Space telekanalında yayımlanan “İnam” verilişinin redaktoru, jurnalist Rasim Mustafaoğlu və iş adamı Babək Qoca ilə bəzi dindarlarda rast gəlinən snobizmindən danışdıq. İlahiyyatçı alim Saleh Kazımov isə ABŞ-dan “Skype” vasitəsilə söhbətimizə qatıldı.
Fuad Babayev: Söhbətimizə Teymur Daiminin proza.ru saytında rast gəldiyim statusundan bir sitatla başlamaq istəyirəm. “…Nadir istisnalarla demək olar ki, əksər dindarlar dini snobizm (həmçinin dini rasizm – T.D.) virusuna yoluxublar. Ünsiyyət zamanı onlar insanda çox gülərüz və xeyirxah təəssürat oyadır. Onların mənəvi davranış və “düzgün” həyat tərzini başqalarına nümunə kimi göstərmək istəyirsən. Amma əslində məlum olur ki, onların fikrincə Allah hamını eyni dərəcədə sevmir, birini çox, digərini isə bir qədər az sevir…”(https://www.proza.ru/2014/04/20/625)
Saleh müəllim siz bu fikirlə razısınızmı? Ümumiyyətlə dini snobizm fenomeninin mövcudluğunu qəbul edirsinizmi?
Saleh Kazımov: Ümumiyyətlə, bir insan dindar ola da bilər, olmaya da bilər. Amma Peyğəmbərimiz Həzrəti Məhəmmədin bir gözəl sözü var. Bu hər bir dindar üçün, hər bir insan üçün həyat prinsipi olmalıdır. Peyğəmbərimiz deyir ki: “Sevdirin, nifrət etdirməyin, asanlaşdırın, çətinləşdirməyin”. Hər kəs din qarşısında da, Allah qarşısında özünə görə cavabdehdir, hər kəsin məsuliyyəti özünə aiddir. Əgər hər hansı bir şəxs dindar kimi ibadət etmirsə, dindar deyilsə və ya inanmıram deyirsə, ona ikinci dərəcəli insan kimi yanaşmaq qətiyyən olmaz. Başqalarına yuxarıdan aşağı baxmaq, başqalarını dindar meyarına görə ayırd edib ikinci dərəcəli saymaq dini baxımdan düzgün deyil.
Fuad Babayev: Amma deyəsən bu kifayət qədər geniş yayılmış bir məsələdir.
Saleh Kazımov: Bəli, əslində o dindarların özündə də problemlər çoxdur. Dindar dediyimiz adamların bəzilərində də problem odur ki, onlar özlərini artıq qurtuluşa çatmış bir şəxs kimi qəbul edir və o birilərinin də aqibətinin heç də yaxşı olmayacağını düşünərək belə hərəkət edirlər. Elə radikal cərəyanlar var ki, özləri kimi düşünməyənləri, inanmayanları, ibadət etməyənləri, hətta inanıram deyib ibadət etməyənləri özlərinə düşmən bilir, onların qanını, malını, namusunu özlərinə halal sayırlar. Belə cərəyanların nümayəndələrinə Azərbaycanda da rast gəlmək olur.
Fuad Babayev: Çox təəssüf. Babək müəllim, biz dini snobizm dedikdə, bu mərəzə yoluxmuş dindarların özünü ateist adlandıranlara yox, həmçinin özünü müsəlman adlandıranlara, amma tutaq ki, onlar kimi fikirləşməyənlərə münasibətini nəzərdə tuturuq. Yəni o adamların bəlkə də özünü ateist adlandıranlara barışmaz mövqedən çıxış etməsini haradasa qəbul etmək olardı, hərçənd onun özü də mənə elə gəlir ki, elə də qəbul olunan deyil. Dini snobizm fenomeninin yayılmasını Siz də müşahidə edirsinizmi?
