində hələ də problemlərimiz var. Bildiyimiz kimi yazılı tərcümə var, şifahi tərcümə var. Şifahi tərcümənin iki qolu var: ardıcıl və sinxron. Hələ də bizim Universitetdə alman dili üzrə sinxron tərcümə öyrədilmir və yaxud yazılı tərcümədə tibbi, iqtisadi, hüquqi və s. sahələr üzrə ixtisaslaşma getməyib.
Təmkin Məmmədli: Azərbaycanda Alman dili məktəbinin banisi kimi hesab edirsiniz?
Yusif Savalan: Alman dili məktəbinin banisi Cəfər Cəfərovdur, professor Nəzakət Ağazədə idi. Cəfər Cəfərov Almaniyada oxumuşdu, iqtisadçı olmasına baxmayaraq, uzun müddət alman dili kafedrasının müdiri olub.
Təmkin Məmmədli: Bəs müasir dövrdə?
Yusif Savalan: Müasir dövrdə alman dilinin banisi demək olmaz. Bizim yaxşı müəllimlərimiz olub, indi də var. Böyük alimlərdən Fəxrəddin Veysəllini, Sərxan Abdullayevi göstərmək olar. Vilayət Hacıyevin, rəhmətlik Çərkəz Qurbanlının alman dilindən gözəl tərcümələri var.
Hazırladı: Təmkin Məmmədli, 1905.az