Azərbaycanda və Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra daşnak və bolşeviklər əvvəlki niyyətlərindən əl çəkmədilər və Qarabağın Ermənistana birləşdirilməsi üçün konkret addımlar atmağa başladılar.
Erməni millətçilərinin geniş təmsil olunduğu Rusiya K(b)P MK bu məsələdə birtərəfli, qərəzli mövqe nümayiş etdirərək 1921-ci ilin iyununda Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağın Ermənistana məxsusluğunu əks etdirən bəyannamə ilə çıxış etdi. Dağlıq Qarabağa muxtariyyət verilməsi Zaqafqaziya Federasiyası və SSRİ-nin yaradılması prosesləri ilə paralel gedirdi. 1922-ci ilin fevralında Zaqafqaziya kommunist təşkilatlarının I qurultayında Rusiya Kommunist (bolşeviklər) Partiyası Zaqafqaziya Ölkə Komitəsi Dağlıq Qarabağa muxtariyyət verilməsinə dair 5 iyul qərarını qəbul etdi. S.Orconikidzenin rəhbərlik etdiyi Zaqafqaziya Ölkə Komitəsinin 27 oktyabr 1922-ci il tarixli iclasında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə 5 iyul qərarının həyata keçirilməsi təklif edildi. Zaqfederasiyanın İttifaq Soveti isə Dağlıq Qarabağa muxtariyyət verilməsinin sürətləndirilməsi haqqında xüsusi qərar qəbul etdi. Hadisələri izlədikcə belə bir qənaətə gəlmək olur ki, sanki Zaqfederasiyanın yaranması və fəaliyyəti ancaq bir məsələyə xidmət edib – Qafqazda ermənilərin mövqeyini daha da gücləndirmək, Azərbaycan torpaqlarını müxtəlif adlarla ermənilərə bağışlamaq və Qarabağın dağlıq hissəsində muxtar vilayət yaradıb onu da separatçılara hədiyyə eləmək. Əslində Qarabağın dağlıq hissəsi geniş bir ərazidir və onun bir hissəsində məskunlaşan ermənilərə ayrıca bir qurum yaratmağın arxasında gizlinlər vardı. O vaxt Azərbaycan hökuməti yaranan vilayətin gələcək fəsadlarını hiss edirdi və ona açıq olmasa da uzun müddət müqavimət göstərirdi. Həmin dövrdə Dağlıq Qarabağla Ermənistan arasında Laçın rayonunun təşkili də bu narahatlıqdan xəbər verirdi. N.Nərimanov, Tağı Şahbazi (Simurq) və 1937-ci ildə repressiya qurbanına çevrilən bir çox ictimai xadim erməni bolşeviklərinin bitib tükənməyən ərazi iddialarının qarşısını almağa, Xalq Cümhuriyyətindən qəbul elədikləri 114 min kv. km-lik Azərbaycanı qoruyub saxlamağa çalışırdılar.
Lakin SSRİ-nin yaradılmasından sonra 1923-cü ilin mayında Qarabağ Komitəsinin məruzəsi Zaqafqaziya Ölkə Komitəsi plenumunun gündəliyinə daxil edildi. İyunun 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti muxtariyyətin dekretləşdirilməsi və onun layihəsinin üç gün ərzində Mərkəzi Komitəyə təqdim olunması barədə qərar qəbul etməyə məcbur oldu.
Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında 7 iyul 1923-cü il tarixli Dekretində qeyd edilirdi ki, “Keçmiş Rusiya İmperiyasında milli azlıqları əsarətdə saxlayan çar mütləqiyyəti hətta azlıqda qalan ayrı-ayrı milliyyətləri bir-birinin üstünə salışdırmaqla məhv etməyə əl atmaqdan belə çəkinmirdi. Zaqafqaziyada 1905-ci ildə erməni-müsəlman qırğını velikorus mütləqiyyətinin məhvedici siyasətinə ən yaxşı sübut ola bilər. Zaqafqaziyanın inqilabi fəhlə kütlələri onların sərmayəsinin zülmünə qarşı öz hiddətlərini açıq şəkildə bildirdiyi həmin vaxtlarda çar generalları Vorontsov-Daşkovların əli ilə tarixən bir-biri ilə doğma olmuş iki xalqın – ermənilər və müsəlmanların arasında ədavət toxumu səpildi.”
Sənəddə bu qərarın azərbaycanlı və erməni xalqları arasında “beynəlmiləl həmrəyliyin möhkəmlənməsinə” xidmət edəcəyi vurğulanırdı. Dekretə əsasən “Dağlıq Qarabağın erməni hissəsində Azərbaycan SSR-in tərkib hissəsi kimi muxtar vilayətin yaradılması” nəzərdə tutulurdu.