Babək Qoca: Saleh bəyin bu söhbətə qatılmağı çox gözəl oldu. Bu məsələnin həllini tapmaq üçün problemin meydana gəlmə prosesini izləmək lazımdır. Elə anlaşılmamalıdır ki, dini snobizm ancaq İslam dünyasında var. Ümumiyyətlə çox qəribədir ki, bütün dini cərəyanlarda, bütün inanc daşıyıcılarında buna bənzər insan xisləti formalaşır. Onlar sanki özlərini seçilmişlər kimi hiss etməyə başlayırlar. Həqiqətən də İslam haqq dini olduğu üçün bu fenomen burada daha çox təzahür edir, daha çox insanlar bunu biruzə verməyə başlayırlar. Sözsüz ki, yaradılmış hər bir hadisənin mərkəzində insan var. Ümumiyyətlə, din də, məscid də, namaz da insan üçündür. Ona görə də bir insanın başqa bir insana aşağılayıcı münasibəti heç vaxt doğru sayıla bilməz. Çünki ən böyük ədalət sahibi Allahdır. Dünyada bu qədər cürümlərin (əzab-əziyyət – red.) baş verdiyi halda, hər gün külək yenə də əsir, günəş və ay yenə çıxır. Hər bir hadisə insanların faydası üçün təkrarlanır. Bütün proseslər Allah qatında mükəmməlliyə doğru gedir, heç bir hadisə mənfiyə doğru getmir. Ona görə mən dedim ki, hazırda bu fenomenin kütləvi hal almasını təhlil etmək lazımdır. Bunun əsas səbəblərindən birincisi cəhalətdir, elmsizlikdir. Bu həm dindarlara, həm də dindar olmayanlara aiddir. Bəzən tərs mütənasibliklə rastlaşırıq. Görürsən ki, ateist olduğunu deyən bir insan həqiqətən həm dini, həm də dünyəvi elmləri bilir, insani qabliyyətə və mədəniyyətə malik olur. Hədislərindən birində Məhəmməd Peyğəmbər deyir ki, mən əxlaqı tamamlamaq üçün Allah tərəfindən göndərilmişəm. Ona görə inanclı bir insanın əxlaqsız, əxlaqsız bir insanın inanclı olması mümkün deyil və başqalarına da aşağılayıcı baxmaq ən böyük əxlaqsızlıqdır. Çünki Allah o izni vermir. Yenə də deyirəm biz söhbəti islami yöndən aparırıq, amma bir çox başqa dinlərin və inancların da bu xəstəliyi var. Məsələn yəhudilərin bəzi qolları bu məsələlərə çox sərt yanaşırlar. Onlar ümumiyyətlə fərqli geyimləri, fərqli yeməkləri qəti şəkildə qəbul etmirlər.
Fuad Babayev: Bəli. Şənbə günü işləmək olmaz və s.
Babək Qoca: Deyim ki, inanclı insan əqidəsinə uyğun həyat yaşaya bilməyəndə bir az sərtləşir, onun kimi düşünməyənlərə sərt yanaşmağa başlayır. Bundan başqa həmin şəxs elmini artırmayanda bu sərt münasibət özünü daha qabarıq şəkildə göstərir. Əgər insanlarımız Məhəmməd peyğəmbərin Vida xütbəsini oxuyub dərk etsələr dini snobizmə yuvarlanmazlar. Quranı oxuyub yaşamadınsa onu oxumağa dəyməz, namazı qılıb yaşamadınsa onu qılmağa dəyməz. Yəni Allahın nə namaza, nə oruca ehtiyacı yoxdur, Allahın heç nəyə ehtiyacı yoxdur. Din heç vaxt radikallıq meydana gətirəcək istiqamət ola bilməz. Bu gün bu radikallığın səbəbini, kökünü araşdırmaq lazımdır. Ziyalılar, dindarlar, dövlət nümayəndələri uzaqgörən davranıb cəmiyyətdə baş verə biləcək problemlərlə bağlı həyacan təbili çalmalıdırlar.
Fuad Babayev: Şübhəsiz ki, o həyəcan təbili ilk növbədə televiziyalar vasitəsilə çalınmalıdır. Televiziyalar bu sahədə hər halda müəyyən işlər görürlər. Hərçənd ki, dəbə uyğun olaraq çoxları televiziyaya baxmadığını iddia edir.
Rasim Mustafaoğlu: Televiziyaya baxmadığını iddia edənlərlə söhbət zamanı məlum olur ki, əslində baxırlar. Əks təqdirdə televiziyadakı verilişlərlərdən xəbərdar olmazdılar. Rəhmətlik Məmməd Nazimoğlunun yaxşı bir sözü var idi. Deyirdi ki, Allah ateistləri öz demokratik imicini qorumaq üçün yaradıb, yəni görürsünüz mənə qarşı çıxanları da yaradıram. Bu fikrin içində böyük bir həqiqət də var. Ümumiyyətlə, insanlara fərqli münasibətin kökü mənə elə gəlir ki, cinsi ayrı-seçkilikdən də başlayır. Məsələn götürək klassik müsəlman sistemini, buna imitasiya müsəlmanlığı da deyə bilərik. Reallıqda çoxluğu onlar təşkil edir.
