Təhsildə Keyfiyyət Təminatı Agentliyinin şöbə müdiri Elnur Xəlilov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədovla xarici diplomların Azərbaycanda, Azərbaycan universitetlərinin diplomlarının isə xaricdə tanınmasından danışdıq.
Fuad Babayev: Bizim diplomlar xaricdə, xarici diplomlar bizdə… Dərhal ağlınıza gələn ilk problem hansıdır?
Elnur Xəlilov: Mən bizim diplomların xaricdə tanınmasından daha çox, xaricdə əldə edilmiş diplomlarla bağlı fikir bildirmək istəyirəm. Çünki Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Kvalifikasiyaların tanınması şöbəsi xaricdə əldə edilmiş diplomların Azərbaycanda tanınmasını həyata keçirir. Biz bu icraatı Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş xarici kvalifikasiyalarının tanınması Qaydaları (Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” nəzərdə tutulur – red.) əsasında həyata keçiririk. Bu Qaydalarda diplomların necə tanınacağı, sənədlərin ekspertizası və hansı mərhələlərdən keçəcəyi ilə bağlı bütün tələblər dəqiq əksini tapır.
Fuad Babayev: Xaricdə əldə edilmiş diplomların Azərbaycanda tanınmasında əsas problem nədir?
Elnur Xəlilov: Əsas problem bizim verdiyimiz imtina qərarlarının tez-tez narazılıqla qarşılanmasıdır. Vətəndaşlarımız xaricdəki universitetlərə üz tutarkən bir neçə məqamı nəzərə almırlar. Əvvəla, ixtisas seçimində diqqətli olmaq lazımdır. Nazirlər Kabineti tərəfindən bakalavr, orta ixtisas və magistratura səviyyəsi üzrə təsdiq olunmuş təsnifatlar var. Əgər vətəndaşın qəbul olduğu ixtisas həmin təsnifatlarda yer almırsa və onun sənədlərinin ekspertizasını apararkən aldığı ixtisas, təsnifatdakı hər hansı bir ixtisasla heç bir uyğunluq təşkil etmirsə, biz ona imtina qərarı verə bilirik. Digər bir məsələ, təhsil forması ilə bağlıdır. Mövcud qanunvericiliyə əsasən yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə diplomların tanınmasını həyata keçiririk. Son vaxtlarda sosial mediada Türkiyədəki “açık öğretim” diplomlarını kifayət qədər reklam olunur. Amma qanunvericilikdə nəzərdə tutulmadığı üçün “açık öğretim” diplomları birmənalı olaraq bizim tərəfinizdən tanınmır.
Təmkin Məmmədli: Mümkünsə, “açık öğretim” və ya “distant təhsil” forması haqqında bir qədər geniş məlumat verərdiniz.
Elnur Xəlilov: “Açık öğretim” ali təhsil qurumlarında üz-üzə və distant təhsil istisna olmaqla, təhsilalanların və təhsilverənlərin məkandan asılı olmayaraq qarşılıqlı əlaqəsi və ünsiyyəti olmadan, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə həyata keçirilən təhsil formasıdır. “Distant təhsil” isə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə təhsilalanla təhsilverən arasında qarşılıqlı ünsiyyətin, əlaqənin olduğu, dərslərin şəxsən müəllim tərəfindən eyni mühitdə olma zərurəti olmadan ancaq sinxron şəkildə keçirildiyi təhsil formasıdır. Yəni “açık öğretim” təhsil forması nə əyanidir, nə də qiyabi. Bizim qanunverciliyə əsasən qiyabi təhsil formasında tədris prosesi və imtahanlar üçün 6-8 həftə müddət nəzərdə tutulur. Ən çox imtina qərarı verilən səbəblərdən biri də vətəndaşın təhsil aldığı ölkədə normativ tədris müddətində olma müddəti ilə bağlıdır. Əyani təhsil üçün normativ tədris müddəti 8 aydır. Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən bu təhsil müddəti ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin üçdə ikisindən az olmamalıdır. Yəni xaricdə təhsil alan tələbə ən azı 5 ay həmin ölkənin ərazisində olmalıdır. Əgər tələbənin təhsili qanunvericilikdə müəyyən edilmiş bu müddətdən azdırsa, diplomların tanınmaması qaçınılmazdır.
