Distant təhsil məkandan asılı olmayaraq tədris prosesinin telekommunikasiya vasitələri əsasında təşkil olunduğu təhsilalma formasıdır . Bu təhsil sistemi texnologiyanın daha da inkişafı səbəbindən günü-gündən öz aktuallığını, keyfiyyətini və müvəffəqiyyətini artırmaqdadır. Məlum olduğu kimi, dünyanı cənginə alan koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Mövcud epidemioloji vəziyyət, tətbiq olunan karantin rejimi və izolyasiya tədbirləri səbəbindən insanların çoxlu sayda toplandığı yerlər, o cümlədən təhsil müəssisələri, bütün ictimai iaşə obyektləri bağlanır, iş rejimi və nəqliyyat hərəkəti məhdudlaşdırılır. Bu halları nəzərə alaraq tədris prosesini kənarda qoymamağın yeganə çıxış yolu məsafədən təhsilin təşkil edilməsidir. Dünyada baş verən qlobal pandemiya yalnız Azərbaycanda deyil, demək olar ki, bütün ölkələrdə milyardlarla tələbə və şagirdi ənənəvi təhsildən kənarda qoydu. Gündəlik yoluxma, aktiv xəstələrin sayı bu gün də artmaqda davam edir. Koronavirus pandemiyası mutasiyayalara uğrayaraq onun yeni növləri yaranır. Hazırlanan vaksinlərin yeni növ koronavirusa qarşı nə dərəcə effektiv olacağı belə müəmmalıdır. Bunlara nəzər saldıqda deyə bilərik ki, baş verənlər və bunu doğuran səbəblər ənənəvi tədrisin bərpasına böyük əngəldir.
Mövcud vəziyyət göz önündə olduğundan, hazırda distant təhsilin təşkili və onun icrası dünya miqyasında əhəmiyyətli rola çevrilmişdi. Əvvəlki dövrlərlə nisbətdə hazırda insanlar distant təhsil haqqında daha çox bilgiyə malikdirlər. Texniki avadanlıqlar inkişaf etdiyindən valideynlər və müəllimlər distant təhsilin əhəmiyyətinin fərqindədirlər. Distant təhsilin təşkili zamanı operativlik, səmərəlilik, modulluq, müntəzəm dialoq, müasir texnologiyalardan istifadə bacarığı və tədrisin keyfiyyətinə xususi nəzarət olduqca əhəmiyyət kəsb edir. Bu sadalananları distant təhsilin əsas xüsusiyyətləri hesab etmək mümkündür. Belə baxanda distant təhsil hər hansı təhsil almaq imkanı olmayan bölgələr üçün çıxış yolu kimi əvəzedilməzdir. Həmçinin dünyanın qabaqcıl ölkələri ilə rəqabət üçün də distant təhsil vacibdir. Çünki Azərbaycanda əvvəllər mövcud olan qiyabi təhsil artıq öz effektivliyini itirməkdədir. Hər iki təhsil forması arasındakı fərq distant təhsilin internet üzərindən tədris olunmasıdır. Əlbəttə ki, distant təhsilin dünya üzrə əhəmiyyəti artdığından ölkəmizdə qiyabi təhsilin ləğvini düzgün qərar kimi qiymətləndirmək mümkündür. Pandemiya dövründə məsafədən təhsilə nəzər salsaq, bu platformanın hər kəs üçün uyğun bir təhsil sistemi olduğunun şahidi ola bilirik. Mövcud maneələri aradan qaldıran bu sistem həyatımızı normal qaydada davam etdirməyə və təhsil almaq hüququmuzu təmin etməyə kömək edir. Müəyyən bir iş tempinə sahib olanlar, məsafə çətinliyi olanlar, fiziki qüsurlu şəxslər də bu platforma hesabına təhsil almaq şansını əldən edirlər.
Peyk, video, audio, qrafik, multimedia texnologiyası kimi elektron vasitələrin köməyi ilə təhsilə dair məlumatlar, materiallar, elektron dərsliklər uzaqdakı tələbə və şagirdlərə çatdırılır. Təbii ki, məsafədən tədris prosesinin müsbət və mənfi keyfiyyətləri mövcuddur.
