Erməni terrorunun arealı çox geniş idi və müxtəlif istiqamətlərə, əsas etibarilə türdilli xalqlara qarşı yönəlmişdi. Belə ki, 17 mart 1918-ci ildə Urmiyada (İran) bir gün ərzində ermənilər 10 min dinc azərbaycanlını qırmışdılar.
1918-ci ilin baharında azərbaycanlıların İrəvan quberniyasında, eləcə də Göycə, Eçmiədzin, Vedibasar, Şərur və digər əhalinin sıx yaşadığı ərazilərdə azərbaycanlıların kütləvi surətdə məhv edilməsi və qovulması prosesi davam edir. Qısa müddət ərzində İrəvan quberniyasında 211 müsəlman kəndi yandırıldı, azərbaycanlı əhalinin əksəriyyəti qətlə yetirildi, 80 min nəfər səfilə çevrildi. 1918-ci ildə “Daşnaksütyun” partiyası Bakı, Şamaxı, Quba, Nuxada (Şəki) soyqırım törətdi. 1918-ci ilin mart döyüşlərində ermənilər yalnız Bakıda 12 min nəfəri qətlə yetirdilər. Üç günlük mart döyüşlərində daşnak hərbi birləşmələrilə yanaşı, Xəzər Hərbi-Dəniz Donanması da bütün müsəlman məhəllələrini dağıdırdı. Arxiv materiallarında qeyd olunur ki, ermənilər müsəlmanların evlərinə soxulur, uşaqların qarınlarını süngü ilə deşir və yanan evlərin içinə atırdılar. Bakı, Şamaxı, Quba qəzalarında Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran regionlarında azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla həyata keçirilib. Bu torpaqlarda dinc əhali kütləvi qaydada qırğına məruz qalıb, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb və məhv edilib.
Qarabağ müharibəsi ilə əlaqədar son 15 il ərzində erməni terror təşkilatları daha da fəallaşıblar. Yalnız Azərbaycanda otuzdan artıq terror aktı həyata keçirilib ki, bunun da nəticəsində iki mindən artıq azərbaycanlı öldürülüb. 11 dekabr 1988-ci ildə Ermənistanın Spitak şəhərində baş verən zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə Azərbaycandan bu ölkəyə yollanan təyyarə Leninakan şəhəri yaxınlığında aeroport dispetçerinin qəsdən yanlış məlumat verməsi nəticəsində dağa çırpılıb. 72 nəfər azərbaycanlı həlak olub, bir nəfər isə ağır xəsarət alaraq, ömürlük şikəst qalıb. 20 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində Qarakənd kəndi yaxınlığında erməni yaraqlıları tərəfindən Azərbaycanın mülki helikopteri vurulub. Münaqişə zonasındakı şəraitlə tanış olmaq üçün regiona yollanan 21 nəfər görkəmli dövlət xadimi həlak olub.
Ermənilərin Dağlıq Qarabağın Azərbaycandan ayrılması uğrunda qeyri-qanuni mübarizəsi də spontan başlamadı. Ermənistan hakimiyyətinin tapşırığı və sanksiyası ilə qısa müddətdə, bir il ərzində son 40897 azərbaycanlı ailəsi (207 min nəfər) indiki erməni dövlətinin ərazisindən, öz tarixi torpaqlarından qovuldu. Bu qovulma zamanı 216 azərbaycanlı öldürüldü. Öldürülənlərin əksəriyyəti qocalar, qadınlar və uşaqlar idi. Eyni zamanda Ermənistan ərazisindən azərbaycanlı yaşayış məntəqələrinin atəşə tutulması intensivləşir. İndiki Ermənistan ərazisində tarixən azərbaycanlıların yaşaması faktını tarixdən silmək üçün əvvəllər Azərbaycan adları daşıyan təxminən 2 min yaşayış məntəqəsinin, o cümlədən 1935-1973-cü illərdə 465 kəndin, 97-sinin isə 1991-ci ilin aprelində adı dəyişdirilib.
1991-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri keçmiş Sovet İttifaqı Müdafiə Nazirliyinin 366-cı alayının və 81 saylı hərbi hissəsinin iştirakı ilə Azərbaycan xalqına qarşı vəhşi cinayət törətdilər: Azərbaycanın Dağlıq Qarabağ regionundakı Xocalı şəhərinin yüzlərlə günahsız insanı məhv edildi. Ermənistan hərbi birləşmələri və muzdlular bütöv ailələri məhv etmişdilər, onlar insanların dərisini soymuş, qulaqlarını kəsmiş, skalpını çıxarmış və yaxın məsafədən güllələmişdilər. 10 min nəfər əhalinin yaşadığı şəhər barbarcasına dağıdıldı. Nəticədə 613 azərbaycanlı, o cümlədən 106 qadın, 83 uşaq öldürüldü. 487 nəfər əlil oldu, 1275 nəfər əsir alındı, 150 nəfər itkin düşdü. Xocalının dinc sakinlərini məhv edən erməni hərbi qüvvələrinin hərəkətləri soyqırım xarakteri daşıyır.
1992-ci ilin mayından ermənilərin silahlı əməliyyatları Dağlıq Qarabağın hüdudlarını tərk edir və Azərbaycanın digər rayonlarına yayılır. Nəticədə qısa müddətdə, bir il yarım ərzində erməni separatçıları tərəfindən Azərbaycanın bütün Dağlıq Qarabağ regionu və ətrafındakı 7 rayon işğal edildi. Bu təcavüz nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. 900-dən artıq yaşayış məntəqəsi – ümumi sahəsi 9 mln. kv.metr olan 113 min yaşayış tikilisi dağıdıldı. 18 mindən artıq insan həlak oldu, 50 min nəfər yaralandı, bir neçə min insan itkin düşdü.
Ermənistan terror aksiyalarını təşkil edən və dəstəkləyən, terrorizmin çiçəklənməsi üçün əlverişli zəmin hazırlayan dövlətlər arsında liderliyini qoruyur. 1970-80-ci illərdə otellərdə, aeroportda, Moskva metropolitenində partlayışlar törədən, İsveçrə və Yunanıstanda türk diplomatlarını qətlə yetirən (xatırladaq ki, XX əsrdə 45 türk diplomatı erməni terrorçularının qurbanı olub), Parisdə Türkiyə səfirliyini ələ keçirən və digər cinayətləri edən beynəlxalq terror qruplaşmalarının fəallarını Ermənistanda reabilitə edən dövlət siyasəti həyata keçirilir.
Siyasi elmlər doktoru İradə Nuriyevanın “Azərbaycan və Türkiyədə erməni soyqırımı” (http://jurnal.org) məqaləsi əsasında Gündüz Nəsibov tərtib etdi