Diplomların tanınması zamanı imtina səbəblərindən biri də də universitetlərin akkreditasiya və lisenziyası ilə bağlıdır. Lisenziya ali təhsil müəssisəsinin fəaliyyət göstərməsinə icazə verir, akkredetasiya isə bu universitetin dövlət standartına uyğunluğunu təsdiq edir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin veb səhifəsində paylaşdığımız siyahıda yerli akkredetasiyası olmadığı üçün diplomları tanınmayan 26 universitetin adını açıq şəkildə qeyd etmişik. (https://www.tkta.edu.az/p/diplomlari-taninmayan-universitetlerin-siyahisi) Vətəndaşlarımızdan xahiş edirik ki, bu universitetlərə getməsinlər. (Bu siyahı yenilənib, artıq 38 universitet müəyyən olunub.)
Fuad Babayev: Kamran müəllim, Sizin fikrinizcə, diplomların tanınması ilə bağlı əsas problem nədir?
Kamran Əsədov: Bu gün ölkədən kənarda təhsil alan azərbaycanlı vətəndaşların sayı 45 min nəfərdir və onun ən azı 25 mini qardaş Türkiyədədir. Xarici diplomların bizdə tanınmasında ixtisaslarla bağlı problemlər olduğu kimi Azərbaycanın tibb sahəsi üzrə diplomlarının da xaricdə tanınmasında da çətinliklər var. Problemli məsələlərdən biri də bizdəki kreditin (təhsil krediti – fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahidi – red.) miqdarı ilə bağlıdır. Dünyada bakalavr pilləsi üçün qəbul edilmiş standart kredit 240 sayılır. Hazırda bu sahə üzrə bizim qanunvericilik kifayət qədər əlçatandır.
Elnur Xəlilov: Kifayət qədər liberaldır.
Kamran Əsədov: Müəllimlik, mühəndislik, tibb və hüquq istisna olmaqla digər bütün ixtisaslar üzrə xarici ölkədə təhsil alan şəxslərin diplomunun tanınması çox asandır. Siz tələb olunan müddət ərzində təhsil aldığınız ölkədə olduğunuz təqdirdə məsələ tez bir zamanda öz həllini tapır. Bizim Gürcüstanda, Rusiya və ya Ukraynada təhsil alan tələbələrimiz həmin ölkələrdə maksimum 4 gün oxuyurlar. Azərbaycandakı mövcud normativ qaydalara görə isə qiyabi təhsil alan tələbə hər semestr ərzində 15 gün oxuduğu xarici ölkədə qalmalıdgüır. Təhsil müddəti 4 gün olduğu üçün yerdə qalan 11 günü təlbə sadəcə oteldə qalaraq vaxt keçirməyə məcbur edilir. Biz bu müddət məsələsini insanlar üçün daha rahat etməliyik. Çünki oxuduğu ölkədə təhsil müddətini müəyyənləşdirmək əcnəbi tələbənin imkanları xaricindədir. Ona görə də mən hesab edirəm ki, biz bu qaydaları daha da təkmilləşdirməliyik. Xarici diplomların tanınmasında məqsədimiz ixtisaslı və daha savadlı mütəxəssisləri əmək bazarına daxil etməkdir. Amma biz savadı hansı alətlə ölçə bilərik? Bayaq qeyd etdiyim 4 ixtisas üzrə Dövlət İmtahan Mərkəzinin apardığı imtahanın nəticələrini sizinlə bölüşmək istəyirəm. Təsəvvür edin, müəllim ixtisası üzrə 10 nəfərdən yalnız 1 nəfər testdən keçə bilib.