Zənnimizcə müsbət keyfiyyətlər aşağıdakılardır:
Tələbə daim diqqət mərkəzindədir. Bütün tələbələrə bərabər fürsət təqdim edilir. Geniş bir kütləyə tədris xidməti göstərilir. Tələbələrə texniki avadanlıqlar ilə işləmək imkanı yaradılır və yeni onlayn tədris platformaları ilə tanış olmaq, çalışmaq imkanı yaradılır. Məlumatlara sürətli və asanlıqla çatmaq imkanı yaradılır. Mühazirəçilərlə interaktiv və dinamik bir öyrənmək prosesini təmin edir. Məkandan asılı olmayan tələbələrin internet bağlantısı olan bir yerdə istədikləri keyfiyyətdə təhsil almasına şərait yaradır.Tələbənin internetə çıxışı olduğu halda, onun aktual məsələlərə çıxışı olur. Tələbənin utancaqlıq və auditoriya qarşısında çıxış etmək qorxusu, tərəddüd , kommunikasiya keyfiyyətləri ilə bağlı psixoloji problemləri aradan qaldırmağa yardımçı olur.
Mənfi keyfiyyətlərdən bəhs edək.
Tələbə və müəllim arasında canlı ünsiyyət itir. Tələbələrin təhsil səviyyəsində və praktiki təcrübəsi zamanı fərdi fərqləri nəzərə almağa imkan vermir. Tələbələrin internet bağlantısı problemi yaxud texniki avadanlıq cəhətdən təmin olunmaması problemi mövcuddur. Tələbə və müəllimlərin uzunmüddətli kompüter istifadəsi səbəbindən sağlamlıq problemləri yarana bilər. Məsafədən təhsilə sistemində tələbələr əvvəlki kimi qrup halında iş görə bilmir və yaxud sosial fəaliyyət göstərə bilməyən tələbələr digərlərinə nisbətdə daha zəif ola bilirlər. Təlim prosesində yaranan suallar və öyrənmə çətinliyi dərhal həll edilə bilmir. Tək başına çalışma vərdişi olmayan tələbələrin problemlər yaşayırlar.
Tədris olunan onlayn platformada tələbə sayının çox olması səbəbindən internetin zəif sürəti və ünsiyyətdəki əlaqələrin kəsilməsi kimi hallar da mənfi cəhətlər arasındadır;
Pandemiya zamanı ənənəvi dərslərin bərpa olunmaması bir çox tələbə və şagirdlərin narazılığına səbəb olsa da, mövcud sistemdən məmnun olanlar da var. Bu kimi hallar ənənəvi tədris sistemi vaxtı həmin tələbələr üçün auditoriya şəraitində canlı ünsiyyət zamanı öz bilik və bacarıqlarının nümayişində maneələr yarada bilər. Təhsil müəssisələrin açılması həssas bir fəaliyyət sahəsi olduğundan mərhələli şəkildə bərpa olunmalıdır. Yoxsa məktəb və universitetlərin kütləvi şəkildə açılması pandemiyanın yayılması sürətini, aktiv xəstələrin sayının artmasına şərait yaradar, pandemiyadan ölənlərin sayında təsir göstərə bilər.
Distant təhsil prosesi hazırlıqlı kadrlar tərəfindən təşkil olunmalıdır.
İstifadə edilmiş ədəbiyyat siyahısı
- https://aztehsil.com/news/10206-distant-tehsil-ve-xususiyyetleri.html
- https://www.celt.az/distant-t%C9%99hsil-n%C9%99dir-az%C9%99rbaycanda-distant-t%C9%99hsil-sistemi/
- https://muallim.edu.az/news.php?id=12524
- http://uzem.cbu.edu.tr/tr/uzaktan-egitim-nedir
- https://stm.az/publications/meqaleler/koronavirus-pandemiyasnn-zerurete-cevirdiyi-distant-tehsilin-ustunlukleri-ve-catmazlqlar
Sevda Səfərova,
Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi
Materialda tehsil.biz saytının fotosundan istifadə olunmuşdur.