Fuad Babayev: Belə çıxır ki, bu artıq seqreqasiyadır ((lat. segregatio — ayrılma) hər hansı dini, irqi və ya etnik qrupun məcburi şəkildə ayrı saxlanması və ya təcrid edilməsi siyasəti-red.).
Rasim Mustafaoğlu: Mən ümumiyyətlə heç bir dində bu ayrı-seçkiliyi qəbul etmirəm. Amma bu gün özündən razı, hər kəsə hökm etməyə hazır insanlarıız var. Yəni bu təməl prinsiplər əvvəlcədən səhv götürüləndə getdiyimiz istiqamət də yanlış olur. Yüksək savadı olmayan insanlar da onların təsiri altına düşür. Mən heç bir mollanın, heç bir ayətullahın və yaxud da heç bir şeyxin əsiri deyiləm. İndi müəyyən təriqətlərə görə mütləq sənin şeyxin olmalıdır, hansısa şeyxə söykənməlisən. Teoloqomuz daha yaxşı bilər.
Saleh Kazımov: Mən bir şeyi də qeyd edim ki, bu cür yanaşma tək Azərbaycan cəmiyyətində deyil, Türkiyədə də, Amerikanın özündə də dini snobizm nümunələrinə rast gəlmək olar. Biz Türkiyədə təhsil alarkən universitetlərin birində çox maraqlı bir hadisə baş vermişdi. Amerikadan gələn bir qız sırf ilahiyyat elmlərinə bələd olmaq üçün Türkiyədə universitetlərindən birinin Tibb İlahiyyat fakültəsinə yüksək balla qəbul olmuşdu. Amma bu qız başı açıq gəzdiyi üçün həmin fakültənin özünü dindar sayan bəzi tələbələri ona qarşı heç də xoş olmayan münasibət sərgilədilər. Nəticədə qız həmin universitetdən çıxıb getdi. Təsəvvür edin o qız İslamı tanıda bilərdi, nə qədər faydası ola bilərdi. Sırf radikal münasibətə görə insanın ürəyindəki sevgi nifrətə çevrildi. Bu səbəbdən təriqət, məzhəb rəhbərləri də, dindarlar da insanlarla münasibətdə gözəl bir əxlaq nümayiş etdirməklə nümunə olmalıdırlar. Məhəmməd peyğəmbərin dindar olmayan adamlara, bütpərəstlərə münasibəti bizim üçün örnək olmalıdır.
Döyüşlərin birində bütpərəst adlandırıdığımız adamların uşaqları tələf olur. Bu məsələdən xəbərdar olan peyğəmbərimiz çox üzülür. Bunu görən səhabələrdən biri deyir ki, ay Allahın rəsulu niyə narahat olursan, onsuz da bütpərəst uşaqlarıdır da. Məhəmməd peyğəmbər isə cavabında deyir ki, siz də bir zaman elə bu insanlardan deyildinizmi? Yəni kimliyindən asılı olmayaraq, inancından asılı olmayaraq insanın tələf olmasına Məhəmməd peyğəmbər üzülür. Bu səbəbdən də biz insanlara çox diqqətli yanaşmalıyıq. Elm məsələsində kim dediyinə deyil, nə dediyinə baxılır, amma din məsələsində nə dediyinə deyil, kimin dediyinə baxılır.
Rasim Mustafaoğlu: Dini snobizmin digər bir tərəfi bu insanların özlərini başqalarına bənzətmək istəyidir. Çünki bu adam hökm etməklə bərabər həm də özünü Həzrəti Əliyə, Ömərə və yaxud da Müaviyəyə bənzədir. Yəni snobizmin içində başqa bir qlaf da var. Bu şəxs özünü kiməsə bənzədərək ağalıq etməyə başlamaq istəyir. O artıq hədəflənmiş adamdır. Bu adamın içindəki mən yox dərəcəsindədir, özünə inamsızlıq var.