Elnur Xəlilov: Cari ilin may ayında keçirilmiş imtahanda (müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların peşə tanınması ilə bağlı 4 may 2024-cü il tarixli imtahan nəzərdə tutulur – red.) iştirak üçün müraciət edən 466 nəfərdən yalnız 426 nəfəri iştirak edib. İmtahanda iştirak edənlərin 23 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 43 faiz təşkil edib. Hüquqşünaslıq ixtisası üzrə imtahanda iştirak edən 173 nəfərdən yalnız 59 nəfəri uğur qazana bilib.
Kamran Əsədov: Bu məzunların da əksəriyyəti Ukrayna, Gürcüstan və Rusiyadan gəlir.
Elnur Xəlilov: Çox spesifik, vacib sahə olan ibtidai sinif müəllimliyi ixtisası üzrə imtahanda iştirak edən 11 nəfərdən yalnız biri keçid balını toplaya bilib.
Kamran Əsədov: Dünyada mən sizə müxtəlif yanaşmalar deyə bilərəm. Misal üçün qardaş Türkiyədə Azərbaycandan gələn diplomların tanınması üçün tələbənin həmin ölkənin ərazisində olma müddətinin əhəmiyyəti yoxdur. İmtahandan keçən şəxslərin diplomları tanınır. Biz mütləq şəkildə insanların əmək bazarına daxil olmalarını təmin etməliyik. Bu işlə məşyul olan qurum diplomu verən xarici ali təhsil müəssisəsinə sorğu göndərərək onun həqiqiliyinin təsdiqini almalıdır. Bu yolla saxta diplomların qarşısını almaq olar. Mən özüm Ukraynada metro stansiyasının qarşısında əlində möhür diplom satılmasının şahidi olmuşam. Saxta diplomların qarşısının alınması sahəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xidmətlərini qeyd etmək lazımdır.
Elnur Xəlilov: Bir neçə vasitə ilə biz diplomların saxta və ya həqiqi olmasını yoxlayırıq.
Kamran Əsədov: Mən düşünürəm ki, gələcəkdə bu daha da təkmilləşdirilməlidir.
Elnur Xəlilov: Sizin bayaq qeyd etdiyiniz təhsil krediti ilə bağlı fikir bildirmək istəyirəm. Bizə gələn bəzi transkriptlərdən (tələbənin akademik göstəriciləri – red.) məlum olur ki, 240 krediti olan tələbə 1 dərsə münasibətdə 30 və ya 50 kredit alıb. Bu məsələlərə hər zaman ayrı-ayrılıqda yanaşırıq.
Kamran Əsədov: Azərbaycanda da bəzi universitetlərdə magistr pilləsində kreditlə bağlı problemlər mövcuddur. Amma təhsil müddəti ilə bağlı məsələ məncə, dəyişdirilməlidir. Bu insanların təhsil alma hüququnu məhdudaşdırmamalıdır. İxtisas seçimi ilə bağlı qeyd edim ki, onların bəziləri həqiqətən bizdə yoxdur. Misal üçün astronomiyanın hansısa sahəsi ilə bağlı bizdə ixtisas olmadığı halda onu necə uyğunlaşdıra bilərik?
Elnur Xəlilov: Bunun üçün Nazirlər Kabinetinin təsnifatında dəyişiklik edilməlidir. Hər hansı bir ixtisas Azərbaycan universitetlərində tədris olunmadığı təqdirdə təsnifata daxil edilmir.
Kamran Əsədov: Mən distant təhsil və ya açıq öyrətimlə bağlı da bir məsələni qeyd etmək istəyirəm. Pandemiyaya görə 2020-ci ildə bütün dünyada olduğu kimi Azərbaycanda da universitetlər onlayn rejimə keşdi. Qanunvericilikdə təhsilalma formalarından bir kimi distant təhsil də müəyyən olunub. Amma onun hüquqi mexanizmi yoxdur. Ali təhsil haqqında qanun qəbul olunsaydı, bu məsələlərə aydınlıq gətirilərdi. Mən tam məsuliyyətimlə deyirəm ki, Azərbaycanda xüsusən son 5 il ərzində diplomların tanınması ilə bağlı heç kimin iynənin ucu boyda da olsa saxtakarlıq etmək imlanı yoxdur.