Ermənilərin bitib tükənməyən “arzuları”
Hələ 1921-ci ildə Rusiya K(b)P-nin Qafqaz Diyar Bürosu tərəfindən qəbul olunan qərarda muxtariyyətin mərkəzi Şuşa göstərilsə də, Azərbaycan MİK bəzi narahatlıqları nəzərə alaraq öz dekretində vilayətin mərkəzi kimi Xankəndini göstərdi. Ardınca onların növbəti “arzusu” dilə gəldi və 6 oktyabr 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin müraciətinə əsasən vilayətin mərkəzi Xankəndi qəsəbəsinin adını dəyişdirərək onu xalqımızın qanını içənlərdən birinin – Stepan Şaumyanın “şərəf”inə Stepanakert adlandırdı. Baxmayaraq ki, XVIII əsrin ortalarında Qarabağ xanları tərəfindən əsası qoyulan Xankəndi bölgənin çar Rusiyası tərəfindən işğalından sonra da həmişə öz tarixi adını qoruyub saxlamaqla Şuşa qəzasının tərkibində idi. 1923-cü ilin iyulunda Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasından sonra Xankəndinin adının dəyişdirilməsi əslində bölgənin erməniləşdirilməsinin başlanğıcı idi.
Y.Mahmudov və K.Şükürovun “Qarabağ: real tarix, faktlar, sənədlər” kitabında da xüsusi qeyd olunur ki, Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə parçalandı və Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edildi. Özü də bu addım həmin hissədə – Dağlıq Qarabağda yaşayan azərbaycanlıların rəyi nəzərə alınmadan, onların hüquqları kobudcasına tapdalanaraq atılmışdı. Nəticədə Qarabağ xanlığının tərkibinə daxil olan Azərbaycan torpaqları ənənəvi tarixi-coğrafi vahidliyini və ya bütövlüyünü itirdi. Hətta RK(b)P MK Qafqaz Bürosunun 5 iyul 1921-ci il tarixli məşhur plenumunda da bu fakt vurğulanırdı ki, “…Yuxarı və Aşağı Qarabağın Azərbaycanla kifayət qədər iqtisadi əlaqələrini nəzərə alaraq, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın…” Bütün bu proseslərdə ermənilərin özgə torpaqlarında özlərinə dövlət yaratmaq hiyləsi aydın görünür. Onlar vaxtı ilə köçüb gəldikləri İrəvan xanlığının ərazisində də belə etmişdilər…
Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları kimi onun tərkibində saxlanması ilə onun bütün sahələrdə inkişafına təkan versə də, Azərbaycan xalqına “sevgi”ni artırmadı. İmkan düşdükcə azərbaycanlılar sıxışdırılır, onların kəndləri boşaldılır, məktəbləri bağlanırdı. Müxtəlif formalarda antitürk, antiazərbaycan təbliğatı gedirdi. Artıq yazıçılar, şairlər və başqa zümrədən olanlar qabağa düşmüşdülər. Bu illərdə erməni yazıçısı M.Şaginyanın rus dilində çap etdirdiyi “Dağlıq Qarabağ” kitabçasında da tarixi həqiqətlər saxtalaşdırılırdı. Xalq yazıçısı Mirzə İbrahimov xatırladırdı ki, o vaxt həmin kitab bizə çatan kimi Azərbaycan KP MK-nın birinci katibi M.C.Bağırov işə qarışdı və o kitabı satışdan çıxardılar. Müəyyən vaxtdan sonra M.Şaginyan məktub yazaraq “səhvlər”ini düzəltməklə kitabın yenidən nəşrini ondan xahiş etsə də, Mir Cəfər qətiyyətlə rədd edib: “İndi də mənim əlimlə bu işi görmək istəyir” – deyib, az sonra Bakıya gələn rus incəsənət xadimlərinin arasında olan M.Şaginyanı isə M.C.Bağırov otağından qovub… İllər sonra Mir Cəfər Bağırovun Dzerjinski (indiki Şəhriyar) klubunda təşkil olunan məhkəməsində ona qarşı bu hadisə də bir ittiham kimi səsləndirilir.
Belə kitablardan biri də ötən əsrin 80-ci illərində qaniçən Zori Balayan tərəfindən yazılır və həmin sərsəm fikirlər orda da özünə yer tapır.