Mən 4 ildir ki, Space televiziyasında canlı yayımlanan ”İnam” verlişinin redaktoruyam. Biz verilişdə tez-tez Qarabağ müharibəsi, şəhidlik mövzusu ilə bağlı məsələləri də gündəmə gətirirdik. Verilişin qonaqları ilə söhbət əsnasında deyirdim ki, mən dindar deyiləm. Təbii ki, Allaha inanıram, böyüdüyüm ailədəki mühitə hörmətlə yanaşıram. Amma Qarabağda ölən uşağın, insanın ağrısı mənim üçün Fələstinin faciəsindən daha böyükdür. Mənim üçün şəhid ilk növbədə ailəmi, dövlətimi, torpağımı, insanlarımı, məişət səviyyəsində yanaşsaq ən azı mənim iş yerimi qoruyaraq canından keçən şəxsdir. Dini baxımından şəhidlik isə mənim üçün ikinci sıradadır.
Saleh Kazımov: Ümumiyyətlə şəhid sözü şahid sözü ilə eyni kökdən gəlir. Şəhid vətəni, ailəsi, dövləti, dini, haqq işi uğrunda canını fəda edən şəxsdir. Ona görə şəhid adlanır ki, bu insan canını bir prinsip, bir amal uğrunda qurban edərkən mələklər onun haqq işi uğrunda fəda olduğuna şahid olublar. Bu səbəbdən də vətəni, milləti, dövləti uğrunda vuruşub və bu yolda canını fəda edən insanın hər biri Allah hüzurunda da böyük bir mükafata nail olur. Bu da şəhidlik məqamıdır. Şəhidlik tək din uğrunda deyil, bir amal, bir əqidə, bir dövlətçilik prinsipi uğrunda fədakarlıq göstərərək canını fəda etmək anlamına gəlir. Sizinlə o mövzuda tam razıyam ki, mən dindaram, din uğrunda fəda oluram, amma dövlətim, millətim məni maraqlandırmır düşüncəsi dindən kənar, yanlış anlayışdır.
Babək Qoca: Unutmaq olmaz ki, bu mövzu bir başqa tərəfdən də təhlükəlidir. İnanclı həyat yaşayan bir insanın sərtliyinə görə başqa bir kəsim bunun günahını dində görməməlidir. Yəni bunun əks təsiri də var. 10-15 il bundan öncə hər bir valideyn övladının namaz qılan, məscidə gedən şəxslərlə dostluğuna müsbət yanaşırdı. Hər kəs övladının belə insanlarla bir yerdə olmasını arzulayardı. Bu gün təəssüf ki, dini snobizmin, fərqli fikrə dözümsüzlüyün nəticəsində və müəyyən mənada dünyada gedən proseslərin kölgəsində, hətta ən hörmət etdiyim insanlar belə dindarlara ehtiyatla yanaşır. Amma təkrar da olsa, yenə də onu vurğulamaq istəyirəm ki, din insan üçün Allahın yaratdığı ən böyük nemətlərdən biridir. Bir insanın özünü həqiqətən də yaradılış qayəsində rahat hiss etməsi üçün bir yaşam tərzidir. Bu gün dinin təqdimatında, yaşantısında dinin mahiyyətini anlamayanların qəbahəti varsa toplumda bu yanaşmaya bir sərtlik formalaşmamalıdır. İslam dini cəmiyyətə heç bir sistemin, heç bir dinin bu günə qədər etmədiyi bir demokratiklik, qadın hüququ gətirdi. Onun da ən bariz nümunəsi cənnətin anaların ayağı altında olması haqqında Rəsulullahın hədisidir. Yəni övladlar analarına qarşı lazım olan hörməti göstərməklə Allahın rəhmətini qazana bilər. Bu gün anasını qocalar evinə qoyan, qızına və ailəsinə diqqət yetirməyən insanlarımız var. Dünyada baş verən haqsızlıqların cərəyan etmə tarixi, güclənmə prosesi, maliyyə dəstəyi var. Onların xüsusi mərkəzlərdən idarə olunan sistemi var. Bu gün Somalidə hər addım başında hafizə rast gəlmək mümkündür, körpə uşaqlar Qurani Kərimi əzbər bilirlər. Amma fətva (müctəhid və ya müfti tərəfindən şəriətə müvafiq verilən hökm, qərar – red.) veriblər ki, dəniz nemətləri, balıq yemək haramdır. Okeanla sərhədi olan bir ölkədə balıq yemirlər ki, haramdır. Lakin digər fətvaya görə boşanma halal hesab edilir. Bunun nəticəsidir ki, Somalidə boşanmaların, yetim uşaqların sayı-hesabı yoxdur. Somalinin vaxtilə müstəmləkə olmasını bir kənara qoysaq görərik ki, onların bu vəziyyətə düşməsinin səbəbi daxildə İslam dininin yaşanmamasıdır. Bu gün Allah ora bir imtahan göndərib ki, bu cür gözəl bir dini bilmirsiniz.