Mən düşünürəm ki, xaricdə oxumuş şəxsin təhsil aldığı ölkədə olma müddətinə daha liberal yanaşmaq mümkündür. Hər hansı səbəbdən təhsil aldığı ölkənin ərazisində nəzərdə tutulduğundan az müddətdə olan tələbələrə güzəşt edilməlidir. Biz belə tələbələrin krediti tamamlamaq üçün Azərbaycan universitetlərində ödənişli əsaslarla təhsil almasına şərait yaratmalıyıq.
Elnur Xəlilov: Kamran müəllimin qeyd etdiyi məsələ ilə bağlı deyim ki, əslində kreditə münasibətdə şərti tanınma var. Bizdə diplomların həm akademik, həm də peşə tanınması həyata keçirilir. Məsələn, hüquqşünaslıq ixtisasını bitərən bir şəxs bizə müraciət etdikdə onun sənədlərini ekspertizadan keçiririk. Sənədlər bütün normativlərə və tələblərə cavab verdiyi təqdirdə ərizəçini Dövlət İmtahan Mərkəzinə (DİM) yönləndiririk. DİM bizim sifarişimiz əsasında imtahanın keçirilməsini təmin edir. Həmin şəxs imtahandan müvəffəqiyyətlə keçərsə, biz ona həm akademik, həm də peşə tanınması veririk. Əgər müraciət edən şəxs imtahandan keçmirsə, biz ona sadəcə akademik tanınma veririk. Akademik tanınma şəxsə təhsilin növbəti pilləsində təhsilini davam etmək hüququ verir. İmtahandan keçməyən şəxsə peşə fəaliyyəti ilə məşğul olmaq icazəsi verilmir. Bundan başqa qismən tanınma da var. Xarici ölkədə təhsil alan şəxs Azərbaycandakı ali təhsil müəssisələrindən hər hansı birinə transfer olmaq istədiyi halda biz həmin şəxsin xaricdəki tədris prosesində iştirakını və qazandığı kreditlərini hesablayaraq ona qismən tanınma şəhədətnaməsi veririk.
Fuad Babayev: Valideynlərə, ali təhsil almaq istəyən insanlara hansı tövsiyələriniz var?
Kamran Əsədov: TKTA-nın çox gözəl saytı (https://www.tkta.edu.az) var. Valideynlər həmin internet resursun tərkib hissəsi olan taninma.az saytına daxil olmaqla bütün bu suallara cavab tapa bilərlər.
Azərbaycan valideyni çox rahatlıqla övladının təhsil məsələsində aldanır. Valideyn bilməlidir ki, söhbət əgər açıq öyrətimdən (distant təhsildən) gedirsə, o diplom dövlət sektorunda tanınmayacaq. Yəni bu gün mövcud qanunvericilik buna imlan vermir. Amma açıq öyrətim diplomu alan məzunlar özəl şirkərlərdə işləyə bilərlər. Məsələ ondadır ki, özəl şirkətlərdə diplomsuz da işləmək mümkündür.
Əvvəla, valideyn bilməlidir ki, əgər tələbənin əyani təhsil sənədi oğlanlara hərbi xidmətdən möhlət hüququ vermirsə, apostil (Apostil sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, bu şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir-red.) olunmursa, deməli bu diplom tanınmayacaq.
Bizim Türkiyədə oxuyan bəzi tələbələrimiz hərbi xidmətdən yayınmaq üçün 1-ci kursda oxuyarkən hərbi komissarlığa (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti – red.) təhsil almaları haqqında apostil olunmuş sənəd təqdim edirlər. Amma, növbəti kurslarda tələbədən təhsil haqqında sənəd tələb edilmir. 4 ildən sonra isə guya Türkiyədə təhsil almış tələbə hərbi xidmətə çağırıldıqda məlum olur ki, həmin şəxs təhsilini yarımçıq qoyduğu üçün heç diplom da ala bilməyib.
