Mətbuatdan məlum olduğu kimi, Parisdə fəaliyyət göstərən “Ulduz” Mədəniyyət Assosiasiyası 26 oktyabr 2017-ci il tarixdən “Change.org” saytında “Ermənistan silahlı qüvvələrinin girov götürdüyü azərbaycanlı mülki şəxslərə azadlıq” petisiyasına start verilib.
Petisiyada 2014-cü il iyulun 12-də Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda girov götürülmüş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azadlığa buraxılması tələb olunur.
“Ulduz” Mədəniyyət Assosiasiyasının direktoru Aytən Muradovanın www.1905.az portalına verdiyi məlumata görə bu Assosiasiya 2012-ci ildən fəaliyyət göstərir. Assosiasiyanın üzvləri əsasən Fransanın siyasi və mədəni həyatında mühüm yer tutan fransızlardan ibarətdir. Əməkdar incəsənət xadimi Arif Əzizin sərgisi, Günel Rzayevanın “Atama məktub” kitabının təqdimatı, Fransız kvartetinin konsertində Fikrət Əmirovun “Muğam-Poema”sının təqdimatı Assosiasiyanın gördüyü müxtəlif səpkili tədbirlərin kiçik bir qismidir.
A.Muradova qeyd edib ki, “Change.org” saytında “Ermənistan silahlı qüvvələrinin girov götürdüyü azərbaycanlı mülki şəxslərə azadlıq” petisiyasına başlamaqda əsas məqsəd bu məsələyə daha çox diqqət cəlb etməkdir. Müxtəlif millətlərdən olan minlərlə insan bu petisiyanı imzalamasalar belə Azərbaycan həqiqətləri haqqında bir daha informasiya əldə edəcək.
3000 imza toplandıqdan sonra petisiyaya məktub əlavə edilərək Fransanın prezidenti Cənab Emmanuel Makrona, Fransa Parlamentinin sədri cənab Fransua dö Rügiyə, Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda ve Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Gido Reymondiyə ünvanlanacaq.
Petisiyanı buradan imzalamaq olar