Biz – Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələri planetimizdə sülhü və təhlükəsizliyi təhdid edən terrorçuluq, etnik separatizm, milli, dini və irqi ayrı-seçkilik, hərbi təcavüzkarlıq meyillərinin artmasından dərin narahatlığımızı ifadə edirik. Sivilizasiyalararası dialoqun, xalqların dinc və yanaşı yaşaması kimi ümumbəşəri ideyaların, dövlətlər arasında qarşılıqlı hörmət və etimadın gücləndirilməsinə heç vaxt olmadığı qədər böyük ehtiyac yarandığına əminliyimizi bildiririk. Biz inanırıq ki, heç bir münaqişə və ya mübahisə güc və zorakılıq yolu ilə həll olunmamalı, eyni zamanda, kiçik və böyüklüyündən asılı olmayaraq hər bir dövlətin suveren hüquqlarına hörmətlə yanaşılmalı, sülhün və təhlükəsizliyin təmin olunması üçün dünya dövlətləri öz səylərini səfərbər etməlidir.
Biz, eyni zamanda, 28 ildir ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsindən dərin narahatlığımızı ifadə etməyi vacib bilirik. Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində törədilən hərbi təxribatlar nəticəsində günahsız mülki şəxslər həlak olur, yaşayış məskənləri, təhsil ocaqları, ictimai obyektlər dağıdılır, münaqişə bölgəsində yerləşən tarixi abidələr, habelə ərazinin flora və faunası qəddarcasına məhv edilir. Təəssüf ki, beynəlxalq ictimaiyyət uzun illərdir münaqişənin aradan qaldırılması ilə bağlı Azərbaycanın çoxsaylı müraciət və çağırışlarına biganə yanaşmış, nəticədə bütün regionun inkişafına və təhlükəsizliyinə təhdid olaraq qalan bu problem daha mürəkkəb xarakter almışdır.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü çoxsaylı insan tələfatına, ağır maddi və mənəvi itkilərə səbəb olmuşdur. Bir milyondan çox soydaşımızın doğma torpağından didərgin düşməsi və hələ də öz evlərinə qayıda bilməməsi insan hüquqlarının kobud şəkildə pozulmasının əyani sübutudur.
Münaqişənin ilk mərhələsində – 1988-ci ildə Ermənistanda öz tarixi dədə-baba yurdlarında yaşayan 250 mindən çox azərbaycanlı deportasiya edilmişdir. Ermənistanın monoetnik dövlətə çevrilməsi ilə nəticələnən bu kütləvi deportasiya zamanı yüzlərlə dinc azərbaycanlı qətlə yetirilmiş, onlara aid iki mindən çox yaşayış məntəqəsindən bütün əhali zorla çıxarılmış, minillikləri əhatə edən tarixə malik Azərbaycan toponimləri saxtakarlıqla dəyişdirilmişdir. Ermənistanda və Azərbaycanın işğal altında olan ərazilərində azərbaycanlılara məxsus tarixi-mədəni abidələr, muzeylər, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar tamamilə dağıdılmışdır. Münaqişə başladığı dövrdən indiyədək yalnız Azərbaycanda 890 yaşayış məntəqəsi, 150 min ev, 7 min inzibati bina, 693 məktəb, 855 uşaq bağçası, 695 sağlamlıq mərkəzi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 9 etnoqrafik əhəmiyyətli tarixi yer, 464 tarixi abidə və muzey, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü, 2300 kilometr su kəməri, 2 min kilometr qaz kəməri, 15 min kilometr elektrik xətti, 1200 kilometr irriqasiya sistemi dağıdılmış, 280 min hektar meşə, 1 milyon hektar əkin sahəsi tamamilə məhv edilmişdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan cinayət aktı erməni terrorunun ən dəhşətli nümunəsidir. 366-cı motoatıcı alayı ilə birgə Ermənistan silahlı birləşmələrinin törətdiyi bu dəhşətli soyqırımı zamanı 613 nəfər öldürülmüş, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Soyqırımı nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca həlak olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Xocalıya hücum zamanı 1275 nəfər girov götürülmüş, 150 nəfər itkin düşmüşdür.
Münaqişənin həlli ilə bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində, Avropa Şurası Parlament Assambleyasının 2005-ci il 1416 saylı qətnaməsində və 2005-ci il 1690 saylı tövsiyəsində Ermənistan dövlətinin silahlı əməliyyatlara və düşmənçilik hərəkətlərinə son qoyulması, onun ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilmiş, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyi göstərilmişdir. BMT Baş Məclisinin “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” başlıqlı 2006-cı il 7 sentyabr tarixli 60/285 saylı və 14 mart 2008-ci il tarixli 62/243 saylı qətnamələri, 2006-cı ilin dekabrında qəbul olunmuş “ATƏT-in Nazirlər Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Bəyanatı”, ATƏT-in 2005-ci və 2010-cu illərdə faktaraşdırıcı və sahə qiymətləndirmə missiyalarının Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi istismar və bu ərazilərin viran edilməsini təsdiq edən rəylərində, “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələb” adlı 2010-cu il 20 may tarixli qətnaməsində və digər beynəlxalq sənədlərdə də Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi tələbi öz əksini tapmışdır. Lakin beynəlxalq hüququn prinsiplərini, xüsusilə də insan hüquqlarını kobud və kütləvi şəkildə pozan Ermənistan dövləti qəbul olunmuş hüquqi sənədlərin heç birinə əməl etməməklə yanaşı, işğal altındakı Azərbaycan torpaqlarında oyuncaq rejim yaradaraq, müntəzəm olaraq atəşkəs rejimini pozur. Beynəlxalq ictimaiyyətin, o cümlədən münaqişənin nizamlanması prosesində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun sülh danışıqlarının sürətləndirilməsi ilə bağlı tələb və çağırışlarının intensivləşdiyi vaxtlarda Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində fəallaşması bu ölkənin sülhün əldə olunmasında maraqlı olmadığını aydın şəkildə təsdiq edir.
Biz – Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələri beynəlxalq təşkilatlara, xarici ölkələrin dövlət və hökumət başçılarına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət edərək, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, münaqişənin sülh yolu ilə nizamlanması üçün Ermənistan rəhbərliyinə təzyiq göstərməyə, problemin beynəlxalq hüququn normaları əsasında ədalətli həlli naminə səylərini birləşdirməyə dəvət edirik. Biz əminik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli nəinki regionda sabitliyə və inkişafa təkan verəcək, eyni zamanda, bütün dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə olacaqdır. Biz çoxmilyonlu Azərbaycan xalqı adından dünya xalqlarına müraciət edərək planetimizin birgəyaşayış, qarşılıqlı inam və hörmət vəd edən sülh və sabitlik məkanına çevrilməsi üçün bütün imkanları səfərbər etməyə çağırırıq.
AZERTAC