Təmkin Nəmmədli: Təbii ki, ali təhsil diplomu olmayan şəxslər üçün hərbi xidmət müddəti 18 ay olur.
Kamran Əsədov: Bəli. Bizi ekspert olaraq Səfərbərlik Xidmətinə iclasa dəvət etdilər. Bütün bu nüanslar haqqında mən onlara məlumat verdim.
Elnur Xəlilov: Bizim də Səfərbətlik Xidməti ilə görüşlərimiz olub.
Kamran Əsədov: Bu məsələləri nəzərə alan Səfərbətlik Xidməti artıq əla işləyir. Hazırda TKTA çox möhtəşəm layihə həyata keçirir. Bəlkə də əksəriyyətin bu layihədən xəbəri yoxdur. Amma mənə görə bu layihə ölkədə ən yaxşı islahatlardan biridir. Bu layihə müstəqil və ya usta yanında hər hansı bir peşəyə (bərbər, dülgər, maşın ustası və s.) yiyələnmiş şəxsin bacarıqlarının TKTA-da yoxlanıldıqdan sonra şəhadətnamə ilə təmin edilməsini nəzərdə tutur.
Elnur Xəlilov: Söhbət qeyri-formal (müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə təlim keçilməsi – red.) və informal (vətəndaşların özünütəhsil yolu ilə biliklərə yiyələnməsi – red.) təhsilin tanınmasından gedir.
Kamran Əsədov: Bəli. Valideyn bilməlidir ki, övladı müstəqil şəkildə hər hansı peşəyə yiyələnib rəsmi sertifikat əldə etməklə bazarda iş tapmaq imkanı əldə edir. Bundan başqa “Təhsil haqqında” qanundakı dəyişikliyə görə subbakalavr (subbakalavr – оrta iхtisas təhsili pilləsində məzunlara verilən peşə-iхtisas dərəcəsi – red.) statusu kolleci yüksək nəticələrlə bitirən məzunlara universitetə keçid imkanı verir.
Elnur Xəlilov: Bizim Agentliyin bütün şöbələri mütamadi olaraq bu mövzularla bağlı vətəndaşları maarifləndirmək üçün video-müraciətlər paylaşır.
Kamran Əsədov: Dünyanın heç bir ölkəsində əyani və qiyabi təhsilin bir yerdə alınması praktikası yoxdur. Amma biz eyni zamanda həm əyani, həm də qiyabi təhsil alan şəxslərə də rast gəlirik.
Fuad Babayev: Biz bayaqdan xarici diplomların Azərbaycanda tanınmasından danışırıq. Bəs bizim diplomların xaricdə tanınması ilə bağlı əsas problem nədir?
Kamran Əsədov: Azərbaycan Beynəlxalq Konvensiyanın üzvüdür.
Təmkin Məmmədli: “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” 1997-ci il tarixli Lissabon Konvensiyasını nəzərdə tutursunuz?
Kamran Əsədov: Bəli. Bu Konvensiyada diplomların tanınması haqqında əsaslar və onun həqiqiliyini təsdiq edən sənədlər var.
Təmkin Məmmədli: Diplomların tanınmasında universitetlərin nüfuzu rol oynayır?
Kamran Əsədov: Bizdə olduğu kimi xarici dövlətlərdə də ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri – red.) Şəbəkəsinin rəsmi internet səhifəsinin müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə edirlər. Universitetin lisenziyası ilə onun verdiyi ixtisası fərqləndirmək lazımdır. Yəni akkredetasiyası olan hər hansı bir universitetdə təqdim edilən ixtisas yoxdursa həmin diplom tanınmayacaq.
Elnur Xəlilov: Bizdə ixtisaslar tanınarkən institusional akkreditasiya əsas götürülür.
