Çox tez-tez sosial şəbəkədə insanlarımız hansısa göstəricilərə uyğun gəlməyən (gəlmək istəməyən?) insanları öz dostluqlarından uzaqlaşdırdıqları (uzaqlaşdıracaqları?) barədə statuslar yazırlar. Bəziləri daha humanist davranaraq bu addımı atmağın məsuliyyətini dostluqlarında görmək istəmədikləri sosial şəbəkə istifadəçilərinin üzərinə qoyurlar.
Çox təəccüblüdür.
Tutaq ki, məqsədinin “tariximizin tədqiqi və təbliği” olduğunu açıqlayan səhifədə yazılır ki, dostluqlarında olan, paylaşımlarına heç vaxt reaksiya verməyən varsa “sabahdan hər gün 100 nəfər olaraq” siləcəklər.
Bir qədər Stalin repressiyaları dövründə “xalq düşmənləri”nin aşkar edilb zərərsizləşdirilmələri ilə bağlı mövcud olduğu söylənilən “plan”lara bənzəmir ki?
Və yaxud məhsuldar tədqiqatçılarımızdan biri əsrlər əvvəl tariximizdə silinməz izlər qoymuş ünlü bir şəxsiyyətin düşmənlərini öz düşməni hesab etdiyini vurğulayır və həmin adamları dostluğundan … qovur.
Belə misalların sayı çoxdur. Az qala total səciyyə alan bu fenomen diqqəti cəlb etməyə bilməz. Və hökmən sual yaranır.
Niyə?
Doğrudan da, ilin-günün bu vaxtında insanlar niyə belə “bəyanat”larla çıxış edirlər?
Bütün çətin sualları cavablandırmaq müəyyən hazırlıq tələb edir və bu sual istisna deyil. Özümü bu mövzuda hazırlıqlı saymasam da, ağlıma bir neçə cavab versiyası gəlir.
Bəlkə səhifə “sahib”i, yəni bir neçə min sosial şəbəkə istifadəçisini “qonaq” qismində öz “ərazi”sində saxlamaq imkanı olan şəxs dostluğunda yalnız özü kimi düşünən adamları görmək istəyir? Heç kimlə mübahisə etmək, kimisə inandırmaq, nəyisə izah eləmək fikrindən də çox uzaqdır?
Bəlkə bu insan doğrudan sadəlövhcəsinə inanır ki, kimisə dostluğunda saxlamaqla həmin şəxsi şərəfləndirmiş olur? Və əgər həmin adamı virtual dostluqdan məhrum etsə bu “sanksiya”ya məruz qalmış şəxs ağır zərbə alacaq?
Bilmirəm.
Bildiyim odur ki, hər kəsin ən azı sosial şəbəkədə müstəqil olmaq imkanı var.
Və siravi sosial şəbəkə istifadəçisinin dostluğunda olan insanların bütün yazdıqlarına reaksiya vermək öhdəliyi də olmamalıdır.
Ən əsası isə kimisə dostuğundan çıxarmaq istəyən fərd bunu nümayişkaranə tərzdə etməyə də bilər.
Doğrudur, tutaq ki, hər gün 100 nəfəri dostluğundan çıxaracağını bəyan edən səhifə “dost”ların qovulmamaq üçün təlaş içində rəy yazacağını proqnozlaşdırirsa… “bəyanat” lazımdır.
Fuad Babayev