Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə raket hücumuna məruz qoymasından 4 il ötür. Müharibənin on ikinci günü – 2020-ci il oktyabrın 8-də erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq mülki əhalisinin sıx yaşadığı məntəqələrə zərbələr endirib.
AZƏRTAC xatırladır ki, həmin gün səhər saatlarından etibarən düşmənin silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi rayonlarını, o cümlədən “Toçka-U” taktiki raket kompleksindən istifadə edərək Bərdə rayonunu artilleriya və raket atəşinə tutub. Həmin bölgələrdə mülki əhali arasında ölən və yaralananlar olub. Gəncə şəhərinin ərazisində əhalinin sıx yaşadığı məntəqələri atəşə tutulub.
Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahına, infrastrukturuna və silah-sursat anbarlarına bölmələrimiz tərəfindən artilleriya zərbələri endirilib. Yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikasından ibarət hərbi kolonu dəqiq artilleriya atəşi ilə darmadağın edilib. Ordumuzun dəqiq atəş zərbələri nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.
Oktyabrın 8-də saat 6 radələrində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə top mərmilərinin düşməsi səbəbindən orada yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına da külli miqdarda ziyan dəyib.
Cəbhəboyu Ermənistan silahlıları yaşayış məntəqələrini, mülki obyektləri, dinc sakinləri, hətta təcili tibbi yardım avtomobillərini atəşə tutublar.