Kamran Əsədov: Akkredetasiya zamanı bəzən məlum olur ki, universitet var, amma ixtisas yoxdur. Apostil elə bir mexanizmdir ki, onun saxtalaşdırmaq mümkün deyil.
Elnur Xəlilov: Ölkə adı çəkmək istəmirəm, lakin bəzi ölkələrdən bizə saxta apostillər də daxil olur. Apostilin saxta olması artıq imtina qərarı üçün əsas təşkil edir. Bununla belə, biz hər ehtimala qarşı diplomun həqiqiliyini təsdiq etmək üçün aidiyyəti universitetə sorğu göndəririk.
Kamran Əsədov: Saxtakarlığın qarşısını almaq üçün bir çox ölkələr artıq onlayn apostil sisteminə keçiblər. Mən bu sistemi Birləşmiş Ərəb Əmirliklərinin və Avstraliya Universitetlərində görmüşəm.
Elnur Xəlilov: Agentliyimizin rəsmi saytında tanınma üzrə ümumi tələblərə cavab vermədiyi üçün ali təhsil sənədlərinə ən çox imtina verilən universitetlərin siyahısını (https://www.tkta.edu.az/p/en-cox-imtina-alan-universitetlerin-siyahisi) da paylaşmışıq. Bu siyahıya 54 universitet daxildir.
Kamran Əsədov: Bugün heç kim Azərbaycanda xarici diplomların tanınması prosesinin şəffaflığına şübhə etməsin. Bayaq universitetlərin akkreditasiya və lisenziya məsələsindən danışdıq. Hazırda Ukraynada müharibə getdiyi üçün bəzi universitetlərin guya Gürcüstanda filialları var. Əslində isə o universitetlərin filiallarının heç birinin Gürcüstanda akkreditasiyası yoxdur.
Elnur Xəlilov: Ukraynanın Şərqi Avropa İqtisadiyyat və İdarəetmə Universiteti, Beynəlxalq Ekologiya və Tibb Akademiyası, Avqustin Voloşin adına Karpat Universiteti, Avropa Universiteti, “KROK” İqtisadiyyat və Hüquq Universiteti, Regionlararası Heyətin İdarəolunması Akademiyası kimi ali təhsil müəssisələrinin Gürcüstandakı filiallarının akkreditasiyası yoxdur, bu səbəbdən üçün onların təqdim etdiyi diplomlar tanınmır. Tam siyahı ilə Agentliyimizin saytından tanış ola bilərsiniz. Bizə Ukrayna diplomu təqdim edən şəxslərin sənədlərini araşdıranda çox vaxt məlum olur ki, həmin vətəndaşlar heç vaxt Ukraynada olmayıb. Ukrayna universitetlərinin Gürcüstan filialında oxuduqlarını iddia edən şəxslərə isə məlumat veririk ki, həmin filialların akkreditasiyası yoxdur. Gürcüstan vətəndaşlarının özləri bu filiallarda təhsil almır.
Kamran Əsədov: Ancaq azərbaycanlılar ora can atırlar.
Təmkin Məmmədli: Həmin filiallarda təhsil hərbi xidmətdən möhlət hüququ verir?
Kamran Əsədov: Bəli. Çünki Ukrayna universitetinin rəsmi sənədini təqdim edirlər.
Elnur Xəlilov: Biz də rəsmi olaraq bəyan edirik ki, bu universitetlərin diplomları tanınmayacaq. Buna görə də həmin ali təhsil müəssisələrinə müraciət etməməyi tövsiyə edirik.
Fuad Babayev: Mən yenə də bayaqkı sualıma qayıtmaq istəyirəm. Xarici diplomların Azərbaycanda tanınması üçün yetərincə hüquqi prosedur mövcuddur. Bəs Azərbaycan universitetlərinin diplomlarının xarici ölkələrdə tanınması ilə bağlı hansı problemlərə rast gəlirik? Bizim ali təhsil müəssisələrinin diplomlarının xaricdə tanınması ilə bağlı statistik məlumatlar var?