1945-ci ilin payızında müharibədən dərhal sonra Ermənistan KP MK-nın katibi A.Harutyunov ÜİK(b)P MK-nın müzakirəsinə DQMV-nin Ermənistana verilməsi barədə təklif-layihə təqdim edir, xüsusi vurğu ilə bildirir ki, Dağlıq Qarabağın əhalisinin əksəriyyəti ermənilərdən ibarət olduğu üçün həmin ərazi Ermənistana verilməlidir. ÜİK(b)P katibliyi isə Azərbaycan KP MK-nın birinci katibi M.C.Bağırovun rəyini öyrənmək üçün ona müraciət edir. Ermənilərin dəlillərini alt-üst edən M.C.Bağırov bildirir ki, əgər bu səbəbdən Yuxarı Qarabağın Ermənistana verilməsi məqbul sayılırsa, DQMV-nin Şuşa rayonu istisna olunmaqla ərazisi Ermənistana verilə bilər. Ancaq bu şərtlə ki, azərbaycanlıların yaşadığı Vedi, Qarabağlar və Əzizbəyov rayonları Azərbaycana verilsin, habelə vaxtilə Gürcüstana (Borçalı) və Dağıstana (Dərbənd və Məhərrəmkənd rayonları) verilən Azərbaycan torpaqları geri qaytarılsın. Bununla hələlik bu məsələ qapadılır.
“Hətta 1960-cı illərdə SSRİ-də antitürkiyə kampaniyasının gücləndiyi şəraitdə yenidən bu problemi ortaya atdılar. 1965-ci ildə Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi barədə 45 min nəfərin “imzaladığı” petisiya Moskvaya təqdim edilmiş, lakin bu iddialar təmin edilməmişdir.” (Y.Mahmudov, K.Şükürov, Qarabağ: real tarix, faktlar, sənədlər.)
Qarabağın qara günləri
1987-ci ilin noyabrında erməni akademik A.Aqanbekyan Parisdə Dağlıq Qarabağ “problemi”nin yenidənqurma və demokratiya şəraitində həllini tapacağına ümid etdiyini bildirdi. Əvvəllər gizli fəaliyyət göstərən erməni “Qarabağ Komitəsi” açıq fəaliyyətə keçdi. 1988-ci ilin fevralından İrəvanda və Xankəndidə (Stepanakert) mitinqlər başladı. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin sessiyası vilayətin statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət etdi. Fevralın 20-də Əsgəran rayonunda erməni terrorçuları iki azərbaycanlı gənci qətlə yetirdi, 19 nəfəri yaraladı.
Moskvanın “1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında” 1988-ci il 24 mart tarixli qərarı erməni separatçılarını daha da ruhlandırdı. “Nəhayət, Moskva Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-in tərkibindən çıxarmaq istiqamətində daha bir addım atdı: SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar qəbul etdi. Məqsəd aydın idi: Dağlıq Qarabağ Muxtar Vilayətində yaradılmış Xüsusi İdarə Komitəsi muxtar vilayətin Azərbaycandan alınıb Ermənistana verilməsini təmin etməli idi. Lakin bunu başa düşən Azərbaycan xalqının demokratik mübarizəsi nəticəsində noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi. Ancaq bunun əvəzində yeni bir qurum – Təşkilat Komitəsi yaradıldı. Ermənistan SSR bu vəziyyətdən istifadə edərək dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında antikonstitusion qərar qəbul etdi. Bu Ermənistan tərəfindən Azərbaycan SSR-in ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə aktı idi. Moskva, gözlənildiyi kimi, bu kobud müdaxilə faktına da göz yumdu. 1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat qəbul etdi, oktyabrın 18-də isə “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Dağlıq Qarabağın erməni separatçıları isə yaranmış vəziyyətdən istifadə edərək separatçı siyasi təşkilatlanmanı davam etdirirdilər. Onlar 1991-ci ilin sentyabrında “Dağlıq Qarabağ respublikası” adlanan oyuncaq qurumun yaradıldığını elan etdilər. Azərbaycan Respublikası həmin qurumu tanımaqdan imtina edərək noyabrın 26-da DQMV-ni milli ərazi qurumu kimi ləğv edir, “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul dekreti və “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSR-in 1981-ci il 16 iyun qanununu qüvvədən düşmüş sayır.” (Y.Mahmudov, K.Şükürov, Qarabağ: real tarix, faktlar, sənədlər.) Həmin qərarla şəhərlərin tarixi adları qaytarılaraq Stepanakert Xankəndi, Mardakert Ağdərə, Martuni isə Xocavənd adlandırıldı. Əsgəran və Hadrut rayonları ləğv edildi, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradıldı, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verildi.
Bu isə son. Amma belə sonluq olmaz
Dağlıq Qarabağ yarandığı zaman Azərbaycan ərazisinin 5,1 faizini ( 4,4 min kv.km) təşkil edirdi. Hazırda ətraf ərazilərlə yanaşı (cəmi 11 min kv.km) Ermənistanın işğalı altındadır.
İşğal nəticəsində ölənlər 20000, şikəstlər 50000, itkinlər isə 4866 nəfər oldu. Ümumi zərər 60 milyard dollardan artıqdır.
Bəxtiyar Qaraca
“Azərbaycan” qəzeti, 16 fevral 2013