Fuad Babayev: Bayaq Rasim müəllim çox maraqlı bir detala toxundu. Yəni snobizmin qlaflarından söhbət açdı. Namaz qılan, oruc tutan dindarın bunları etməyənlərə üstdən aşağı baxmasını kənara qoyaq. Mən diqqəti namaz qılan, oruc tutan, amma məzhəb fərqinə görə bir-birinə düşmən kimi baxanlara yönəltmək istəyirəm. Fikrimcə, bu gün bir-birinin malını, canını halal sayan müsəlmanlar daha təhlükəlidir, bu həm də məqsədyönlü surətdə qarşıdurmaya aparan bir yoldur. Dini snobizmin tüğyan etməsinə rəvac verən qüvvələr elə tək müsəlmanların özüdür, yoxsa bunu məqsədyönlü şəkildə istiqamətləndirən və bundan faydalanan qüvvələr var? Siz necə düşünürsünüz, Saleh müəllim?
Saleh Kazımov: Ümumiyyətlə, bu çox həssas bir mövzudur. İbadət formalarındakı fərqlərə görə bir-birinə irad tutan cərəyanlar cəmiyyəti çaşqınlığa yönəldir. Başqalarına bu cür münasibət bəsləyən şəxslər özləri də bilməyərəkdən kimlərinsə oyununa gələn insanlardır. Dini maarifləndirmə baxımından bəlli bir qrupun təsiri altında yetişib öz qrupunun dediyindən başqa bir şey qəbul etməyən, fərqli ibadətlərin qəbul olunmayacağı qənaətindədirlər. Halbuki ibadətlərin qəbulu Allah hüzurunda edilir. Məhəmməd Peyğəmbər deyib ki, Allah sizin zahiri görkəminizə deyil, qəlblərinizə baxar. Bu baxımdan da daxilən, səmimi bir qəlblə Allahın hüzurunda insanın ibadət etməsi onun formal cəhətlərinə fikir verməməyi tələb edir. Bəzən Azərbaycan cəmiyyətində din qardaşlarına qarşı nümayiş etdirilən aqressiyanı heç qeyri-dindarlara qarşı münasibətdə müşahidə etmirik. Bir çox qruplar var ki, onların əlinə fürsət düşsə ilk növbədə düz ibadət etmədiklərinə görə öz yanındakı müsəlman qardaşlarını vurar. Bu məsələdə məncə insanların harada, hansı mühitdə yetişməsi, niyə görə bu cür düşünməsini də araşdırmaq lazımdır. Bu tendensiya cəmiyyəti parçalanmaya aparır, istənilən vaxt onların bir amal ətrafında cəmləşməsinə mane olur. Səmimi bir dindarı kimin necə ibadət etməsi çox da maraqlandırmaz. O istəyər ki, hamı haqq yolunda olsun, ibadət etsin. Amma hansısa yanlış bir təriqətə görə həmin şəxsə qeyri-insanı münasibət bəsləməz.
Fuad Babayev: Buyurun Babək müəllim.
Babək Qoca: Müzakirə etdiyimiz məsələlər həqiqətən də ciddi mənada araşdırılacaq mövzudur. Bu məsələlər ciddi araşdırılmalıdır ki, kütlələr sabah qruplaşma halına gəlməsinlər. Bunların mütləq şəkildə bir mərkəzdən idarə olunma sistemləri var. Bu insanların sıralarında iş adamı da, dövlət müəssisəsində işləyəni də, ali təhsillisi də, təhsilsizi də var. Çox qəribədir ali təhsilli ilə təhsilsiz bir yerə toplaşaraq, eyni fikir formalaşdıra bilirlər.
Fuad Babayev: Həm də ona görə ki, ali təhsillinin təhsili formal xarakter daşıyan bir parça kağız ola bilər.
Babək Qoca: Məktəblərdə, universitetlərdə, televiziya proqramlarında doğru dini, doğru inancı təbliğ etmək lazımdır. Sözümün sonunda bu hadisələrin xaotik xarakter daşımadığını bir daha vurğulamaq istərdim.
Hazırladı: Təmkin Məmmədli, Aydan Abaslı, 1905.az