Kamran Əsədov: Hazırda bizim universitetlərin diplomlarının xaricdə tanınması ilə bağlı əsas problem tibb və hüquq ixtisaslarındadır. Xaricdə diplomun tanınma proseduru çox sadədir. Onlar üçün tələbənin təhsil aldığı ölkədə keçirdiyi müddət heç bir əhəmiyyət daşımır. Vətəndaşın təhsil aldığı universitetə göndərilən sorğunun cavabı müsbət olduğu təqdirdə həmin şəxs imtahan verir. 100 sualdan 80 suala müsbət cavab verən vətəndaşın diploma tanınır.
Təmkin Məmmədli: Bu prosedur bütün ixtisaslara aiddir?
Kamran Əsədov: Tibb və hüquq ixtisasları istisna təşkil edir. Bu ixtisaslara tamam fərqli yanaşma var.
Təmkin Məmmədli: Xarici diplomların Azərbaycanda tanınması ilə bağlı bir məqama da toxunmaq istəyirəm. Nəzəri cəhətdən vətəndaşın təhsil aldığı xarici universitet TKTA-nın akkreditasiyadan keçməyən və ya ali təhsil sənədlərinə ən çox imtina verilmiş ali təhsil müəssisələrinin siyahısında olmaya bilər. Bəs diplom təsqiqi zamanı həmin şəxsin oxuduğu universitetin akkreditasiyasının olmadığı aşkara çıxdığı halda vətəndaş nə etməlidir?
Elnur Xəlilov: Vətəndaşlar hər hansı bir universitetə sənəd təqdim etməzdən əvvəl konsultasiya üçün Agentliyimizə müraciət edə bilərlər.
Kamran Əsədov: İllik təhsil haqqı 48-50 min dollar olan ən reytinqli universitetinin əgər hər hansı ölkədəki filialının akkreditasiyası yoxdursa, onun diplomu tanınmayacaq.Dünyada bugün 40 mindən çox universitet var.Azərbaycanda 51, Türkiyədə 210, Ukraynada isə 800-dən çox universitet fəaliyyət göstərir.
Fuad Babayev: Çox tez-tez Bill Qeyts, Ceff Bezos (amerikalı sahibkar və investor, dünyanın ən böyük e-ticarət şirkəti olan Amazon-un qurucusu – red.) kimi qeyri-ad uğur əldə etmiş simaların heç diplomunun olmadığını deyirlər. Real həyatda da görürürk ki, diplomlar “heç də bütün qapıları açmır”. Bu baxımdam bilmək istəyirəm ki, azərbaycanlıların xaricdə, xaricilərin isə Azərbaycanda təhsil alma statistikasında azalma tendensiyası sezilir?
Elnur Xəlilov: Agentliyimizə hər gün xeyli sayda müraciət daxil olur və tendensiyanın azalacağını müşahidə etmirik.
Kamran Əsədov: 2010-cu ildə Azərbaycan ali təhsil müəssisələrinə qəbul plan yeri 29 min idi. Bu il isə həmin rəqəm 60 minə yaxın oldu. Əvvəlki illərdə Türkiyəyə oxumağa gedənlərin sayı 2 min olduğu halda, 2024-cü ildə bu rəqəm 4 min 700 nəfərə çatıb. Bu rəqəmlər təkcə bakalavr pilləsi üzrə statistikanı əks etdirir. Bilik və bacarıq fərqli anlayışlardır. Təbii ki, diplomu olmayan və ya hər hansı elm sahəsindən bixəbər olan şəxs bacarığı sayəsində həyatda uğur qazana bilər. Azərbaycanın 51 universitetində təhsil alan tələbələrin sayı 187 min nəfərdir. Azərbaycanın əhalisinin sayına nisbətdə bu çox aşağı göstəricidir. Tədqiqatların nəticələri göstərir ki, son 4 il ərzində qəbul imtahanlarında 17 yaşdan yuxarı abituriyentlər arasında 600-700 bal toplayanların sayının artması ilə yanaşı yetkinlik yaşına çatmayan şəxlərin xüsusi amansızlıqla törətdiyi ağır cinayətlərin sayında da artım var. Bizim cəmiyyətə ali təhsilli insanlar azdır. Onların sayı daha çox olmalıdır. Cəmiyyətin mədəni səviyyəsini yüksəltmək, onu sağlamlaşdırmaq lazımdır. Finlandiyada, Cənubi Koreyada, Sinqapurda 25 yaşdan yuxarı əhalinin 100 faizi ali təhsillidir. Fransa vətəndaşlarının 25 faizi orta ixtisaslı kollec məzunudur. Amma Azərbaycanda əksər valideynlər universitetə daxil olmayan övladlarının kollecə, peşə məktəblərinə getməsini özlərinə sığışdırmırlar. Biz dövlət qulluğuna qəbulda dəyişiklik etməliyik. Peşə məktəblərini, kollecləri bitirən şəxslərin də dövlət qulluğuna qəbul imtahanlarında iştirakına şərait yaradılmalıdır. O zaman bizim insanlar xaricə getməyə can atmayacaq.
Fuad Babayev: Testdən kənar, attestatla xarici ali məktəblərə qəbula təşviq edən reklamlara qanunda məsuliyyət nəzərdə tutulub?
Kamran Əsədov: Bizim bütün universitetlərimiz də xarici ölkələrdən attestatla tələbə qəbulunu həyata keçirir. Problem attestatla qəbul olunmaqda deyil. Vətəndaşın tam orta təhsili bitirmək haqqında sənədi ona təhsilin növtbəti pilləsinə getmək hüququ verir.
Fuad Babayev: Mən yerli akkredetasiyası olmadığı üçün TKTA tərəfindən diplomları tanınmayan universitetlərin attestatla tələbə qəbulunu reklam etməsini nəzərdə tuturam.
Kamran Əsədov: Biz ona məhdudiyyət qoya bilmərik. Həmin universitetlərin diplomlarının tanınmaması yalnız Azərbaycan Respublikasının daxilində keçərlidir. Həmin diplom başqa bir dövlətdə tanına bilər.
Elnur Xəlilov: Bu səbəbdən qurum olaraq vətəndaşlarımıza xəbərdarlıq edirik ki, hansı universitetlərin diplomlarının Azərbaycanda tanınmadığını əvvəlcədən öyrənsinlər.
Kamran Əsədov: Bir problem də ondadır ki, bizim bəzi insanlar High school (high school – yuxarı sinif və ya məktəb deməkdir. Bir çox xarici dövlətlərdə orta təhsilin son mərhələsində alınan təhsil – red.) ilə universiteti qarışdırırlar. Bizim dillə desək xaricdə kollecdə oxuyan elə bilir ki, universitet bitirib.
Fuad Babayev: Çox təəccüblüdür, məgər vətəndaş təhsil aldığı yerin universitet olmadığımı bilməyə bilər?
Kamran Əsədov: Bəli, bəzən səhv salırlar. Türkiyədə Məslək Yüksək Okulları var.
Elnur Xəlilov: Bizdə subbakalavr diploma verən kolleclər kimi.
Kamran Əsədov: Problem həm də ondadır ki, xaricdəki belə peşə məktəblərinin məzunlarını Səfərbərlik Xidməti bakalavr kimi hərbi xidmətdən azad edir. Bir də onu qeyd edim ki, bizim subbakalavr dərəcəmiz hazırda xaricdə tanınmır.
Təmkin Məmmədli: 10-15 il əvvəl xaricdə təhsil alıb gəlmiş şəxslərin diplomunun tanınması ilə bağlı prosedur da eyni qaydada həyata keçirilir?
Elnur Xəlilov: Bəli, müstəqillik dövründə xaricdə təhsil almış şəxslər də sənədlərini apostil şəhadətnaməsi ilə leqallaşdırdıqdan sonra bizə müracət edə bilərlər.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 11 oktyabr 2024-cü ildə baş tutub.